adalet.az header logo
  • Bakı 11°C
05 Sentyabr 2020 21:00
46207
MƏDƏNİYYƏT
A- A+

Türkiyədə yaşayan azərbaycanlı aktrisa: “İki yumurtanı bölüb, bişirə bilmirdim”

Onlarsız bir günümüz olmasın. Çox şükür ki gözəl ailəm var, yaxşı insanların ətrafındayam.

Bu sözləri Oxu.Az-a verdiyi açıqlamasında ailə quraraq Türkiyə köçən aktrisa Cəmilə Tağızadə deyib.

Sənətdən uzaq düşən aktrisa ana olmağı ilə yaşadığı böyük dəyişimini dilə gətirib: 

“Ən böyük dəyişimim 25 kq kökəlməyimdir (gülür). Zarafatı kənara qoysaq, 360 dərəcə dəyişmişəm. Ana olduqdan sonra daha mülayim, sevgi dolu, anlayışlı və fədakar olmuşam. Artıq anaları daha çox anlayıram, əsasən də öz anamı.. Nə qədər çətindirsə, bir o qədər gözəl hiss olduğunu görürsən. İnsan böyük məsuliyyət daşıyır. Özümdə bir neçə istedad kəşf etmişəm. Uşağa baxmağın özü ən böyük istedaddır. Bunu ilk dəfə öz övladımla təcrübədən keçirdim. Heç vaxt uşağa baxmamışdım. Evin tək övladı olmuşam. Əl içində böyümüşəm, ev işləri görməyə qoymayıblar. Bacarmırdım, evdar xanımlığı öyrəndim. Uşaq yeməkləri bişirirəm. Evdə uşaq həkimi ola bilərəm. Daha çox araşdırıb oxuyuram. Yaxşı aşpaz ola bilərəm. Bu istedadı da özümdə kəşf etdim. Subay olanda iki yumurtanı bölüb, bişirə bilmirdim. Milli yeməklərimizi tam olaraq bişirə bilməsəm də, onları öyrənəcəyəm”. 

Məlum səbəblə bağlı kökələn Tağızadə əvvəlki formasına qayıtmaq arzusundan danışıb:

“Bəli, artıq çəkilərdən xilas olmaq fikrim var. Sadəcə uşağın südəmər vaxtı olduğu üçün tam şəkildə dieta saxlaya bilmirəm. Hələlik çörək və un məmulatlarından, şəkərdən uzaqlaşmışam, duzu azaltmışam. Çox az miqdarda bal və bəhməz yeyirəm. Uşağın sağlamlığı üçün meyvə-tərəvəz, proteinli qidalar üstünlük verirəm. Zamanla normal çəkimə düşəcəyimə ümid edirəm. Karantin olduğuna görə, idman zallarına və üzgüçülüyə getmək olmur”. 

Dünyanı bürüyən pandemiya ilə bağlı yaşadığı çətinlikləri bizimlə bölüşən aktrisa bunları deyib:

“Uşaq anadan olandan dörd ay evdən çölə çıxmadım. İstanbul çox böyük şəhərdi. Əhalisi çoxdur. Hazırda həyat yoldaşımın məmləkəti olan Tokatdayıq. Təmiz havası və yaşıllığı var, günlərimiz çox gözəl keçir. Burada vəziyyət yaxşıdır. Belə vəziyyətdə şəhərdə dörd divar arasında qalmaq çox çətindir. Karantindən sonraya planlarım çoxdur. Arıqlamaq ilk planlarımdandır. İlk növbədə özümlə birgə uşağı üzgüçülüyə yazdıracam, idmana yazılacam. Hər yeri çoxlu gəzəcəm. Dənizə, hovuza getmək istəyirəm. Karantin bitməyənə kimi qaynanam və qayınatamın yanındayıq. Bizi qovmayana qədər buradayıq, üzlü qonaqlarıq (gülür). Onlarsız bir günümüz olmasın”.