adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
23 Sentyabr 2020 11:52
93563
MÜSAHİBƏ
A- A+

“Tədris və təbliğ etdiyimiz ədəbiyyat qarşı tərəfin həyatını əks etdirmir” - MÜSAHİBƏ

Həmsöhbətimiz Lerik rayonu, Laman kənd ümumi orta məktəbinin Azərbaycan dili və ədəbiyyat fənnindən müəllimi Coşqun Dövlətovdur.

 

 

Aranda doğuldum,cənubda böyüdüm.

 

-Mərkəzi Arandan olsan da təhsilindən müəllim fəaliyyətinə kimi həyatın cənub rayonlarında keçib.

-İmişli rayon Xəlfəli kəndində anadan olmuşam. Uşaqlıq və məktəb illərim doğulduğum yerdə keçib. Təhsil aldığım yer təsadüfdən (daha doğrusu yığdığım nəticəyə uyğun olaraq) Lənkəran şəhəri olub. Bu illərdə cənub bölgəsi məni özünə çəkməyi bacardı. Pedaqoji fəaliyyətə Lerikdə başlamağıma səbəb bu bölgənin təbiəti, mətbəxi və qonaqpərvər insanları oldu. Hərdən özümə deyirəm ki,mən aranda doğuldum,cənubda böyüdüm.

 

-Hərbi xidməti Ağdamda keçmisən. Söhbət əsnasında həyatının ən gözəl ilinin məhz Ağdamda hərbi xidmət dövrünün olduğunu bildirdin. Buna xüsusi özəllik qatan nədir?

-2016-cı ildə həqiqi hərbi xidmətə yola düşdüm. İlk əvvəl Gəncə və Goranboy rayonlarında təlim aldıqdan sonra Ağdamda xidməti davam etdirdim. Səngər mənə beşik qədər doğma gəldi. Ağdamda olanda vətəndaş kimi öz rolumu və mövqeyimi daha çox dərk etdim. Həm böyüdüm,həm də formalaşdım. Aprel döyüşlərindən 3 ay sonra xidmətə getdiyim üçün,o döyüşün təəssüratlarını çox hiss etdim. Qəhrəman Raquf Orucovla çiyin-çiyinə vuruşan igidlərlə həmsöhbət oldum,onlardan hərbi təlimlər aldım. Bir qabdan yemək yediyimiz əsgər yoldaşımızı şəhid verəndə çox sarsıldım. Tanrıya dua edirdim ki, bizim qürurumuzu sındırmasın. Son iki-üç gündə olan dirçəliş məni ruhlandırıb. Hətta öz silahımın nömrəsini belə heç vaxt yaddan çıxarmamışam. Ümidim çox böyükdür.

 

-Müəllim həyatından öncə fəhlə kimi çalışmısan. Fəhləlikdən müəllimliyə. Fəhlə həyatı müəllimliyi çox sevdirdi?

-Müəllim fəaliyyətimdən öncə tikintidə fəhlə işləmişəm. Fiziki olaraq çox çətin deyildi. Mən kənddə böyümüşəm. Kəndçi üçün fiziki iş yaşam tərzidir. Mənəvi cəhətdən çox çətinlik çəkirdim. İş mühitinə adaptasiya ola bilmirdim. Qərara gəldim ki,həyatda özümə mövqe seçim. Qarşıya məqsəd qoydum və o məqsəd üçün əzmlə hazırlaşdım. Nəticə isə məni cəmiyyətin nüfuzlu peşə sahibi etdi.

 

Silahımın nömrəsini belə yaddan çıxarmamışam

 

-Lerik rayonunun təbiəti ekstremaldır. Bu turist kimi xoş ola bilər. Amma aranlı üçün yaşayış baxımdan heç də asan deyil.

- Lerikin təbiəti gözəldi. Təsəvvür edin, bir tərəf meşə,bir tərəf çay,dağlar da arxanda dağ kimi durub. ilk günlər yuxu kimi gəldi. Xüsusilə də yaz ayları bir başqa olur. Bir aranlı üçün böyük çətinlik qış aylarında olur. Ümumiyyətlə, qış ayları dağ kəndlərində çətinlik törədir. İşlədiyim kənddə qaz olmadığı üçün qızdırıcı olaraq odundan istifadə edirik. Peşə sevgisi nədənsə çətinliklərin üstündən xətt çəkir.

