adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
27 Avqust 2020 10:59
71171
MÜSAHİBƏ
A- A+

Cəlil CAVANŞİR: “Allahsız şeir tonqalın üstünə səpələnən qar dənəcikləri kimidir” - MÜSAHİBƏ

Həmsöhbətimiz, şair, yazıçı Cəlil Cavanşirdir.

Şairlərin yaradıcılığının bir hissəsi Allahla söhbətləşmək, ona etiraz, sevgi və bu kimi düşüncələrdən ibarət olur. Xüsusən, şərq şairini bunsuz təsəvvür etmək az qala qeyri-mümkündür. İstər Füzulisi, istər Nəsimisi, istər çağdaş dünyamızın şairləri. Cəlil Cavanşir də Allah məsələsindən uzaq deyil. Sizin fikrinizcə şairlərin Allaha bu qədər yüklənməsinin səbəbi nədir?

Şairlər tənhalıqdan, gücsüzlükdən, boşluqdan qaçmaq üçün Allaha sığınır, onunla dərdləşir, küsür, barışır. Çarəsiz durumlarda, ağlın, idrakın və təbiətin gücsüz qaldığı durumlarda şair dəstəyi, çıxış yolunu fövqəltəbii gücdən, Allahdan gözləyir. Şairin Allahla dərdləşməsi, söhbətləşməsi, etirazı və ya sevgisi hər şairə görə fərdi məsələdir. Sıravi insanın inancı, Allaha münasibəti ilə şairin münasibəti qətiyyən eyni deyil. Məhz bu səbəbdən şairləri allahsız, dinsiz, kafir hesab edirlər.

Füzulinin, Nəsiminin Allaha münasibəti ilə, mənim və müasirlərimin Allaha münasibətim tamamilə fərqlidir. Şairlərin Allaha düşüncəsi şair eqosuna, yaradıcı və azad insan ruhuna xas münasibətdir. Şair var özünü Allahla müqayisə edir, şair var Allah olduğunu düşünür. Şair var Allahdan kömək istəyir, şair var Allaha kömək edə biləcəyinə inanır. Ümumiyyətlə şərq şairinin Allaha münasibəti böyüdüyü, bir qədər də təhsil aldığı, yetişdiyi mühitlə, daxilindəki kodlarla əlaqəlidir. Son illər gəldiyim qənaət budur ki, Allahsız insanın şeir yazmağı, şair olmağı mümkün deyil. Allahsız şeir tonqalın üstünə səpələnən qar dənəcikləri kimidir –nə tonqalı söndürə bilir, nə torpağa çata bilir. Haradasa, alovla səma arasında əriyib itir, yox olur.

Sizdəsə daha irəli getdi, "Dinlər, təriqətlər, peyğəmbərlər” kitabı formatında təqdimatınız oldu.

2013-cü ildə çap ounan "Dinlər, təriqətlər, peyğəmbərlər”Allaha münasibətim deyil, müxtəlif qeyri-adi dinlər, təriqətlər haqda araşdırmalarım və fərqli dünya görüşlü din adamları, hətta özünü peyğəmbər elan edən şəxslərlə müsahibələrimdən ibarət bir layihənin yekunudur. Müxtəlif vaxtlarda kulis.az saytında yazdığım araşdırmaları, aldığım müsahibələri toplayıb, kitablaşdırdım. "Dinlər, təriqətlər, peyğəmbərlər”kitabında mənim Allaha münasibətim yalnız kitaba yazdığım "Ön söz”də var və hazırki inanc və düşüncəmi əks etdirmir.


Mən erotik şeirlər yazmıram, "erotik şair” deyiləm


Şeirlərinizdə erotizm çalarları çoxdur. Dünya ədəbiyyatında estetik erotizm sevilir də. Elə mən də sevirəm. Bəlkə səhv edə bilərəm, pessimizminiz bəzən erotik şeirlərinizə də sirayət edir. Bir növ pessimist erotika.

