adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
03 Sentyabr 2020 16:14
42634
LAYİHƏ
A- A+

O, elm adamı idi

Ulu Tanrı yaratdığı dünyanın bütün maddi və mənəvi sərvətlərini bərabər şəkildə bəşər övladının istifadəsinə vermiş, əvəzində heç bir istək və təmənnada olmamışdır. Allahın yaratdığı təbiətin əsrarəngiz gözəlliyi, əvəzedilməzliyi ondadır ki, yaradılmış bütün canlı aləm, o cümlədən təbiət fövqəladə dərəcədə gözəl görünür, bəşər övladını estetik gözəlliyə məftun edir, heyranlandırırdı...

O insan dahiyanə müdriklik fəaliyyətinə malik olur ki, həyatda olduğu kimi göründüyü kimi də olur. Yəni onun həyata, dünyaya baxışı və danışığı, əməli də özü kimi təbii, bəzək-düzəksiz, yaddaqalan olur.

Firudin müəllimi yada salmaq istərkən bu qeydlərlə yanaşı, fikirim düşüncə süzgəcindən keçdi: böyük şəxsiyyətlər əvvəlcə şam kimi yana-yana öz evini, ocağını, ailəsini işıqlandırır.

Sonra məşəl kimi yana-yana kəndini, elini, obasını işıqlandırır. Nəhayət, Günəş kimi yana-yana millətini, Vətənini, dünyanı və bəşəriyyəti işıqlandırır. Tarix boyu xalqımız işıqlı, nurlu, elmli, bilikli, təfəkkürlü böyük şəxsiyyətlərlə o qədər zəngin olub ki, onlar bəşəriyyətə bəşəri gözlərlə, fəlsəfi düşüncələrlə baxıblar. Həqiqəti, ədaləti həmişə uca tutublar.

Tarix elmləri doktoru, professor Firudin Sərdar oğlu Əsədov da məhz bəşəri gözlərə, fəlsəfi düşüncələrə, yüksək təfəkkür tərzinə malik, sayılıb-seçilən şəxsiyyət zirvəsinə yüksələn, həm elm sahiblərinin, həm də onu tanıyan sıravi vətəndaşların yaddaş süzgəcindən keçən alim, ziyalı, ağsaqqal, sədaqətli dost, geniş ürək, iti zəka sahibi, elinə, obasına bağlı olan yurd təəssübkeşi idi. O alimlikdən əvvəl əsl Azərbaycan vətəndaşı idi, həqiqət onunçün məhək daşıydı.  

Firudin müəllimi oxucuya tanıtmaq istəyi yarananda o, gözlərimin önünə gəldi, maraqlı söhbətlərini xatırlamalı oldum. Söhbətlərindən doymaq olmurdu, ondan ayrılmaq istəmirdim. Ağsaqqal ziyalı adama o qədər doğma, isti münasibət bəsləyirdi ki, ondan doymurdu. Firudin müəllimin ağayana duruşu, danışığı, baxışı, hər kəlməsi, sözü düzünə deməsi, sadəlikdə aliliyi, təbiiliyi, nikbinliyi, keçmişlə bu günümüzü qovuşduran tarixi biliyi bitib-tükənmək bilmir, kamil insan olması qənaətinə gəlirdim. Hər batan günəş ömrümüzün bir gününü aparırsa da, səhər doğuşuyla yeni günə qovuşdurur bizi... Beləcə yaşayırıq, varislərimiz bizi əvəz edir. Ya nəsib, ya qismət! 

Avtobioqrafiyasına baxıram, mənalı həyatı burada öz əksini tapıb. Elm adamı Firudin Əsədov 1936-cı ildə Lerik rayonunun Cəngəmiran kəndində təvəllüd tapmışdı. Onun gənclik illəri 2-ci Dünya Müharibəsinə, ondan sonrakı dövrə təsadüf edir. Lerik qəsəbə orta məktəbini tamamladıqdan sonra İcraiyyə Komitəsində katib-kargüzar kimi əmək fəaliyyətinə başlamışdı. Sonra ADU-nun tarix fakültəsinə qəbul olunmuş, elə o vaxtdan tarixçi kimi həmyaşıdlarından seçilmiş, bəzi təhrif olunmuş tarixi hadisələr, faktlar onun diqqətini cəlb etmişdi. Gələcək kitablarında o bunlara aydınlıq gətirəcəkdir. Əlinə keçən tarixi kitabları, elmi əsərləri şəxsi kğitabxanasına yığmışdı. Kitab onun üçün müqəddəs bir yolgöstərən kompas idi.

1958-ci ildə təyinatla Lerik rayonuna göndərilən Firudin müəllim tarixi qədim olan Orand kənd səkkizillik məktəbinə direktor təyin olunur. Sıldırımlı dağlarla əhatələnmiş çətin keçilən dağ yolları ilə hərəkət etmək, sərt iqlim şəraiti onu qorxutmayıb. O, həm kənd əhalisi ilə, həm də şagirdlərlə, müəllim heyəti ilə ünsiyyət tapdı, tarixi hadisələr, kəşf olunmamış yerüstü abidələr, dağlarda sovet hökumətinin necə qurulması, Talışda qaçaqçılıq hərəkatı barədə tapıntıları və maraqlı söhbətləri onun müəllim kimi nüfuzunu artırdı, Firudin müəllimi bəzən "Cəngəmiranlı alim" deyə müraciət edirdilər. Sonralar o, bu adı doğruldub, tarixçi alim kimi məşhurlaşıb.

