adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7

Aqil ABBAS: YAYON VAY, Ə, YAYONUN YİYƏSİN QOYUBLAY İÇƏYİ… 

AQİL ABBAS
182422 | 2020-09-13 18:41

 Qardaş Türkiyənin  ən məşhur publisistlərindən biri Yılmaz Özdilin  «Sözçü» qəzetində  çox ciddi bir  köşəsini  oxudum. Söhbət Türkiyəyə düşməncəsinə münasibət göstərən  Yunanıstanın  dəniz flotunun  yaranması  tarixindən  və bu günündən gedir. Bütün yazı barədə  söhbət  açmaq  istəmirəm, qısaca faktları  sizlərə  çatdırmaq niyyətindəyəm.

Deməli, dünya ticarətinin 85 faizi dəniz  vasitəsilə  daşınır. Və bu daşımaçılığın  20 faizi Yunanıstan gəmiləri   vasitəsilə həyata  keçirilir və Yunanıstan bu sahədə  Yaponiyadan, Çindən, ABŞ-dan, İngiltərədən, Almaniya və Norveçdən irəlidədi.

Dünya dəniz  flotunun 16 faizinə  sahibidi. Avropa dəniz  flotunun  isə 40 faizinə. Petrol tankerlərinin yüzdə  23-ü Yunanıstana  aiddi.

İran neftini dünyaya  200 tanker  daşıyır ki, bunun da  81-i  Yunanıstan  bayrağı altında üzür. Tankerlərinin tonnaj tutumu  Türkiyədən 15 dəfə çoxdur. Eləcə də Türkiyə  dəniz daşımaçılığını əsasən   Yunanıstan  gəmiləri ilə  həyata  keçirir.

Faktlar  çoxdur, hamısını   sadalamaq istəmirəm.

Və ağrıya-ağrıya yazır: «İzmirdə yunanları  dənizlərə  tökdük və dənizləri  verdik  yunanlara».

Türkiyə  üç tərəfdən dənizlə əhatə olunub, bir tərəfdən  də düşmənlərlə. Türkiyənin  dəniz  sərhədləri  Yunanıstanın  dəniz  sərhədlərindən  üç dəfə  artıqdır. Və Yunanıstanın da qeyri-dəniz sahilləri  düşmənlərlə  əhatə olunmayıb.

Çox qəribədir  ki, dəfələrlə yazmişam və yenə yazıram. Türkiyənin   dəniz sərhədləri  təxminən 4 min kilometrə  yaxın  olsa da, hələ bu ölkədən  dünya  səviyyəli nə bir üzgüçü çıxıb,  nə də Olimpiya çempionu. Amma Avstriyanın  heç bir dənizi  yoxdur,  içindən bir-iki çay axır, amma  üzgüçülük  üzrə  nə  qədər  Olimpiya   və dünya  çempionu var.

 Düzdür, bizim  Azərbaycanın  da   təxminən 650 km. dəniz sərhədi var, üzgüçülük  üzrə nəinki   olimpiya  çempionu, heç   respublika  çempionu da  yoxdu. Nə isə….

Qayıdaq  söhbətimizə. Yılmaz Özdil  yazır ki,  Türkiyədəki  bütün  dəniz limanları  satılıb, özünün  bir dəniz limanı  yoxdur. Yunanıstanın  isə bircə dənə  dəniz limanı Çinə  satılıb. Və  bu  alverdən  sonra  Çinin  dövlət  başçısı Yunanıstana  səfər edib və deyib ki,  biz tarixi İpək  Yolunu   bərpa edirik.  Və bu dəniz limanını Yunanıstan Çinə satdığına görə Çin bu ölkə üçün tankerlər tikir.

Nə isə. Qayıdaq geri.   Ay mənim  canım-gözüm  Yılmaz Özdil, bunları  yazırsan, çox gözəl. Türkiyə  vətəndaşı olan, dünyada dəniz  daşımaçılığında xüsusi yeri  olan «Palmali» şirkətinin prezidenti Mübariz Mənsimovu tutub  qoymusunuz içəri. Və bu şəxs də Türkiyə   vətəndaşıdı  və onun  gəmiləri də dünyada  Türk  bayrağı ilə üzür. Amma niyə bir dəfə  səsinizi  çıxarmamısınız ki, bu  adamı niyə həbs etmisiniz?

Deməli,  belə. Ağcabədidə Nazim adında bir yeməkxana   müdiri var. Həm  gözəl insandı, həm də dili çox şirindi, «r» hərfini  deyə  bilmir. Və rayona   gələn  bütün vəzifəli qonaqlar   adətən onun şirin  danışığını  eşitmək üçün, həm də ləzzətli xörəklərini  yemək  üçün həmin yeməkxanada  qonaqlanırlar.

Dünyanın dağılan   vaxtı idi -  90-cı illər idi. Ağcabədi Xalq Cəbhəsinin  sədri  Məmmədi (Mamed deyirdilər) həbs edirlər və gətirib   salırlar  Bayıl həbsxanasına.

Nazim də dostluğa  sədaqətli, hər həftə  Məmmədə «peredaça» gətirir.

Bir dəfə  «peredaça» gətirəndə Məmməd pəncərədən  Nazimlə   danışır və deyir:

- Ə, Nazim, rayonda  nə  var,  nə yox?

Nazim:

- Yayon  vay, ə? Yayonun yiyəsin gətiyib qoyublay buyda  içəyi, mənnən yayon soyuşuysan?!

Sayın  Yılmaz Özdil, indi  Türkiyə  dəniz flotu  istəyirsən. Türkiyənin  dəniz flotunun ası Mübariz Məsimovu  tutub qoymusuz içəri  və Türkiyənin dənizçilikdən yunanlara  on beş dəfə  uduzmağından  yazırsınız.

Və bu günədək nə sizin  yazılarınızda, nə də «Sözçü»də  Mübariz  Mənsimovu müdafiə edəcək bircə cümlə oxumadım.

Ona görə də sayın Yılmaz Özdil, çox da yekə-yekə danışmayın. Yalnız «Oda» TV bircə dəfə Mübariz Mənsimovu müdafiə elədi.  O da bircə dəfə.

P.S. Baxıram Azərbaycanda sosial şəbəkələrdə Mübariz Mənsimovu   müdafiə  edən    statuslar  paylaşıblar.  Ən dəhşətlisi  odur ki, bu statusları  cəmi  üç-dörd nəfər layk edər, uzağı ikicə  nəfər də şərh yazar.

Allah Mübariz Mənsimovun qapısını  açsın. Hərçənd ki, buna  inanmıram.  Çünki  qapısını  bağlayanlar  çox bərk bağlayıblar, əstəğfürullah, buna Allahın da gücü çatmır.

TƏQVİM / ARXİV