adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
25 Avqust 2020 14:37
100518
MÜSAHİBƏ
A- A+

“Aktyor, aktrisa ac, yuxusuz qalır” - Aysel Nazim şikayətləndi - MÜSAHİBƏ

"Prinsipial qadınam. Prinsiplərimdən heç vaxt imtina etmərəm. Məqsədə doğru addımlamağı sevən biriyəm. İstədiyim nəsə arzu kimi qalmamalıdır. İnsan arzu edir, xəyal qurur və onu məqsədə çevirir. Qarşıda əlbəttə maneələr olur. Amma insan güclü olmalıdır ki, o maneələri dəf edə bilsin. İnsan icazə verməməlidir ki, kimsə ondan istifadə etsin, yeri gələndə sən kimdənsə istifadə etməlisən”. "Ədalət” qəzetinin qonağı aktrisa Aysel Nazimdir.

-Aysel Nazimi ilk dəfə aktrisa olaraq kim kəşf edib?

-Aktrisa kimi ilk dəfə məni Elvin Əhmədov çəkib. Əslində həmişə səhnəyə, kameraya həvəsim olub. Məktəbdə, hətta universitetdə belə oxuyarkən səhnəciklər hazırlananda rollar alırdım. Onu da deyim ki, kiçik yaşlarımda qardaşımla, qonşunun uşaqları ilə yığışıb kino da çəkirdik, hansısa obrazları canlandırırdıq. Elvin mənə rol təklif edəndə düşündüm ki, niyə də olmasın? Mənə dedi ki, yeni bir proyektə başlayırıq, istəyirik, sən gələsən, bir obrazı canlandırasan. Sevindim və qəbul etdim. "Sənin deyil” serialında Nərgiz obrazını canlandırdım. Düzdür, ilk dəfə idi kamera önündə olurdum, aktrisa kimi çəkilirdim, amma bəyənənlər çox idi.

-İlk rolunuzu özünüz necə qiymətləndirirsiniz?

-Bilirsiniz, hər zaman özümə tənqidi yanaşan insan olmuşam, ona görə ki, mükəmməl olmağa can atıram. Çalışıram ki, daha yaxşısını edim. Düşünürəm ki, bacardığım şeyin ən yaxşısını etməliyəm. İlk dəfə üçün yaxşı idi, amma dediyim kimi, daha yaxşısını da edə bilərəm. Odur ki, zamanla gedib Türkiyədə bu sənətin təhsilini də aldım. Təhsil və təcrübə bir-birini tamamlayaraq mənim uğurlu aktrisa olmağıma zəmin yaratdı.


"Aktyoru ortaya çıxaran rejissor yoxdur"

-Serial, yoxsa film, bunlardan hansında çəkilmək daha rahatdır?

-Filmin öz gözəlliyi var, serialın isə öz. Hər ikisini də sevirəm. Aktrisalığa hobbi olaraq başlamışdım, sonra isə peşəmə çevrildi. Artıq "Aktrisayam” deyə bilirəm. Çünki bu sənətə peşə kimi yiyələnmişəm. Bu sənəti sevməyimə baxmayaraq narazıyam da. Çünki qazanc yeri kimi nəzərdən keçirilən seriallarımız var. İstəyərəm, tarixi filmlər çəkilsin. Mövcud problemlər sırasında ssenarilərin zəifliyi özünü göstərir. Yerindən duran rejissorluq edir. Çox zaman tamaşaçı deyir ki, Azərbaycanda aktyor var? Niyə yoxdur ki?! Azərbaycanda aktyor var, sadəcə olaraq o aktyoru ortaya çıxaran rejissor yoxdur, aktyorun potensialını üzə çıxaran ssenari yoxdur. Aktyorları çox yorurlar. Aktyor, aktrisa ac, yuxusuz qalır, əziyyətinin qarşılığında istədiyi qonorarı almır, buna görə də rola uyğunlaşa bilmir və beləcə aktyor işi yola verir. Aktyora yaxşı qonarar versələr, işə canını qoyar.

-Aysel Nazim nə qədər qonorarla hansısa obrazı canlandırar?

-Heç vaxt yalan danışmağı sevmirəm, ilk dəfə çəkiləndə günümə 200 manat qonorar almışam. Sizə deyim ki, pul verib çəkilənlər, pulsuz çəkilənlər belə var, amma mən o zaman günümə 200 manat qonorar almışam. O vaxtdan görün nə qədər il keçib və mən inkişaf etmişəm, özümü təsdiqləmişəm. Həmin pulla çəkiləsi deyiləm ki?! 200 manat artmalıdır axı.


-Rejissorlar indi istədiyiniz məbləği verirlərmi?

