adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
21 Sentyabr 2020 11:32
59536
MARAQLI
A- A+

"Hindistanlı" badımcandan qış tədarükü: Şorabası, "ikra"sı...

Qışa hazırlıq prosesi hazırda hər evdə sürətlə irəliləməkdədir. Ən maraqlı məşğuliyyət isə şoraba (turşu) tutmaq, qış süfrələrini zənginləşdirməkdi. Ötən yazılarımızda pomidor turşusunun tutulması, qışa hazırlanması haqqında oxucularımıza geniş məlumat vermişdik. Bu gün isə şorabaların ən ləzzətlisi olan badımcan turşusu haqqında danışacağıq. Yeni ailə quran gənc xanımları bilgiləndirəcəyik.

Amma əvvəlcə badımcan və onun faydaları haqqında öyrənək.

 

"Hindistanlı" badımcan...

 

Çoxillik tərəvəz bitkisi olan badımcanın vətəni Hindistanın tropik rayonları hesab edilir. Burada badımcan yabanı halda bitir. Badımcan Aropa ölkələrində XIII-XV əsrlərdə birillik tərəvəz bitki kimi becərilməyə başlayıb.

Badımcanın təbii rəngi bənövşəyidir. Amma, son illərdə onun müxtəlif rəngli növləri yetişdirilmişdir. İndi badımcanın ağ, sarı, qəhvəyi, hətta qara rəngi də var. İndi hətta badımcanın müxtəlif ölçülü və formalı çeşidləri(yumurtaya, armuda,slindirə, şara bənzər) də var. Bu giləmeyvənin ( badımcan giləmeyvədir) çəkisi 30 qramdan 2 kiloqrama qədər ola bilir. Növündən asılı olmayaraq badımcan bir az bərk, bir az yumşaq, xırda toxumlu və özünəməxsus dada malik olur. Badımcan quru qida maddəsi kimi istifadə edilmir.

Badımcanın kalori dəyəri 24 kKal-dir və yağsız dietik qida maddəsi hesab edilir.Bişmiş duzsuz badımcanda 33 kKalori olur.

Badımcanın faydaları

 

Mütəxəssislər, dietoloqlar badımcanın orqanizm üçün faydalı olduğunu söyləyirlər. Belə ki, onun tərkibi liflərlə, pektin və digər dietik maddələrlə zəngindir. Badımcanın tərkibində şəkər, sülallar, yağlar, kalium, kalsium, natrium, maqnium, fosfor, brom, xlor, aliminium, dəmir, yod, molibden, ftor, kolbat, sink, müxtəlif mikroelementlər və B1, B2, B6, B9, C, P, PP, D vitaminləri var.

Badımcandan hazırlanan yeməklər ateresklerozun, ürəyin işemik xəstəliklərinin, öd daşı xəstəliyinin əmələ gəlməsinin qarşısını alır, qanda pis xolesterinin miqdarının azalmasına səbəb olur. Badımcandan bişirilən yeməklərlə qidalanmaq qan azlığını aradan qaldırır. Badımcan şəkər xəstəliyi və böyrək xəstəlikləri zamanı çox faydalıdır. Yaşlı adamlara daha çox faydası dəyir. Belə ki, badımcan ürək damar xəstəlikləri əlamətlərini və bu xəstəliklər səbəbindən əmələ gələn şişkinliyi aradan qaldırır.

Mütəxəssislər uşaqlara və hamilə qadınlara badımcandan hazırlanan yeməklərdən itifadə etməyi məsləhət bilir. Buna səbəb isə badımcanın tərkibinin vitaminlər və mikroelementlərlə zəngin olmasıdır. Badımcana xüsusi tünd dad verən "solanin M" adlı maddədir. Bu maddənin həddindən çox olması orqanizm üçün zəhərlidir, Badımcanı duza qoyub saxladıqdan sonra əllə sıxaraq suyunu axıtdıqda bu zəhərli maddə xaric olur.

Badımcan şorabası

 

Çoxumuzun soyuq qış günlərində isti yeməyin yanında sarımsaqlı, sirkəli, acı badımcan turşusundan ötrü ürəyi gedir. Bu dəfə sizə təqdim edəcəyimiz resept isə turşu sevərlər üçün əla seçimdir. və süfrələrinizin bəzəyi olacaq!Beləliklə, badımcanları yuyun, sap və uc qisimlərindən bir barmaq buraxaraq ortasını ucu ilə uzununa 4 bərabər hissəyə ayırın.

Duzlu suda yumşalana qədər qaynadın. Qaynama prosesi bitdikdən sonra bir qabın içinə üst-üstə yığıb, üzərinə ağır bir şey qoyun, acı suyunun çıxması üçün 3-4 saat saxlayın.

Digər ərzaqları isə yuyaraq xırda-xırda doğrayın. Doğradığınız bütün ərzaqları qarışdırın, acı suyunu buraxan badımcanların kəsdiyiniz hissəsinə doldurun və kərəviz sapı ilə bağlayaraq balona yığın. Turşunun suyunu hazırlamaq üçün balon tutacaq qədər suyun hər litrinə 1,5 yemək qaşığı iri duz töküb bu suyu qaynadın və soyuduqdan sonra sirkəni də əlavə edin. Turşunun üstünə çıxana qədər balona suyu tökün. Qapağını bərk bağlayıb, 1 ay saxlayın və artıq turşunuz yeyilməyə hazırdır.

 

Badımcan kürüsü (ikrası)

 

Badımcan İkrası badımcandan hazırlanan və qış üçün ən ləzzətli yeməklərdəndir. Manqalın üstündə közlənmiş badımcan, ona əlavə olunan pomidor, bibərin qarışımından hazırlanan kürü çörək diliminin üstünə çəkilib yeyiləndə bir başqa təamı olur.

Badımcanları və bibəri yuyun və qurudun. Onları açıq qazın üzərində və ya isti kömürlü manqal üzərində yaxşı közləyin. Qabıqları tamamilə qovrulmuş olmalıdır. Soyuduqdan sonra qabıqlarını soyun. Bibərin toxumlarını çıxarın və həm badımcan, həm də bibəri xırda-xırda doğrayın. Kənara qoyun. Orta ölçülü tavaya yağ əlavə edin, soğanı tez-tez qarışdıraraq tam qəhvəyiləşənə qədər gözləmədən, təxminən 7-10 dəqiqə qızardın. Üzərinə pomidorları əlavə edin, suyunu tamam çəkənədək bişirin.

Badımcan və bibəri pomidorların üzərinə əlavə edib, vam xodda arada qarışdıraraq suyu çəkilib və tamam həmcins qarışım əldə edənədək, təxminən 40 dəqiqə bişirin.

Odun üzərindən götürməmişdən 5 dəqiqə əvvəl sirkəni əlavə edin və qarışdırın. Kənara çəkin və soyumağa qoyun. Qabın və ya bankanın içinə doldurun. Ən az 3 saat və ya gecə boyu soyuducuda saxlayın.

“Kasıb kürüsü” kimi tanınan badımcan kürüsü badımcanın toxumlarına görə bir az balıq kürüsünü xatırladır. Bu yeməyin etimoloqiyasındakı “kürü” sözü də bəlkə də elə bununla bağlıdır.

Süfrəniz bərəkətli olsun!

 

Əntiqə Rəşid