adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7

ÜŞÜYƏN XATİRƏLƏR -ƏBÜLFƏT MƏDƏTOĞLU yazır

ƏBÜLFƏT MƏDƏTOĞLU
153819 | 2020-09-26 09:59

Hələ ki onlarla isinirəm

Hava qəflətən dəyişdi. Əslində heç qəflətən də deyildi. Az qala on gün idi ki, simləri tez-tez dəyişirdi – gah aşağıda çalırdı, gah yuxarıda. Necə deyərlər, «mesajını edirdi» bizlərə. Elə bu «mesajı edirdi» sözünü dilimə gətirəndə yadıma bir lətifə düşdü. Onu ustad Hüseyn Arifin adı ilə də bağlayırlar. Amma nə qədər doğrudur deyə bilmərəm. Lətifə belədir ki…

Deməli, günlərin birində Əzrayıl hazır olur bir Allah bəndəsinin qarşısında və deyir:

- Dur gedək!

Allah bəndəsi bir aşağı baxır, bir yuxarı baxır və deyir:

- Bu boyda da namərdlik olar? Gəlməmişdən bir xəbər göndərərdin, mən də hazırlığımı edərdim. Heç olmasa əlimdəki işi bitirərdim.

Əzrayıl halını pozmadan deyir:

- Sağdakı qonşun Məmmədi tanıyırdın?

Bəndə dərhal cavab verir:

- Əlbəttə, Allah rəhmət eləsin.

Əzrayıl:

- Onu keçən ay apardım. Soldakı qonşun Qulamı tanıyırdın?

Bəndə yenə dillənir:

- Əlbəttə, Allah rəhmət eləsin.

Əzrayıl yenə halını pozmadan:

- Onu da keçən həftə apardım. Day bundan başqa nə cür xəbərdarlıq edəydim sənə?

Bəndə susur…

Bəli, indi hava da bizə müxtəlif simlərdə ismarıcını elədi. Gah isti oldu, gah qəflətən soyuq, gah yağış, gah tufan… Bütün bunlar xəbərdarlıq idi də… Bütün bunlar qarın gəldiyini söyləyirdi də - həm bizə, həm də başımızın böyüklərinə. Nə isə… dərd hava dərdi deyil. Dərd bu havada üşüməkdən necə qorunmağın dərdidi. Lap bir az da dəqiqliyə getsəm, heç üşüməkdən qorunmaq da dərd deyil. Yəni olub-qalanını geyinəcəksən, yorğanına, adyalına bürünüb bir küncdə oturacaqsan. Dərd üşüyən ürəyin, üşüyən ruhun dərdidi. Onu isitmək üçün o üşüyən ruh qədər, üşüyən ürək qədər də odlu-alovlu ürəyin, ruhun atəşi gərəkdi sarılsın bir-birinə, söykənsin bir-birinə… dursun göz-gözə, dursun nəfəs-nəfəsə və qalib gəlsin təbiətin çılpaqlığına… qalib gəlsin duyğuların pozulmuş nizamına… qalib gəlsin özünə, sözünə, bütövlüyünə…

Bəli, bu fikirlərin arxasınca düşüb getmək bəlkə də sizə xoş gəlməyəcək. Amma mən son vaxtlar daha çox baş verən hadisələrin mahiyyətində, cizgilərində, hərəkət mexanizmində öz iç dünyamın çırpıntılarını, düşüncələrini, istəklərini, lap hansısa xırdaca bir iynə ucu vintini görmək istəyirəm, tapmaq istəyirəm. Bəlkə də bu dəlilikdi, bəlkə də özündənmüştəbehlikdi… lap bəlkə də xəstəlikdi... nə bilim. Amma hər nədisə mən öz içimin diqtəsinə uyub ətrafda qurduğum xəyalın, içimdə daşıdığım aləmin, beynimdə cilaladığım düşüncələrin oxşarını, bənzərini, eynisini və yaxud da kiçicik bir nöqtəsini tapmaq üçün sinov gedirəm. Elə bilirəm onu tapsam, bəlkə nə isə dəyişdi.. bəlkə nə isə baş verdi.. və bəlkə o nə isə məni ümidləndirdi. Amma neyləyim ki, mən soraqlayıram, mən axtarıram, zaman isə öz axarındadı. Mən bu axara necə «dur!» deyim, necə «dayan!» deyim bilmirəm. Bildiyim odur ki:

 

 

Gözümü yumuram

içində

gözümü açıram

önündə

ötən anlarımda,

günümdə

səninlə

göz-gözə

üz-üzə

dayanıram, dururam…

mən

səndə yaşayıram

səndə

özümü unuduram-

bunu

sən istəməsən də!..

