adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
11 Sentyabr 2020 12:19
35654
SAĞLAMLIQ
A- A+

“Hamiləliyin 2-3 ayında uşaqda diş kökləri formalaşır” - VİDEOMÜSAHİBƏ

"Dünya üzrə belə ən çox şikayət kariyeslə bağlıdır. Sonra diş-damaq qanamaları, daha sonra ağız boşluğunda estetik problemlərdir. Bunlar ən çox rast gəlinənlər sırasındadır". "Ədalət" qəzetinin qonağı stomotoloq Elvin Həsənlidir.

-Sağlam dişlərə sahib olmaq üçün nələr etmək lazımdır?

-İnsanın dişləri 18 yaşına qədər sağlam çıxıbsa, bundan sonra qulluq insanın özündən asılıdır. Ola bilər ki, genetik olaraq uşaqda hansısa bir problem olsun. Ana hamiləlik zamanı düzgün qidalanmasın və bu da uşağın dişlərində müəyyən fəsadlar əmələ gətirsin. Hamiləlik dövründə süd və qatıq yeməyən ana düşünmür ki, gələcəkdə doğulan körpənin çıxacaq dişlərində kalsium çatışmazlığı yarana bilər. Ona görə də ana düzgün qidalanmalıdır ki, körpə gələcəkdə sağlam dişlərə sahib olsun.

-Deməli, dişlərdə çürümələrin olmasını hamiləlik dövrü ilə əlaqələndirmək olar...

-Bəli, ana uşağa hamilə olarkən hamiləliyin ilk 2-3 ayında uşaqda diş kökləri formalaşır. Buna görə deyirəm ki, ananın qidalanmağı uşağın dişlərinin sağlamlığını və ya bu dişlərin problemli olmasını müəyyən edir.

-Bax hamilə qadınlar hansı qidaları yeməlidirlər ki, gələcəkdə övladlarının sağlam dişləri olsun?

-Təbii ki, ana birinci növbədə həkimi ilə məsləhətləşməlidir ki, onda hansı problem var, qanazlığımı, kalsium çatışmazlığımı? Qidalardan ən çox süd, qatıq yemək məsləhətdir. Orqanizmə faydalı qidalardan (göy-göyərti, pomidor, xiyar) istifadə etməlidir ki, doğulan körpə də sağlam olsun.

-Müəyyən sayda insanlar var ki, onlar şirniyyata meyilli olurlar. Belə olanda dişlərin çürüməsi qaçılmazdır...

-Bizdə insanlar diş ağrıyan zaman həkimə gedirlər. Əslində isə dişlər 6 aydan bir profilaktik yoxlanılmalıdır. Dişlərdə olan xırda problemlər belə həkim tərəfindən müəyyən edilir, ona görə həkim yanına getmək mütləqdir. Gündəlik həyat tərzinə nəzər salaq, biz soyuq su içirik, sonra isti qida qəbul edirik, bu isə dişlərdə mikroçatlar yaradır. Həmin mikroçatlar isə get-gedə kariyesə çevrilir.

-Bu sualı elə verəcəkdim ki, dişləri soyuqdan istiyə, istidən soyuğa salmaq nə kimi problemlər yaradır?

-Tək mikroçatlar deyil, damaqda boşalmalar da əmələ gətirir. Belə olan halda damaqda qida yeyərkən qalıqlar qalır və bu isə ağızda turşulaşmaya səbəb olur. Nəticə etibarilə dişə ləkələr düşür, iltihablar yaranır, qanamalar baş verir. Bu proses dişin itirilməsinə qədər davam edir.

-Diş sapından istifadə etmək olarmı?

-Bəli, olar. Diş sapından baxır, necə istifadə etmək lazımdır. Həkimlə məsləhətləşmək mütləqdir. Həkim deməlidir ki, diş sapından necə və hansı halda istifadə etmək olar. Diş sapını dişin boyun hissəsinə kimi gətirmək düzgün deyil. Bu zaman damağa zədə verilə bilər. Diş sapından istifadə qaydasını həkimdən öyrənmək lazımdır.

