adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
27 Avqust 2020 15:04
59613
ƏDƏBİYYAT
A- A+

Torpağa, səmaya və qadına deyilən şeirlər - Vaqif Aslan yazır

(Şair Mayis Səlimin (1962-2019) "Həyatyolum”(şeirlər və hekayələr)kitabı haqqında)

Mayis Səlim 1962-ci ildə Şəkinin Qışlaq nahiyəsində anadan olmuşdur. O, ADPU-nun (O zamankı APİ-nin) filologiya fakültəsini bitirmiş, doğma Şəkiyə qayıtmiş, əvvəlcə müəllim, sonra məktəb direktoru, daha sonra isə Şəki şəhər İcra Hakimiyyətində uşaq bağçaları üzrə iş şöbəsinin rəhbəri kimi fəaliyyət göstərmişdir.

İlk şeiri 1979-cu ildə "Şəki fəhləsi” qəzetində çap edilmiş, əvvəlcə çağdaş Şəki ədəbi mühitini təqdim edən ilk almanaxda - "Söz, söz, .... söz!” almanaxında, daha sonra isə "Türkün səsi”, "Şəkidən gələn səslər” almanaxlarında, o cümlədən, "Azərbaycan” və "Ulduz” jurnallarında, "Ədəbiyyat qəzeti”, "525-ci qəzet”, "Ədalət” və s. qəzetlərdə şeirləri və məqalələri ilə təmsil olunmuşdur.

1998-ci ildə işıq üzü görən "Mən hardan biləydim” kitabı Mayis Səlimin ilk kitabıdır. İlk kitabının axarınca "Dəniz ömrü”, "Ana dilim”, "Qayıdaq o illərə” və "Kəhər” kitabları ilə oxucularının görüşünə gələn Mayis Səlim yaradıcılığının məhsuldar çağında – 2019-cu ildə uzun sürən ağır xəstəlik nəticəsində dünyasını dəyişmişdir. Bu ağır itki Şəki ədəbi mühitini sarsıtmışsa da, ən ağır sarsıntını, şübhəsiz ki, onun evi və ailəsi yaşamışdır.

Mayis Səlimin "Həyat yolum”(şeirlər və hekayələr) kitabı vəfatından bir qədər sonra – 7 fevral 2020-ci ildə çapa imzalanmış və ADPU-nun mətbəəsində nəşr edilmişdir. Bu onun altıncı kitabıdır.

Şairin həyat yolunun, demək olar ki, hər bir astanasında və hər bir dönəmində misra-misra yazılan şeirlərini içinə alan bu kitabı oxuduqca mərhum şairimiz Əli kərimin (1931- 1969)1974-cü ildəAzərnəşr tərəfindənçap edilmiş ikicildliyinin I cildigözlərim önündə canlanır.Ona görə ki,Əli Kərimin sözügedənokitabında olduğu kimi Mayis Səlimin bu kitabında da "-Həkim, yaman ağrıyıram. -Demək, hələ yaşayırsan. -Həkim, mənə çarə elə.-Bax, o mənlik deyil, lələ. -Bəs dərdimin çarəsi var?-Hər halda Allaha yalvar.(Bax. Mayis Səlim."Həyat yolum ”(şeirlər və hekayələr) Səh. 313. Bakı-ADPU-nun mətbəəsi, 2020) şəklindəxəstəliklə çarpışan bir şairin"həkimlə söhbət”ivardır. Vaxtı ilə "Vəsiyyət” şeirində"Yeri oldu-olmadı həkim ki girdi xəstənin qılığına...Nəsə pıçıldadı dostlarından birinin qulağına...Onda həkim! -Salam-əleykim!” (Bax.Əli Kərim.Seçilmiş əsərləri. Cild 1. Səh133. Bakı, Azərnəşr, 1974. Tərtib edəni: Elza Kərimova. Ön sözün müəllifi: Asif Əfəndiyev)deyən Əli Kərim "təbəssümünü divar lampası kimioğlanları Paşanın, AzərinOrxanın başı üstündən asmağı vəsiyyət edirdisə, Mayis Səlim eyni adlı şeirində ömür-gün yoldaşına üzünü tutub sevgisindən doğan qəddarlıqla "dalınca ağlamamasını”, "yasını tutmamasını”, "al-qırmızı geynməsini”, "yuxusuna girmiş olarsa belə, onu da axar suya deməsini”, "xatirəsini daş kimi bir quyuya atmasını", "darıxanda başını işlə-güclə qatmasını”vəsiyyət edir, sonra da sevdiyi insana ölümünü göstərməmək, son nəfəsində də ona acı verməmək istəyi ilə vəsiyyətini belə tamamlayırdı:

Bu vəfasız dünyada

Axı, səndən nə umum?

Daha sözüm qurtardı...

Di get, gözümü yumum.

(Bax. Mayis Səlim."Həyat yolum”(şeirlər və hekayələr). Səh. 276)

Mən bu məqamda şair Allahverdi Tağızadənin(1932-1988)Əli Kərimin xatirəsinə yazdığı"Səxavət” adlışeirinin aşağıdakı misralarını xatırlayıram:

Kiməsə lap xəstə yatdığın zaman

Lazım olsa idi dərmanın sənin.

Kiminsə tükənən ömrünü bir an

Bilsəydin uzadar son anın sənin

Onu da verərdin peşman olmadan.

Bir gün ölüm gəldi dilində adın

Elə üzüyola, elə mərd idin ...

Onu da qapından boş qaytarmadın.

(Bax.Allahverdi Tağızadə. Gözəlliyin sorağında. Bakı, "Gənclik”, 1975. Səh.24)

Budur, belə bir səxavətin əyani təcəssümünüMayis Səlimin "Mürdəşirə” şeirində bütün çılpaqlığı ilə görürük.İlk baxışda zarafat təsiri bağışlayan, hətta, kitabın "Zarafatyana” şeirlər bölməsində yer alanbu şeirdəki ciddiyyət inkaredilməzdir."Hara tələsirsən, a zalım oğlu? Bir azca ləngisən, dünya dağılmaz!” deyə Mürdəşirə müraciət edən şair əmsalsız səxavət və ərkyana əda ilə onun da əlindən çörək pulunun çıxmasının qarşısını ölümü ilə almaq istəyir:

Indi sözün nədir? Dillən, mən ölüm!

Bircə soz eşidim, barı, dilindən.

Yoxsa dirilərəm, durub gedərəm...

Bugünnkü qazancın çıxar əlindən.

(Bax. Mayis Səlim."Həyat yolum”(şeirlər və hekayələr) Səh. 319)

Onu da qeyd edim ki, hər iki şairin-Əli Kərimin və Mayis Səlimin sözügedən kitablarının tərtibçiləri onların həyat yoldaşlarıdır. Elza xanım Kərimovanın Əli Kərim, Gülarə xanım Abdullayevanın isə Mayis Səlim yaradıcılığına göstərdikləri qayğı gələcək nəsillərə örnək olacaq hadisələrdəndir. Belə yerdəmənim də ürəyimdən bu sözlər keçir:

Alqışvarlığına, ey türk qadını!

Tarixə, yaddaşa yazdın adını!

***

Mayis Səlimin yaradıcılığı ilə tanış olduqcaonun ciddi ədəbi yaradıcılığa malik şairlərimizdən biri olduğunun, hiss idrakla əqli idrakı birləşdirmək cəhdi ilə yazıb yaratdığının şahidi olursan.

Sözün bakirəliyini və saflığını qorumaq yolunu tutan şair çoxdan bu yolun yolçusu olduğunu, xüsusi olarq, bizə məlum olmayan tənqidçisinə də xatırladır. Tənqidçisini şeirindən ali instansiyalara ünvanlanan ad və ünvan axtarmamağa dəvət edir:

Gəl, mənim şeirmi tənqid eləmə.

Demə ki, orası, burası belə.

Sən öz xəlbirinlə onu ələmə...

Heç nə gəlməyəcək axırda ələ.

