adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7

Aqil ABBAS: ƏN BÖYÜK DEZİNFORMASİYA YAYAN PAŞİNYANDI

AQİL ABBAS
145983 | 2020-10-03 13:11

Mətləbə keçməmişdən əvvəl bir məsələyə toxunmaq istəyirəm.  Düşmən ölkənin baş naziri dövlətimizin qarşısında yeddi şərt qoymuşdu. Möhtərəm prezident İlham Əliyev də həmin  yeddi şərtin  qarşısında bircə şərt  irəli  sürmüşdü. Bu şərt də o idi ki, Ermənistan silahlı qüvvələri qeyd-şərtsiz  Azərbaycan torpaqlarından  çıxmalıdırlar,  yəni Dağlıq Qarabağdan, əks halda, biz bunu  ordumuz   vasitəsilə həyata  keçirəcəyik.

İndi Paşinyanın  yeddi  şərti  atıldı  ayaqlar altına və Azərbaycan Ordusu Ali Baş  Komandanın bir şərtini qətiyyətlə  həyata  keçirir.  Ali Baş Komandanın yaralı əsgərlərimizlə sentyabrın  30-da görüşündə dediyi kimi, artıq  ordumuz  işğal altında olan torpaqlarımızı azad edib  müqəddəs bayrağımızı sancırlar  və o bayraq   tezliklə Şuşaya  sancılacaq.

Qayıdaq Paşinyana. Ordumuzun  zəfərlə  irəliləməsi  Paşinyanı çıxılmaz vəziyyətə  salıb. İki gündən  bir Rusiya  prezidenti  Vladimir Putinə zəng edir,  aman diləyir,  daha dəqiq desək, aman  dilənir. Makrona zəng edir, Merkelə zəng edir və sair və ilaxır.  Sentyabrın  30-da Ermənistandakı Rusiya  mətbuat  orqanlarının  jurnalistlərini   yığıb  və müsahibə verib. Və müsahibə də başdan-ayağa dezinformasiyadı.

Məsələn, deyir ki, Azərbaycanla vuruşan Dağlıq Qarabağın  müdafiə qüvvələridi, Ermənistanın  orda ordusu yoxdu. Köməyə  gedənlər də könüllülərdi.  Mətbuat konfransındakı  jurnalistlərin  biri də  sual vermir ki, əgər orda Ermənistan  silahlı qüvvələri  yoxdursa, necə olur ki,  sənin  İrəvanda doğulmuş  oğlun hərbi xidməti Dağlıq  Qarabağda keçirir. Bu hansı məntiqdi? Və yaxud həyat yoldaşın  qadın  batalyonu  yaradır, əsgər geyimində Dağlıq  Qarabağda təlimlərdə iştirak edir.  Təbii ki,  rus jurnalistləri  belə  suallar verməzlər.

İkincisi,  Dağlıq Qarabağda  təxminən  100 min erməni  yaşayır. Onun 30-35 faizi uşaqlar və məktəblilərdi. Təxminən bir o qədəri də yaşı 55-i keçmiş  insanlardı. Qalan əhalinin  yarıdan  çoxu da qadındı. Ortalıqda əlinə silah götürə biləcək 20 min adam  qalır ki, təbii ki, onların da  hamısı orduda  qulluq etmir, döyüş meydanında  deyillər.  Yəni  Dağlıq Qarabağ özünü  öldürsə  3-4 minlik  bir ordu  yarada bilər. Artıq Azərbaycan Ordusu da  onun  2300-nü zərərsizləşdirib.

Sənin orda ordun  yoxdursa, bir belə hərbi texnika hardandı? Hələ  onu da deyir ki, biz Dağlıq  Qarabağı  dövlət kimi tanıyıb, sonra  onların  dəvəti ilə öz silahlı  qüvvələrimizi Dağlıq Qarabağa köməyə göndərə  bilərik.

