adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7

MOLLA, EŞŞƏK VƏ KORONA - EMİN PİRİ yazır

Emin Piri
118164 | 2020-09-23 11:59

Ən yaxşısı qınamaqdır. Vallah, biz əlimizdən gələni edirik, camaat əməl etmir. Məsuliyyəti üzərindən atmağa nə varki? Camaat həmişə bizim gizli silahımızdır. Camaat nə deyərlə öz bəhanələrimizə, qorxduqlarımıza haqq qazandırmaq. Yeri gələndəsə öz məsuliyyətsizliyimizi, bacarıqsızlığımızı camaatın üstünə atmaq. Bu camaat kəlməsi ilahi tərəfindən bizə verilən bir lütfdür. Yaşam tərzidir. Ideologiyadır, dindir, inancdır, siyasətdir və.s

Dedilər ki, metro, təhsil müəssisələri korona virusunu yayır. Ya Allah, bağladılar hamsını. Amma virus tüğyan etdi. Dedilər ki, xalq əməl etmir. Az qala iki milyona yaxın tədrislə əlaqali insanı boş-bekar buraxanda nə olmalı idi? Axı, şagird, tələbələr televizor deyil ki, istədiyin vaxt pultun pauzasını basasan, o da olduğu yerdə donub qala. Dünya da belə edir? Edir, amma o şəxslərə məşğuliyyət lazım idi ki, məktəbdən beş-betər ortalıqda dolaşmasınlar. Hanı o məşğuliyyət? Bunu düşündülər, dedilər, eybi yox, yenidən açırıq. Amma əmin olun, yenə də valideynləri, müəllimləri qınayıb bağlayacaqlar.

Metroda havasızlıqmış. Yeraltı dünya koronayla bizi yeraltına apararmış. Və digər mışlar. Amma koronanı yayan yerüstü oldu. BNA biabırçılığından danışmağa ehtiyac yoxdur. Sosial məsafə anlayışına yeni terminlər gətirən BNA da camaatı günahlandırmaqda gecikmədi. Hətta daha da irəli gedib virusu kasıbların üstünə atdı.

Açıq, qapalı restoranlar və.s uzun-uzadı çox danışmaq olar ki, çoxunuz bu barədə yazmısınız. Ona görə də uzatmıram.

Bir sözlə, gələn-gedən qınadı, ittiham etdi.

Bir lətifə ilə məsələnin əsl mahiyyətini demək istərdim.

Bir gün Molla Nəsrəddin oğlunu yanına salıb uzunqulaqla gedirmiş. Yoldan keçənlər deyirlər:

-Buna bax! O boyda kişi özü eşşəyə minib, uşağı piyada aparır.

Molla uzunqulaqdan düşüb uşağı mindirir. Yol kənarında oturanlar bunu görüb mollanı məsxərəyə qoyurlar:

-Ağsaqqal kişiyə bax! Uşağı mindirib eşşəyə, özü piyada gedir.

Belə olanda molla eşşəyi minib uşağı tərkinə alır. Amma yenə də yoldan ötənlərin qınağına tuş gəlir:

-Sən bir bunlara bax! İki yekə adam bir cansız eşşəyə minib.

Molla əlacsız qalıb uşaqla birlikdə eşşəkdən düşür, piyada getməyə başlayırlar. Bunu görən yolçular gülüşürlər:

-Nə ağılsız adamlardır. Yanlarında eşşək ola-ola ikisi də piyada gedir.

Axırda mollanın əlacı kəsilir, uzunqulağı dalına almalı olur...

Indi biz də nə etsək, onsuz da qınanacağıq, ittiham olunacığıq. Istər evdə oturduq, istər çöldə olduq. Istər maska taxdıq, istər taxmadıq. Istər sosial məsafə saxladıq, istərsə saxlamadıq. O mollanın gününə düşəcəyik.

Deməyim odur ki, dünyanın dalına düşək gedək, bir-birimizi qınamadan, ittiham etmədən. Onsuz da bu problem dünyada bitmədən bizdə də bitməyəcək. Boş yerə bir-birimizi üzüb, öz üzərimizə aqressiya püskürməyək.

Eşşəyi öz istədiyimiz kimi minək!

TƏQVİM / ARXİV