Şeirinin "abırlı və ismətli”olması ilə öyünənMayis Səlim yaltaqlıqdan və qaltaqlıqdan uzaqlığına, "əmisizlik və dayısızlığına” görə dost-tanış yanında da ”üzüdanlaqlı” olduğunu elan edir, şeirləri "ali məclislərdə oxunan” şairlərdən fərqləndiyini fəxrlə nəzər-diqqətə çatdırır:

Kimsəyə əyilmir, yaltaqlıq bilmir...

Üzü danlaqlıdır, töhmətlidir o.

Yetənə irişib üzünə gülmür.

Nə yaxşı, abırlı, ismətlidir o.

Əmili, dayılı şeirlər də var.

Sığmaz yerə-göyə forsu, ədası.

Harda aş verilsə, orda baş olar.

Ali məclislərdən gələr sədası.

(Bax. "Mayis Səlim.Dəniz ömrü. Səh.3-4."Mingəçevir Poliqrafiya Müəssisəsi” MMC, 2005;

Bax. Mayis Səlim."Həyat yolum”(şeirlər və hekayələr). Səh. 198-199)

Ədəbi yaradıcılq ədəb və mərifət, elm və dünyagörüşü, saf duyğular və təmiz hisslər tələb edən sahədir. Orada hiylə və ya qərəz ilə deyilən sözsafsözlərdən fərqlənir. Ürəksiz deyilən söz isə ürəklərə yatmır ki, yatmır. Ədəbi yaradıcılıq ədəbi düşüncə və fəlsəfi müdrikliklə yoğrulanda qəbul edilir.Mayis Səlim Nizamili, Yunus İmrəli, Nəsimili, Füzulili ədəbiyyatımızın izinə düşüb Məhəmməd Hadili, Abdulla Şaiqli, Hüseyn Cavidli, Əhməd Cavadlı, Cəfər Cabbarlı, Mikayıl Müşfiqli, Bəxtiyar Vahabzadəli, Məmməd Arazlı, Xəlil Rza Ulutürklü dönəmlərdən keçə-keçə gəldiyini, bu yolda zəmanəyə deyil zamana xidmət etdiyini, ədəbə və ədəbiyyata sığındığı üçün min bir bəla çəkdiyini belə ifadə edir:

Bir uzaq yol başlamışam…

Düşmüşəm izə, gedirəm.

Şeytanları daşlamışam,

Əyridən düzə gedirəm.

"Duz-çörəyi yeyilə-yeyilə kürəyi oxlanan”, "ürəyi dağlanan”, "bəndi-bərəni yıxıb”, "zülmət gecədən çıxıb”, "haqqın əlini sıxıb nurlu gündüzə gedən” şair hələ bundan sonra da bir çox sınaqlardan keçməli olacağını oxusuna xatırladır:

Qurtarmaq bilmir savaşım...

Zəhrimara döndü aşım.

Çox işləkdən çıxmır başım...

"Mən hələ duza gedirəm”.

(Bax. "Mayis Səlim.Dəniz ömrü. Səh.4-5)

Digər bir şeirində isə şair kimi yaşamağın çətin, çuğullar, qısqanclar, paxıllar içərisində ömür-gün keçirməyin sıxıntılı, gəlini yalan, bəyi oyuncaq olan toyların oyunçusu olandan sonra ayılmağın da əzablı olduğunu xatırladır:

Elə toy tutdular ki,

Yadımdan çıxdı adım.

Hamını tanısam da,

Özümü tanımadım.

(Bax. "Mayis Səlim.Dəniz ömrü. Səh.7;Bax. Mayis Səlim."Həyat yolum ”(şeirlər və hekayələr) Səh. 106)

Şair özünü, dünyanı və insanışair səviyyəsindədərindən başa düşməlidir! Təkcə başa düşməlidirmi? Şair soyuq başla başa düşdüyünü isti ürəklə yaşamalıdır! Onun qəhqəhələri özündənsonrakı zamanlar boyunca eşidilməli, gözyaşları nəsillərin gözyaşlarına çevrilib axmalıdır, sevinci hamını sevindirməli, kədəri hamını kədərləndirməli, sevgisiisəonu hamıya sevdirməlidir.



