adalet.az header logo
  • Bakı 23°C
  • USD 1.7
22 Avqust 2020 16:46
70191
LAYİHƏ
A- A+

Müharibə və ədəbiyyat        

(“Olmuşlar və olacaqlar” silsiləsindən)

 

(əvvəli ötən sayımızda)

 

Bu gün Qarabağ müharibəsi haqqında şeirlər və poemalar yazılır, amma ortada sanballı əsərlər yox dərəcəsindədir, yüzlərlə zəif şeirlər qəzet və jurnal səhifələrini başına almaqdadır. Mən poeziyaya həmişə hörmət və məsuliyyətlə yanaşmışam, çalışmışam şairlərin poetikasına varam, bu isə asan cəhd deyil, yəni bilavasitə bu "yükün" ağırlığını hiss etmişəm. S.Vurğun, Məmməd Araz, Musa Yaqub, Oktay Rza, Adil Cəmil, Nəzakət Məmmədli poeziyası haqqında yazdığım monoqrafiyalarda bu çətinliklə qarşılaşmışam. Heyflər ki, gənc və orta nəsil şairlərimiz Qarabağ, Vətən, Torpaq adları altında bəsit, şüarçılıq ruhlu əsərlərini çap etdirirlər. Mən yeni, poetik cəbhəyə atılan şairlərin istedadına hörmətlə yanaşıram, lakin mətbuat və nəşriyyat bolluğundan sui - istifadə etməyi onlara bağışlamıram.

Böyük Vətən müharibəsilə bu günü 80 il ayırır, o illərin poeziyasına hansı ədəbi - tənqidi tələblərlə istəyirlər yanaşsınlar və müharibənin yad torpaqlarda getdiyini də nəzərə alsınlar, operativliyi də. S.Vurğunun, S.Rüstəmin, R.Rzanın, M.Rahimin, Əhməd Cəmilin yaşları heç qırxı keçməmişdi, lakin S.Vurğunun "Ananın öyüdü", S.Rüstəmin "Ana və poçtalyon", Ə.Cəmilin "Can nənə, bir nağıl de" (II Dünya müharibəsi dövründə yazılsa da), Rəsul Rzanın "İntiqam", O.Sarıvəllinin "Yadigar", Məmməd Rahimin "İki qat cinayət" kimi poetik nümunələr gecikmədi, özünü cəbhəyə "yetirdi".

Bu illərdə qadın şairlərimizdən Nigar Rəfibəylinin və Mirvarid Dilbazinin döyüş pafoslu şeirləri yazıldı. İstedadlı gənc Nigar xanımın "Get, sevgilim, uğur olsun" şeiri arxa cəbhədə ərlərinin, sevgililərinin yolunu gözləyən qadınların ruh mənbəyinə çevrilmişdi.

 

Heç gözlərim yaşarmadı

sən ayrılıb

gedən zaman,

Get sevgilim, uğur olsun,

sən mərd vuruş,sən mərd dayan...

-  misralı şeirini necə həyəcansız oxumaq olardı.

Mirvarid Dilbazi müharibə anlamına öz qadınlıq duyğusu ilə yanaşdı:

 

Gözlərinə dolan yaşı

Mən inadla o an sildim.

Aciz olsam bilirdim ki,

Sənə layiq deyildim.

Bizə bir də görüşmək üçün

Bir yol vardı, əzizim, tək:

O da yalnız mətanətdi

Və bir də ki, böyük əmək.

 

Oxucular məni anlar: söhbət şeiriyyətdən getmir, şeirin yazılma tarixindən, günün tələbindən irəli gəlir. Ölüm - dirim müharibəsində şairlər (eləcə də dramaturqlar), nasirlər ideya - siyasi və ruhi - ovqat məsələsinə üstünlük vermişlər.

Yeri gəlmişkən, nasirlərimiz üçün də müharibə mövzu verdi, M.S.Ordubadi, M.Hüseyn, M.İbrahimov, Mir Cəlal, Ənvər Məmmədxanlı, Əbülhəsən, S.Rəhimov, Əli Vəliyev kimi yazıçılarımız maraqlı hekayətləri ilə əsgərlərimizin qarşısına çıxdılar. Məmməd Səid "Gənc çekistlər" romanını qələmə alanda yaşı altmışdı, "Koroğlu" operasının mətnini Üzeyir bəyə təqdim etmişdi. "Serjant İvanov adına körpələr evi" hekayəsi nəşr olunmuşdu. Otuz yaşlarında olan Ənvər Məmmədxanlı "Buz heykəl" hekayəsini yazmışdı. Mir Cəlal klassik novellalardan "Atlı", S.Rəhimov "Medalyon", Əbülhəsən "Oxu, bülbülüm, oxu", Əli Vəliyev "İradə" hekayə-ləri ilə ədəbi xidmətlərini ortaya qoydular, Mehdi Hüseyn və Mirzə İbrahimov həm nəsrdə, həm elmi - publisistikada maraqlı məqalələrinə imza atırdılar, hekayələr və povestlər qələmə aldılar. Bu illərdə onların yaşı otuz civarında olsa da analitik, məfkurəvi səviyyədə idi.

