adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7

Aqil ABBAS: RAMİZ MEHDİYEV, İNCİKLƏR VƏ İSİ MƏLİKZADƏ

AQİL ABBAS
187397 | 2020-09-03 18:00

İsi Məlikzadənin «Quyu» povestində belə bir  yer var. Allaha   bir adam  lazım  olur, əlini  atır yerdən  birini  götürür , qaldırır ki,  baxsın axtardığıdı, yoxsa yox.  Qaldırdıqca camaat  da deyir, vay dədəm, vay, görün kimi  hara  qaldırırlar.  Allah qaldırır, qaldırır , çatdırır  özünə , üzünü çevirib baxır, görür  axtardığı adam deyil, elə ordan   çırpır  yerə.

İndi Ulu Öndər  Heydər Əliyev Ramiz Mehdiyevi  qaldırdı, qaldırdı, əsl  üzünü  görməyə  vaxtı  çatmadı. Sonra  bu missiya düşdü Möhtərəm Prezident İlham Əliyevin  üstünə. İlham Əliyev də  onu  qaldırdı, qaldırdı və nəhayət, çevirib  üzünə  baxdı, gördü onun  axtardığı  və istədiyi   adam deyil, amma day  yerə  çırpmadı, göndərdi  ölkənin ən strateji bir təşkilatı  olan  Milli Elmlər  Akademiyasına   prezident. Heydər  Əliyev  ordeni ilə  təltif elədi, xoş  sözlərlə  yola saldı.

Bir maraqlı film var, Meksikanın  milli  azadlıq hərəkatı barədədi. Xalq ölkənin müstəqilliyini  qazanmaq  üçün ayağa qalxır. Ordu generalı  xalqın  tərəfinə  keçir. Kəsəsi, ölkə müstəqilliyini  əldə edir və generaldan tələb və xahiş edirlər ki,  prezident olsun.  General qəbul etmir, deyir:

- Mənə Meksikanın   müstəqilliyi  lazımdı, onu da gördüm. İndi yaşım keçib, nəvələrimlə  oynamaq  istəyirəm, qarğıdalı  əkmək  istəyirəm,  inək  sağmaq  istəyirəm.

İndi Möhtərəm Prezident Ramiz Mehdiyevi nəvələriylə oynamağa da göndərə  bilərdi, qarğıdalı  əkməyə də, Akademiyanın  əkin sahələri də  çoxdu.

Göndərmədi, hörmətlə  yola saldı.

Bəs, bu  hörmətin  qarşısında  akademik neylədi?! İncikləri yığdı  başına, gövdə  göstərisi  yapdı. Dəvədən  tam  düşmədiyinə görə, «höt-höt»ündən  qalmadı və qalmır.  Demək olar  bir gündən bir Akademiyanın  saytında hikkəylə hamıya meydan  sulayır və aşağılamadığı  ziyalı, jurnalist,  millət  vəkili qalmayıb. Möhtərəm Prezidentə çamur  atmaqdan da çəkinmir.

Bir «Elm» qəzeti  vardı, rəhmətlik  Aydın  Səlimzadə də   redaktor idi. Zori Balayan «Ocaq» kitabında xalqımızı  təhqir edib  aşağılayanda, Dağlıq Qarabağda separatizmin ocağını  qalayanda bizim  mətbuat  ermənilərə  mədhiyyə  oxuyurdu. Həmin vaxt  İsa Qəmbər Zori Balayana çox savadlı və elmi  əsaslara  söykənən  cavab yazdı, heç bir  mətbuat  çap eləmədi. Rəhmətlik Aydın Səlimzadə  kəfənini  boğazına  dolayıb İsa Qəmbərin Zori Balayana   cavabını «Elm» qəzetində çap elədi.  Qəzet  əldən-ələ  gəzdi və qəzetin   üzü  çıxardılıb  çoxaldıldı və  demək  olar ki, Azərbaycanın  hər yerinə yayıldı. Və «Elm» qəzeti  tarixə düşdü.

İndi də Akademiyanın bir saytı var və həmin sayt da Ramiz Mehdiyevin ixtiyarındadı. Və bu gün yəqin ki, ən çox giriş yapılan saytdı.

İsa Qəmbər «Elm» qəzetindən  istifadə edib bu milləti qorudu və milli azadlıq hərəkatının öncüllərindən birinə  çevrildi. Yəni  İsa Qəmbəri  İsa Qəmbər edən həmin məqalə oldu.

İndi isə   Ramiz Mehdiyev də «Elm» qəzetini  əvəz edən  həmin  saytdan  istifadə  edərək dövlətçiliyimizi, müstəqilliyimizi  və Möhtərəm  Prezidenti  hədəf götürüb.

Başqa bir  sayt olsaydı Rabitə Nazirliyi  çoxdan həmin saytı  məhv eləmişdi, ya da filtr qoymuşdu.

Əslində  Rabitə Nazirliyi   düz eləyir.  Ramiz Mehdiyev hər  məqalə ilə  çıxışında özünün isti aşına bir az da su qatır və bataqlıqdakı  adam kimi  bir az da  çamura  batır.

«Nəsimi» filmində belə bir yer var. Əmir Teymur Şeyxə deyir:

- Göndərərəm səni  Qarabağa, gedib  orda  mehtərlik edərsən.

Əslində bu biabırçılıqdan sonra Ramiz Mehdiyev  istefa  verməli idi. Nəinki istefa verdi,  əksinə,  iqtidarın üzərinə daha total  hücuma keçib.

Özü istefa vermir, belə  davam  edərsə yəqin ki,  Ramiz  Mehdiyevi də göndərərlər qarğıdalı  əkməyə.

Və çox qəribədir ki, hətta əlində  geniş  imkanları  olan  yuxarıda oturanlar deyəsən, Ramiz Mehdiyevə  cavab verməkdən  qorxurlar.

TƏQVİM / ARXİV