adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
21 Sentyabr 2020 11:29
66457
MÜSAHİBƏ
A- A+

"Ədəbi mühitin üstünü qara kələğayı ilə örtüblər" - MÜSAHİBƏ

Həmsöhbətimiz gənc şair Habil Rzanurdur.

-Xaçmazdan Bakı ədəbi mühiti necə görünür?

-Öncə onu deyə bilərəm ki, son dönəmlərdə ədəbi mühit görünmür. Elə bil üstündə qara kələğayı var, kimsə qəsdən örtüb. Ya da "ədəbi mühitin" ədəbi ədəbindən utanır, gizlənir, görünmək istəmir. Qaldı Xaçmazdan necə görünməyinə, tam səmimi deyirəm oradan Xaçmaz necə görünürsə, Xaçmazdan da məhz elə görünür.

-Dövlət qulluğunda çalışırsan. Bu şair kimi mane olmur? İstər-istəməz bu iş yaradıcılığın üzərində senzura yaradacaq.

-Məni heç kim dövlət qulluğunda çalışmağa məcbur etməyib, çalışdığım orqan da kiminsə həyatına müdaxilə etməyimə izn verməyib. Hər daş öncədən kimə atılacağını bilir, hiss edir. Mən heç vaxt nə daş olmamışam, nə də daş atan, belə hallarda hədəf olmaq içini rahatladır. Daxilində gizlədiyin məsumluq üzə çıxır, paklanırsan. Qulluğunda olduğum orqanda yalnız pedoqoji və yaradıcılıq fəaliyyəti ilə məşğul olmaq imkanım var, şeir yazmağım isə hal-hazırda çox müsbət qarşılanır, iş həyatıma bir başa təsir edir, yarı zarafa-yarı gerçək onların fəxriyəm. Yazmaq istədiyimi də yazmışam şeirlər də ki, sübut.

 

Yaşadıqlarımızdan deyil, yaşamadıqlarımızdan yapışmalıyıq

 

-Mərmi "lülədən ayrılmıram"- deyib nə vaxt üsyan edəcək? Bəlkə mərmilərin üsyanı barmaqlarımızın tətiyi çəkmirəm- üsyanından sonra olacaq?

-Səhv etmirəmsə, ilk imperialist quruluş Akkadlar olub, o çağdan bu günə qədər hətta bu cümləni bitirdiyim ana qədər bizə məlum olan tarixdə cəmi 26 gün müharibə olmayıb. İnsanlığın ən çox utandığı rəqəmdir bu bəlkə də, amma biz durmuruq, artıq yaşamaq deyil, öldürmək üçün savaşırıq. İnsan mənim tanıdığım insandırsa, o barmağı kəsər, heç bir halda tətikdən vaz keçməz. Bu misra "XXII" şeirimdəndir. Adından da məlum olduğu kimi XXII əsr biz yaşadıqlarımızdan deyil, yaşamadıqlarımızdan yapışmalıyıq. Ümid edirəm bir gün zorla lüləsindən ayırdığımız mərmilər, üstünə tüpürdüyümüz səkilər, ac qoyduğumuz zibil qabları, abort masaları insandan bunun hesabını sorocaq.

- Şairi şairinin başını 5-10 manat qonorara görə istədiyi bir cəmiyyətdə neft quyularından ağ göyərçinin çıxmasını gözləmək Don Kixotluq deyil?

-Bu misal göstərdiyiniz cümlə də elə XXII əsr şeirimdəndir. Əlimdə seçim olsa ya Don Kixot olardım, ya da Novruzəli. "Aradakı fərq Ədəbiyyatla ədəbi mühit arasındakı qədər olsa da, bu belədir."

 

Mən balaca adam deyiləm

 

-Dualar, anaların dilində müqəddəsləşirsə, eşidilirsə, bu qədər ana ağısı hardandır? Eşitmirsən? Mənim qulağım belə batır.

-Bir şeirimdə Allaha səslənirəm ki, İnanıram varlığına, İnanmıram lallığına, korluğuna, karlığına. Bir əsa lütf eylə bizə, Bir Musa göndər yenidən. Böl dənizləri ikiyə, bu dünyaya barış göndər. Birdən ağlasan incimə Üzünü çevir cənuba Afrikaya yağış göndər. Tam ciddi deyirəm, mən balaca adam deyiləm. Mən öz uşağının gülüşünü görən adamam. "Harada bir ac varsa, onun payından mən də yemişəm" etirafını edə bilən adamam. Belə deməklə bəlkə də, yaradanın diqqətini çəkmək istəmişəm. "Bax ha, bu duanı ana edib, sən də müqəddəs olanları çarəsiz qoymazsan." deyə.

-Hələ Mirzə Fətəli Axundov “Kəmalüddövlə məktubları”nda deyirdi ki, mənasız sözləri bir yerə yığıb sonunu qafiyələndirirlər. Adı da olur poeziya. Poeziya nədir?

-Mənim üçün poeziya iki üstəgəl ikinin dörd eləmədiyi aləmdir.2017 də" Zibil qabı" şeirini yazanda Musa Yaquba oxudum, qayıtdı ki, adam var şeiri zibilə çevirir adam da var zibili şeir edir. İndi mənə görə poeziya o nöqtədə ilişib qalıb, sən gözəl görünən bil gülə, ağaca, nə bilim qarışqaya salam verə bilmirsənsə, təkcənəliyə çəkilib ona "siz" deyə müraciət edə bilmirsənsə sənin poeziyaya aidiyyatın yoxdur.

-Bu qafiyə davası bizim ədəbiyyatda çox çəkəcək?

-Əşi Molla Pənahın dövründən bir-bir yaralı Maral ilə bir incə Ceyran var. Ha qovurlar, ha qovurlar maşallah nəyimiz olmasa da Şalbana tülpan qafiyyəmiz var həmd olsun. Mən də qafiyə burulğanında itib batan vaxtlar keçirmişəm, demirəm pisdir, kökənlərimizdə bu var. Amma inkişaf, dəyişmək mütləqdir, vacibdir. Hələ biraz da çəkəcək.

-Argentinalı tənqidçi deyir ki, şeiri hər kəs yaza bilər. Bəs, poeziya? Poeziyanı hər kəs yarada bilmir.

-El misalı "Allah onun ölənlərinə rəhmət eləsin. Bir tanışım vardı deyirdi şair, bilirəm e, nə deməliyəm sadəcə sözləri gud eliyə bilmirəm (yəni yığa bilmirəm). Məncə hər kəs bacara bilər, sadəcə gud eləyə bilmir.

- Poeziya sillədir. Oxucuya vurduğun sillə. O sillə oxucunu var olduğu dünyadan ayrı dünyaya aparır. Habil indiyə kimi oxucuya sillə vura bilibmi? Vurubsa neçə dəfə, hansı misralarla?

-Tamami ilə razıyam, biz elə bir dünyada yaşayırıq ki, "burda mərmilər də çox ədəblidir, böyüklü-kiçikli kimi görsələr görüşürlər". Bəzən tankların atəş səsində "Cənnətlə cəhənnəmin bir-birinə necə çığırdığını görürük" bəzən də "qızılgül kollarının insanlar atəş açıdığını, insanların al ləçəklərə boyandığını görürük".

 

Söhbətləşdi: Emin Piri