Bəli,Mirzə ƏləkbərSabirin heykəli qarşısında durmaq, sadəcə olaraq, yorulub bir anlığa nəfəs dərmək deyil, şair zəkası və düşüncəsi qarşısında özünü müqayisə tərəzisinə qoymaqdır – kimliyini bilməkdir.Mayis Səlimi Mirzə Ələkbər Sabirin (1862-1911) heykəli önündə dayanıb dərin-dərin düşünməyə vadar edən səbəblərdən biri və birincisi şair məsuliyyəti və ZAMAN qarşısında cavabdehlikdir."Sabirin heykəli önündə” şeirindəMayis Səliminsənətə və sözə münasibəti məhz bu nöqtədən açıqlanır:

Sənin hüzurunda qalın kitablar

Bir anın içində gözümdən düşür.

Görmüşəm, zəhmindən yer yarılanlar

Adın çəkiləndə necə büzüşür.

(Bax. "Mayis Səlim.Dəniz ömrü. Səh.10;Bax.Mayis Səlim. "Həyat yolum”(şeirlər və hekayələr). Səh.189)

"Sözü özündən tez qocalan”, amma "cibi kalan”, "qafiyə tapmayanda dambadurum çalan”, "işi bərkə düşən kimi haray-həşir çalan”, qısası, "yalan şair”lərin (Bax.Mayis Səlim. "Həyat yolum”(şeirlər və hekayələr). Səh.323)dedi-qodularından, ailə-məişət, oğul-uşaq söhbətlərindən, rəsmi şəxslər haqqında ekstrasenslərsayağı proqnozlarından bezənMayis Səlim "Paho” adlı şeirində söz satıb söz alanlara qəzəb və nifrətini belə ifadə edir:

Bax, bu daşdı, bu da başdı...

Vallah, adam baxıb çaşır.

Götür daşı, yar o başı...

Belə başa daş yaraşır.

Gör, nə baxır şeytan kimi!

Bir kəllədə iki dəlik...

Qızdır mili, çək gözünə!

Qoy kor olsun birdəfəlik!

Peşman oldum söz soruşub.

Çox danışıb baş apardı.

Lap dibindən qopar, tulla!

Dil deyil ki-zəhrimardı.

Çək bıçağı, kəs ucundan!

Yaman uzun qulaqdı bu!

Qanacaq yox, mərifət yox...

Adam deyil, ulaqdı bu!

(Bax.Mayis Səlim. "Həyat yolum”(şeirlər və hekayələr). Səh.326)

Vəzifəyə aldanan, yalançı ad-sanı özünə layiq bilib fəxarətindən şişən, kabinetdə əyilib koridorda sinəsini qabardan adamları tələyə düşmüş, torbaya salınmış hesab edən şair Mayis Səlim "Özümdən əskiklərin Əlində qaldı gözüm” etirafından sonra "Bir yekə torba tikin, Salın məni içinə” deyərək özünü də cəzalandırmaqdan çəkinmir. Mayis Səlim "Tula kimi yal”, "Bürünməyə şal”, "Ayağına nal”, "Yalamağa bal”, "Gizlənməyə dal”, "Gəmirməyə kal” gəzənlərlə (Bax.Mayis Səlim. "Həyat yolum”(şeirlər və hekayələr). Səh.324)barışmır ki, barışmır. Neyləməli? Şair qəlbi həmişə şairin özündən güclü çıxır, axı!

"Torba”, "Yetim”, "Mən çəmən çiçəyi deyiləm, axı”, "Oğlan” kimi şeirlərində ictimai-sosial həyatın paradoksallığına üsyan edən Mayis Səlim üzünü dağlara çevirib, onların necə bir qürurla dayandığına baxır. Əslində isə, dərdini dağlara söyləyir:

Biri qəlbimə dəysə,

Mən dağlara baxıram.

Kədər qəddimi əysə,

Mən dağlara baxıram.