-Xəstələrin ən çox şikayəti nədən olur?

-Dünya üzrə belə ən çox şikayət kariyeslə bağlıdır. Sonra diş-damaq qanamaları, daha sonra ağız boşluğunda estetik problemlərdir. Bunlar ən çox rast gəlinənlər sırasındadır.

-Kariyesin əmələ gəlmə səbəblərindən danışaq...

-Bayaq vurğuladığınız kimi, şirin qidaların yeyilməsi, normal qulluq olunmaması dişə ləkələr salır. Bu ləkələr dişdə çatlar yaradır. Soyuq və istiyə salma mikroçatlara səbəb olur ki, bu da kariyesin əmələ gəlməsinə gətirib çıxarır. Bilirsiniz ki, ağız çeynəmə aparatıdır. Ağızda dişin funksiyası qidanı əzib mədəyə ötürməkdir. Məsələn, əlimizi bir dəfə yuyuruq, ola bilər ki, axşama qədər daha suya dəyməsin. Amma ağız daim sulu olur, nəsə içirik, nəsə yeyirik, ona görə də dişlərə qulluq etmək lazımdır. Belə ki, səhər, günorta yeməklərindən sonra diş mütləq yuyulmalı, axşam isə dişlər yatmazdan əvvəl 7-8 dəqiqə ərzində təmizlənməlidir.

-Amma insanlar gündə 1 dəfə dişlərini fırçalayırlar. O da ki, səhər yuxudan duranda...

-“Bir dəfə yudum, bəsdir” deyə bir şey yoxdur. İnsan yatmazdan öncə 7-8 dəqiqə ağız boşluğuna vaxt ayırmalıdır. Nəyə görə? Bəzən dişlərin arasında qida qalığı qalır ki, biz bunu görmürük. Dişi isə təmiz yumasaq, həmin qidalar orada qala bilər. Gecə yuxuya getdikdən sonra ağız yumulu qalır və ağızda temperatur artır. Belə halda ağızda qida qalığı pis qoxu verir ki, səhər yuxudan duranda belə hallar müşahidə olunur.

-Məşhurlarla çalışan stomotoloqsunuz. Bir az onlardan söhbət açaq. Kaprizləri olur?

-Rəqqasə Renkadan danışaq elə. Stola oturanda ağlayır, iş bitəndə isə gülür, gedir. Ağrı oldu-olmadı, ağlayır. Deyir ki, qorxuram, birdən ağrı verər, ağlayaram. İndidən ağlayım ki, ona hazır olum. Renkanın çox gülməli və maraqlı kaprizi var. Heç nədən qorxmayan pasiyentim Təranə xanım Səmədovadır. Onunla tam rahat şəkildə işləyə bilirəm. Problem yaratmayan insandır.

-Nazilə xanım Səfərli necə pasiyentdir?

-Nazilə xanım kaprizli insan deyil. Nazilə xanım Səfərli bizi çox istəyir, bizi yormaq istəmir, ağrıya dözümü olmasa da, səssiz dayanır. Demir ki, ağzım ağrıyır. Söyləyəndə ki, necəsiniz? Cavab verir, narahat olma, qadan alım, hər şey yaxşıdır. Amma o da xırda ağrı olanda belə ağlayan xanımdır.

-Başqa hansı məşhur haqqında nələri söyləyə bilərsiniz?

-Qorxmayan pasiyentim Vasif Məhərrəmlidir. Məndə ən qorxmaz pasiyent Hüseyn Dərya olub. Allah ona rəhmət eləsin. İynə vurdurmadan iki dişini çəkdirib. Hüseyn ağrıdan qorxan deyildi. Ən dözümlü pasiyentim o, olub.

-Çox sağ olun, Elvin. Dəyərli vaxtınızı ayırdığınız üçün təşəkkür edirəm.

-Siz sağ olun, dəyərli sizsiniz. Yaxşı iş görən həkimlərimizi tanıdanlar media işçiləridir. Odur ki, bizim üçün dəyərlisiniz. Var olun.

Rövşən Tahir