adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
18 Sentyabr 2020 12:30
49552
MƏDƏNİYYƏT
A- A+

Sənət zirvəmdir, səhnə ucalığım

Xalq artisti Şahnaz Haşımova

Deyirlər sənətin ən böyük zirvəsi elə onun ucalığıdır. Ucaldıqca sənətin zirvəsində pərvazlanan istedad isə heç zaman sönməz. Bu gün Ulu Şeyx Nizami yurdunda da bu kimi sənət zirvəsini fəth edən və böyük yaradıcılıq yolu keçən sənət fədailəri az deyil. Gəncəmin musiqi sənətinin ən yüksək zirvəsində olan bir sənətkarı haqqında söz açmaq istəyirəm. Uzun müddətdir ki, məhz onun haqqında yazmaq, fikir söyləmək və ürəyimdə olanları həm oxucularla həm də elə bu sənətkarla bölüşmək arzusundayam. Açıq etiraf etmək istəyirəm ki, bir az da tərəddüdlərim var. Bu da səbəbsiz deyil. Çünki hər bir sənətkar haqqında hər hansı bir fikir söyləmək böyük bir məsuliyyət deməkdir. İllahda ki, bu sənətkar bu gündə fəaliyyətdədir və sənət zirvəsinin ən parlaq bir nümayəndəsidir.

Şərqin ən qocaman musiqi janrlarından biri hesab olunan muğam ta qədim zamanlardan dünya musiqişünaslarını, sənətsevərlərini özünə cəlb etməklə diqqət mərkəzində olub. Hər zaman olduğu kimi elə müasir dövrümüzədək qədim və orta əsr Şərq musiqi mədəniyyətinin, folklorunun öyrənilməsində muğam əsas amillərdən biri kimi tədqiqatçıların diqqətini cəlb edə bilib. Bu mənada muğamın tədqiqatı orta əsrlərdən başlayaraq bu günə qədər aktual məsələ olaraq musiqişünasların araşdırdığı əsas mövzu kontekstinə daxil olub. Onlarla görkəmli alimin ayrı-ayrı dövrlərdə muğama dəfələrlə müraciət etməsi və bu sahədə elmi əsərlər yazması janrın daima aktual mövzulu olmasından xəbər verir. Qeyd etməliyəm ki, Muğam Şərq xalqlarının mədəni həyatında, onların mənəvi dünyasının formalaşmasında həlledici rol oynadığı üçün bu ölkələrin musiqi salnaməsində hər zaman dərin izlər buraxıb. Həmçinin qeyd etmək lazımdır ki, muğam sinkretik (Sinkretikxüsusiyyət həm də sənətdə peşəkarlıq baxımından bir sadəlik və bəsitlikmənasıdaşıyır) sənət növü sayılır. Çünki müxtəlif zaman kəsiyində muğama başqa musiqi janrlarının melodiyaları, metro-ritmik xüsusiyyətləri daxil olması bu sənət növünün daha da zənginləşməsinə səbəb olub.

Bu zənginliyi qoruyan bir səs də Gəncəmin payına düşüb. Nə xoşbəxt ki, məhz mədəniyyət beşiyimiz sayılan qədim Gəncə bu kimi çağlayan şəffaf bulaq kimi bu səsin sahibidir.

Şahnaz Həsən qızı Haşımova 2 iyun1957-ci ildə Gəncədə anadan olub. O, ilk musiqi təhsilini Qənbər Hüseynli adına Gəncə Musiqi Məktəbində alıb və 1979-cu ildə buranı bitirib. 1971-1973-cü illərdə bədii özfəaliyyət kollektivlərinin “Oxu, tar” festivalının iştirakçısı olub. 1975-ci ildən “Göy-göl” xalq çalğı alətləri ansamblının, 1977-ci ildən isə “Göy-göl” Dövlət Mahnı və Rəqs ansamblının solisti kimi fəaliyyət göstərib. 28 oktyabr 1997-ci ildən 01 dekabr 2016-ci ilədək isə Gəncə Dövlət Filarmoniyasının direktoru kimi çalışaraq, eyni zamanda Bədii rəhbər vəzifəsini icra edib. 1998-2004-cü illər ərzində Dağıstan Dövlət İdarəetmə və Biznes İnstitutunun “Hüquq” fakültəsini bitirib. Görkəmli sənətkar 1985-ci ildə Əməkdar artist, 2000-ci ildə Xalq artisti fəxri adlarına, müxtəlif illərdəPrezident mükafatına, 6 may 2016-cı ildə isə Azərbaycanın Respublikası Prezidentinin Fərdi təqaüdünə layiq görülüb. Bu gün Gəncə Dövlət Filarmoniyasında sənət yaradıcılığı ilə yanaşı Şahnaz Haşımova pedaqoji fəaliyyətini isə Gəncə Musiqi Kollecində uğurla davam etdirir. Həmçinin sənətkarın “Mən dərdimi mahnılara danışdım”, “Vətən, sən güman yerimsən” adlı şerlər kitabı nəşr olunub. Bu gün isə “Yaz yağışı” adlı yeni kitabı üzərində yaradıcılıq işlərini yekunlaşdırmaq üzrədir.