Ömrü min-min insanın ömründən də çox olan dağların bu haqq və nahaqq dünyasında baş verən işləklərə necə davam gətirdiyini öyrənmək istəyən Mayis Səlim yağışlarla ovulduqca, küləklərlə sovulduqca daşlaşan, torpaqlaşan, qayalaşan dağlara "qibləgahı” kimi baxır, sanki insanların taleyi ilə dağların taleyi arasında nəsə bir oxşarlıq görür:

Dünənim, sabahımdır.

Ümidim, pənahımdır.

Mənim qibləgahımdır.

Mən dağlara baxıram...

(Bax.Mayis Səlim. "Həyat yolum”(şeirlər və hekayələr). Səh.9)

"Qurumuş ağacı kəsirdi qoca” şeirində də qurumuş ağacla qocalmış insan taleyindəki oxşarlıq Mayis Səlimi düşündürür. Amma burada təbiətin və təbiiliyin özünə etiraz və üsyan motivləri daha qabarıqdır. Insanın insan, ağacın da ağac sonluğu vardır. İnsan da tükənir, ağac da. Damar-damar qurumuş, yarpaq-yarpaq tökülmüş, budaq- budaq qopub düşmüş, kökünəcən suyu çəkilmiş və öz təbii ölümünü yaşamaqda olan o ağac daha ağaclığından çıxıbdır. Ondan şalban kimi də, hətta, bir çəpərə vurulacaq paya kimi də istifadə etmək mümkün deyildir. Mayis Səlimin şeirindəki əlibaltalı o Qoca bəs nədən o qurumuş ağacı "qəzəblə”, "hikkəylə” kəsir? Ona görə ki, damarları çıxmış əlləri, yerişini itirmiş ayaqları, nuru öləzimiş gözləri, bir sözlə, bitib tükənməkdə olan özü ilə qurumuş ağac arasında oxşarlıq görən o Qocaöz təsəvvüründəo ağacı deyil, "qaralmış bəxtindən vətaleyindən qisas alırmış kimi” öz - özünü kəsir. Ona görə ki, o ağac artıq heç kimə və heç nəyə gərək deyildir:

Bir də puçurlayıb açammaz daha.

Üstünə arılar uçammaz daha.

Ölümün əlindən qaçammaz daha...

Qurumuş ağacı kəsirdi Qoca.

(Bax.Mayis Səlim. "Həyat yolum”(şeirlər və hekayələr). Səh.8)

***

Mayis Səlimin sevgi şeirləri lirik – fəlsəfi ovqatdadır.Onun sevgi şeirlərində kədər və təəssüf notları tale və qismət notları kimi təzahür edir:

Sən məni sevirdin, mən səni... Fəqət

Nə sən mənim oldun, nə də mən sənin.

Belə olmalıymış sonu, bəlkə də,

Nə deyək işinə bu məhəbbətin?

(Bax.Mayis Səlim. "Həyat yolum”(şeirlər və hekayələr). Səh.255)

Və ya:

Bir qəbrin önündə ayaq saxladım.

Baxdım başdaşına hey dönə-dönə.

Bu görüş, gör, məni harda haqladı...

Nə deyim, a dünya, nə deyim sənə?...

(Bax.Mayis Səlim. "Həyat yolum”(şeirlər və hekayələr). Səh.253)

Və yaxud:

Mən hardan biləydim nə vaxtsa sənin

Belə üzüdönük olacağını?

Könlümdə açılıb bir çiçək kimi,

Sonra da qəfildən solacağını?

(Bax.Mayis Səlim. "Həyat yolum”(şeirlər və hekayələr). Səh.256)

Mayis Səlimin sevgi şeirlərindəkiçırpınan hərarətli ürək, şəkicəsinə deyiliş tərzinə xas olan yumor, lakonizm oxucunun özünə çəkməkdədir:

Mən səni ürəyimə,

Sən məni dara çəkdin.

Bağlayıb gözlərimi

Bilmirəm hara çəkdin...

(Bax.Mayis Səlim. "Həyat yolum”(şeirlər və hekayələr). Səh.263)

Bir ürəkdə ki, şöləsi gözü, ifadəsi sözüişıqlandıransevgi ola, onda "gül açan pəncərə” insanınüzünə açılan bəxt qapısı kimi görünər:

Baxışırıq bayaqdan...