Erotizm əksər şair və yazıçıların yaradıcılığında olduğu kimi, mənim yaradıcılığımda yalnız bir çalardır. Xüsusi olaraq erotik şeir yazmamışam və yaradıcılığımdakı erotik hesab edilən şeirləri bir o qədər də ciddi qəbul etmirəm. O şeirlər yazıldıqları dövrün, o ovqatın məhsuludur. Bütövlükdə açıq-saçıqlıq, epataj mənim yaradıcılığımda bir detaldır. Pessimizm isə, mənim yaradıcılığımın, elə həyatımın da əsas xəttini təşkil edir. Konkret erotik şeirim yoxdur, erotik çalarları olan şeirlərim var. Erotik pessimizm yarlığını da qəbul edə bilməyəcəm. Yaradıcılığımda məhz erotik hesab edilən şeirlərim pessimizmdən uzaqdır. Şeirlərim daha çox yazıldığı andakı ovqatımın, əhval-ruhiyyəmin məhsuludur. Çox nadir hallarda yazdığım şeirləri redaktə edirəm.Konkretləşdirsək, mən erotik şeirlər yazmıram, "erotik şair” deyiləm. Yaradıcılığımda, xüsusilə romanlarımda kifayət qədər açıq-saçıqlıq, epataj olduğunu, hətta ədəbiyyatımızda "underground”u təmsil etdiyimi də qəbul edirəm. Bütün bunlar mənim yaradıcılığımda yalnız bir çalardır. Bəzən isə romantika və sentimentalizmdə itib-batan, çoxlarının tənqid etdiyi, bəzən ələ saldığı "kədərli şairəm”. Bütövlükdə şeirdə də və nəsrdə postmodern estetikanı dəstəkləyirəm. Bütün təzadlı qütblərin, fərqli rənglərin vəhdətindən, birləşməsindən formalaşan bir yaradıcılıq yolum var və mən öz yolumda rahatam, gördüyüm işdən zövq alıram.

Tez-tez kitab dərc etdirirsiniz. Sonuncu kitabın neçəncidir? Nə qədər kitab çap etdirməyi düşünürsünüz? Amma Çingiz Abdullayevə çata bilməzsiniz.

İlk kitabım 20 yaşımda, 16 il öncə, 100 tirajla işıq üzü görüb. Ümumiyyətlə cəmi 11 kitabım işıq üzü görüb. 14 yaşımdan mətbuatda çap olunuram – təxminən 22 ildir. Yəni, çox kitab çap etdirdiyimi düşünmürəm. Dörd şeir kitabım, üç romanım, bir araşdırma, bir esselər və bir motivasiya kitabım nəşr olunub. Bir kitabın sadəcə tərtibatçı müəllifiyəm.Bir hekayələr kitabım və bir monoqrafiyam da çapa hazırdır. "Dinlər, təriqətlər, peyğəmbərlər” kitabı haqqında məlumat verdim. "Sola dönmək qadağandır” adlı esselər toplusu 99 faiz mətbuatda çap olunan yazıların məcmusudur. "Eşq və intihar” adlı sonuncu kitabımın da böyük əksəriyyəti məktublarım, mətbuatda çap olunan esselərimdir. Hətta "PS. Darıxıram”şeirlər və esselər kitabımda yer alan esselər də mətbuatda çap olunan esselərimdir. 2004-cü ildən mətbuatdayam, fasiləsiz yazıram. Yəni dərc etdirmək istəsəm, seçmə yazılarımdan ibarət bir neçə kitabın materialı da bilgisayarımda var. Gündəlik mətbuatda dərc olunan və bəyənilən yazıların itib-batmağını istəmədiyim üçün kitablaşdırmışam. Ümumiyyətlə, yazıçının işi kitab yazmaq, çap etdirməkdir. Mən sadəcə ilk kitabımın çapına şəxsi büdcəmdən vəsait ayırmışam, daha doğrusu ilk kitabımı atamın dəstəyi ilə çap etdirmişəm. Digər kitablarım nəşriyyatların, bir kitabım da dostumun hesabına nəşr olunub. Az da olsa kitablarıma oxucu marağı olmasaydı, heç bir nəşriyyat mənim kitabımı öz hesabına nəşr etməzdi. Yəni nəşr olunan kitablarım satılıb. Hətta yeddi kitabımın tirajı ümumiyyətlə bitib. Hətta nüsxəsi özümdə belə qalmayan kitabım var. Reallıq hissimi itirib oxucu sevgisindən, kitablarıma böyük tələbat olmasından danışmaq istəməzdim. Bəlli bir oxucu çevrəm var və oxucularımın yarısını üzdən tanyıram.

Bilirsiniz, niyə dedim? Yazıçı üçün kitab dərci qədər onun satışı da sevindirici, təsiredici olur. Azərbaycanda kitab satışı məlumdur. Azsaylı satışlar yazıçını həvəsdən sala bilər. Yazıları sosial şəbəkə, media və.s ilə də çatdırmaq mümkündür. Kitab sanki o enerjinin qarşılığında Azərbaycan cəmiyyətində Sizif əməyidir.

