adalet.az header logo
  • Bakı 19°C

Aqil ABBAS:MURADXAN CABBAROV, MƏMMƏD KİŞİ VƏ NAVES…

AQİL ABBAS
139648 | 2020-09-09 12:24

Çox müdrik millətik. Dünyanın bütün xalqları bizə həsəd apara bilər. Bəlkə də xəbərimiz yoxdu, bizi qısqanırlar. Hər hansı bir məsələ olsun məsləhət verməyi, təklif verməyi xoşlayırıq. Ümumiyyətlə, hər şeyşünasıq. Məsələn, baxırıq televizyona eyni adamlar həm ginekologiyadan, həm əkin-biçindən, həm də Belarus-Rusiya münasibətlərindən və ya Türkiyə-NATO münasibətlərindən danışır. Və yaxud dörd dəfə ərə getmiş və birini də «zanit» eləmiş bir müğənni xalqa əxlaq dərsi keçir. Eləcə də bütün məhkəmə proseslərini uduzmuş bir vəkil kimlərəsə məsləhət verir və vəkilləri qınayır.

Biz təklif verməyi, məsləhət verməyi sevən millətik. Əlli ilin həkiminə də məsləhət veririk, əlli ilin hüquqşünasına da, əlli ilin dövlət məmuruna da.

Hərdən Möhtərəm Prezidentə də məsləhət verməyi yaddan çıxarmırıq. Hansısa bir nazir yeri boşalanda, ya icra başçısı yeri boşalanda və ya yüksək vəzifəli dövlət məmuru vəzifəsi boşalanda Möhtərəm Prezidentə məsləhət veririk ki, filankəsi filan vəzifəyə qoyun, filankəsi filan nazirliyə qoyun.

Hərbçilərə Qarabağın azad olmağın yollarını göstəririk. Müdafiə naziri Zakir Həsənova məsləhətlər veririk ki, Qarabağı necə azad etmək olar.

Yadıma bir hadisə düşdü. O vaxtkı Lenin meydanına yüz minlərlə adam yığışır. Cəbhə xəttindən gəlmiş bir nəfər deyir:

- Biz o gün Füzuli tərəfdən Dağlıq Qarabağa girmək istədik. Ermənilər orda çox möhkəm istehkamlar qurublar, girə bilmədik. Belə məsləhətləşdik ki, Ağdamın Mərzili kəndi tərəfdən girək Dağlıq Qarabağa.

Və bunu tribunadan deyir. İndi bizim məsləhət və təklif verənlərin əksəriyyəti də həmin adam ağıldadılar.

Demək olar hər gün neçə sayt və qəzet müəyyən məsələlərlə bağlı açıqlamalar istəyirlər. Mən mətbuata açıq adamam, kiminsə xətrinə dəymirəm. Və həm də soruşurlar ki, filan məsələ ilə bağlı nə məsləhət və ya nə təklif verə bilərsiniz? Mən də deyirəm ki, həmin problemlə bağlı mütəxəssis deyiləm, uzaqbaşı subyektiv fikrimi deyə bilərəm.

Əslində elə dünyada ən asan iş məsləhət və ya təklif verməkdi.

Deməli, belə. Rəhmətlik Muradxan Cabbarov Laçında birinci katib işləyir. Və ümumiyyətlə, 30 ildən çox Laçına rəhbərlik edib. Deməli, rayonda pəpə yeyəndən məmə deyənə qədər hamını əzbər tanıyırdı. Hansı kənddə bir at oğurlasaydılar Muradxan müəllim bilərdi ki, o atı kim oğurlayıb. Bununla bağlı ayrıca bir yazını yazaram.

Camaat da onu çox sevərdi, bu gün də hörmətlə yad edirlər. Muradxan müəllim özü deyəsən Zəngilandanıydı, dəqiq bilmirəm, amma laçınlılar qədər laçınlı idi və bu gün də kimdən soruşsan rəhmətliyi elə laçınlı bilirlər.

Deməli, belə. Mərkəzi Komitədən yüksək vəzifəli bir dövlət məmuru gəlir. Muradxan müəllim onu götürüb aparır bir kəndə. Camaata deyir ki, bu yoldaş Mərkəzi Komitədə məsul vəzifədə çalışır, gəlib sizin problemlərinizi öyrənsin və kömək eləsin. Nə təklifiniz varsa, deyin.

Camaat başlayır problemlərindən danışmağa və təkliflərini verməyə. Bir, iki, üç, dörd, beş…

Mərkəzi Komitədən gələn də bu təkliflərin hamısını bir-bir kitabçasına qeyd edir.

Kəndin ağsaqqalı Məmməd kişi də oturub bir kənarda, nəhayət, hamı sözünü bitirəndən sonra əlini qaldırır:

- Mənim də təklifim var.

Muradxan müəllimin dalağı sancır. Əvvəldə dedim ha, hamısını yaxşı tanıyır, o cümlədən Məmməd kişini də.

Deyir:

- Buyur, Məmməd kişi.

Məmməd kişi üzünü tutur Mərkəzi Komitədən gələnə:

- Hörmətli yoldaş, bizim kənddə məktəb yoxdu. Uşaqlar məcbur olub iki kilometr aralıdakı kəndin məktəbinə gedirlər. Payız olur, qış olur, yağış , qar – yazıqlar gedib-gələndə pal-palçığa düşürlər, zülm çəkirlər. Mənim də bir xahişim, bir təklifim var. Bizim kənddən o kənd arasındakı yolun üstünə bir naves qurun, uşaqlar gedib-gələndə pal-palçığa düşməsinlər.

Muradxan müəllim:

- Məmməd kişi, ağsaqqal adamsan, elə təklif ver ki, eləmək mümkün olsun da.

Məmməd kişi gülüb deyir:

- Yoldaş Cabbarov, guya bu yoldaş o biri təklifləri həyata keçirəcək ki? Dedim, qoy bir dənəsini də mən deyim, sonra deməyəsən ki, Məmməd kişi, sən niyə bir təklif vermirsən?!

İndi ay təklif verən dostlar, heç özünüzü də yormayın, heç kim Məmməd kişinin kəndindən o biri kəndə gedən yolun üstünə naves tikməyəcək.

Və sonda. Yaponiya II Dünya Müharibəsindən çıxanda büdcəsində cəmi 10 milyon dollar pul vardı. 1975-ci ildə büdcəsində 100 milyard dollar oldu. İndi isə deyəsən 950 milyard dollardı.

Məşhur jurnalist Svetov 1975-ci ildə bir yapondan soruşur ki, necə oldu otuz ildə belə bir qüdrətli dövlətə çevrildiniz?

Yapon çox qısa cavab verir:

- Çox sadə. Hər bir yapon başa düşdü ki, ölkə ağır vəziyyətdədi və öz işinə vicdanla yanaşdı. Traktorçu traktorunu sürdü, maşınqayıran maşınqayırma ilə məşğul oldu, suçu sahəsini suvardı, siyasətçi də siyasəti ilə məşğul oldu.

İndi təklif verən dostlar, hər birimiz öz işimizlə məşğul olsaq, yəni əkinçi əkinini əksə, işıqçəkən işığını çəksə, avtobus sürən avtobusunu adam kimi sürsə, alim elmi ilə məşğul olsa, müəllim müəllimliyini eləsə və sair və ilaxır.

Məmməd Araz demiş:

 

Bir işin qulpundan yapışsa hərə,

Nə imiş bir kəndin şəhər olmağı.

 

İndi hər birimiz öz işimizin qulpundan yapışsaq nə imiş Azərbaycanı güllük-gülüstana çevirmək!

Deyəsən, mən də təklif verdim ey!

 

TƏQVİM / ARXİV