Pəncərəniz göz eylər.

Qorxuram çox dayansam,

Qonşuların söz eylər.

Ay insafsız, bir dayan1

Pəncərəni bağlama!

Dilinlə get söyləyib,

Gözlərinlə saxlama!

(Bax.Mayis Səlim. "Həyat yolum”(şeirlər və hekayələr). Səh.252)

Sevənlər həmişə kövrək, qayğılı, sayğılı və səxavətli olurlar. Onlar sevdiklərini ilahiləşdirir, dünyanın ən şirin nemətlərini sevgililərinə bəxş etmək istəyirlər. Kainatı da öz aralarında bölüb, bütün yaxşıları sevgilisinə vermək istəyən şairlər necə də qəribədir.Eləbu qəribəlik bizi onların səmimiyyətinə inandırır. Vaxtı ilə "Gəl, bölək dünyanı ikilikdə biz” deyə sevgilisinə üz tutan Nəbi Xəzrinin (1924-2007)oqeyri-adi bölgüsü oxucularının ürəyincə olmuşdu. Nəbi Xəzri yazırdı:

İlin övladıyıq yazla qış kimi...

Fəsillər yaşasın yanaşı məndə.

Biz ki bir yerdəyik gözlə qaş kimi...

Gözlər səndə qalsın, gözyaşı səndə.

Mayis Səlim isə "Mənə qalsın” şeirində sevgidə Nəbi Xəzri bölgüsünü özünəməxsus şəkildədavam etdirir:

Dağlarda Günəş də, çən də var, gülüm...

Günəş səninkidir, çən mənə qalsın!

Həyatda sevinc də, qəm də var, gülüm...

Təki sən sevin, gül, qəm mənə qalsın.

Qovar bir-birini aylar, fəsillər.

Gah qarlı qış olar, gah bahar gülər.

Sən elə gözəl qal, ötsədə illər.

Saçlara ələnən dən mənə qalsın.

(Bax.Mayis Səlim. "Həyat yolum”(şeirlər və hekayələr). Səh.288)

Sevdiyini "könlünün ən xoş diləyi”, "ömrünün gülü-çiçəyi” kimi sevdiyindən "bütün aləmi” sevən Mayis Səlim(Bax.Mayis Səlim. "Həyat yolum”(şeirlər və hekayələr). Səh.293)dünyanı da sevgilisi ilə bölmək istəyir və bu sevgi məlum bölgü ilə qurtarmır,şeirlərə çevrilmişoxşamalarla davam edir:

Yenə körpə uşaq kimi kövrəlib,

Məndən küsüb, a gözləri dolanım.

Hansı sözüm səni belə yandırıb

Çiçək kimi saralanım, solanım?

Gedək, birgə buz bulaqdan içək biz.

O çəməndən, o gülşəndən keçək biz.

Güllərin ən gözəlini seçək biz,

Ay özü də tər bənövşə olanım.

Məni belə çox incitmə, a zalım.

Üz çevirib çıxıb getmə, a zalım.

Bəsdi daha, inad etmə, a zalım....

Pərvanətək, qoy, başına dolanım.

(Bax.Mayis Səlim. "Həyat yolum”(şeirlər və hekayələr). Səh.295)

Aşiqanə oxşamalar Mayis Səlimin xoyratlarında-"Sevgi bayatıları”nda da özünü göstərməkdədir:

Gül görüm.

Gözlərindən gül, görüm.

Pəh, nə gözəl gülürsən...

Gül, üzündə gül görüm.

Və ya:

Üz gözəl...

Qoy sinəmə üz, gözəl.

Ya yetir diləyimi,

Ya dilimi üz, gözəl.

(Bax.Mayis Səlim. "Həyat yolum”(şeirlər və hekayələr). Səh.272)

"Yuxu” şeirində gördüyü baharın, bahardakı gözəlliklərin , "yanaqları lalədən al çiçəyinin” sehrinə düşən şair "Nə gözəl olurmuş...” şeirində əyani yaşantılarının poetikasını yaşamaq xşbəxtliyindən söz açır:

Mən səni görəndə yaz çağı idi...