Azərbaycanda kitab bazarının da, kitab satışının da vəziyyəti ürəkaçan deyil. Ancaq mən heç vaxt kitab yazanda, onun çapına qərar verəndə böyük pullar qazanmağı nəzərdə tutmamışam. Bəli, kitablarımdan pul qazanmışam, ancaq buna qazanc demək olmaz, xərclədiyim enerjinin qarşılığında qazandığım heç gözə görünmür. Müxtəlif vaxtlarda jurnalist, tərcüməçi, redaktor, ssenarist və köşə yazarı kimi çalışmışam. Ədəbiyyat məni bu şəkildə dolandırıb, qazanc gətirib. Ümumiyyətlə, çox pul qazanmağın həvəsində və marağında olmadığım üçün, qazancım hər zaman məni qane edib. Hərdən şikayətlənsəm də, halımdan narazı deyiləm. Əziyyət çəksəm də, çətinliklərlə qarşılaşsam da, ədəbiyyat mənim yaşamağım üçün böyük stimuldur.


İndiki Cəlil Cavanşiri iki il əvvəl, özüm "doğdum”


"Bu bədheybət uşaq”. Maraqlı yanaşmadır. Adətən bənzətmələrdə uşaqlığı məsumluq, saflıq, gözəllik mücəssiməsi kimi təqdim edirik.Sizsə "bədheybət uşaq”. Aydın məsələdir ki, "bu bədheybət uşaq” Cəlil Cavanşirdir. Hələ də "bu uşağı” onun kimi ovudan yoxdur? Bəlkə insanları bu uşaqdan uzaq salan, onun kimi ovundurmağa qoymayan bu uşağın bədheybətliyidi?

Təxminən 8 il əvvəlin şeiridir – "Gedənlərə, unudanlara və pişiyimizə”... Hələ onda elə bilirdim ki, mənim içimdəki həmin "bədheybət uşağı” yalnız o ovuda bilər. Sonra o "bədheybət uşaq” qısa müddətdə böyüdü, qocaldı və elə ovunmadan da ölüb getdi. Bəli, mən o şeirdəki "bədheybət uşaq”dım. Şişman, saçı saqqalına qarışmış, daima içki və tütün qoxusu gələn, üsyankar, nadinc, davakar və eyni zamanda o qədər də məsum, uşaqlığını qoruyub saxlayan, incidiləndə oturub zar-zar ağlayan qəribə bədheybət hesab edirdim özümü. Hər ayrılıqda bir az böyüdüm, bir az arındım və heç vaxt ovunmayan "bədheybət uşağı” "öldürdüm”. İndiki Cəlil Cavanşiri iki il əvvəl, özüm "doğdum”. Çox diqqətlə, ehtiyatla, ölçüb-biçərək böyüdürəm... İndi də bəlkə bədheybətəm, amma uşaq deyiləm. Bilirəm ki, çox qəddar yanaşmadır, ancaq uşaq məsumluğu, saflığı ilə böyüyənlər, "uşaq qalan” böyüklər daim uduzmağa, məğlubiyyətə məhkumdur. Daha böyüklər kimi ağlayıram və kiminsə məni ovutmasına ehtiyacım yoxdur. Bu cür yaşamaq daha asandır.. Özüm ağlayıb, özüm kiriməyi öyrənmişəm.

Ramiz Rövşənin kosmosda ilişib qaldığını söyləyirdin. Deyirdin ki, onları kosmosdan yerə endirən yoxdur. Necə oldu? Enə bildi? Və yaxud belə deyək, endirməyə gücü çatan oldu?

Son günlər özümə söz vermişəm ki, heç bir yazıçı və şair, ümumiyyətlə yaradıcı insanlar haqda fikir bildirməyəcəm. Bütün bu söhbətlərə enerji xərcləməyi artıq hesab edirəm. Hər kəsə sağlam həyat və uğurlar arzu edirəm. Məni yalnız öz yaradıcılığım düşündürür.

Yaradıcılıqda hansı yeniliklər var?

Hazırda yaradıcılığımda heç bir yenilik və plan yoxdur. 5-6 ayda bir şeir yazıram. Hərdən yarımçıq hekayələrimə və ssenarilərimə göz gəzdirib, redaktə edirəm. Sentyabrın sonuna qədər nə isə yenilik edəcəyimi, yazacağımı düşünmürəm.

Söhbətləşdi: Emin Piri