 

 

***

 

Var-gəl edirəm. Bu, havanın soyuq olmasına bir işarə deyil. Ona görə var-gəl edirəm ki, özümü axtarıram. Kimdənsə soruşmağa utanıram. Necə soruşum ki, məni görmüsünüz? Təsəvvür edin ki, belə bir sualla sizə müraciət edirəm. Onda mənə necə baxarsınız? Bax, onu təsəvvür edib ehtiyatlanıram və heç kimdən məni görüb-görmədiyini soruşmuram. Özüm özümü axtarıram var-gəl edə-edə, fikirlərimi dağa-arana daşıya-daşıya. Və bir də dəftər-kitabın, kağız-qələmin arasına boylanıram. Fikirləşirəm ki, orda ilişib qalmış olaram. Adətən kitabxanada, kitab mağazalarında o qədər ilişib qalmışam ki... O yaddaşla baxıram kitab-dəftər arasına. Amma yox! Orada da yoxam. Deməli, mən çox-çox uzaqlardayam. Əgər yaxında olsaydım gözə dəyərdim, kimləsə qarşılaşardım. Heç olmasa dostlardan, tələbə yoldaşlardan kimsə halımı soruşardı, salam verərdi. Mən özümü görüb tanıyardım. Bax, bu məqamda rəhmətlik Vahid Əlifoğlu yadıma düşür. O bir dəfə mənə məktub yazmışdı. Yazmışdı ki: «Ayə, ay qağa, sənin nə ölümün var o Bakıda. Axtaranda da tapmaq olmur. Telefonuna da zəng çatmayanda ağlımdan yüz-yüz fikir gəlib keçir. Fikirləşirəm ki, bunu maşınmı vurdu? Küləkmi götürüb atdı dənizə? Yoxsa, gecəqondusu uçdu, qaldı altında?». Hə, Vahid, Allah sənə rəhmət eləsin! Vaxtında sənə qulaq asmadım, səni dinləmədim. Sözünü eşitsəydim, indi mənim də dörd yoldakı çayxanada küncün birində yerim varıydı. Oturmuşdum bir küncdə sənlə siqaret tüstülədib, çay içib böyük ədəbiyyatdan danışardıq. Amma qulaq asmadım. Yapışdım Bakının asfaltından. Axırda da elə asfalta da çevrildim tapdalana-tapdalana. Ruhumu hər kəs öz istədiyi kimi yabaladı, süngülədi, dəlik-deşik etdi…

İndi də ayağa durmaq, yerimək, bir az iri addımlar atmaq istəyirəm. Amma o təpərim yoxdu, o gücüm qalmayıb. Sən demə, o təpər də, o güc də dostlarımdan, Haqqa qovuşan üzü nurlu adamlardan ibarət imiş. Onlar öz gedişləriylə, öz köçləriylə mənim gücümü də, mənim təpərimi də apardılar. Amma yaxşı elədilər. Mən də onların dalınca gedəndə yüküm yüngül olacaq, tez gedib çatacam, yorulmayacam yolda… Nə isə…

Bəli, mən özümü axtardığım bir məqamda hardansa yadıma gəlib düşür və mən yadıma düşən o məqamı təkrar yaşamaq istəyirəm. Çünki onda mən var idim, onda mən özümü axtarmırdım hələ və səninlə göz-gözə dayanmışdım. Elə göz-gözə dayandığım məqamda da sənə demişdim bu misraları:

 

 

Çətin olacaq sənə

Kirpikdən yaş qoparmaq…

Bu yaşı da ovcunda

Məzar üstdə aparmaq-

Axı qatil özünsən!...

 

 

Hər dəfə düşünəndə

Səslənəcəkdi bir ah…

Ömrün boyu çiynində

Daşınacaq bu günah-

Axı qatil özünsən!..

 

 

Şəhər yer axtaracaq

Gözünü gizlətməyə

Hətta sənin özündən

Özünü gizlətməyə –

Axı qatil özünsən!...

