adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
04 Sentyabr 2020 23:10
128731
ƏDƏBİYYAT
A- A+

Xalq yazıçısının kitabı Türkiyədə nəşr olundu

“Kitabi-Dədə Qorqud” dastanlarını elmi və ədəbi yaradıcılığının platformasına çevirən xalq yazıçısı, akademik Kamal Abdullanın “Dədə Qorqud poetikasına giriş. Dansökülən variant” kitabı Türkiyədə çap olunub.

Kult.az xəbər verir ki, məşhur “Ötükən” nəşriyyatında işıq üzü görən kitabın tərcüməçisi və ön sözün müəllifi Əli Duymazdır.

Nəşriyyat kitabla bağlı yazdığı annotasiyada qeyd edib ki, Azərbaycanda və beynəlxalq aləmdə çox sayda mükafatlara layiq görülən Kamal Abdullanın “Gizli Dədə Qorqud”, “Yarımçıq Əlyazma”, “Sehrbazlar dərəsi”, “Unutmağa kimsə yox” kimi kitabları bir çox ölkələrdə, o cümlədən Türkiyədə də işıq üzü görüb.

Tərcüməçi Əli Duymaz isə yazdığı ön sözdə yeni nəşri Kamal Abdullanın “Gizli Dədə Qorqud” seriyasından çap olunan “Gizli Dədə Qorqud”, “Sirr içində Dastan və yaxud “Gizli Dədə Qorqud”, “Mifdən yazıya və ya Gizli Dədə Qorqud” kimi əsərlərinin davamı olmaqla yanaşı, tamamilə orijinal əsər kimi xarakterizə edir:

“Əsərdə qədim bir mətn kimi “Dədə Qorqud kitabı” anaxronik mətn, estetikpoetiklik, ilkin mif, mif dövrü, ibtidai sənətlərin və qədim mətnin formalaşması, birbaşa və məcazi məna sahələri kimi yeni termin və anlayışların orbitində qiymətləndirilir. “Dədə Qorqud kitabı” mifdən yazıya doğru müxtəlif tarixi və kulturoloji dövlərin izlərini öz canında daşıyan və buna görə də anaxronik bir mətn kimi saf-çürük edilməkdədir. Kamal Abdulla bu tarixi dövrləri mərhələlər kimi götürərək onları kulturoloji və estetik keyfiyyətlərinə görə təhlil edir”.

Qeyd edilib ki, Kamal Abdullanın bu fundamental tədqiqatı müasir Türkologiyada dil abidələrinin müxtəlif rakurslardan öyrənilməsi işinə böyük töhfə olmaqla yanaşı, həm də tükologiyanın sərhədlərinin genişlənməsi üçün qiymətli mənbədir.