adalet.az header logo
  • Bakı 20°C
17 Sentyabr 2020 11:17
84567
ƏDƏBİYYAT
A- A+

Heykəlləşən ömür - Gülnaz Qubalı yazır

"Olma qane elmdə hər rütbəyə çatsan da,bil,

Səyin artdıqca bu yolda,artacaqdır qiymətin”

”Məni atamın yanında dəfn edib, məzar daşımda bu beyti həkk edərsiniz”-deyərdi,həmişə Salatın xanım.Dilinin əzbəri olmuşdu bu məşhur beyt.Nə bahalı məzar daşı istədi, nə də təmtəraq.Sadəcə olaraq Məhəmməd Fizulinin bir beyt şerini.Hər dəfə bu sözləri eşitdikdə ürəyim səssiz haray çəkir, için-için göz yaşı tökürdü.Vəsiyyəti bu oldu bizlərə.Belə də edəcəyimizə söz verdik, çünki, vəsiyyətə əməl etməmək böyük günahdır.Belə də etdik.

2020-ci ilin ikinci ayının iyirmisi və o müdhiş hadisə.Rəqəmlərin qeyri-adı düzülüşü məni çox cəlb etdi.Ancaq iki rəqəmdən, "ikilər və sıfırlardan” ibarət olan tarix.Bu rəqəmlər görəsən belə düzülüşü ilə bizə nə demək istəyirdi?Nəyi başa salırdı?Müəmma, müəmma.Tarix doğrudan da danışmayan natiqdır və çox sərt hökümləri vardır.İnsan həyatı isə gizli bir boxça."Numeralogiya” elmi adlanan elm və rəqəmlər üzərində qurulan, müxtəlifliyi ilə seçilən, ağ və qara cizgili insan taleləri. Yaradılış qayəsi.Səsimdəki və surətimdəki dərin kədərin bariz nümunəsi. Əvvəl bir cahana, sonra bir elə, sonra bir otağa, daha sonra isə, bir yatağa sığınan və sonda isə köhnə, buz kimi soyuq bir məzarda qərar tutub, əbədi həyata qovuşan ömür.Həyatın yazılmamış qanunu.Nə geci,nə tezi, vaxtında-vədəsində və üzü qibləyə baxan məzar daşları. Yüksək səslə, xüsusi avaz və ahənglə oxunan şərəfli "Yasin" surəsinin ətrafa yayılan sədaları."Torpaqdan əmələ gəlmişik, torpağa da dönəcəyik”, "hər nəfəs insanı ölümə yaxınlaşdırır”, "hər bir canlı ölümü dadacaqdır”-deyir,-Xüdavəndi aləm.Doğrudan da bu sözlərdə böyük hikmət var. Dünyasını dəyişən insan, artıq şəkillərdə və dillərdə yaşayır. Ürəklərdə məskən salıb yaşayanlar isə, həmişə azlıq təşkil edirlər.

Dahi Fizuli, Şeyx Nizami Gəncəvi, Sədi Şirazi vurğunu, eyni zamanda Həzrəti Əli aşiqi.Salatın xanım elmə, insanlığa bəzək vuran yaradıcılığa, yaradıcı insanlara və ən dəyərli xəzinə olan, heç vaxt köhnəlməyən sözə böyük qiymət verər, yüksək mədəniyyəti ilə, səmimi qəlbdən onları alqışlayardı.Qar dənəciyi kimi zərif, yüksək zövq sahibi, eyni zamanda incə və dərin, qəlbi təbii zənginliklərlə dolu olan bu xanım, qısa və məntiqli söhbətləri ilə bizlərə təkan verər, müvazinət və inam bağışlayaraq, yeni və sanballı əsərlərin yaranmasına vəsilə olardı. Danışarkən səsi axar suyun kiçik dalğalarının səsi kimi xoş gəlirdi insana, elə bil sözün ruhuna sığal çəkə-çəkə danışardı. İncə və aydın nitqi ilə qəlbinin çeşməsindən gələn, ruha sirayət edərək, məni məndən alan ifadə və fikirləri isə ürəyimizin qapılarından çox ehmallıca içəriyə daxil olar, könül dünyamızı oxşayardı.Elə bil bu xanım, insanın qəlbini, daxili aləmini görür, sahib olduğu illərin təcrübələri əsasında çox məharətlə, ən incə detallara vara-vara birbaşa insanın beyninə sirayət etməyi bacarırdı.Həyata real gözlə baxar, heç vaxt şikayət etməzdi, narazılığını isə, elə üzündən, baxışlarından bəlli edərdi.Bəzən də səsində bir kövrəklik duyular, səssizliyə bürünərək gözləri yol çəkər, duyğularına yenik düşərək ağarmış kirpiklərində nəm görünərdu.Bəzən də sözün ecazkar təsirindən sükut içərisində göz yaşlarına hakim ola bilməz, yaş yanaqlarında iz buraxardı.Mənə də ilk qiyməti elə Salatın xanım vermişdi.Böyük bir şövq və əzmlə,-"yazılarını çox bəyəndim,yaz, yarat,- demişdi.Sən gələcəyin yazıçısısan,sadə və şirin yazırsan".