Müharibə dövrü ədəbiyyata nəzər salsaq adama elə gəlir ki, yazarlarımızda yüksək enerji ağır illərin sosial - psixolojisindən irəli gələn bəşəri harmoniyanı şərtləndirmişdi, bütün hallarda bədii həqiqətə əsaslanmışdı. Bu faktorların nəticəsiydi ki, daha mürəkkəb bədii tələbləri özündə əks etdirən dram əsərləri səhnəyə ayaq  açdı, bu, ədəbi hünər idi. S.Vurğunun "Fərhad və Şirin", Mehdi Hüseynin "Nizami" kimi fundamental pyesləri səhnəyə çıxdı. Eləcə də R.Rzanın, M.İbra-himovun, Z.Xəlilin, M.Hüseyn, M.H.Təhmasibin və başqalarının dramları. "Fərhad və Şirin"i ya-zanda əsərin meydana gəlmə vaxtının (1941) Böyük Vətən müharibəsi ərəfəsinə düşdüyünü nəzərə alsaq, yüksək vətənpərvərlik motivlərinin tərənnümünü qeyd etməliyik; ideya - məzmun istiqamətinə bu tezislə yanaşmalıyıq. Biz əsərdə vətənpərvərlik motivlərinə şərhlər verən məhəbbət hissinin bədii həllini, mənəvi - sosial məqamların tamlığını müşahidə edirik. M.Hüseynin "Nizami" dramında vətənpərvərlik və sevgi hissləri iki motivdə verilmişdir: Bərdə motivi və Afaq motivi. Bir sözlə, dramaturq pyesin cərəyan etdiyi dövrdə Azərbaycanın dilrubə guşəsi olan, qüdrətli bir dövlətin beşiyi Bərdənin azadlığını, Bərdə hökmranlığının istiqlaliyyətini qorumaq fikrini, bu hökmranlığın bütün Azərbaycanı bir bayraq, bir ideya ətrafında birləşdirə biləcək dövlət dərəcəsinə yüksəltmək idealını mühüm amil kimi canlandırmışdır.

Yeri düşmüşkən M.Hüseynin "Nizami" dramı müharibə illərində (1941-1942) böyük rejissor, SSRİ Xalq Artisti Adil İsgəndərovun quruluşunda Milli Dram Teatrında uğurla tamaşaya qoyulmuşdu.

Biz artıq Müharibənin dairəsində yox, içindəyik, erməni təcavüzünün ucbatından, öz ulu Qarabağımızı düşmən nəzarətindən çıxarmaq üçün. Torpağın uğrunda bir günlük savaş da "dava" adlanır, deməli, ədəbiyyat bundan sonra da sözünü deyəcəkdir, mərd oğullarımızın şücaətindən, igidliyindən, şəhidlik zirvəsindən yazacaqdır. Amma bir suala cavab istəyir: "Necə yazacaqlar, misraların xətrinəmi?" Bu da mühüm şərtdir. Böyük Vətən müharibəsindəki rus şovinizmi tələbində tələm - tələsik, poetikliyini, şeirin gözəlliyini ikinci dərəcəli hesab etməklə "boşluğu" doldurmaq olmamalıdır.

Təəssüf ki, Qarabağ müharibəsinin "enişli - yoxuşlu" gedişində tarixləşən, geniş analitik təhlilə layiq görülən poemalar yaranmadı, halbuki, həmyaşıdlarım, onlardan sonra poeziyaya gələnlər, "sinəsinə döyən" cavanlar öz sözlərini deyə bilmədilər, əvəzində "üçüncü" nəsil klassiklərin (mərhumların) "bostanına daş atmaqla" məşğul oldular (bu gün də), ortaya layiqli əsərlər çıxarmadılar. Bəlkə konkret mövzu qıtlığı çəkirlər? Dağılmış kənd və qəsəbələrimiz, viran qoyulmuş meşələrimiz, zəhərlənmiş sularımız mövzu deyilmi?! Bizim sayılıb - seçilən, yüksək intellektə malik, cild-cild əsərləri işıq üzü görən bəzi yazıçılarımız hələ də kabinetdə oturub xarici mövzulara, onların bizim üçün naftalin iyi verən əsərlərinə sığınırlar: bu bədii nümunələr çoxmu vacibdir? Yazıçı, vətənpərvərlik ruhlu publisist məqalələrin, çağırışların müəllifi, Aqil Abbasın sanballı "Dolu" romanı istisna olmaqla hələ də ortada heçnə yoxdur. Romanın ən böyük üstünlüyü "Müharibə nədir?" sualına cavab tapmasıdır. Ona görə ki, Qarabağ konfliktinin cücərən vaxtından savaş da daxil olmaqla ayağı o məkandan üzülməmişdir. Bəzi nüfuzlu yazıçılarımızdan fərqli od - alovu öz gözlərilə götürmüşdür. Bu sırada yazıçı və publisist Mustafa Çəmənlini də görürəm.

Müharibə ədəbiyyatımızın üzərinə təmənnasız bir yük qoyur: insanın varlığındakı bəşəriliyi üzə çıxarmaq: vətən hissini daha kamilləşdirmək, bədii - estetik zövqü inkişaf etdirmək, müsbət ehtirasları düşmənin məhvinə yönəltmək, gənc nəslin səadəti üçün çalışan obrazlar yaratmaq.

Müharibə və ədəbiyyat. Bir-birini tamamlayan, qələbə gətirən və təsəlli verən məfhumlar. Hər birisinin öz funksiyası. Dahi R.Taqorun sözlərilə fikrimi tamamlamaq istərdim: "Ədəbiyyat insan ürəyini milyon qırılmaz tellərlə birləşdirən ən yaxşı vasitədir. Ədəbiyyatın mövqeyi hamını birləşdirən insanlar arasında bir əlaqə, məhəbbət yaratmaqdır. Ədəbiyyat gərəkdir insanları başa düşsün, onların qəlbini tərpədə bilsin, həyəcanlandıra bilsin".

 

Allahverdi Eminov

Azərbaycan Respublikasının Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir.