adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
24 Sentyabr 2020 20:11
82210
ŞOU-BİZNES
A- A+

Sevda Yahyayeva: “Həyat yoldaşım məni çox sevir, əsl xanım olmağı hiss etdirir”

Azxeber.com-un “Qonağım ol” rubrikasının qonağı tanınmış müğənni Sevda Yahyayeva olub.

- Tanınmaq üçün Sevda illərini qurban verdi. Geriyə dönüb baxanda ən çox nədən imtina etdiniz?

- Şou-biznes çox çətin bir sahədir. Müğənni olmaq mənim uşaqlıq arzum idi. Həmişə istəyirdim ki, səhnədə olum. Çox şükür ki, arzuma çatdım. Bu yaşıma qədər ailə həyatı qurdum. Demək olar ki, ailə həyatı qurmaqdan imtina etmişdim, ancaq buna da nail oldum. İnsanlar tərəfindən sevilirəm və bu da məni xoşbəxt edir.

- İndiki tanınmışlarla keçmişdə tanınanları müqayisə etsək, düşünürsünüzmü ki, indi tanınanlar illər sonra unudulacaq?

- Bizim vaxtımızda tanınmaq çox çətin idi. Hər dövrün öz tələbi var. Bizim dövrdə sosial media o qədər də aktiv deyildi. Mahnı oxuyub radiolara verib, efirə çıxmaq çətin idi. İndi elə bir dövrə gəlib çatmışıq ki, məşhur olmaq çox asandır. Qalıcı olmaq isə bu artıq zamanın işidir. Zaman hər kəsə layiq olduğu qiyməti verəcək.

- İnsan müəyyən mərhələyə çatdıqdan sonra özünə müəyyən qadağalar qoyur. Bəs Sevda özü-özünə hansı qadağaları qoyub?

- Belə böyük qadağa yoxdur. Olar-olmazlarım var. Məşhur həyatı yaşamaq çox çətindir. Baxmayaraq ki, bizim həyatımız daha asan və dəbdəbəli görünür. Ancaq ən əsası çalışıb düzgün yaşamaqdır, bu da çətindir. Şəxsən mən hər addımıma diqqət edirəm.

- Bilirik ki, kasıb ailədə böyümüsünüz. Ailəniz sizə nə qədər dəstək olub?

- Əslində ailəm hər zaman mənə dəstək olub. Baxçada və məktəbdə tədbirlər olanda oxuyurdum. Çünki mən hər zaman tanınmış olmaq istəyirdim. Onlar da sevinirlər ki, övladları arzusuna çatıb.

- Kasıbçılıqla böyümək çətindir. Bu illərdə hansı çətinliklərlə qarşılaşdınız?

- Çox sevinirəm ki, kasıbçılığın nə olduğunu bilirəm. Çətinlik və yoxluq görmüşəm deyə şöhrət və maddiyat başımı gicəlləndirməyib.

- Çox sakit təbiətli insansınız. Ailə həyatını da elə xasiyyətiniz kimi sakit bir tərzdə qurdunuz...

- Karantin imkan verdi ki... (gülür). Karantinə görə biz də bir çox cütlüklər kimi sakit şəraitdə ailə həyatı qurduq. Hər birinə xoşbəxtlik arzu edirəm. İnşallah toylara imkan verilər və biz də hamı kimi toyumuzu edərik. Ərə getdim bu o demək deyil ki, toyum olmayacaq. Toy hər bir gəncin arzusudur.

- Hər zaman şəxsi həyatını gizlədən Sevda bu dəfə bacarmadı. Bəs bu münasibətdə hansınız daha diqqətcilsiniz?

- Biz ancaq bir-birimizi tərifləyirik. Məncə münasibətlərdə hisslər qarşılıqlı olmalıdır. Ona görə də mən çox xoşbəxtəm. Bəlkə də 80 faiz qarşı tərəf, 20 faiz məndədir. Həyat yoldaşım çox gözəl insandır.

- Bəzən xanım ifaçılarımızın məşhur olması böyük sevgilərini bitirir. Həyat yoldaşınızın ailəsi bir ifaçı xanımı necə qarşıladı?

- İlk dəfə onlar bizə gələndə çox böyük həyəcan keçirirdim. Onun çox istiqanlı ailəsi var. İlk görüşdə mənlə elə mehriban davrandılar ki, elə bil 40 ildir bir-birimizi tanıyırıq. Özümü heç vaxt yad hiss etmədim. Ailəsi məni çox sevdi, mən də onları.

- Sevda həyat yoldaşının hansı xasiyyətinə heyran qalır?

- Mən onun xasiyyətinə heyranam. Çox mədəni, alicənəb və hörmətcildir. Hər bir addımında və kəlməsində mənə xanımlığımı hiss etidirir.

- Bir sual da var ki, hər kəsə maraqlıdır: Sevda nə vaxt ana olacaq?

- İnşallah nə vaxt qismət olarsa onda. Mən özüm də hələ bilmirəm.

- Karantin günlərində evdəsiniz. Evdarlığı bacarırsınız?

- Bacarıram. Hər bir şeyi də özüm edirəm. Bişirirəm, yuyuram, ütüləyirəm. Nə qədər vaxtım var hər şeyi özüm edirəm.

- Karantindən söz düşmüşkən... Xalq artisti Faiq Ağayev açıqlamasında dedi ki, “karantin dönəmində məni tədbirə çağırdılar amma qayadalara əməl edib, getmədim”. Bəs bu hal sizdə oldu?

- Bəli, bizdə də belə bir hal oldu. Hətta məbləğ belə yüksək idi. Ancaq mən getmədim. İlk növbədə sağlamlığım daha sonra qaydalara görə imtina etdim.