Tam səmimiyyətimlə deyə bilərəm ki, yazdığım yazıların bir çoxu məhəbbətin kökündə dayanan sevgidən yaransa da, məhz elə onun verdiyi yüksək rəylərin nəticəsidir.

Qadın, qadın...”Həyatda qadın qədər maraqlı heç nə yoxdur”, ”dahilər anası qadın”, ”qadınlar danışan çiçəklərdir”, ”yer üzünün bəzəyi qadındır”, Allahdan sonra ən qiymətli varlıq qadındır”, ”qadın möcüzədir”, ”qadın dünyaya övlad gətirməklə daha yeni bir möcüzə göstərir".

Ta keçmişdən üzü bu yana, "Dünyadakı hər şey məhz qadınlar üçün yaradılıb, şəhərlər salınıb, qalalar, qəsrlər tikilib”, ”pis qadın yoxdur, pis münasibət var”- deyən və "qadın” sözünü xüsusi vurğu ilə vurğulayan Salatın xanım, öz qəlb aynası ilə qadını, qadınlığı ən yüksək pillədə, ucalarda görər və həmişə barəsində olduqca bəlağətli ifadələrlə fikir yürüdər, dönə-dönə, bizdə qadına hörmət, qiqqət və ehtiram hissini aşılayardı. Ümumiyyətlə mühütünü gözəlliklər əhatələyən bu xanımın evinin iki açarı vardır və olmuşdur;-biri sevgi, o biri isə hörmət. Qadınlardan danışmağı bilavasitə özünə şərəf, borc bilərdi. Mənə də bu barədə yazmağı məsləhət görmüşdü.Və nə yaxşı ki, mən, onun bu arzusunu həyata keçirtdim,-"Fövqəlbəşər qadın” başlığı altında yazdığım bir esse ilə bu canlı əfsanə xanımın görüşünə getdim və onu ürəkdən sevindirdim. O, qulaq asdı, özü də dəfələrlə.

Salatın, sən özün, bu qadınlı, analı dünyamıza möhür vuran, adını yazdıran qadınların ən ilkisən. Həm də, qızıl hərflərlə. Sən ata-anana sevgi dolu övlad olmaqla yanaşı-bu dünyada mənə qalan ən dəyərli xəzinəm, ailəmdir-deyərək, övladların ilə nəfəs aldın. Müqəddəs bildiyin, könul bağı ilə bağlandığın ailənə də, vəfa, sədaqət göstərərək bir ömür boyu birlikdə həyat sürdün. Beləliklə üç xeyirli övlad, altı nəvə və yeddi nəticə sahibi olaraq bir nəsil şəcərəsi yaratdın. Fədakar ana simvolunu özündə əks etdirib, eyni zamanda nüfuz qazanan hörmətli qaynana oldun. Qayğıkeş nənə, canıyanan bacı, ən əsası isə ömrə bəzək verən, ümdə vəzifə olan, bir çoxlarının qazana bilmədiyi, əsl qadın adını qazanaraq çoxusunun idealına çevrilib ürəkləri fəth etdin. Bir niyyət ulduzuna çevrilib qəlblərdə parladın.Tam məsuliyyətimlə deyə bilərəm ki, eyni zamanda güclü, qüdrətli, cəsur qadın xarakterini nümayiş etdirərək, öz zəhmətkeşliyin, öz fərasətin, öz idrakın sayəsində bir "Ailə Allahı”-na çevrilub, xoşbəxtlik xəzinəsinin açarını tapdın və sonadək əlində qoruyub saxlaya bildin.Gözəllik vurğunu oldun, gözəlliklər yaratdın.Yeniliklər yaradaraq novator qadına çevrildin. Bir içim suda belə gözəllik axtarıb tapa bildın. Sağlam ömür, sağlam həyat tərzi, sağlam düşüncə ilə yaşayaraq kamilliyin zirvələrini fəth edib örnək insana çevrildin. Eyni zamanda Allahın sənə bəxş etdiyi gözəlliyini də sonadək qoruyub saxladın. Və ”Sizdə yaş qocalığı olsun, üz qocalığı olmasın, üz qocalığı dəhşətdir- deyərək gözəllik təntənəsi ilə dolu olan bu kəlamını bizə də tövsiyə etdin.

Onun gözundə dunyadakı ən yaxşı insan qədirbilən, ən pis insan isə qədirbilməz insan idi. Maraq dairəsi geniş olan bu xanım, son nəfəsinədək insanda müqəddəs hisslər oyadan, ruhu coşduran, insanı hərəkətə gətirən poeziya ilə nəfəs aldı, nəsr oxudu.Kitablar aləminə daldı.Filosof, şair, eyni zamanda ailə dostu Bəxtiyar Vahabzadə hər dəfə, nəşrdən yeni çıxan ilk şerlər kitabını şəxsən özü, məhz elə bu ailəyə təqdim edib.Belə demək olar ki, nəzm, bu xanımın həyatının bir parçası olub. Poeziya vurğunu olan Salatın xanıma, telefonda saatlarla şer oxuduğum vaxtlar, heç yadımdan çıxmaz.Həftənin cümə günləri isə bizim üçün çox əlamətdar poeziya günləri sayılırdı və biz poeziya atmosferi altında, zövqü-səfanın ənginliklərində üzərdik.Başdan-ayağadək şer olan bu xanımın özünə də, bir çox şairlər, şerlər, vəsflər tərənnüm etdilər, mahnılar bəstələdilər, müğənnilər oxudular. Ələkbər Tağıyevin və bir sıra bəstəkarın ”Sənin gülüşlərin”, ”Sən gəlməz oldun”, ”Qal, sənə qurban”, ”İstəyirəm görəm səni”, "Dinə bilmədim”, ”Qonşu qız”, ”Təki, sən səslə məni” və s. adlı mahnılarının cazibə mərkəzi məhz elə Salatın xanımdır. Nəqaratı ölümə söykənən həyat isə bütün bunları yarımçıq qoydu, tarımar etdi.Sən olmasan belə, o şerlər də oxunacaq,o şerlərə yazılan mahnılar da.Sən nəğmələrin qanadlarında qanadlanıb ev-ev, oba-oba dünyanı dolaşacaqsan.Gözlərimizdə bir mavi yuxuya çevrilib yuxularımıza qarışacaqsan. Sən belə yaşayacaqsan, həmişə qəlbimizdə, xəyallarımızda, dualarımızda əbədi olaraq.Atana, qızına qovuşmusan, səndən bəxtəvər qadın varmı?- ən azından bizim gözümüzdə.