-Bir neçə ay əvvəl "Aldanmış hisslər” adlı seriala dəvət olundum. Soruşanda ki, qonorar nə qədərdir, dedilər, 4 bölümü pulsuz çəkirik, daha sonra qonorar olacaq. Razılaşmadım, söylədim ki, siz çəkin, pulunuz olanda 5-ci bölümdən seriala daxil olaram. Ortaq qərara gəldik və mən 5-ci bölümdən çəkiləcəkdim. Məndən bir şey xahiş etdilər, yalnız bir səhnəyə çəkilməyimi. Çünki bu səhnə 4-cü bölümün sonunda giriş kimi yayımlanmalı idi ki, 5-ci bölümdə yer alım. Müqavilə də imzalamadım, çəkildim. Dedilər ki, 2 həftə sonra pullu şəkildə çəkiləcəksən, 2 həftə oldu 3 həftə, 3 həftə oldu 1 ay, qonorar olmadı və mən də çəkilişlərə getmədim.

"Canlı efirdə ürəyimin səsini eşidirdim"

-Sosial şəbəkədə yazmışdınız ki, 10 layihədən imtina etmişəm. Niyə?

-Həmin statusu yazandan bu günə qədər isə 5 layihədən də imtina etmişəm. Belə ki, pandemiya dövründə mən 15 layihəyə "yox” cavabı vermişəm. Səbəb isə mənim üçün adi layihələr olması idi. O halda layihə ilə razılaşaram ki, qeyri-adi olsun.


-Müsahibim olarkən Azər Aydəmir demişdi ki, Damla, Günay İbrahimli, Miryusif belə filmlərə çəkilir, hansı təlabatdan danışırıq? Aysel xanım nə düşünür?

-"Sənin deyil” serialında oynayanda tərəf müqabilim Azər Aydəmir olub. Aktyor kimi onu çox bəyənirəm. İnsan kimi də hörmət edirəm. Seriala ilk dəfə çəkildiyim vaxtlarda mənə çox kömək edib. Bunu heç vaxt unutmaram. Azər Aydəmirlə oynamaq mənə çox rahat olub. Azərin dediyi ilə razıyam. Amma bir məsələdə razı deyiləm ki, müğənni çəkilə bilər, sadəcə bacarığı olmalıdır. Xaricdə müğənnilər çəkilir, uğurlu da alınır, bizdə isə filmdə rol alanlar bu işi bacarmadılar. Müğənni kimi Günayı çox bəyənirəm, amma filminin uğurlu olduğunu düşünmürəm. Bu sözlər tək Günaya deyil, həmçinin, digər müğənnilərə də aiddir.

-Özünüzü necə xarakterizə edə bilərsiniz?

-Prinsipial qadınam. Prinsiplərimdən heç vaxt imtina etmərəm. Məqsədə doğru addımlamağı sevən biriyəm. İstədiyim nəsə arzu kimi qalmamalıdır. İnsan arzu edir, xəyal qurur və onu məqsədə çevirir. Qarşıda əlbəttə maneələr olur. Amma insan güclü olmalıdır ki, o maneələri dəf edə bilsin. İnsan icazə verməməlidir ki, kimsə ondan istifadə etsin, yeri gələndə sən kimdənsə istifadə etməlisən.

-Aysel Nazim prinsiplərindən nə zaman imtina edə bilər?

-Heç bir halda prinsiplərimdən imtina etmərəm. Hətta övladıma qarşı da qoyduğum prinsiplərimi dəyişmərəm. Düzdür, oğlumla dostam, yeri gələndə bacısıyam, amma olduqca ciddi anayam. Oğlum birinci məni sevməli, daha sonra isə qorxmalıdır.


-Bir az da aparıcılıq fəaliyyətinizdən danışaq...

-Azərbaycan Dövlət Televiziyasında tərcüməçi kimi çalışırdım. O zaman mənə təklif gəldi ki, aparıcı olarsanmı? Qəbul etdim və qocaman diktorlardan dərs aldım. Daha sonra ATV-yə keçdim. Bir ay müxbir kimi çalışdım, sonra İdman xəbərlərinin aparıcısı oldum. İlk dəfə canlı efirdə ürəyimin səsini eşidirdim. O qədər həyəcanlı idim ki. Düzdür, bu illər ərzində məni həvəsdən salan insanlar olub, amma bu sahəni seçdiyim üçün peşiman deyiləm.

-Bu gün Aysel Nazim istədiyi yerdədir?

-İnsanın istəyi tükənməzdir. Hər kəs ən yuxarını istəyir. Kimsə deyəndə ki, mən nəyisə etmişəm, mənə maraqlı gəlir, bunlar axı nəyi edib? Məsələn, mən bu gün Azərbaycanda fəaliyyət göstərirəm, Türkiyədə məni 10 nəfərdən 3-ü tanıyır, niyə də Hollivudda tanınmayım? Hədəflərim var axı. "Oldu, bitdi” deyə bir şey yoxdur, heç vaxt bitmir. Yaradacılığımın bitdiyi an mən bitmiş olaram. Hər gün yeni ideyalarım, düşüncələrim olmalıdır.

Rövşən Tahir