Sənətə ilk gəlişini xatırlayan Şahnaz Haşımova bu haqda söhbətlərinin birində deyir: “Biz sənətə gələn zamanda populyarlaşmaq barədə fikirləşmirdik. Hətta o vaxtlar qızlar müğənni olmaqdan çəkinirdilər. Qızları yalvar-yaxarla sənətə gətirirdilər. Mən yatsaydım,yuxuma belə girməzdi ki, nə zamasa müğənni olacam. Səsimolduğuna görə Gəncənin Toxuculuq sarayında öz yoldaşlarımla dərnəyə gedirdim. Gəncədə hər il mayın 19-da mahnı bayramı keçirilirdi. Bütün mədəniyyət ocaqlarında konsertlər təşkil olunurdu, gənc istedadlar da həmin konsertlərdə üzə çıxarılırdı. Toxuculuq sarayında musiqi müəllimlərindən təşkil olunan ansamblın iştirakı ilə biz də konsert verirdik. Mən də Nəriman Məmmədovun məşhur “Analar” mahnısını oxumuşdum. Ondan sonra Fikrət Verdiyev məni Gəncədə yeni yaratdığı “Göy-göl” ansamblına solist kimi dəvət etdi. Mən əvvəlcə Fikrət müəllimin təklifini qəbul etmirdim. Fikrət müəllim də saldı tərsliyinə, hara gedirdim qabağıma çıxırdı,deyirdi ki, “bizim ansambla gəl”. Mən isə müğənni olmaq istəmirdim. Beləcə oldu ki, Fikrət Verdiyevin dəvəti ilə taleyimi “Göy-göl” ansamblına bağlamalı oldum”.

Xalq artisti Şahnaz Haşımova respublikamızın hüdudlarından uzaqlarda da milli musiqimizin, muğamatımızın tanınmasında, təbliğində xüsusi xidmətləri vardır. Taleyin qismətindən sonradan rəhbərlik etdiyi Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının yaradıcı kollektivi ilə birlikdə bir çox xarici ölkələrdə dəfələrlə milli musiqi sənətimizin əsl təbliğatçısı olaraq Azərbaycan musiqisini layiqincə təmsil edib. Eyni zamanda onun rəhbərliyi ilə Gəncə Dövlət Filarmoniyasının musiqi kollektivlərinin cəbhə bölgələrində, əsgərlər eləcə də qaçqın və məcburi köçkünlər qarşısında dəfələrlə çıxışları təşkil olunub. Görkəmli sənətkar bununla da Gəncə şəhərinin ictimai-siyasi həyatında fəal iştirak etməklə yanaşı, Gəncə Dövlət Filarmoniyasının “Göy-Göl” Dövlət Mahnı və Rəqs Ansamblı,Xalq Çalğı Alətləri Orkestri və Dövlət Kamera Orkestrinin konsertlərinə bacarıqla bədii rəhbərlik və təşkilatçılıq edib.

Xüsusi olaraq qeyd etmək istərdim ki, muğam sadəcə hansısa bəstəkar tərəfindən bəstələnən sadə bir musiqi və ya avaz demək deyil. Muğam insan ruhunu oxşayan, onun psixologiyasına müxtəlif istiqamətlərdə təsirlər göstərə bilən unikal bir vasitədir. Dərin fəlsəfi məna daşıyan poeziyaya əsaslanan hər hansı bir muğamı diqqətlə dinləyərkən, Füzuli, Nəsimi, Seyid Əzim Şirvani, Vahid və başqalarının qəzəllərinin mənası üzərində düşünərkən, insan sehrli bir aləmə dalır, keçirdiyi hisslər həmin muğamın musiqi dili ilə onun səhnə obrazlarına çevrilir. Məhz Şahnaz Haşımovanın ifasında muğamlarımız öz orjinal kolaritliyini qoruyub saxlamaqla milli musiqi mədəniyyətimizin bir daha əvəzsiz varlığı olaraq təqdim olunur.

