adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
22 Sentyabr 2020 12:41
51840
ELM VƏ TƏHSİL
A- A+

Bizim evdə xeyli müəllim var... - Vüsalə Mahirqızı yazır

Deputatarımız siyasi və sosial məsələlərə qarışmırlar, ona görə də biz deyək.

Təhsil məsələsi ilə bağlı. Pandemiya, sağlamlıq məsələləri ilə bağlı görülən karantin tərbirlərini tam dəstəkləyirəm. Amma nəzərə almaq lazımdır ki, online və distant təhsil üçün infrastrukturu gücləndirməliyik. Özəl məktəblər istisna olmaqla digər ümumtəhsil müəssisələrində tədris prosesi ciddi problemlə üzləşib. Bizim evdə xeyli müəllim var, problemi ondan bilirəm. Hər valideynin nəinki komputer, heç aylıq internet paketi almaq, evi internetlə təmin etmək imkanı yoxdur. İki-üç uşaq olan evlərdə ananın bir mobil telefonu var, məhdudiyyətli internet paket götürə bilir, bu da ancaq müəllimin yaratdığı qrupa atdığı ev tapşırıqlarını götürməyə yetir. Bakıda vəziyyət belədirsə, rayon və kəndləri təsəvvür eləmək çətin deyil. Heç kimə sirr deyil ki, rayonlarda elektrik enerjisi verilişində də tez-tez fasilələr yaranır. Hələ mən müəllimlərin də xeyli hissəsinin komputersiz olmasından danışmıram.

Təhsil Nazirliyinin bu məsələdə edə biləcəyi nədir, onu bilmirəm, açığı. Araşdırma aparmaq, problemi ortaya qoymaq onların işidir. Amma komputer, modem satışı ilə məşğul olan şirkətlər endirim, güzəştli kredit kampaniyaları edə bilərlər. Müəllim və şagirdlər üçün xüsusi kampaniyalar eləmək mümkündür. İnternet provayderlərlə danışıb, güzəştlər almaq, kampaniyalar etmək olar. Axır ki, bu problemi görmək və həll etmək vacibdir. Təhsil divardır, orda hörülməyən hər bir kərpicin yeri boş qalır.

O ki qaldı özəl məktəblərə. Məncə, onların əksəriyyətinin infrastrukturu tədrisi bərpa etməyə imkan verir. Çünki əksərində sinifdə 5-10 uşaq var. Bineyi-qədimdən onlarda "parta yoldaşı" sistemi yoxdur, hər kəs tək oturur. Bu məktəblərdəki uşaqlar ya məktəbin xüsusu nəqliyyatı, ya da hər gün istifadə etdikləri şəxsi nəqliyyatla məktəbə gəlirlər. Bu məktəblərdə xüsusi gigiyenik standartları daha da sərtləşdirməklə, dezinfeksiya tunelleri quraşdırmaqla tədrisi bərpa eləmək mümkündür. Hansısa dövlət məktəbinin də belə infrastrukturu varsa, tədrisi niyə də intensivləşdirməsin?