Özü nümayişkarcasına Livan və Suriya  ermənilərini Qarabağa köçürür, Livan  və Suriyadan muzdlular  gətirir, PKK, YPG gətirir, hətta  Livandan  gələn bir terrorçunun  çıxışını  yayımlamışdılar və sonra  peşman olub  çıxartdılar, amma artıq gec idi.

Və bizə şər atır ki, guya Azərbaycan  Suriyadan 800-dən artıq  beynəlxalq terrorçular  gətirib  və o cümlədən Azərbaycan  tərəfindən  türk  əsgərləri  döyüşür. Əlində də  heç bir  dəlil-sübut yoxdur.

İndi biz elə bir zamanda  yaşayırıq ki,  heç nəyi gizlətmək  mümkün deyil. Söhbət  təkcə kəşfiyyat  məlumatlarından  getmir. Bu dəqiqə  dünyanın böyük dövlətlərinin hamısı Qarabağa  odaqlanıb. Bütün  kosmik peyklər  də  Qarabağa  odaqlanıb. Yəni kosmosdan hər bir  şeyi  müəyyənləşdirmək  çox asandır. Özü də o peyklər  ermənilərin  qohum- əqrəbalarına  aiddi: ABŞ-a, Fransaya, Rusiyaya. Əgər belə bir hal olsaydı yerdəki  siqaret  kötüyünün şəklini  çəkə  bilən, hər bir addımı   izləyə bilən peyklər çoxdan bununla bağlı dəlil-sübut  ortaya  qoya bilərdilər.

Ermənistan Azərbaycan kəndlərini, dinc  əhalini,  mülki  obyektləri bombalayır. Təkcə dünənədək Ağdam bölgəsində 80 ev və 17 ictimai  bina  vurulub ki, onun da  20-si  tam yararsız hala  düşüb.  Amma biz yalnız atəş  nöqtələrini, hərbi texnikalarını, qərargahlarını  sıradan  çıxarırıq. Hətta Ağdərədəki  hərbi qərargaha və ordakı  əsgərlərə   ultimatum  veririk ki, şəhəri tərk edin,  çünki biz dinc əhaliyə  atəş açmaq   istəmirik.  Amma Paşinyan mətbuat  konfransında bunun da əksini deyib.

Bəli, ən böyük  dezinformasiya  yayan  Paşinyandı. Və Paşinyanın  dediyi dezinformasiyaları da rus jurnalistləri, xüsusilə Solovyov, Şenin kimiləri  ətrafına yığdığı erməni və ermənipərəst «siyasilər»  və orda  olan  xarici jurnalistlər  dünyaya  yayır və xarici mətbuatlar da  həmin  dezinformasiyalara istinad edərək dünya  ictimaiyyətini  bizə qarşı yönləndirmək istəyirlər.

Və Paşinyanın  bütün  hoqqaları  onun  üstündədir ki, ikinci, üçüncü dövlətlər bizim haqq  savaşımıza qarşı Ermənistana köməyə  gəlsin.  Yəni  başqa  dövlətləri də öz  tərəflərinə  çəksinlər. Və hələ ki buna nail  ola bilmir və nail  ola bilməyəcək də!

Ali Baş Komandan  İlham Əliyev çıxışların birində qeyd etmişdi ki,  bizim  Ermənistanın  təxribatlarına  qarşı  adekvat cavabımız Paşinyanın  sonunu gətirəcək. Artıq o  son  görünür.

Sonda. Bizim sosial şəbəkə istifadəçilərinə bir sözümüz var.  Ermənistan  mətbuatının, eləcə də dünya mətbuatının yaydığı  dezinformasiyalara Azərbaycan  dilində cavab vermək  lazım deyil, onların  anlayacağı dildə cavab vermək  lazımdı. Allaha  şükür, dünya dillərini  bilən nə qədər mütəxəssislərimiz və gənclərimiz var.

Şanlı Ordumuz döyüş meydanında Ermənistan  silahlı qüvvələrinə  cavab verir və hər gün  zəfərlər  çalır. Qoy gənclərimiz də, qələm dostlarımız da informasiya müharibəsində zəfər  çalsın.

TƏQVİM / ARXİV