adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
21 Sentyabr 2020 09:16
63551
ƏDƏBİYYAT
A- A+

Əbülfət Mədətoğlu: Payızdan bir not

(Günümün şeirlərindən )

Ovcuma qızılı xəzəl yığıram,
Bu payız özünü çırpır üstümə...
Yaydan təngənəfəs - yorğun çıxıram -
Bu payız salıbdı cığır üstümə...

Dağların zirvəsi dumanlanıbdı
Ümidd də dizini bükübdü səssiz...
Gözümü, könlümü duman alıbdı -
Mən heç vaxt olmurdum belə həvəssiz...

Sözü də saxlamır dilimin ucu,
Kədər iməkləyir bəbəyə tərəf...
Elə bil bu payız əlində qayçı -
Tələsir, toxunmuş gəbəyə tərəf...

Sıxıram ovcumda , ürəyi didən
Ayrılıq ağrısın ...amma ki əbəs...
Mənəm bu payızla ürəyi gedən -
Bir ovuc su götür yanıma tələs...