 

 

Nə cavab verəcəksən

Dilin çaşıb ad desə

Bu adın qatilinin

Adın sənə yad desə-

Axı qatil özünsən!

 

 

***

 

Yaxın günlərin söhbətidi. Bir dostla günümüzü-güzəranımızı müzakirə edirdik. Elə istəyirdik ki, uyğun bir variant tapaq. Elə bir variant ki, sıxıntılardan, bizə olan basqılardan və nəhayət, qurduğumuz xəyallardan sevdiklərimizi müəyyən qədər qoruya bilək. Çünki bizim zəifliyimiz, hətta xəyalpərvərliyimizin özü belə sevdiklərimizə həmişə problem yaşadır, onları həmişə çətin duruma salır. Bizim xəyalımızla onların gerçək ölçüləri ziddiyyət təşkil edib. Bu da sonda könül qırıqlığına, ruh incikliyinə səbəb olubdu. Bax, bundan sığortalanmaq mümkün olmasa da, hər halda bir az qorunmaq, bir az daldalanmaq mümkündür. Amma nə qədər çalışdıqsa, uyğun bir variant tapa bilmədik. Buna həm zamanın sürəti imkan vermədi, həm də bizim maddi durumumuz. Ona görə də əlimizi utandığı cibimizdən çıxarıb elə bir-birimizə tərəf uzatdıq. Möhkəm-möhkəm sıxıb ayrıldıq. Başqa vaxtlar belə etmirdik. Heç olmasa cibimizdə utandığından gizlənən əlimizi müəyyən qəpik-quruşla sevindirib ikimiz bir masa arxasında ən azı iki möhtəşəm tost demək xoşbəxtliyini yaşayırdıq. Amma sən demə, bunun ömru bura qədərmiş. O da tarixin arxivinə üz tutub. Və biz onun arxasınca kədərli-kədərli baxırıq. İçimizdə nələr düşünürük, dilimizdə isə:

- Qalsın gələn dəfəyə, onda oturarıq! – deyirik.

Hə, havanın şıltaqlığı müxtəlif ovqatlar yaratsa da, mənim yadımdan mövzunun lap ilk cümləsində dediyim üşüməyi çıxarmır. Çünki ürəyim üşüyür, ruhum üşüyür. Və mən indiki hava durumunu yalnız cismin üşüməsi kimi qəbul edənləri gülməli adamlar sayıram. Və onlara özümü axtara-axtara gülürəm. Görəsən bu adamlar niyə özlərini isti bir yerə verib isinmirlər ki? Çayxanalarımız, kafelərimiz, barlarımız, nə bilim saysız-hesabsız əyləncə yerlərimiz… Ya da məhəllədəki qazanxanalar.. Gedib kürəyini söykəyirsən iri ölçülü boruların birinə və xumarlanırsan. Nə səndən pul istəyən yoxdu, nə də kimsənin yerində durmursan ki, desin bir az o yana çəkil…

Hə, mən bütün bunları dedim və bilgisayarda da yazdırdım. Siz də uyğun bilsəniz oxuyacaqsınız. Amma mən sizdən soruşduğum suala cavab ala bilmədim. Yəqin o cavabı nə vaxtsa tapsanız mənim ünvanıma mesaj atarsınız. Çünki mən qalan ömrüm boyu ancaq var-gəl edə bilmərəm. Nəhayət ki, dayanmalıyam, özümü tapmalıyam. Bax, indi bu dəqiqə hiss edirəm ki, göy üzünə doğru gedirəm və ordan qulağıma səslər gəlir. O səsləri sizə də mən pıçıldayıram. Yəni əslində onlar mənim anladığım dildə danışırlar. Ona görə mən sizə onu çevirib çatdırıram.

 

 

Bir həzin

musiqinin

sədaları altında

həm də

göyün

sonuncu qatında

başını

söykəyib sinəmə

sol əlimi

alıb əlinə…

sağ əlimi isə

ilgək edib

belinə

ağır-ağır

rəqs edir

havalanmış

xatirələrim…

 

 

Hə, nə vaxtsa bu pıçıltıları lap açıq-aşkar eşitsəniz ürpənməyin, narahat olmayın. Onsuz da bu həyatın üzü havanın üzü kimi çox soyuqdu. Sadəcə, o, kimləri çöldən üşüdür, kimlərisə içdən. Mən hələ ki, xatirələrlə isinirəm.

 

TƏQVİM / ARXİV