adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7

Faiq QİSMƏTOĞLU: ASAN İŞİMİZİ ÇƏTİNƏ SALANLAR

FAİQ QİSMƏTOĞLU
78388 | 2020-09-11 12:53

... Bizim həmişə asan düzələn işimizi bəzi məmurlar çətinə salıblar. Bu da ondan ibarət olub ki, işin düzəlməsi üçün gərək bir “şirinlik” verəsən. Və o “şirinliyi” verməyənə qədər səni həftələrlə, aylarla və bəzən də illərlə müdir qapısı qarşısında süründürəcəklər. Hər gün o qapıya getməlisən, hər gün arxasınca düşüb həll edəcəyin işin nəticəsini gözləməlisən və sonra da daşdan səs çıxacaq ki, həmin bürokratdan xəbər çıxmayacaq. Ta o vaxta qədər ki, səndən istədiyini qoparıb alsınlar.

Allah hər adamın yolunu insafını, vicdanını itirmiş bürokratik məmurların kabinetinə salmasın. Çünki bu cür süründürməçi, insanları incidən bürokratik məmurlar səhər işə gələndə xalqa xidmət haqqında yox, nə qədər pul qazanacaqları barəsində düşünürlər. Onlar qəbula gələn insanları nəinki dinləyir, dərdinə əlac qılır, əksinə, əzab-əziyyət verməklə həftələrlə, aylarla qapı ağzında gözlətməklə bundan zövq alırlar. Tay fikirləşmirlər ki, o qapının ağzında duranları da ana doğub, o qapının ağzında dayanan da insandı və onun da Allahı var. Qətiyyən, belə məmurlar qapılar ağzında duran insanlar barəsində düşünməzlər. Düşündükləri o olar ki, görək o qapının ağzında duran adamlardan nə qədər pul alacaqlar?

Bir vaxtlar kimsə mənzil alanda və order əldə edəndə mənzilə qeydiyyata düşmək üçün olmazın əziyyəti ilə üzləşirdi. Polis idarələrində fəaliyyət göstərən pasport- masa rəisləri onların  başına olmazın oyununu açırdılar. Hətta mənim özüm 1988-ci ildə aldığımız kooperativ mənzilə ailəlikcə qeydiyyata düşmək üçün illərlə süründürüldüm. Nə var, nə var, onların dediyi pulu verə bilmirdik. Bəhanə edirdilər ki, filan sənəd lazımdı, bəhmən sənəd tələb olunur. Biz də o filan sənədi, bəhmən sənədi aparırdıq, yenə iş düzəlmirdi ki, düzəlmirdi. Axır ki, Asan xidmət fəaliyyət göstərəndən sonra çox asanlıqla evimizə qeydiyyata düşdük. Və bu Asan Xidməti yaradanın ölənlərinə rəhmət oxuduq. Hələ görməmişəm ki, bir adam Asan Xidmətə getsin və orda işi düzəlməsin, narazı olsun. Heç uzağa getməyək, xaricə getmək üçün vətəndaşlıq pasportu alanda adam nə qədər süründürməçilik ilə üzləşirdi. Ya filan qədər pul verməliydin, ya da boynunu büküb günlərlə, aylarla durmalıydın “ovir” deyilən yerin qabağında. Şükürlər olsun ki, bu məsələlər də Asan Xidmətə veriləndən sonra o pasportu almaq üçün nə vaxt keçirirsən, nə də əsəbləşirsən. Asan xidmətə gedib qısa zaman kəsiyində rüsum ödəyib həmin işləri həll edirsən.

Bu gün də xüsusən Bakı şəhərində qediyyat idarələrinə yolun düşəndə istər-istəməz çətinliklə üzləşirsən. Yenə sənə deyirlər ki, lazım oldu-olmadı, filan sənədləri tap, gətir. Sən də filan sənədləri tapıb gətirirsən, ona da bir əmma, qulp qoyurlar. Deyirlər ki, yox ey, sənədlər düz deyil. Sənin də bunu sübut etməyə nə fiziki dözümün çatır, nə də səbrin. Axırda bir başqa yol fikirləşib ona uyğun hərəkət edirsən.

