adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
10 Sentyabr 2020 15:46
57553
HÜQUQ
A- A+

Ağdamda polis əməkdaşlarına zor tətbiq edənlərin istintaqı yekunlaşıb

24 iyul 2020-ci il tarixdə Ağdam rayonu, Bənövşələr qəsəbəsi ərazisində xidməti vəzifələrini icra edən Ağdam rayon Polis Şöbəsinin əməkdaşlarına qəsəbə sakinləri tərəfindən zor tətbiq edilməklə müqavimət göstərilməsi faktı üzrə Cinayət Məcəlləsinin 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə Ağdam rayon prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılmışdır.

Ağdam rayon prokurorluğundan Adalet.az-a bildirilib ki, istintaqla həmin gün saat 20 radələrində rayonun Bənövşələr qəsəbəsi ərazisində döyülmə faktı barədə daxil olmuş məlumat əsasında hadisə yerinə getmiş Ağdam rayon Polis Şöbəsinin istintaq-əməliyyat qrupunun üzvləri Niyazi Əhmədov, Mirhəmid Həşimov, Səyyar Həsənova xidməti vəzifələrini yerinə yetirərkən qəsəbə sakinləri Cavid Quliyev və Razi Naibov tərəfindən zor tətbiq edilməklə müqavimət göstərilməsinə əsaslı şübhələr müəyyən edildiyindən sonuncular, Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin müvafiq qərarları ilə həbs qətimkan tədbiri seçilmişdir.

Cinayət işi üzrə müvafiq ekspertizalar təyin edilmiş, hadisə yerinə baxış keçirilmiş, maddi sübutlar götürülmüş, şahidlər dindirilmiş və digər zəruri prosessual hərəkətlər yerinə yetirilmişdir.

Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Ağdam Rayon Məhkəməsinə göndərilmişdir.