adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7

Faiq QİSMƏTOĞLU: SABİQLƏR

FAİQ QİSMƏTOĞLU
198630 | 2020-09-04 12:54

... Hər adam vəzifədən çıxmağa bir o qədər də hazır deyil. Yəni elə adamlar var ki, 20-30 il yüksək vəzifədə əyləşir və işdən çıxarılanda sanki dünya onun başına fırlanır, özünü yıxılmış kimi hiss eləyir. Düzdü, elə adamlar var ki, vəzifə, var-dövlət onları xalqın içində hörmətə mindirir. Elə ki, vəzifədən çıxdı, o dəqiqə onun zəif yerləri üzə çıxır. Üzə çıxır ki, elə bu adamın gücü o vəzifə krelosundaymış. Yəni onun qabiliyyətsizliyi, savadsızlığı və cahilliyi vəzifədən çıxarılandan sonra zaman-zaman özünü göstərir...

Yadımıza Azərbaycan Dövlət Televiziyasının nümayiş etdirdiyi  bir televiziya tamaşası – “Sabiqlər” düşür. O tamaşanın məzmunu belədir ki, keçmiş nazir,  (xalq artisti Siyavuş Aslan) keçmiş polis rəisi, (xalq artisti Yaşar Nuri) və keçmiş icra başçısı (təəssüf ki, o rolu oynayan aktyorun adı yadımdan çıxıb) vəzifədən çıxarılandan sonra özlərinə gələ bilmirlər. Hansı  məclisdə, hansı xeyir-şərdə olan kimi o dəqiqə özlərindən danışırlar. Biri deyir ki, mən nazir olanda hamı qabağımda mil kimi dururdu, biri deyir ki, mən icra başçısı işləyəndə heç kim sözümdən çıxa bilmirdi, biri də deyir ki, mən rəis kreslosunda əyləşəndə çoxu “quşumu”  götürürdü. Vəzifədən çıxarılsalar da, yenə onun havası burunlarından getmir. Və yenə özlərini əvvəlki kimi aparırlar. Amma görürlər ki, yox, tay adamlar onlara hörmət eləmir və heç salam da vermirlər. Ümumiyyətlə, sabiqlər həmişə köhnə hava ilə yaşayırlar. Yəni düşünürlər ki, nə vaxtsa yenə də o vəzifə kreslosunda əyləşə biləcəklər. Hətta bəziləri buna nail da olur.

Bizim məmləkətimizdə də vəzifədən azad edilmiş nə qədər baş nazir, nazirlər, nazir müavinləri, icra başçıları, icra başçılarının müavinləri və digər insanlar var. Düzdür, onların arasında hər şeyi normal qəbul edən və vəzifədən azad olunandan sonra öz sakit həyatını yaşayan şəxslər də var. Onlar heç vaxt nə dövlətin, nə xalqın ziyanına heç bir addım atmırlar. Təqaüdə çıxıb öz ömürlərini yaşayırlar, nəvələri ilə gün keçirirlər. Amma elə nazirlər, nazir müavinləri, icra başçıları, icra başçılarının müavinləri və digər vəzifəli şəxslər  var ki, vəzifədən çıxarılandan sonra bununla razılaşmır və köhnə əməkdaşlarını və dostlarını  başına toplayaraq saman altından su yeridir, prezidentin, dövlətin və xalqın əleyhinə addımlar atırlar. Hətta belələri vəzifəyə gəlmək üçün vətənə xəyanət etməyə də hazırdılar. Təki hansı yollasa, hansı qüvvələr onları vəzifəyə qaytarsın.

Nədənsə bizim vəzifəli şəxslər, xüsusən nazirlər istəyirlər ki, 80 yaşında da. 90 yaşında da bu vəzifə kreslosunda əyləşsinlər. Dünyanın heç yerində 70 yaşından yuxarı nazir tapmaq olmaz. Amma bizimkilər 70 yaşdan da yuxarı həddə nazir işləyiblər, ancaq buna baxmayaraq, vəzifdən çıxandan sonra sakit durmurlar, qaraguhrçuluq qüvvələrinə qoşulub suyu bulandırmaq istəyirlər. Sizin nəyiniz yoxdu? Sayı-hesabı bilinməyən biznes şəbəkələriniz, villalarınız, bahalı-bahalı maşınlarınız... Bəs bunlar sizə bəs eləmir? Hər bir rayonda, xüsusən Bakı şəhərində və digər yerlərdə 100 hektarlarla torpaq sahələriniz; orda nə əkirsiniz, nə biçirsiniz, bunu özünüz daha yaxşı bilirsiniz, heç olmasa qanundan qorxmursunuz, Allahdan qorxun! Bu qədər var-dövlətlə, bu qədər zənginliklə yenə gözünüz doymur. “Bəlkə də  qaytardılar” havasıyla açılan səhərlərə böyük ümidlər bəsləyib bir yerə yığışırsiniz, bu ölkədə gedən islahatlara, demokratik proseslərə badalaq atırsınız.