Dünyadan məhəbbət ətri gəlirdi.

Hər gülün, çiçəyin naz çağı idi...

Çəmənlər bəzənib üzə gülürdü...

Nə gözəl olurmuş sevmək, ilahi!

(Bax.Mayis Səlim. "Həyat yolum”(şeirlər və hekayələr). Səh.280)

***

"Dədəm Qorqudun kitabı” silsiləsinə daxil olan şeirləri baxımından da Mayis Səlim tarixiliklə müasirliyi bir müstəviyə gətirərək orijinal düşüncə tərzindən çıxış edir. Bu mənada Banu Çiçəyin dilindən deyilən şeir əxlaqi və mənəvi çalarları ilə diqqətə layiqdir. "Yağıdan öc almayan”, "yarağı”, "papağı”, torpağı” əlindən çıxan, "anası-bacısı əsir gedən” bir oğlanı Banu Çiçək təbiətli türk qızı sevə bilməz, axı! Bu, bir həqiqətdir ki, qarı düşməni deyil, öz xalqını çapıb talayan, öz süfrəsini tapdalayıb özgə süfrəsində boşqab dibi yalayan, ata ocağından köz oğurlayıb yağı ocağı qalayan, söz soruşanda doğmalarını cincar- gicitkən kimi dalayan dırnaqarası igidlər çoxluğunda dırnaqarası Banu Çiçəklər çoxluğu olur. Əsil Banu Çiçək isə ona elçi düşənoğlandan(hələ bu oğlanın igid olmağı məlum deyil)villa, xarci maşın istəmir, onun qarşısına aşağıdakı tələbləri qoyur:

Səndən zəfər istəyirəm.

Hünər, təpər istəyirəm.

Ər oğlu ər istəyirəm

Səni necə sevim, igid!

(Bax.Mayis Səlim. "Həyat yolum”(şeirlər və hekayələr). Səh.207)

Mayis Səlimin bu silsilədən olan "Qorqud Dədə”, "Qazan xanın ağacla soraqlaşması”, "Alp Aruza”, "Bamsı Beyrəyə”adlı şeirləri oxucusunu düşünməyə və özünüdərkə çağırır. O, "Qaraca Çoban” şeirində yağı əlində əsir-yesir qalan yurduna müraciətlə deyir:

Çatmır qulaqlara ahın, fəryadın...

Özgələr əlində qalıb el-oban.

Bəyindən, xanından yarıyammadın...

Sənə çoban gərək-Qaraca Çoban.

(Bax.Mayis Səlim. "Həyat yolum”(şeirlər və hekayələr). Səh.208)

Mayis Səlim"Yaddan çıxmasın Qarabağ” bölməsinə daxil edilən şeirləri ilə gələcək nəsillərə sanki tövsiyyələr verir. Orada sərgilənən şeirlər şairin"Dədəm Qorqudun kitabı” silsiləsinə daxil olan şeirlərinə xas olan poetik ruhu daha da gücləndirir. Qarabağın azad olacağı günü görməyə bütün varlığı ilə can atan şair "Məni qəbrə qoymayın” şeirində yazır:

Qarabaxt Xocalının

qisası alınmasa,

Şuşanın dağlarında

"Koroğlu” çalınmasa,

Məni qəbrə qoymayın.

(Bax.Mayis Səlim. "Həyat yolum”(şeirlər və hekayələr). Səh.214)

"Birləşək”, "Düyün”, "Döz, ürəyim”, "Yandırır məni”, "Şənbə gecəsində”, "Bir ovuc torpaq”, "Azərbaycan əsgərinə” və bu qəbildən olan digər şeirlərində isə işğala məruz qalan Qarabağın taleyindən nigarançılıqla söz açılır.

***

Mayis Səlimin nəsr yaradıcılığı da diqqətə şayandır. Onun yaradıcılığında nəsr üstünlük təşkil etməsə də, kitabına daxil edilən hekayələri yazıçı Mayis Səlim haqqında danışmağa əsas verir.

