adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
04 Sentyabr 2020 14:20
44113
MƏDƏNİYYƏT
A- A+

“Üzdə təbəssüm, qəlbdə göz yaşları”adlı videoçarx: Baş rolda Səyavuş Aslan

Sentyabrın 5-də Azərbaycanın görkəmli teatr və kino aktyoru, komik, faciə və dramatik rolların məharətli ifaçısı, Xalq artisti Səyavuş Aslanın anadan olmasının 85 illiyi tamam olur.

 

 Böyük sənətkar

 

Xatırladaq ki, sənətkar  Səyavuş Məmmədağa oğlu  Aslanov 1935-ci il sentyabrın 5-də Bakıda doğulub. Aktyorluğa dram dərnəyindən başlayıb. 1954-cü ildə az müddət musiqili komediya estrada truppasında, 1958-ci ildə Quba Dövlət Dram Teatrında çalışıb.

Uzun illər Azərbaycan Dövlət Musiqili Komediya Teatrının aparıcı aktyorlarından olub. Bir müddət həmin teatrın bədii rəhbəri işləyib (1994-1996) və bir çox obrazların mahir ifaçısı kimi yaddaşlarda qalıb. Səyavuş Aslan 1984-cü ildən Akademik Milli Dram Teatrının fəaliyyət göstərib və bir çox rəngarəng obrazlar yaradıb. Ölməz sənətkar S.Aslan teatr və kino yaradıcılığındakı səmərəli fəaliyyətinə görə 1974-cü ildə Azərbaycan Respublikasını əməkdar artisti, 1982-ci ildə xalq artisti fəxri adları ilə təltif olunub.2013-cü ilin iyunun 17-də Bakıda vəfat edib.

 

Siyavuş Aslanla bağlı 10 maraqlı faktı

 

1. Siyavuş Aslan həyatında yalnız bir qadını sevib: həyat yoldaşı Ofeliya Aslan! Musiqili Komediya Teatrında işləyən cütlük, elə orda da tanış olur, bir-birlərini sevirlər. Ancaq elçilkdə qızı vermirlər. Siyavuş Aslan qızı qaçırdır.

2. Sonralar Ofeliya Aslan xəstələnir, ruhi xəstəxanaya düşür. Bu fakt cütlüyün ayrılmasına səbəb olur. Onlar ayrılsalar da teatrın arxasındakı bir evdə yaşayırdılar. Siyavuş müəllim ömrünün sonunacan onu çox sevib və rəhmətə gedəndə çox sarsılıb.

3. Siyavuş Aslan ata kimi də xoşbəxt deyildi. Oğlu Çingiz Aslan haqqında yaxşı olmayan xəbərlər dolaşırdı, mətbuat yazırdı. O, atasının "Xətai" metrosu yaxınlığındakı evini qumara qoymuşdu. Siyavuş müəllim bu hadisə ilə bağlı yaxın dostlarından birinə bunları deyib: "Pis vəziyyətdə evə gəlmişəm. Gördüm, binanın qabağında bizim bahalı mebelləri maşına yığırlar. Soruşuram, bunu hara aparırsınız? Deyir, oğlun bunları bizə satıb - 3 min manata. Çıxardıb pulunu qaytarıb yola saldım”.

4. Çox mərd və alicənab xasiyyətləri olub. Gənc aktyor Sərdar Rüstəmov deyir: "Təxminən 2002-2003-cü illər idi. Teatrdan 8-9 "şirvan" maaş alırdım. Özüm də kirayədə qalırdım. Bu pulla həm dolanmalı, həm də kirayə pulunu verməliydim. Bəzən elə olurdu ki, teatrdan aldığım maaşı alıb bütünlüklə bufetə olan borcumu ödəyirdim. Günlərin birində bufetdən yenə nəsə alırdım. Bufetçi Ağabəy dedi ki, bacıoğlu, borcun altı "şirvan"ı keçib. Həmin vaxt Siyavuş əmi də bufetdə idi. Qalxdı ayağa, soruşdu ki, nə məsələdir? Ağabəy dedi, filan qədər borcu var. Çıxartdı borcumu verdi, sonra da dedi, indi yediyinin də pulunu çıx.

5. Gənc həmkarları ilə həddən artıq mülayim davranar, onların problemləri ilə maraqlanar, hətta bir çox hallarda onların problemləri üçün nüfuzundan istifadə edərək məmurların yanına gedərdi.

6. Ümummilli lider Heydər Əliyevlə görüşdə heç kimin ağlına gəlməyən və bəlkə də heç kimin etmədiyi bir xahiş edib: istedadlı gənclərə təqaüd verin, teatrı tərk etməsinlər!

7. Yaxın dost olduqları Hacıbaba Bağırovun ona xəyanət etdiyi, teatra rəhbər gəlmək üçün arxasından iş çevirdiyi bildirilir. Siyavuş Aslan buna görə neçə illik dostundan küsərək Akademik Milli Dram Teatrına gedib və ömrünün sonunacan Hacıbaba Bağırovu dindirməyib.

8. “Bəyin oğurlanması” filmində rejissor Vaqif Mustafayev ifa canlı alınsın deyə aktyor Muxtar Maniyevə Siyavuş Aslanı o bilmədən həqiqətən şillə ilə vurmasını tələb edib. Çəkiliş alınıb, amma bu hərəkətinə görə Siyavuş müəllim Vaqif Mustafayevdən küsüb və onu heç vaxt bağışlamayıb. Beləliklə V. Mustafayevin sonrakı filmlərində rol almaq şansını itirib.

9. O, bayağı bir filmə də çəkilib: Sərxan Kərəmoğlunun “Adam ol!” filminə. Və sonra peşman olduğunu bildirib.

10. Həyatda çox ciddi və zarafatı sevməyən adam olub. Yaxın dostları belə onunla olduqca sayğılı və ehtiyatlı davranıblar.

 

“Üzdə təbəssüm, qəlbdə göz yaşları”

 

Adalet.az xəbər verir ki, bu münasibətlə Respublika Gənclər Kitabxanası aktyor haqqında “Üzdə təbəssüm, qəlbdə göz yaşları” adlı videoçarx hazırlayaraq sosial şəbəkə istifadəçilərinə təqdim edib.

Videoçarxda Səyavuş Aslanın həyat və yaradıcılığı, sənətə gəlişi, sənət yolu haqqında ətraflı məlumat verilib, onun “Hamlet”, “Böyük Romul”, “Ax, Paris, Paris”, “Mənim sevimli dəlim”, “Hicran” , “Poçt şöbəsində xəyal”, “Varlı qadın”, “Sevgililərin cəhənnəmdə vüsalı”, “Bizim qəribə taleyimiz” tamaşalarında, “Ulduz”, “Bəyin oğurlanması”, “Yol əhvalatı” filmlərində, “Yaşıl eynəkli adam”, “Qaynana əməliyyatı” və digər teletamaşalarda yaratdığı bir-birindən yaddaqalan obrazlarından söhbət açılıb.

Videoçarxın sonunda Səyavuş Aslanın səhnədə və kinoda yaratdığı rəngarəng obrazlarından fraqmentlər təqdim olunub.

Respublika Gənclər Kitabxanasının əməkdaşlarının Azərbaycanın görkəmli teatr və kino aktyoru, Xalq artisti Səyavuş Aslan haqqında hazırladığı videoçarx:

https://www.instagram.com/p/CErg6XJhuGK/

Əntiqə Rəşid