Bir ildən sonra Lerik Rayon Partiya Komitəsinin qərarı ilə "Kolxoz yolu" (indiki "Lerik") qəzetinin məsul katibi təyin olunub. Sonra isə rayon maarif şöbəsində metod kabinetin müdiri kimi yenidən pedaqoji cəbhəyə qayıdıb.

Gənc elmi işçi elmdə və ictimai mühitdə tanınmaq, qatı açılmamış arxivlərə işıq salmaq üçün intensiv axtarışlar, müqayisəli təhlillər apardı, təkzibolunma dəlillər onu söz sahibi etdi, ona tarixçi alim səlahiyyəti verdi.

Arxivlərdə tapdığı qatı aşılmamış orijinal faktlar, qadağan olunmuş mövzular onun elm adamı olduğunu göstərirdi. Firudin müəllim ilk növbədə az öyrənilmiş bir mövzu üzərində elmi tədqiqatlar apardı, həqiqətlərin üzə çıxması üçün elmi kitabxanalara baş vurdu: neçə ki, qəvvas dəryaya baş vurur. O, 1966-cı ildə "Talış xanlığının tarixi" adlı fundamental əsərini tamamlayaraq Müdafiə Şurasına təqdim etdi və bir il sonra tarix elmləri namizədi alimlik dərəcəsi aldı...

Keşməkeşli və ziddiyyətlər dolu olan Talış xanlığının tarixinin öyrənilməsi Azərbaycan tarixinin ayrılmaz hissəsi idi və alim qatı açılmamış bir çox məsələlərə aydınlıq gətirdi.

O, Azərbaycan EA Tarix İnstitutunda işlədiyi dövrdə elmdə dəsti-xətt saxladı, gənc alimlərə düz yol göstərdi. Kiməsə həsəd aparmadı, kin-küdurətdən uzaq oldu. Elmi-pedaqoji fəaliyyətinin məhsuldar dövründə 200-dən çox elmi məqalənin, çoxlu publisistik yazıların, "Dar gündə yaxşı arxa", "Talış diyarının tarixinə bir baxış", "Çarizmi Azərbaycana gətirənlər" (S.Kərimova ilə birgə) və s. on kitab yazıb tariximizi daha da oxunaqlı etdi. Elmi konfranslarda, alimlərin yığıncaqlarında maraqlı elmi məruzələri, auditoriyada tələbələr qarşısında yaddaqalan mühazirələri ilə seçildi və sevildi, tanındı və tanıtdırdı...

XIX əsr Azərbaycan tarixi sahəsində istedadlı tarixçi alim, nümunəvi kafedra müdiri, ictimai fikir tariximizdə özünəməxsus dəst-xətti ilə fərqlənən yaradıcı alim kimi tanınan Firudin Əsədov bütün işıqlı həyatını elmə, pedaqoji sahəyə həsr etmişdi, tariximizin qaranlıq səhifələrinə işıq saçırdı. 1969-cu il idi. O, müsabiqə yolu ilə Azərbaycan Politexnik İnstitutunun tarix kafedrasında işə qəbul olundu. 1982-ci ilə qədər burada çalışdıb.

Həmin ildə iş yerini dəyişərək Lenin adına APİ-yə keçdi, dosent vəzifəsinə qəbul olundu. 1989-cu ildə elmi fəaliyyətində yeni uğur qazanır, "Azərbaycan XIX əsrin birinci yarısında" mövzusunda doktorluq dissertasiyasını uğurla müdafiə etdi, 1995-ci ilə qədər bu qocaman təhsil ocağında dərs dedi. Həmin tarixdən Bakı Əmtəəşnaslıq Kommersiya İndtitutunda tarix kafedrasına rəhbərlik etdi.

2018-ci ilin mart ayı idi. Novruz bayramına sayılı günlər qalmışdı. Martın 16-da bütün müsəlman aləmi bayrama hazırlaşarkən Furudin müəllim gözlərini əbədi olaraq yumdu. Firudin müəllimin həyat enerjisi tükəndi, həyata 82 yaşında "əlvida" dedi. O, elmini, biliyini də özü ilə apardı. Bütün tayfa, el-oba, alim dostları, tələbələri alimin xatirəsini ehtitamla yad etdilər, onu özü qədər sevdiyi Ana Torpağa tapşırdılar. Cəngəmiran kəndi alim oğluna yas saxladı...

 "Alim öldü, aləm öldü" demədilər. Qartal baxışlı, dümağ saçlı Firudin Sərdar oğlu əsərlərində, tələbələrinin ömürlərində, doğmalarının xatirələrində yaşadı...  

Müdriklik çağlarını yaşayarkən ağsaçlı alimi, iç dünyası zəngin olan mehriban bir insanı, gənc nəslə örnək olan şəxsiyyəti itirdik. İtirdik demək olarmı? Axı, o yazdığı əsərlərində, işıqlı təfəkküründə, tələbələrinin, övladlarının xatirələrində, genetik yaddaşlarda yenidən doğulub yaşayır. Ruhu qanadlanıb aydın sabahlara doğru uçur, elə hey uçur...

 

İdris Şükürlü,

Əməkdar jurnalist

Azərbaycan Respublikasının Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir.