adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
18 Sentyabr 2020 11:13
53052
MÜSAHİBƏ
A- A+

Qeyri-peşəkarların rəhbərliyi teatrlara zərbə vurdu - MÜSAHİBƏ

Həmsöhbətimiz Sumqayıt Dövlət Dram Teatrının aktrisası, əməkdar artist Sədaqət Nuriyevadır.

-Həyatınızın böyük hissəsini Sumqayıta bağlamısınız.

-Bəli. Sumqayıtda doğulmuşam. Dram və kino aktyoru fakültəsini fərqlənmə ilə bitirib, təyinatla Sumqayıt teatrına göndərilmişəm. Yoldaşım da əməkdar artistdir. Rejissorluq təhsili alıb, bir müddət rejissor kimi çalışıb, indi aktyor kimi fəaliyyət göstərir.

- Sumqayıtın yubileyi ilə əlaqədar prezident fərmanı ilə əməkdar artist adı sizə də verildi. Bir aktrisa üçün adlar, mükafatlar nə qədər önəm daşıyır?

-Fəxri ad mənə şəhərin yubileyi münasibətilə verilməyib. Sadəcə, belə təqdimatlar xüsusi günlərə salınır. Fəxri adın önəmi mənim üçün maaşın üstünə 100 manat artıq gəlməsidir. Çünki teatrın ən yüksək əmək kateqoriyası səhnə ustasıdır ki, bir səhnə ustası olaraq bu gün mənim maaşım 380 manatdır. Daha aşağı kateqoriyalı aktyorlar bunun yarısını alırlar.

-Pandemiyanın zərər verdiyi sahələrdən biri də teatrdır. Nəzərə alsaq ki, elə də çox tamaşaçıları yox idi. Üstəgəl, Sumqayıt teatrı Bakı teatrları kimi elə də diqqət çəkmir.

- Teatrın tamaşaları kifayət qədər çox idi, sadəcə keyfiyyət baxımından, mənim fikrimcə, bu tamaşaların, yalnız yarısı peşəkarlıq baxımından qənaətbəxş sayıla bilərdi. Sumqayıt teatrı vaxtı ilə ölkənin ən öncül teatrı kimi Moskvada qızıl medal almış teatrdır. Təəssüf ki, müstəqillik dövründə teatrlara olan diqqətsizlik və qeyri peşəkar adamların bu sahəyə rəhbərlik etmələri bu teatra da böyük zərbəsiz ötüşmədi . Halbuki, Bakı səhnələrində yer alan ən görkəmli aktyorların böyük əksəriyyəti bizim teatrın yetirmələridirlər.

-Hələki, teatrların fəaliyyəti bərpa olunmayıb. Bu günlərdə necə çalışır, hansı işləri görürsünüz?

-Vaxt tapıb baxa bilmədiyim filmlərə baxıram, çoxlu mütaliə eləməyə çalışıram.

-Yeni mövsümdə teatrların fəaliyyətə başlamasından sonra hansı əsərlərin səhnələşməsini görə bilərik?

- Hansı yeni əsərlərin repertuara daxil olacağını dəqiq deyə bilmərəm, yalan olar. Buna rəhbərlik və nazirlik qərar verir.

 

                                       Müasir Azərbaycan dramaturgiyası çox zəifdi

 

-Çəkildiyiniz filmlər arasında uzun illər məsafəsi var. 1995-ci ildə “Ağ dünya”, daha sonrasa 2013-cü ildə “Həyat, sən nə qəribəsən” serialı. Bu qədər məsafə nə ilə bağlıdır? Sizi filmlərə dəvət etmirlər, yoxsa filmdə özünüzü tapa bilmirsiniz?

-Siz burda bir serialı qeyd eləmisiz, amma bir neçə serialda oynamışlığım var, necə deyərlər. Açığını sizə deyim ki, çəkdiyim, elə ilk serialdaca, ssenarinin savadsızlığı, bayağılığı, primitivliyi məni dəhşətə gətirmişdi. Elədiyim düzəlişlərə görə, hətta cəza olaraq 1 ay çəkilişdən uzaqlaşdırılmışdım da. Bu gün serial sektoru 90 faiz qeyri -peşəkarların əlindədir. İstər ssenarist, istər rejissor baxımından. Bu gün bizdə çəkilən seriallara, ancaq aktyorların bir azacıq pul qazanıb, maddi durumunu düzəltmək yeri kimi baxıram. Kim desə ki, seriala sənət yaratmağa gedir, buna ancaq gülmək olar. Bunun üçün bizdə nə maddi baza var,nə də peşəkar ssenarist. Rejissorlar bu sahəyə yaxın buraxılmırlar.Səhnə ya kamera qarşısında olmağın mənim üçün peşəkarlıq baxımından fərqi yoxdur, yetər ki, işlədiyim əsər və insanlar peşəkar olsunlar. Amma bütün aktyorlar təsdiq edərlər ki, canlı səhnənin əvəzini heç nə verə bilməz. Tamaşaçı ilə canlı ünsiyyət, onun nəfəsi, emosiyaları, səninlə bərabər keçirdiyi yaşantılar əvəzolunmayan başqa bir dünyadır.

-Teatrlarımız adətən eyni əsərləri təkrar-təkrar səhnələşdirir. Çağdaş yazıçılarının əsərlərini səhnələşdirmək niyə bu qədər azdır və ya gözə dəymir.

-Çağdaş dövrümüzdə , müasir milli dramaturgiyadan söhbət gedirsə, elə də böyük seçim yoxdur. Açığını deyim ki, mən yalnız klassika və xarici dramaturgiyada oynamağı sevirəm. Müasir Azərbaycan dramaturgiyası çox zəif, dramaturji qanunların əməl olunmadığı bəsit cızma qaralardır, ki, bu əsərlərlə aktyor yetişdirmək qeyri mümkündür, sanıram

-Türkiyə və digər dünya teatrlarına göz gəzdirirəm. Yalnız pyeslərlə kifayətlənmir, poeziyaya da müraciət edilər. Bir növ şeirləri də səhnələşdirirlər. Bizdə bu mümkündür?

- Şerləri səhnələşdirməyə bizdə kompozisiya qurmaq deyirlər. Onun öz yeri var. Amma şeirdə mümkün qədər dramaturji material və dialoqlar olmalıdır ki, maraqlı iş ortaya çıxsın.

-Region teatrlarına maraq artırmaq üçün nə etmək lazımdır?

-Paytaxt teatrı, əyalət teatrı kimi ədalətsiz anlayış aradan götürülsün. Çünki bütün teatrlarda eyni ali məktəbi bitirmiş, eyni diplomu daşıyan aktyorlar, rejissorlar işləyirlər. Eyni əsərlər, eyni müəllifləri səhnəyə qoyurlar. Paytaxt və əyalət ayrımçılığı teatr sahəsində çox gülünc və ədalətsizdir. Sumqayıt teatrı heç bir paytaxt teatrından heç bir nöqtədə geri qalmadığını, hələ üstün olduğunu yaranışından bəri sübut edir. Region teatrına marağı artırmaq o zaman mümkün olar ki, bütövlükdə teatr sahəsinə peşəkarlar rəhbərlik etsinlər.

 

Söhbətləşdi: Emin Piri