O, Qarabağ mövzusunda qələmə aldığı "Axırıncı axşam” (Bax.Mayis Səlim. "Həyat yolum”(şeirlər və hekayələr). Səh.329-336)hekayəsində müharibənin gedişindən, qəhrəman əsgərlərimizin cəbhədə göstərdikləri fədakarlıqlarından deyil, müharibənin insanlara vurduğu mənəvi-fiziki zərbələrdən söz açır. Hekayənin aparıcı obrazı - elmi işçi Mehman Qarabağ müharibəsinin iştirakçısı olmuşdur. O, ayağını və ya əlini itirməsə də, cəbhədə olduğu zaman dəfələrlə soyuğa, qara-yağışa düşmüşdür. Bu səbəbdən də onun uşağı olmur. Sonsuzluğu onu mənən əzir. Sağlamlığını itirməsi də bir yandan. İçindəki ağrılar ürəyini gəmirir. Nəticədə Mehman ürək infarktına məruz qalır.

"Savab” hekayəsində isə ” (Bax.Mayis Səlim. "Həyat yolum”(şeirlər və hekayələr). Səh.337-346)sadə və günahsız adamların xeyir-dualarının Tanrı qatında keçərli olduğuna inam əks olunur. Rayonun hörmətli idarə rəhbərlərindən biri olan Tahir Kərimli qəfildən işçilərinin gözü qabağında yıxılıb ölür. Onun yerinə keçmək istəyən müavini Kazım nüfuzlu Şərif müəllimə ağız açır və müsbət cavab alır. Bununla belə, ailəsi bir parça çörəyə möhtac olan Samirə müdirəvəzi olduğu halda deyil, "müdir olacağı halda” işdə saxlayacağını elan edir. Samir də, anası da Kazımın müdir olması üçün gecə-gündüz Tanrıya dua edirlər. Müəllif həm də bu dualar sayəsində Kazımın tezliklə arzusuna çatdığını göstərir. Yaxşılığın yaxşılığını göstərən müəllif "Balıq bilməsə də, Xalıq bilər” düşüncəsinin reallıq olduğuna işarə edir.

Memuar xarakterli "Xatirə” (Bax.Mayis Səlim. "Həyat yolum”(şeirlər və hekayələr). Səh.347-352)hekayəsi ali məktəbə daxil olan kəndli balasının tələbə biletini alıb evə qayıtması və doğmaları tərəfindən necə qarşılanması, nəhayət, Bakıya necə yola salınması səhnələrini əks etdirir. Ali məktəb tələbəsinə qardaş-bacılarının, o cümlədən kənd camaatının qəhrəman kimi baxmaları, valideynlərinin necə bir qürur hissi keçirmələri realistcəsinə təsvir edilir. Onu artıq tələbə kimi Bakıya yola salanların arasında iti Sarının da olması Mayis Səlimin yazıçı təxəyyülünün yetkinliyindən xəbər verir.

Nə az, nə çox-kitaba on iki hekayə daxil edilmişdir. Bunların hər biri ayrı-ayrılıqda insan yaşantılarına tutulan işıq kimidir.

Məlum məsələdir ki, kitab qalınlığı ilə deyil, qalanlığı ilə müəllifinə ömür bəxş edir.Mayis Səlim ömrü övladının, doğmalarının, sevənlərinin ömründə davamı etməkdədir. Ömrü ömürlərə qovuşmuş Mayis Səlim ömrünün əbədiyyəti isə kitabları ilə bağlıdır.

İrəvan məktəbi-islamiyyəsinin türk dili müəllimi Məmmədvəli Qəmərlinin tərtib etdiyi və 1899-cu ildə İrəvanın Edelson mətbəəsində çap etdirdiyi "Atalar sözü” kitabına yazdığı ön sözdəki bir fikirlə (Bax. Məmmədvəli Qəmərli. Atalar sözü. Bakı, "Səda”, 2003. Səh.12-13) sözlərimi tamamlamaq istəyirəm: Dünyada hər bir kəs üçün sözdən böyük yadigar və ya vərəsə yoxdur”.


Vaqif Aslan

AYB Şəki bölməsinin sədri