adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
07 Sentyabr 2020 11:50
71410
MƏDƏNİYYƏT
A- A+

“Həyat yoldaşım qısqanc deyil, qadağalarım yoxdur” – VİDEOMÜSAHİBƏ

“Zərbələr ala-ala güclənmişəm və artıq bu gün içimdə qorxular qalmayıb. Zaman var idi ki, tək qalmaqdan qorxurdum. Düşünürdüm, tək qalsam, nə edərəm? Bu gün daha həmin fikirlər yoxdur”. “Ədalət” qəzetinin qonağı Bakı Bələdiyyə Teatrının aktrisası Aynur Nazdır.

-Səhvlər bizə təcrübə qazandırır və bu təcrübədən müəyyən qədər nəticələr çıxarırıq. Aynur xanım bu barədə nə düşünür?

-İnsan çalışmalıdır ki, səhvə yol verməsin, səhv etməsin. Amma atdığın hər bir səhv addım son deyil. Ümidsizliyə qapılmamaq lazımdır. Səhvlər təcrübə qazandırır, lakin gərək bir daha onları təkrar etməyəsən.

-Çox səhvləriniz olub?

-Səhvlərim olub. “Yox” desəm, təbii ki, yalan olar, səmimi danışmaram. Özümə görə səhvlərim olub. Səhvlərmi, deyim, ya səhv qərarlarmı, deyim, bilmirəm, amma olub.

-Səhvlərinizə görə peşimansınız?

-Peşimanlıq hardasa var, yalan deyə bilmərəm ki, yoxdur. O səhvləri etməsəydim, bu gün bu iradəyə malik olmazdım.

-Aktrisa olaraq hansı keyfiyyətinizə görə özünüzə “əhsən” deyə bilərsiniz?

-Həm aktrisa, həm də insan olaraq həyatda yaltaqlığı heç vaxt sevməmişəm. Yalandan kiməsə can deyim, səmimi münasibət göstərim, bu xarakter məndə yoxdur. Buna görə çox vaxt qınayırlar da ki, hansısa bir işi əldə etmək üçün bir az doğmalıq göstər. O insana səmimiyyət göstərirəm ki, ondan özümə qarşı səmimi münasibət görürəm. Dost olmağa xatir ünsiyyət qura bilmərəm.

-Bəs Aynur Naz necə dostdur?

-Bir az tərif edim, Aynur yaxşı dostdur. Təmənnasız dostam. Ətrafımda olan insana hər zaman bacardığım qədər maddi və mənəvi dəstək olaram. Heç vaxt düşünmərəm ki, mən bunu etdim, o da əvəzində nəsə etsin. Dostluqda mükəmməl insanam.

-Heç olubmu ki, dostlarınız sizi yanıltsın?

-Əlbəttə, yanıldığım da olub, yanıltdığım da olub. Dostluq o demək deyil ki, kimsə sənə qarşı nəsə etdi, bununla da bitirməlisən. Dostluq əhv etmək deməkdir, dostluq səhvlərini izah etmək deməkdir, dostluq yaxşı-pis gündə yanaşı olmaq deməkdir.

-Dar günün dostlarından danışaq...

-Saaatından asılı olmayaraq çətinliyin olduğu zaman yanında olan dostlardır. Çətin vaxtlarda gəlib əlini tutub “Mən varam” deyən şəxslərdir həmin dostlar.

-Mövzunu bir az dəyişək, ailənizdən söhbət açaq...

-Artıq 1 ildir ki, ailəliyəm. Həyat yoldaşım çox yaxşı insandır, səmimidir, məni olduğum kimi qəbul edir, mənə güvəni sonsuzdur. Təbii ki, mənim də ona güvənim var. Həyat yoldaşım qısqanc biri deyil. Düzdür, qısqandığı anlar da olur, o da ki, incəsənətlə bağlı yox. Bilir ki, heç vaxt yalnış addım atmaram. O, məni efirdən görüb və bəyənib. Tanışlığımız isə ortaq dostlar sayəsində baş verib.

-Hər bir ailədə qadağalar var. Ola bilməz ki, sizdə də olmasın. Həyat yoldaşınız sizə hansısa bir qadağa qoyurmu?