Sözsüz ki, muğam ifaçılığının əsas keyfiyyət meyarı xanəndənin peşəkarlığıdır. Lakin mütəxəssislər haqlı olaraq hesab edirlər ki, xanəndənin ustalığı, onun muğam ifa edərkən dinləyicini başqa bir aləmə aparmaq bacarığı da az rol oynamır. Muğam sənətinin ecazkarlığı, sehri məhz bundadır. Burada səsin gözəlliyi isə çox vacib amildir. Bu baxımdan muğamlarımızın ifasında belə Şahnaz Haşımovanın səsinin ecazkarlığı bu peşəkarlıqdan xəbər verir. O, hər zaman muğamlarımızı böyük ustalıqla və səsinin ahəngi üstündə uğurla qurmaqla dinləyicini bu sehrli aləmə qovuşdurur. Məhz bunun nəticəsidir ki, Şahnaz Haşımovanın Azərbaycan televiziyası və radiosunun “Qızıl Fondu”nda saysız-hesabsız lent yazıları bu gün də milli-mənəvi dəyərlərimiz olaraq qorunub saxlanılır. Onun zəngin repertuarında “Kəsmə şikəstə”, “Qarabağ şikəstəsi”, “Mirzə Hüseyn segahı”, “Şahnaz”, “Dəstgah” kimi muğamlarımızla yanaşı həmçinin “Uca dağlar”, “Qaragilə”, “Şuşanın dağları” adlı xalq mahnıları eləcə də Azərbaycan bəstəkarlarının mahnıları, həmçinin türk, fars, tacik, əfqan, ərəb və başqa xalqların mahnıları da əsas yerlərdən birini tutur.

Bu gün ötənləri xatırlayan xalq artisti Şahnaz Haşımova sənət uğurlarının qazanılmasında ailə üzvlərinin də xüsusi yeri olduğunu qeyd edir: “Evimizdə mənə qarşı xüsusi diqqət və qayğı vardı. Hətta mən məşq edəndə, valideynlərim heç kimi mənim otağıma buraxmazdılar ki, məşqlərimə mane olmasınlar. Aybəniz uşaq vaxtı çox dəcəl idi. Otaqdakı stolun altına girib gizlənirdi ki, mənə qulaq asa bilsin.Onda ağlıma gəlməzdi ki, o da mənim kimi müğənni olacaq. Üç-dörd yaşı vardı, mən evdə məşq edəndə stolun altına girib nağara çalırdı.Görürdüm ki, həqiqətən ritmi düz tutur. Ondan sonra oldu mənim nağaraçalanım. Mən məşq edəndə, o da məni ritmlə müşayiət edirdi. Bir müddət keçəndən sonra aparıbAybənizidə musiqi məktəbinin fortepianosinfinəqoydum”.

Onun sənət yolu heç də hamar olmayıb. Sözsüz ki, bu illər ərzində sənətinə paxallıq edənlər, hər vəclə yaradıcılıq uğurlarına mane olmaq istəyənlər də az olmayıb. Ancaq belə hallarda hər zaman xeyirxah insanların gücünə güvənib. Xeyirxahlarını bu gün də böyük məmnunluqla xatırlayan Şahnaz Haşımova yaradıcılıq uğurlarını taleyinin qisməti adlandırır: “Hərdən həvəsdən düşəndə yaxşı insanlar bizə təsəlli verirdilər. Söz kiaçıldı,qoydeyim,birzaman Gəncədə mənə yaman zülm etdilər. Elə oldu ki, konsertlərdə iştirak etməkdən imtina etdim. Hətta doğma Gəncəmdən çıxıb getməyidə düşünürdüm. Yaxşıinsanlar, xeyirxahlarım sağolsunlar, bizə dəstək oldular. Hətta öz sevdiyim ansamblımdan bir il ayrılmalı oldum. Bu zaman həyat yoldaşım, respublikanın əməkdar artisti Eldar Abdullayev Şərəfxanlı El nəğmələri Teatrının binasında“Yeni Gəncə” adlı ansamblı yaratdı. O zaman bacım Aybəniz də mənə dəstək olmaq üçün Bakıdan gəlib bir müddət yanımda qaldı”.

Deyirlər yaş artıqca insan müdrikləşir, ötən illərə geri dönüb bir də baxır, atdığı addımların düzünə-səhvinə nəzər yetirir, hərdən heyfslənir də. Yaşa dolduqca insan düşünür ki, ömür karvanıma az qalıb. Bu zaman bir az sıxılırsan. Belə anlarda insanın əzizləri, ailə üzvləri daha çox gərəkli olur. Bu gün 40 ildən artıq səmimi və mehriban, xoşbəxt ailə həyatı ilə yanaşı iki övlad altı nəvə sahibi olan Şahnaz Haşımova öz muğam sevgisini elə bu istəklər üzərində kökləyir. Həyat yoldaşı dəyərli kaman ustası, respublikanın əməkdar artisti Eldar Abdullayev və oğlu əməkdar artist Tural Abdullayevlə birgə bu sənət yollarını birgə addımlayır. Sənət zirvəsinin ucalığında, müqəddəs saydığı səhnənin varlığında, keşiyində dayanır.

Anar Burcəliyev

Teatrşünas