Deməli, siz badalaq atırsınızsa və ölkənin müstəqilliyi üçün böyük təhlükə törədirsinizsə, ermənidən də təhlükəlisiniz. Heç kimə də sirr deyil ki, yüksək vəzifədə əyləşmiş bir çox şəxslərin xanımları, qohumları ermənidirlər. Bax, onlar vəzifədən çıxarılandan sonra öz qohumlarının qüvvəsiylə müəyyən təyziqlər və təsirlər göstərərək yenidən vəzifəyə qayıtmaq istəyirlər. Yaxud da toxunulmazlıq hüququ əldə etməyə çalışırlar. Hətta onlar ermənilərin sərhədlərimizi pozaraq torpaqlarımızı işğal etməsinə, şəhərlərin, kəndlərin güllə-baran edilməsinə çox sevinirlər. Sevinirlər ki, erməni qohum-əqrəbaları bir az da fəallaşıb. Sərhəd kəndlərini atəşə tutsalar, bir kəndi, bir rayonu işğal etsələr, bunların vəziyyəti daha da yaxşı olacaq. Ölkədə xaos və özbaşınalıq, dərəbəylik yaranacaq. Ancaq onlar unudurlar ki, Azərbaycan 1990-cı illərin əvvəllərindəki ölkə deyil. Onun çox güclü ordusu və müdrik başçısı var. Yəni hər yerindən duran puluna, varına, dövlətinə və xaricdəki havadarlarına arxayın olub ölkədə sabitliyi poza bilməz. Ən azından ona görə ki, Azərbaycan dünyanın ən sabit ölkələrindən biridir və hüquq-mühafizə orqanları  da bu sabitliyi həmişə qoruyub saxlayıb, bu gün də qoruyub saxlayır, sabah da saxlayacaq.

Aranı qarışdırmaq istəyən qüvvələr yarasa kimi bəlkə də gecələr bir-biri ilə görüşür və məşvərətləşirlər. Amma onların da kim olduğunu Dövlət Təhlükəsizlik Xidməti və digər güc strukturları yaxşı bilirlər. Sadəcə olaraq, Azərbaycan prezidenti çox səbrli bir başçıdır və hər şeyi yaxşı görür və bilir. Suyu bulandıran, aranı qarışdıran ölkədə sabitliyi pozmaq istəyən qüvvələri bu xalq da yaxşı tanıyır. Uzun müddət vəzifədə işləyib dövlətə və xalqa yox, özünə qohum-əqrəbasına və xaricdəki havadarlarına xidmət edən bu yüksək vəzifəli şəxslərin artıq maskası yırtılıb. Düzdür, onlar üzdə dövlətə və prezidentə sədaqətli olduğunu bildirirlər. Amma faktlar və hadisələr göstərir ki, bu maskalanmış sabiq vəzifə sahibləri yalnız və yalnız vətənə xəyanət yolu tutublar. Onlara qarşı isə heç vaxt yumuşaqlıq göstərmək olmaz. Yenə yadımıza “Axırıncı aşırım” filmindən bir epizod düşür. Qəmlo Kərbəlayiyə yaxınlaşıb deyir:

- Kərbəlayi, Abbasqulu ağanın nazı ilə çox oynayırsan ha?! Bu Qurana and olsun, onlar bizi yaxalasa, tikəmizi qulağımız boyda edəcəklər!

İndi dövlətə və millətə xəyanət edən yüksək vəzifəli şəxslərin nazı ilə çox oynamaq lazım deyil. Onları başlı-başına da buraxmaq olmaz. Çünki əksəriyyətinin övladları, qohum-əqrəbası, pul alıb vəzifəyə qoyduğu adamlar yenə yüksək kresloda əyləşiblər. Və onlar böyüklərindən əmr gözləyirlər ki, hərəkətə gəlsinlər. Yüksək vəzifədə kimlərin övladı işləyir, bunu da yaxşı bilirlər. Və onlar babalarının, atalarının yolu ilə gedərək bu milləti zəlil etməklə məşğul olacaqlar. Yəni ataların, babaların edə bilmədiyi pisliyi onlar edəcəklər.

