adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
25 Avqust 2020 15:23
126897
GÜNÜN LƏTİFƏSİ
A- A+

GÜNÜN LƏTİFƏSİ

Laçının Şəlvə kəndində (bu kənd Qarabağın ən məşhur kəndlərindən biridir və burdan çox böyük alimlər, ziyalılar, ağsaqqallar çıxıb) bir nəfərin atını oğurlayırlar. Atı oğurlanan bilir ki, atı kim aparıb, amma qorxusundan danışa bilmir, atını istəyə bilmir.

Muradxan müəllim hadisədən üç-dörd gün sonra gəlir kəndə. Oturub camaatla bir stəkan çay içir, dərdləşir, söhbət edir və axırda soruşur ki, kimin nə dərdi var?

Atı oğurlanan deyir:

- Yoldaş Cabbarov, mənim atımı oğurlayıblar, kömək edin.

Bugünki yazımda yazmışam axı, Muradxan Cabbarov Laçını necə tanıyırdı. Bilir ki, atı kim apara bilər, gülür və deyir:

- Həsən burdadı?

Ordan Həsən cavab verir:

- Bəli, yoldaş Cabbarov, burdayam.

- Həsən, gör neynəyirsən də, bu kişinin atını aparıblar.

İki saatdan sonra atı qaytarırlar yiyəsinə.

Yeri behişt olsun ey, Cabbarov belə kişi idi.

Növbəti nömrəmizdə Laçınla bağlı ayrı bir lətifəni sizinlə bölüşəcəyik. Amma elə lətifələr var ki, onlar «xuliqanski anekdotlardı», çox təəssüf ki, onları mətbuatda verə bilmirik.

Amma bir fikrim var ki, bir rubrika açım – «xuliqanski anekdotlar» və Qarabağın xuliqan anekdotlarını oxuculardan üzr istəyərək paylaşım. Oxucular da məni başa düşər.