Keçmiş zamanda danışmağımın bir səbəbi var.O da, Salatın xanımın, aramızdan saf bir mələyin nurlu qiyafəsinə bürünərək, gözlərimin önündən bir bəyaz mələk kimi uçaraq göylərdə, ruhlar aləmində məskən salmasıdır.Həmin günü gözəgörünmədən lətif bir ruh yüksəlirdi göylərə, təxti-rəvanla.Parlaq nura bürünərək.Ulu və pak göylərə aid olan mələklərin əhatəsində. Zahiri bəlli, batini bilinməyən ayrı bir dünyaya.Yerlə-göy arasındakı müqəddəs ruh sonsuz ərşin sirli qapısından Allah dərgahına daxil olur.Bu da havada cərayan edən insanın Tanrıya dönüşünün son təzahürləri və bütün həyatımıza sirayət edən, ölüm.Göz yaşlarıma sahib ola bilmirəm və elə bu vaxt dodaqlarımda ikicə kəlmə söz titrədi,-çox heyif.Həyat eşqi və sevgi ilə döyünən hərarətli bir ürək anıdən dayandı.Xəyallarımıza belə sığışdıra bilmədiyimiz ölüm gerçəkləşdi.Elə bil, dünya boşaldı birdən-birə.Elə bil, qaynayan həyat səssizliyə gömüldü.Eyni zamanda, bu xanımın fədakarlığı da ağzından son nəfəsi ilə bərabər çıxdı, özü ilə apardı.O gözəlliyi də, o gülüşləri də, o məlahəti də, o qızıl əlləri də.Geriyə həzin xatirələri qaldı, şirin, kövrək anları ilə dopdolu.Səndən yadigar qalan şəkillərinlə təsəlli tapır, özün yaratdığın, hər addım başı insana hava, su kimi lazım olan, müdrük kəlamlarınla səni, yad edirik-”yarpaq qədər ömrümüz var”, "insan torpaq xasiyyətli olmalıdır, həm kövrək, həm məhsuldar”,"iki şeyi itirəndə kədərlənirik, gəncliyimizi və dincliyimizi”, ”özünü hər gün güzgü önündə imtahan et”, ”hər bir insanı əməlinə və əməyinə görə qiymətləndirin”, özünə hörmət et, özünü sev və qoru”, ”heç vaxt səsinin tonunu qaldırma”, ”inandım aldandım, utandım aldandım”, ”hər ehtimala qarşı”, ”yüz il yaşa, yüz il öyrən”- deyə-deyə, bu fəlsəfi fikirlərinlə bizi, çətin həyata hazırlaşdırır, yaşamımıza məna qatır və həyat şansı qazandırırdın. Sevdiyin insanlara isə həmişə ”gecə qaranlığında qabağına günəş çıxsın”, ”yanından küləklər belə ötməsin”, ”səni görüm, dünya durduqca durasan”, ”neyləyim, necə edim dərdi çəkməyəsən”-deyərək insanlığa bəzək verən, bu behişt ətirli sözlərinlə, dua və diləklər edərdin.Haqqında yazdığım "Fotoportret”inlə sən, ikinci ömrünü yaşayırsan. Səndən qalan xatirələr də əzizdir bizə, o kövrək anlar da.Hara baxırıqsa səni görürük, səni anırıq.

Neyləyim, dərd adamı dilləndirir.Dərdi verən Allah dərmanın da verir, deyirlər.Amma, bu dərdin dərmanı tapılmır.Axtarmağım əbəsdir. Həyatda hər çətinliyə alışmaq, dözmək olur, amma dost itkisinə, dost yoxluğuna heç cürə alışa bilmirsən.Dost həsrəti də çətin, ağır olur, dost sınağı da.Qələmim də çətin yazır bu yerdə.Hərflər bir-birinə qarışır. Kəlmələr dilimdə düyünlənib.Hər dərdi də, hər qələm anlada bilmir axı?! Yəqin, o da mənim kimi, bu dərdin ağırlığına tablaşa bilmir, için-için ağlayır, sızlayır...Bəzən, insan həyatda bir dəfə yox, bir neçə dəfə ölüb-dirilir.Bəzən də, lap qiyamət qopur.Göz görə-görə.Belə vaxtlarda insanı heç nə sevindirə bilmir.Kaş ki, qəlbimin dili olsaydı!Bir çağlayan bulaq kimi özü danışa bilsəydi!Salatın, kaş ki, bu iqtidar əlimdə olsaydı, ömrünə, ömür qata bilsəydim! Kaş ki, dünyanın məhvərini tərsinə çevirib, bu hökmü verən zamanın axarını əllərimlə bərk-bərk tutub saxlaya, həyatı yenidən başlada, o sənli günləri geri qaytara bilsəydim?Kaş ki! Bu bir qəlbin üsyanı deyilmi?Kiçicik bir qəlbə hədsiz hüzün necə sığar?

