adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
01 Sentyabr 2020 12:52
95439
MÜSAHİBƏ
A- A+

“Belə şəxslər gözümün düşmənidir” - Ruslan Zeynal sərt reaksiya verdi - MÜSAHİBƏ

“Radiomuz xüsusi formatı olan bir radiodur, dövlət xidmətləri sahəsində ixtisaslaşan bir radiodur. Hazırda bütün ASAN xidmətin fəaliyyətini işıqlandırırıq. ASAN xidmətin gördüyü işlər, vətəndaşlara göstərdiyi xidmətlər radiomuzda yer alır”. “Ədalət” qəzetinin qonağı ASAN radionun redaktoru və aparıcısı Ruslan Zeynaldır.

“Mikrofonu açan kimi səsin birbaşa efirdədir”

-Ruslan, müəyyən sayda insan sizi tanısa da, amma tanımayanlar da var. Odur ki, özünüzü təqdim etmənizi istərdim...

-Artıq 36 yaşın içindəyəm. 35 yaşım ötən ay avqustun 2-si tamam oldu. Həmin gün kino işçilərinin də günüdür. Şəxsiyyət vəsiqəmdə Mingəçevir şəhəri yazılmağına baxmayaraq Şuşada dünyaya göz açmışam. Orta məktəbi Mingəçevirdə başa vurub ali təhsilimi Sumqayıt Dövlət Universitetində Tarix fakültəsində almışam. Tələbə olarkən hiss etdim ki, müəllim deyil, jurnalist olmaq istəyirəm. Buna görə də televiziyalarda olan kastinqlərə qatıldım. İlk dəfə kastinqinə getdiyim televiziya ATV oldu. Kastinqdən keçməsəm də, ağlıma gəlməzdi ki, illər sonra həmin kanalda bir neçə verilişdə redaktor kimi çalışacam. Fəaliyyətimin ilk vaxtlarında Azərbaycan Dövlət Televiziyasında 1 ilə yaxın heç bir təmənna güdmədən maaşsız çalışmışam. Daha sonra isə dediyim kimi, müxtəlif yerlərdə jurnalistika ilə məşğul olmuşam. Son 4 ildir isə, ASAN radioda (100 FM) aparıcı və redaktor kimi çalışıram.

-İlk sualımı elə sahənizə uyğun mövzudan verim. Radio yaranarkən dedilər ki, qəzetlər radioya uduzdu, televiziya yaranarkən söylədilər ki, radio televiziyaya uduzdu, sosial şəbəkə meydana gələrkən isə fikir formalaşdı ki, artıq hər üçü sosial şəbəkəyə uduzdu. Siz nə düşünürsünüz?

-Çox maraqlı sualdır. Qərb ölkələrinin jurnalistikası ilə tez-tez maraqlanıram. Bir şey deyim, yeni tendensiyalar hər zaman olub. Düzdür, sosial şəbəkələr bu gün üstündür, sadə dildə desəm, hər kəs telefondadır. Telefon vasitəsilə biz hər şeyi öyrənirik. Ola bilsin ki, televiziya bütün dünyada marağını itirməkdədir, çünki istənilən an telefon vasitəsilə nəyisə öyrənə bilirik. Amma radio haqqında bunu düşünmürəm. Niyəsini deyim. Təqribən 2 il əvvəl Mingəçevir şəhərində qəza baş vermişdi və işıqlar sönmüşdü. Həmin hadisə bir daha sübut etdi ki, Azərbaycanda radio kanalları, xüsusən də, ASAN radio sosial şəbəkədən geri qalmır, hətta üstündür. Həmin vaxt işıqlar sönən kimi biz xüsusi rejimdə işləməyə başladıq. Radioda belə bir şey var, mikrofonu açan kimi səsin birbaşa efirdədir. Hətta bu sosial şəbəkədə hansısa statusu paylaşmaqdan daha tezdir. Hansısa bir cümləni yazana qədər mikrafonu açıb xəbəri çatdırmaq mümkündür. Operativlik baxımından radio üstündür. Qəza baş verən vaxt 4 saat canlı yayımda olduq, insanları məlumatlandırdıq. Esktrimal şəraitdə sübut etdik ki, radio sosial şəbəkələrə uduzmayıb.

