adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
08 Sentyabr 2020 11:06
38633
MƏDƏNİYYƏT
A- A+

“Şalvarı rajokla geyinmisən?” – Söz və kamança ustadının ölümündən 5 il keçir

Habil Əliyevin adı gələndə insanların yadına bəzi lətifələr düşür. Bu gün bu yazımda həmin lətifələrin bir qismini sizə xatırladıb Xalq artistinin dərin, mənalı sözlər ilə insanların üzlərində necə gülüş yaratmaq, nəyəsə eyham vurmaq istədiyini çatdıracam.

Bir gün Habil Əliyev televiziyada Niyaməddin Musayevlə rastlaşır. Belə ki, həmin vaxt Niyaməddin əyninə çox dar şalvar geyinibmiş. Habil bəy onu diqqətlə süzüb deyir:

-Bayaqdan fikirləşirəm, bu şalvarı əyninə necə geydiyini tapa bilmirəm, deyəsən, rajokla geymisən?

Habil Əliyev üçün sözün ünvanlandığı şəxslərin kimliyi maraqlı deyildi. Əgər o, zarafat etmək istəyirdisə, edirdi. Ona görə də, nəinki Niyaməddin Musayevlə, bir çox sənətçilərlə də belə zarafatlara yol verirdi. Onlardan biri də Ədalət Şükürov olub. Məclislərin birində Ədalət Şükürov gəlib Habil Əliyevə sevinərək deyir:

-Habil müəllim, təbrik edin, mənə Əməkdar artist adını verdilər.

Habil Əliyev də dəhşət içində soruşur:

-Nəəə? Sən də aldın? Əşşi, onlar verirdi, verirdi, sənin abrına nə gəlmişdi ki, götürürdün?

Ədalət Şükürovu təbrik etmək əvəzinə onu qınayan Xalq artisti o qədər sadə və səmimi insan olub ki, hətta sənəti ilə də qürrələnməyib. Peşəsini də gülüş obyektinə çevirib, kamança haqqında da məşhur bir lətifə formalaşdırıb. Belə ki, Tibb Universitetində Habil Əliyevlə tələbələrin görüşü keçirilirmiş. Orta cərgədə bir tələbə ayağa durub, amiranə görkəmli müstəntiq kimi soruşur:

-Yoldaş Əliyev, axı necə oldu ki, kamança çaldınız? Necə oldu ki, kamança alətini seçdiniz? Cavab verə bilərsinizmi?

Habil Əliyev isə bir müttəhim görkəmi alaraq büzüşüb məzlumlaşıb, fağır bir səslə deyir:

-Vallah, necə deyim, uşaq olmuşam, qanmamışam, kamançanı seçmişəm.

Kamançanı seçən, sevən,sevdirən, duzlu, məzəli sözü, sənəti ilə qəlblərdə taxt quran Habil müəllimin ölümündən 5 il keçir. Yaşasaydı, əminəm ki, o, digər sənətçiləri də rajokla şalvar geyinməkdə qınayacaq və çoxsunu Ədalət Şükürov kimi təbrik edəcəkdi. Ruhun şad olsun, ustad!

Rövşən Tahir