 

-Dağ adamları bir fərqli olur...

- Dağ adamları... Bunlar içdikləri su qədər şəffaf, aldıqları hava qədər təmiz,çox da saf olurlar. Az maddiyyatla çox gözəl həyat yaşaya bilirlər. Özlərinə çox vaxt ayıra bilirlər.

 

 

Şəhər məktəblərinin bir sinfi qədər məktəbdə şagirdimiz var

 

-Laman əhalisi çox deyil. Mən bilən, məktəbdə şagird sayı da 40 ətrafı olar. Halbuki, şəhər məktəblərində sinifdə elə sizin məktəbin şagirdi qədər uşaq olur.

- Laman elə də böyük kənd deyil. Hər tərəfli dağlarla əhatə olunmuş kiçik bir kənddir. Şagird sayı azdır. Şəhər məktəblərində bir sinifdə olan şagird bizim ümumi məktəbimizdə cəm alır. Bunun həm müsbət,həm də mənfi tərəfləri var. Şagird sayının azlığının müsbət tərəfi ondan ibarətdir ki,vaxt etibarilə şagirdlərə çox vaxt ayırmaq olur. Mənfi tərəfi isə, şagirdlər arasında rəqabətin az olmamasıdır. Çoxluq olduqca rəqabət də yüksək olur.

 

-Başqa zaman valideynlər şikayətlənir ki, məktəbdə şagird çoxdur, vaxt çatdırmaq olmur deyə övladlarını hazırlığa göndərirlər. Bəs, bu tipli məktəblərdə nə mane olur? Sinifdə 5-6 şagird olur. Valideyn biganəliyi, müəllim məsuliyyətsizliyi, yoxsa nə?

- İşlədiyim müddətdə nəticəmiz ürəkaçan olub. Qeyd edim ki, mən ümumi orta məktəbdə fəaliyyət göstərirəm. Bizim məzunlar ya kolleclərə qəbul olub kolleclərdə,ya da tam orta məktəbdə təhsillərini davam etdirəcəklər. Bütün mühitlər üçün (şəhər, kənd) məsuliyyət bölüşdürülür. Müəllimin öz məsuliyyəti, valideynin öz, dövlətin öz məsuliyyəti olmalıdır. Şagirdlərimizdə böyük problemlərdən biri də tez böyüməsi və ya özünü böyük göstərməsidir. Məktəbli ailə qayğısı çəkməməlidir. Buna görə əvvəl dövlət, sonra isə cəmiyyət mədəniyyət daşımalıdır. Şagirdin işi uşaqlığını yaşamaq və dərsləri ilə məşğul olmaqdan ibarət olmalıdır. Bu olduğu halda nəticə hər zaman gözəl olacaq.

 

-Həmişə şikayətlənirik ki, çağdaş ədəbiyyatımıza maraq azdır. Bunun bir öhdəliyi də məktəblərdə ədəbiyyat dərsini tədris edənlərin üzərinə düşür.

-Bu sualı gözləyirdim. Hər zaman demişəm,hər zaman da deyəcəm, ədəbiyyat proqram çərçivəsində tədris olunmamalıdır. Ədəbiyyat sərbəst bir fənn olmalıdır. Böyüklü-kiçikli kimə sual versək ki, "ədəbiyyat nədir?". Hamımız "həyatı əks etdirən söz sənəti" cavabını verəcəyik. Gəlin görək tədris və təbliğ etdiyimiz ədəbiyyat qarşı tərəfin həyatını əks etdirirmi? Əlbəttə,xeyr! Şagird,tələbə öz istəyinə uyğun müəllif seçib oxuya bilər. Lap xırdalıqlarına getsək belə deyim,ola bilər ki, şagird klassik ədəbiyyatdan çox müasir ədəbiyyatdan mənəvi qida ala bilər, maariflənə, tərbiyələnə bilər. Mən dərs dediyim müddətdə çalışmışam gənclərimizi də öz şagirdlərimə tanıtdırım. Onlar da bunu sevə-sevə qarşılayıb.

 

-Ədəbiyyat müəllimləri adətən dərslikdə verilən müəlliflərlə şikayətlənir. Bir növ özünü əziyyətə vermir, nəticəyə hesablanmış tədris yolunu seçir. Halbuki, təhsil yalnız şagirdi universitetə hazırlamaq olmamalıdır.

- Öncəki sualın davamı olaraq deyim ki, ədəbiyyat fənni üçün ciddi dəyişiklik olmalıdır. Və ədəbiyyat nəticə olaraq əvvəldən hazırlanmış nəticəyə əsaslanmamıldır. Təhsil şagirdi cəmiyyətə hazırlamalıdır. Daha doğrusu desək məktəb şagirdi vicdanlı, dürüst vətəndaş kimi formalaşdırmalıdır. Peşə və ixtisas sonrakı işlərdir. Ancaq bəzən şagirdin mənəvi hisslərini bir kənara qoyub tədrislə o qədər yükləyirik ki,sonunda sevgi, qayğı azalır, robot yetişmiş olur. Bu cəmiyyətdə ciddi problemdir.

 

Kommunal xərclər dövlət tərəfindən ödənilməlidir.

 

-Müəllimlər arasında narazılıqdan biri də budur ki, imtahanla qəbul olunan, ucqar kəndləri seçən gənc müəllimlərə 60 və 140 manat əlavə ödəniş verilir, amma bu ödəniş 5 ildən sonra kəsilir. Bunu uzunmüddətli etmək olmaz?

- Həvəsləndirmə tətbiqi hər zaman olmalıdır. Hər kəs pafoslu olaraq qeyd edir ki, müəllimin əmək haqqı artıq olmalıdır. Nəticə isə göz önündədir. Müəllimin maddi qayğıları yüksək səviyyədə təmin olunmalıdır. Belə olmadığı halda maddi qayğılar tədris,təlim, tərbiyə kimi pedaqoji amilləri tapdaq altında alacaq. Bu də keyfiyyətli tədrisə böyük maneə olur. Yaşından asılı olmayaraq müəllim üçün ən azı kommunal xərclər dövlət tərəfindən ödənilməlidir.

 

-Və ya belə deyək, hətta 5 ilə aidiyyatı olmadan da bu ödəniş 35 yaşda kəsilir. 35 yaşdan sonra həyat başlayır. Amma bu yaşdan sonra ucqar kənd müəlliminin ödənişini kəsmək absurd deyilmi?

-Əlbəttə, absurd qərardır. 2013-cü ildən bəri Müəllimlərin işə qəbul imtahanlarının tətbiq olunması müəllimliyə böyük maraq oyatdı. 35 yaşdan yuxarı ixtisasca müəllim olanlar da qatılıb nəticə əldə etdi. Bu qərar onlara biganə qalmamalıdır. Nəinki 5 il, təqaüd yaşına qədər həvəsləndirmə tədbirləri öz fəaliyyətini göstərməlidir.

 

-Kənd yerində distant təhsili necə aparırsan? Ümumiyyətlə, orada distant təhsil alınır?

-Distant təhsil bütün yerdə böyük problem yaradır. İki-üç pilot məktəbi çəkib cəmiyyətə nümayiş etdirmək o demək deyil ki,hər yer o cür qayğı ilə əhatə olunub. Kənd yeri üçün ümumiyyətlə çətindir. Şagirdlərimin eləsi var ki, evlərində internetə çıxış üçün qurğu yoxdur(planşet, telafon, kompyuter). Hansı distant təhsildən danışa bilərik ki? Çalışıram əlimdən gələn köməkliyi edim, ancaq bir müəllim kimi təhsilin bu günkü durumu məni çox narahat edir. Zəncirlərdə qırıqlar olduğu halda bərpası illər alacaq.

 

Söhbətləşdi: Emin Piri