-Qadağalarım yoxdur, desəm, inandırıcı olarmı? Görsə ki, hansısa bir addımı atıram və mən uduzacam, o zaman qadağa qoya bilər. Belə sərbəst qərarlarımı verirəm. Amma onunla məsləhətşib qərar verirəm. Heç vaxt hörmətsizlik etmərəm. Hansısa bir məkana gedəndə belə xəbəri olur. Aramızda böyük hörmət var.

-Həyat yoldaşınız incəsənət adamıdır?

-Xeyr, bu sahənin adamı deyil, amma incəsənət nümayənələrini çox sevir və onlara hörmət edir, sənətimizə böyük dəyər verir.

-Deyirlər ki, sevginin ömrü 3 ildir. Siz isə 1 ildir ki, ailəlisiniz. Hələ ki, sevginiz tükənməz...

-Xeyr, hələ ki, tükənməyib. Ailə quranda bir-birimizə demişdik ki, istədiyimiz kimi davranmağı düşünməyək. O sevgini, hörməti hər zaman qoruyub saxlamalıyıq. Sürprizlərimiz olmalıdır, sevgimizi bir-birimizə göstərməliyik. Böyük və bahalı hədiyyə olmasa da, olar, yetər ki, əlində bir çiçək gətirsin. Sevgimiz hələ ki, tükənməyib və özümü xoşbəxt qadın sayıram.

-Nə qədər xoşbəxt olursansa, ol, yenə də hardasa həyat zərbələrini vurub səni incidəcək. Bax o zərbələrdən danışaq...

-Zərbə aldığım anlar olub. Bu yaşa qədər mənim bir həyatım olub. “Küllərimdən yenidən doğuldum” cümləsini bilirsiniz də. Zərbələr ala-ala güclənmişəm və artıq bu gün içimdə qorxular qalmayıb. Zaman var idi ki, tək qalmaqdan qorxurdum. Düşünürdüm, tək qalsam, nə edərəm? Bu gün daha həmin fikirlər yoxdur. Yaş artdıqca düşüncə dəyişir.

-Səhnə, sənət qurban tələb edir. Nələri qurban vermisiniz?

-Bir az gecikmişəm, ailə qurmağa gecikmişəm. Qurban verdiyim bu olub. İncəsənət elə bir sahədir ki, düşünürsən, rollar alım, çəkilim. Buna görə də deyirəm ki, şəxsi həyatımı qurmaqda gecikmişəm. Amma yenə də hər şeydən razıyam.

-Keçən müsahibənizdə demişdiniz və bu gün bir daha mən hiss etdim ki, siz, doğrudan da, güclü qadınsınız. Amma bəzən qadın güclü olmaqdan bezir və yalnız xoşbəxt olmaq istəyir. Güclü olmaq hissi sizi yorub?

-Daimi xoşbəxt olmaq qeyri-mümkündür. Onu bir anlıq yaşaya bilərik. Güclü olmağa qalanda isə güclü olmaqla güclü görünmək arasında fərq var. Mən həm güclüyüm, həm də güclü görünürəm. Bu da xarakterimdən irəli gəlir. Olmayıb ki, hər şeydən əlimi üzüm. Anlıq depressiya yaşamışam, lakin ondan da tez çıxmışam. İnsan həm güclü olmalı, həm də güclü görsənməlidir. Yoxsa, həyat insanı tez yorar.

-Karantindir və teatrlar da fəaliyyət göstərmir. Darıxırsınız?

-Çox darıxıram. Bizim kollektiv elə doğma kollektivdir ki. Amaliya xanımın qoyduğu o dostluq bünövrəsi bu gün də möhkəmdir. Bir-birimizi görməsək belə, onlayn şəkildə danışırıq. Allahın izni ilə tezliklə bir araya gələrik. Xalqımızın canı sağ olsun və bu pandemiya qısa bir zamanda bitsin.

-Çox sağ olun ki, dəvətimi qəbul edib mənə müsahibə verdiniz.

-Siz sağ olun ki, dəvət etdiniz.

Rövşən Tahir