Ümumiyyətlə, bir çox dövlət idarələrində hər hansı bir arayışı, sənədi almaq üçün olmazın əziyyəti ilə üzləşməlisən. Hansı ki, həmin idarədə çalışan hər hansı məmurun vəzifə borcudur ki, bu arayışı və sənədi hazırlayıb sənə versin. Onlar isə müxtəlif bəhanələr gətirib onu sənə vermək istəmirlər. Ta o vaxta kimi ki, istədiyini səndən alsın. Xüsusən də Bakı şəhərindəki qeydiyyat şöbələrində bu cür bürokratik anlara daha tez-tez rast gəlmək mümkündür. Bir dəfə qeydiyyat şöbəsinə işimiz düşmüşdü. Orda çalışan bir məmur xanım yaşlı kişiyə müraciəti ilə bağlı izahat verirdi. Həmin kişi də məsələni çox çətinliklə anlayırdı. Axırda xanım əsəbləşib dedi ki, mən sənə Azərbaycan dilində deyirəm, filan sənədləri də gətir. Çox təəssüf ki, xanım axıra qədər həmin məsələni o kişinin diqqətinə çatdırmadı. Kişini də soyuq tər basdı, nə deyildiyini bilmədi və ordan çıxıb getdi.

Ölkə Prezidenti cənab İlham Əliyev dəfələrlə öz çıxışında qeyd edib ki, mən bu xalqın bir nömrəli xidmətçisiyəm. Başqa vəzifəli şəxslər də bu xalqın xidmətçisidir. Amma çox təəssüf ki, müəyyən vəzifələrdə çalışan bəzi bürokrat məmurlar xalqa xidmət etməyi özlərinə sığışdırmırlar. Yüz bəhanələrlə xalqdan pul qoparmağa çalışırlar.  Bu isə birmənalı olaraq müxtəlif idarələrə, nazirliklərə və qeydiyyat şöbələrinə işi düşən insanları çox narahat edir və narazı salır. Ən azından ona görə ki, çoxlu sayda insanlar həmin ünvanlarda süründürməçilik və haqsızlıqla üzləşirlər.

Nə vaxta qədər ki, o xidmət sahələri Asan Xidmətə verilməyib, bu cür neqativ hallar və süründürməçilik davam edəcək. Yaxşı olar ki, əhalinin ən çox üz tutduğu və müraciət  etdiyi notariar kontorları və qeydiyyat şöbələri Asan Xidmətə verilsin. Çünki Asan Xidmətə bu dediyimiz qurumlar verilsə, insanlar nə bu qədər bürokratiya ilə üzləşərlər, nə vaxt itirərlər, nə də əsəbləşərlər. Reallıq isə bundan ibarətdir ki, bu gün məmləkətimizdə adi bir arayış üçün nazirliklər, komitələr və eləcə də qeydiyyat şöbələri əhalini get-gələ salır, incidir və onların əsəbləri ilə oynayırlar.

İllah da ki, savadsız adamların işi bu qurumlara düşəndə onlar daha ağır çətinliklə üzləşirlər, get-gələ salınır və axırda da çıxılmaz vəziyyətdə qalırlar. Bürokratlar, süründürməçilər zamanından və məkanından asılı olmayaraq, həmişə belə olublar: onlar aylarla, illərlə insanları qapı arxasında saxlayıblar, onların əsəbləri ilə oynaylıblar və axırda da istədiyini alandan sonra bu işə razılıq veriblər. Və başqa sözlə demiş olsaq, bəzi vicdanını itirmiş məmurlar bizim asan işimizi həmişə dolaşığa, çətinə, düyünə salıblar. Sonra da “şirinlik” alıb o düyünü açıblar. Guya kişinin oğlanları çox yaxşı bir iş görüblər.

Bu millətin, bu xalqın, bu insanların belə bürokrat məmurlardan canını qurtarmağın yeganə bir çıxış yolu var: o çıxış yolu da ondan ibarətdir ki, həmin qurumların səlahiyyətləri qısa zaman kəsiyində onlardan alınıb Asan Xidmətə verilsin və asan xidmətlə də bu yazıq camaatın işi belə asanlıqla həll olunsun. Yəqin ki, inşallah, elə belə də olar!..

 

TƏQVİM / ARXİV