“Dədə Qorqud” filmində yenə maraqlı, yaddaqalan an var. Orda Qazan xan Aruzla döyüşərkən onu qılıncla vurub atdan yerə yıxır, ancaq başını kəsmir. Aruzun başını kəsməyi oğlu Turala tapşırır. Tural da gəlib əlində qılınc Aruza yaxınlaşır, Aruzun gözlərinə baxır və yazığı gəlib onun başını kəsmir. Atın üzünü çevirib atasına tərəf gedəndə Aruz arxadan onu oxla vurur və bununla da Qazan xanın hakimiyyəti süquta yetir.

İstedadlı ssenarist, yazıçı Anarın qələmə aldığı bu filmin mənası ondan ibarətdir ki, düşməninə rəhm etsən,  düşməninə yazığın gəlsə və onu başlı-başına buraxsan, o səni məhv edəcək. İndi bizdə də dövlətin və xalqın düşmənləri kifayət qədərdi. Özü də Azərbaycanın çox mürəkkəb bir tarixi dövrdə, yaşadığı məqamda bu düşmənlər daha təhlükəlidir. Düzdür, onların xərcləmək üçün sayı-hesabı bilinməyən var-dövləti, pulu var. Amma onlar qətiyyən bununla kifayətlənmirlər. Yenə yadımıza “Səhranın bəyaz günəşi” filmindən bir məqam düşür. Belə ki, 10-15 arvadı olan Abdulla Suxerev məhv etmək üçün köhnə hərbçi Paşanın yanına gəlir, ondan silah-sursat istəyir. O da deyir ki, yoxumdu. Abdulla gözünü qıyır və yavaşca səslənir: “Gözəl arvadın, evim-eşiyin var, ye, iç kef elə də, daha neynirsən bu qədər silah-sursatı?!”.

Abdullanın sözü olmasın, bizim bəzi sabiqlər isə nə gözəl həyatlarından, nə də rahat yaşamlarından razı deyillər. Düşünürlər ki, o vaxt rahat olacaqlar ki, yenidən o vəzifə kreslosuna qayıdacaqlar. Amma vəzifə kreslosuna qayıtmaq da elə asan deyil. Çünki onlar nə qədər var-dövlət, nə qədər sərvət toplayırlarsa, hamısını haram yolla əldə ediblər. Bayaq dedik, sayı-hesabı bilinməyən biznes şəbəkələri, iri və xırdabuynuzlu mal-qaraları, hasara aldıqları yüz hektarlarla, min hektarlarla torpaq sahələri...

Torpaq sahələri dedim, yadıma Yeni Günəşlidəki 10-15 il bundan qabaq hasara alınmış 7-8 hektar torpaq sahəsi düşdü. Düz 10-15 ildi həmin torpaq sahəsi hasara alınıb və orda bir iş də görülmür. Deyilənlərə görə, o torpaq sahəsi hansısa nazirə, hansısa Bakı şəhərinin sabiq icra başçısına məxsusdur. Vəzifəsi olanda o torpağı alıb və hasara saldırıb. Bu cür “əsir düşmüş”, hasara alınmış və qanunsuz surətdə sənədləşdirilmiş min hektarlarla sabiq vəzifə sahiblərinə məxsus torpaqlar var. Bax, indi dövlət yüksək səviyyədə xüsusi xidmət orqanlarının səyilə həmin torpaq sahələrinin kimə məxsus olduğunu araşdırmalı, onların qanunlu və qanunsuz olmasını üzə çıxarmalı və bundan sonra məhkəmə yolu ilə o torpaqlara verilmiş sərəncamlar ləğv edilməlidir.

Sakitləşməyən, dövlətə və xalqa xəyanət edən vəzifə sahiblərinin bu mülkləri, var-dövlətləri, maliyyə rıçaqları əllərindən alınmasa, onlar respublikamızda bundan sonra da çox qara-qura işlərlə məşğul olub suyu bulandıra bilərlər. Onlar nə vətən qədri bildilər, nə də dövlət qədri. Onlara şərait yaradan, arxa duran və çörək verən dövlətə xəyanət etdilər. Və o çörək də gec-tez onları tutacaq!!!

TƏQVİM / ARXİV