Dünyanı dəyişəndən üç gün sonra məzarını ziyarət etdim.Hər tərəfi allı-güllü tər qərənfillər ilə bəzədilmişdi.Elə bil üzərinə güllü, ipək parça sərilmişdi.Həzin bir mənzərə açılmışdı gözlərimin qarşısında. Bilirsənmi, bunu, ən çox sevdiyin nəvən etmişdi, Kamran.Ürəyi çırpına-çırpına, öz əlləri ilə, sevə-sevə, oxşaya-oxşaya.Bəlkə, gözlərindən yaş gilələri də axıb məzarına.İlıq, şəffaf.Çünki, sən bütün bunlara layiqsən. Axı, sən gülləri çox sevirsən.Güllərə də çox yaraşırsan.Torpağınla danışdım, səni soruşdum. Susmuşdun.Demək istəyirəm ki, artıq, bahar da gəlib, səni salamlamaq üçün, haçaquyruq qaranquşlar, şən bülbüllər də qayıdıb vətən həsrətli öz nəğmələrilə, havada pərvazlanan rəngli kəpənəklər də.Hətta, armud ağacında yaşayan həmişəki ana ağacdələn də.Bu həyətin daimi, sadiq sakinlərindən, bir ömür boyu qoşa gəzən vəfalı qumru quşları, boz sərçələr, sarıdimdik qaratoyuqlar və mavi göyərçinlər də buradadırlar.Güllərin rəngli dünyası ilə ana təbiət büsat qurub.Havadan da bir torpaq ətri duyulur.Zərif, möcüzəvi, utancaq bənövşələr də qısa ömürləri ilə qarın altından sevinclə həyata boylanıblar.Baxçandakı çox sevdiyin qızılgüllərin də pöhrə atıb.Qırmızı, parıldayan xırda pöhrələr.Hər dəfə bu pöhrələri görəndə üzünə gözəl təbəssüm qonurdu, xəfif və alçaq bir səslə onları sığallayır, oxşayırdın. Hər qızılgül kolu da sənin adını pıçıldayır, Salatın!Əllərinin izləri var bu gül kollarında.Hər ilin bu mövsümünü və nağılvarı bu mənzərəni çox sevərdin və bu anları şəkillərdə əbədiləşdirərdin. Ürəyimdə bir ümüd işığı, təsəlli vardı,-"yerlərimiz, dünyalarımız, aləmlərimiz ayrı olsa da, ruhumuz bir yerdədir və bız, nə vaxtsa görüşəcəyik”- dedim.Dərindən köks ötürüb, ürək ağrıdan acı düşüncələrlə gəldiyim cığırla da geri döndüm.Bu əsnada iri, dolu yağış damlaları çilənirdi göylərdən.Məzarın da islanırdı, üzərindəki güllər də.Buludlar da ağlayır sənin üçün, Salatın, ayrılığına dözə bilmir.

Uyu, uyu, rahat uyu!Torpağın bol, məkanın cənnət olsun!Sən, gur işıq salan bir mayak olmusan, ağlınla, uzaqgörənliyinlə, dəyərli məsləhətlərinlə.Bir Günəş olub zərrələrinlə hərarət, bir hilal ay olub, gecə qaranlığında ətrafına parlaq nur ələyərək, həyat təmirçisi olmusan.Belə insanlar heç vaxt ölmürlər, sadəcə olaraq "bir qədərdən, digər qədərə” tərəf məkan dəyişirlər.”Ölmək, ölmək deyil, yer dəyişməkdir”,-deyir, dahi Nizami Gəncəvi.İllərin, otağımın divarındakı saatın əqrəbləri kimi qaçdığını nəzərə alsaq və heç nəyə baxmadan, məkanın və zamanın içərisindən bir yol taparaq, səni görə-görə tanıyıb, tanıya-tanıya yazıb, yaza-yaza öyrənmişəm.Hərdən də belə fikirləşirəm ki, sənin yaninda min il, ya da bir dəqiqə olmuşam.Ömür əridən zamanı geri almaq mümkün olmadığı kimi, gedəni də geriyə qaytarmaq təəssüf ki, mümkün deyil. İnsanın yönünü hədəfləyən ölüm və həmişə əmrə müntəzir olan ölüm mələyi Əzrayıl.Ömür qisa, müqəddəs həyat hər şeyi ilə birgə, şirin, yaşamaq isə gözəldir.

Böyük bir nəslin banisi və Şeyx nəslindən olan Salatın xanım doxsan üç il ömür sürdü.Amma, min ilə bərabər.Həyatı dərindən dərk edərək, yaddaqalan, mənadolu, şərəfli bir həyat yaşadı.Ürəklərdə məskən salıb, hafizələrdə həkk olub, dərin izlər buraxdı.Eyni zamanda bu dünyada öz missiyasını yerinə yetirib, həyat sınağından üzü ağ çixaraq, yüksək mövqe tutub, çoxlarına müyəssər olmayan, əlçatmaz arzu olan bir tarix yazdı, tarixə döndü, tarixdə qaldı.Ömrünü daıma yaradıcılığa həsr etdi.Bir dəqiqəsini də boşa keçirtmədi.Eyni zamanda zirvələrə ucaldı, ucaldı.Bir vərəqə, bir mövzuya, bir kitaba sığmayan bu ömür, ağıl, işiqlı gələcəyə inam, möhkəm iradə, yüksək mədəniyyət, əzm, ümid və səbrlə yoğrularaq heykəlləşib daş yaddaşa çevridi. Dilindən çıxan, filosoflara xas, az qala beynimizdə həkk, dilimizdə şüar olan, dırnaq içərisində, böyük hərflərlə yazılacaq və bütün bəşəriyyətə lazım olan bu "beş məşhur kəlməsi” isə, hamımıza örnək, yadigar sözlər və tövsiyəsi oldu- ”ağılla dərk elə”, ”səbrlə icra elə”,”əsəbiləşməyi özünə təhqir bil”, ”həyacanlanma” və "tələsmə”. ”Bismillah”ı isə heç vaxt yaddan çıxartma.”Yüz il yaşayarsan”.Heyif ki, bu ömür onun özünə qismət olmadı, vaxtsız itirdık bu müdrük xanımı.Ölüm onu bağrına basdı, ağuşuna alıb yerini doldura bilməyəcək qədər bizə, öz dərin təsirini bağışladı.Adı çəkiləndə göz yaşardan bu isim, yaratdığı və bizlərə miras qoyduğu ibrətli kəlamları, yaradıcılığı ilə özünü təsdiqləyib imzasını ataraq, hərtərəfli şəxsiyyətə çevrildi.Hər daim qiymətli olduğunu hiss etdirdi və heç vaxt unudulmayan öz, gen yaddaşını yenilədi.

