adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
16 Sentyabr 2020 15:05
58284
MƏDƏNİYYƏT
A- A+

"Musiqi sənətini ucuzlaşdırmışıq" - Bayağı ifalara üsyan etdilər

Son illər mədəniyyətimizdə bir ifadə dolaşır: “bayağı musiqilər”. Bax hansılardır o bayağı ifalar? Dinləyicilərin zövqlərini korlayan kimlərdir? “Ədalət” qəzeti olaraq bu suallarla mədəniyyət xadimlərimizə müraciət etdik və onları sorğuladıq.

Xalq artisti Aygün Səmədzadə: “Mən bu suala cavab verəcək şəxs deyiləm. Bayağı musiqi yazanlara sual verin ki, niyə yazıb zövqləri korlayırsınız? Bir-iki dəfə belə suallar verin ki, özlərini yığışdırsınlar. Biz onları tənqid etməklə guya nolur ki? İndi elə bir dövrdəyik ki, mən dediklərimi onlar başa düşməyəcək. İndi nəsə deyirsən, fikrini top, tüfənglə qarşılayırlar. Zövqləri odur axı. Ona görə də danışanda başa düşmək istəmirlər”.

Əməkdar incəsənət xadimi Nailə Mirməmmədli: “Bu mövzuda bir neçə ildir ki, danışırıq. Lakin buna baxmayaraq heç bir xeyri olmur. Danışırıq, yerində də qalır. Heç kəs öz üzərinə götürmür, nəticə çıxarmır. Bilmirəm, nədən irəli gəlir? Sentyabrın 18-də 135 illiyini qeyd edəcəyimiz Üzeyir Hacıbəyovun bizim üçün qoyub getdiyi dünya boyda musiqi sənətini axır illər çox ucuzlaşdırmışıq. Elə bil qədrini bilmirik. Dərk etmirik ki, musiqinin qədrini bilmiriksə, biz özümüzün qədrini bilmirik. Bizim dilimiz, atributlarımızla yanaşı mədəniyyətimiz də qorunmalıdır. Hər bir azərbaycanlı bunu yerinə yetirməlidir. Musiqiçi oldu, olmadı, hər kəs mədəniyyətimizi qorumalıdır. Bu gün sosial şəbəkələrdə bayağı musiqiləri maraq xatirinə bəyənməklə biz onlara imkan yaradırıq ki, desinlər, bizi daha çox dinləyirlər, nəinki bizə qədər olan Azərbaycan musiqisini, Azərbaycan klassikasını. İnsanlar içərisində çox oluram, onlarla çox təmas qururam və təəccüblüdür ki, neçə min baxış sayı yığan həmin musiqiləri insanlar dinləmir. Bəs niyə onlar daha çox bəyənilir?”

Əməkdar artist Gövhər Həsənzadə: “Azərbaycan milli musiqilərinə, Azərbaycan dilinə, Azərbaycan poeziyasına, Azərbaycan milli dəyərlərinə söykənməyən yaradıcılığın hamısı bayağı, yad sayılır. Peşəkarcasına hazırlanmamış musiqilər bayağıdırlar. Söhbət bəstələnməkdən getmir, baxın, mən deyirəm ki, hazırlanmamış. Əfsuslar olsun ki, bizdə musiqiçilərdən, rəssamlardan və ya digər sahənin adamlarından fikir öyrənənən jurnlistlərin həmin sahədən xəbəri olmur. Sıradan bir jurnalist açıqlama alır və bəstəkarın, rəssamın dediyi terminləri başa düşmür. Nəticədə öz bildiyi kimi yazır. Bu yazının özü də bayağıdır. Bircə onu deyə bilərəm ki, Azərbaycan qarmoniyasının, ladının üzərində bəstələnməyən melodiyalar bizim üçün yaddır. Peşəkarcasına hazırlanmayan musiqi materialı nəticədə çox keyfiyyətsiz və bayağı olur. Bu gün bizim Xalq artistlərimiz də var, sənətdə yeni addımlarını atan da. Düzdürmü? Onların repertuarında hansısa qeyri-peşəkar musiqi və yaxud da yaxşı hazırlanmamış bir musiqi varsa, onun mahnısını müzakirə etməliyik, filankəs bayağı musiqi oxudu, bunu yox. Filankəslə nə işimiz var? Biz ifaçıların şəxsiyyətini müzakirəyə çıxarırıq. Demirik ki, bayağı musiqilər niyə efirləri zəbt edib? Niyə efirə çıxdı? Bu gün peşəkar bəstəkarlara bilirsiniz niyə müraciət yoxdur? Əvvəllər televiziya kanallarında baxırdılar ki, bu kimin əsəridir? Sonra onu efirə buraxırdılar. İndi buna baxan yoxdur. Günah nə müğənnidədir, nə bəstəkarda, nə də musiqiçidə, günah efirlərdədir. Neçə ildir, deyirəm ki, kanallardır günahkar. Bugünkü gənclərin zövqlərinin pozulması təbliğatdan asılıdır”.

Rövşən Tahir