adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
11 Sentyabr 2020 22:24
57820
KRİMİNAL
A- A+

Tərtərdə odlu silahla quldurluq edən şəxs saxlanılıb - FOTO

Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində rayon ərazisində odlu silahla quldurluq edərək özgəsinə məxsus avtomobili qaçıran şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Adalet.az-a verilən məlumata görə, sentyabrın 10-da Bakı şəhər sakini C. Süleymanov DİN-in “102 – Zəng Mərkəzi”nə və Tərtər RPŞ-yə ərizə ilə müraciət edərək əvvəlcədən razılaşdıqları kimi Sərvər Hüseynov adlı şəxsə satmaq məqsədi ilə “Chery Tiggo” markalı avtomobilini Tərtərə gətirdiyini, sonuncunun isə onu odlu silahla hədələyərək avtomobilini ələ keçirdiyini və naməlum istiqamətdə getdiyini bildirib.

Məlumatla əlaqədar polis əməkdaşları tərəfindən dərhal müvafiq araşdırmalara başlanılıb. “İsti izlərlə” və peşəkarlıqla keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində S.Hüseynov cinayət yolu ilə ələ keçirdiyi avtomobillə birlikdə Bakı şəhərində saxlanılaraq Tərtər Rayon Polis Şöbəsinə gətirilib.

Araşdırmaların davamı olaraq S.Hüseynovun yaşadığı ünvana baxış keçirilən zaman evinin yaxınlığındakı su quyusunun üzərindəki beton örtüyün içərisindən cinayətin törədilməsində istifadə etdiyi bir ədəd qundağı və lüləsi kəsilmiş, tək lüləli odlu silah və üç ədəd patron, eləcə də evinə baxış keçirilərkən oradan bir ədəd xəncər aşkar edilərək götürülüb.

Faktla bağlı Tərtər RPŞ-də cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.