“Sosial şəbəkələrin təsir dairəsi genişdir”

-Bu gün hər kəs sosial şəbəkələrdən istifadə edir...

-Bəli, sosial media asılılığı var və artıq sosial şəbəkələr bizim həyatımızın bir hissəsinə çevrilib. Oradan xəbərləri oxuyuruq, fotoları paylaşırıq, hər hansısa bir şeyə reaksiya veririk, rəy yazırıq, münasibət bildiririk. Bu baxımdan sosial şəbəkələr həyatımızın bir hissəsidir. Mənə qalanda isə realist olduğum üçün özümü bir o qədər də sosial şəbəkə dünyasının adamı hesab etmirəm. Daha çox normal, səmimi, insani münasibətlərə üstünlük verirəm, nəinki virtual.

-Bildiyiniz kimi, sosial şəbəkələr ciddi jurnalistika deyil. Amma nə qədər də olmasa, insanlar orada yayımlanan xəbərlərə dərhal münasibət bildirirlər. Bir də bu insanların içərisində məşhur simalar da yer alır. Bu yaxınlarda həmkarınız Rövşanə Ağasəfqızının sərt reaksiyası dediklərimi təsdiq edə bilər...

-Açığı Rövşanə xanımın yazdığı statusdan xəbərim yoxdur. Onu nə “Facebook”, nə də “İnstagram”da izləmədiyim üçün, maraq dairəmdə olmayan aparıcı olduğuna görə paylaşımını görməmişəm. O ki, qaldı, sosial şəbəkələrin təsirindən və fikir formalaşdırmağından, bəli, var. Yaxşı, ya pis, sosial şəbəkələrin təsir dairəsi genişdir. İstər jurnalistika ilə məşğul olanlar, istər olmayanlar sosial şəbəkələrdə öz kütləsini formalaşdırırlar və müəyyən bir dövrdən sonra onların arxasınca bəlli bir insan toplumu gedir. Bir az haşiyədən kənara çıxım, “Faceboook”, “İnstagram”, “Youtube”da trendlər var. O trenddə kimlərdir? Adını çəkməyəcəm, son bir neçə həftədir, bir müğənni trenddədir. Bilmirəm, ona müğənnimi deyim, ya nə deyim, amma fakt budur. Bunu biz edirik ki, o, trendə düşür. Maraqlı tərəf isə ondadır ki, biz hər zaman zövqdən, intelektual səviyyədən danışırıq, bəs necə olur ki, həmin şəxsi trenddə saxlayırıq?

“Dəyişkənlik inkişaf deməkdir”

-Sosial şəbəkə fenomenlərindən bir az danışaq. Mənə maraqlıdır, cəmiyyət üçün xüsusi bir faydası olmayan o fenomenlər niyə baxış sayı yığır və izlənilir?

-İndi “sosial şəbəkə fenomenləri” ifadəsi bir az dırnaqarasında deyilir, bir neçə il bundan öncə isə belə deyildi. Çinarə Məlikzadə adlı bir müğənnini, yəqin ki, tanıyırsınız, fenomen kimi çox böyük bir rəğbət qazanmışdı. Onun “Gedək üzü küləyə” mahnısı yadınızdadırsa, 1 gecənin içində trend oldu. “Fenomen” sözü bizdə bir az fərqli anlaşılır. O insanlar ki, indi dırnaqarası fenomen olublar, onlarda “fenomen” sözünün heç “f” hərfi də yoxdur. Nə məsələdirsə, nə bəladırsa, onların bir paylaşımına 100 minlərlə baxış gəlir. Bunları kim izləyir, hansı kütlə izləyir, bilmirəm də. Ola bilər, paneldir deyə baxış sayı da çox olur, amma mən inanmıram ki, bu qədər böyük bir rəqəmlər panel olsun. Biz cəmiyyət olaraq necə zövqsüzləşdik ki, o şəxsləri fenomen etdik və edirik?! Nə vaxt baş verdi, necə baş verdi, niyə baş verdi? Bu sualın qarşısında acizəm.