Salatın, evdar qadın olmana baxmayaraq, səndə cəmləşən, səni təcəssüm etdirən xüsusiyyət və xarekterləri- o kübarlığı, o əsilzadəliyi, o könül zənginliyini, o mənəviyyatı, o daxili yüksək mədəniyyətini başqalarında tapa bilmədiyimiz üçün, hər keçən gün qiymətin bir qədər də artır.Sən keçirtdiyin ömür yolu ilə, başa düşə bilənlər üçün çox dəyərli bir həyat kitabısan.Əyər ömür vəfa etsəydi, yaşasaydın səndən öyrəniləcək çox şey olardı. İnsan var evdən gedər, insan var eldən. Bu xanım eldən getdi.Ömrünün izinə düşərək.Bir çox qəlblərə öz kövrək qəlbi ilə məlhəm, qəmlərinə şərik, qocaman, kökləri çox dərinliklərə gedən, qol-budaqlı bir palıd ağac kimi kölgə, ümüdsüzlük səmasına bir sevgi olaraq.

İlahi, İlahi, Sən, bu xanımın balaca beyninin içərisinə bitib-tükənməyən ağıl və yaradıcılıqı, yumruq boyda ürəyinə dünya boyda istilik və sevgini, bir parça dilinə bal qədər şirinlik və mülayimliyi, Öz gözəlliyindən isə təkrarsız gözəlliyi necə sığışdırmışdın? Düzü, mən bunlara heyranam! Bu bir möcüzə deyilmi?! Salatın xanım, dünyasını dəyişəndən sonra belə, ruhunda bədii həyacanlarını oxşayan bir ahəngdar nəğmə idi... Allah rəhmət eləsin! Amin!

...Göylərdə bir ulduz sayrışır, gur işığı ilə.Bəmbəyaz.Bu, heç vaxt sönməyən, işığı azalmayan Dan ulduzudur.Bu ulduz Salatın xanımın ulduzudur, həmişə də belə parlayacaq! Öz bəxti və siması kimi!

Aylar keçir, illər keçir, axın olur,
Yadlar gəlir, doğma olur, yaxın olur.
Məhəbbətlə ötən ömür nağıl olur,
Ey həyat sən nə qəribəsən?

Cabir Novruzun sinəsindən qopan, bu bir beyt şerdə böyük həqiqət var.Bu il, bu xanımla görüşümüzün düz otuz beş ili tamam oldu.Ölüm yollarımızı ayırdı.Beləliklə, bu qəribə həyatda həyat yolçuluğumuz da burada başa çatdı.Biz isə, beləcə məzara qədər olan bu dostluqda səmimi bağları olan "mükəmməl yad”lar olaraq qaldıq...Əyər səlahiyyətim çatsaydı, həyatı öz zərif çiyinlərində daşıyan, özünü fəth edərək həyat zəfəri çalan, bu lider xanımın şərəfinə-ömrünün çox hissəsinin düşdüyü keçən yüzilliyi, onun yaşadığı dövrü, heç tərəddüd etmədən, heç düşünmədən belə "Salatın əsri” adlandırardım. Və qorxurdum ki, real hadisələr üzərındə qurduğum bu yazını yazmaqda gecikəm, çünki, vaxt və zaman gecikənləri bağışlamır.