adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
01 Sentyabr 2020 08:31
33719
ƏDƏBİYYAT
A- A+

Əbülfət MƏDƏTOĞLU: Allahın axır sözü...

"Bir qadına..." silsiləsindən

Sənli anlarımda xoşbəxt bir bəndə
Sənsiz anlarımda unudulmuş, tək...
Məni məndən yaxşı duyursan Sən də -
Əl uzat , ömrünün bir küncünə çək...

Səpmə ortalığa ağılı, hissi
Daş daşı yesə də , qum ömrü qalır...
Qınaq ünvanına çevirib bizi -
Kədər içimizdə lövbərin salır.

Sakitcə əriyir qətiyət, inad
Boşalır, süstləşir əl-qolumuzda...
Gör necə yad olur bizə bu həyat -
Sovrulur , süprülür sağ-solumuz da..

Köhnə tərəzinin ağır gözü tək
Ürək də titrəyir bu halımızda...
Deyəsən Allahın axır sözü tək -
Ayılın! - səslənir qulağımızda...