-Bəzi jurnalistlərdə belə bir fikir var, mən bu sahəyə illərimi vermişəm və sən mənim yanımda susmalısan. Sizcə, bu düzgün yanaşmadır?

-Fərq etmir, o, müxbirdir, redaktordur, aparıcıdır, kim olursa, olsun, kriteriyalarını bilməlidir. Heç sevmədiyim məsələlərdən biri bəzi jurnalistlərin “Mən 15, 20, 25 ildir ki, bu sahədəyəm” deməsidir. Bu cümlə ilə özündən az təcrübəsi olan şəxslərə müraciət etmək olmaz. Belə şəxslər gözümün düşmənidir. Qətiyyən bu insanları sevmirəm. İnsan “Artıq bəsdir” deməməlidir. Çörçilin belə bir fikri var: “İnkişafa gedən yolda əgər fikrin dəyişmirsə, deməli, sən axmaqsan”. Dərin məzmunlu, fəlsəfi bir cümlədir. Dəyişkənlik istənilən anda inkişaf deməkdir. Amma illərdir, dəyişməyən insanlar var, istər aparıcılarımızın, istərsə də, şou-biznes nümayəndələrimizin arasında. Şou-biznes ayrı bir kateqoriyadır, o heç (gülür).

“İnsanlar problemlərinin həllini radiodan eşitmək istəyirlər”

-Necə ki?

-Şou-biznes nümayəndələrinin arasında peşəkar insanlar var, əslində. Musiqi aləminə, musiqiçilərin fəaliyyətinə tamam başqa prizmadan yanaşıram. Bu pandemiya dövründə bir çox mətləblər ortaya çıxdı. Bildiyimiz kimi, müğənnilərin həyatı toylardan asılıdır. Qadağalara görə toyların keçirilməməsi bir çox məsələləri üzə çıxardı. Hansı sənət adamı hansı işləri gördü, kimlər ağladı, kimlər kimin ağlamağına güldü, kimlər hansı işləri gördü, bax bunlar bilindi. Əslində bu ərəfədə hər bir vətəndaş öz dövlətinin yanında olub çətin vəziyyəti başa düşməli idi. Virus tək Azərbaycanda deyil, bütün dünyada var. Bu dövrdə şou-biznes əhlindən bəziləri özlərini yaxşı nümayiş etdirmədilər.

-Mövzunu dəyişək, ASAN radionun fəliyyətindən söhbət açaq...

-Radiomuz xüsusi formatı olan bir radiodur, dövlət xidmətləri sahəsində ixtisaslaşan bir radiodur. Hazırda bütün ASAN xidmətin fəaliyyətini işıqlandırırıq. ASAN xidmətin gördüyü işlər, vətəndaşlara göstərdiyi xidmətlər radiomuzda yer alır. Dəfələrlə olub ki, taksi ilə gedərkən ASAN xidmətin fəaliyyətinə dair suallarla qarşılaşmışam. Demişəm ki, 100 FM-i dinləyin, orada bütün suallarınıza cavab tapacaqsınız. Əslində xüsusi formata malik belə radioya çoxdan ehtiyac varmış. İnsanlar yalnız musiqiyə qulaq asmaq istəmirlər, problemlərinin həllini də radiodan eşitmək istəyirlər.

-Ruslan, çox sağ olun ki, dəvətimi qəbul etdiniz. Dəyərli vaxtınızı ayırdığınız üçün təşəkkür edirəm.

-Siz sağ olun.

Rövşən Tahir