adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
05 Sentyabr 2020 16:16
69946
LAYİHƏ
A- A+

TİKDİM Kİ, İZİM QALA...

Zaqatalanın tarixi abidələri necə qorunur, necə araşdırılır?

 

Zaqatala rayonu Azərbaycan Respublikasının şimal-qərbində Böyük Qafqaz sıra dağlarının cənub yamacları Qanıx - Əyriçay vadisində yerləşir. Cənubdan Gürcüstan Respublikası ilə, şimaldan Dağıstan Respublikası, qərbdən və şərqdən Azərbaycan Respublikasının Balakən və Qax rayonları ilə həmsərhəddir. Mərkəzi Zaqatala şəhəridir.

Şəhər dəniz səviyyəsindən 535 metr hündürlükdə Azərbaycan Respublikasının paytaxtı olan Bakı şəhərindən 445 km aralıda, Tala çayının sahilində, Yevlax-Balakən şosse yolunun üzərində, nəhəng ipək yolunun üstündə, vaxtı ilə Şərqin ən böyük ticarət mərkəzlərindən (bazarlarından) olan "Əskibazar"ın (yer adı tamamilə öyrənilməmişdir) 25-30 km-də Böyük Qafqaz silsiləsinin cənub ətəyində yerləşir. Zaqatala inzibati rayonu 1830 -cu ildə təşkil edilmişdir. Zaqatala rayonunun ümumi sahəsi 1348 km-dir və əhalisinin sayı 130 (bir yüz otuz min) nəfərdir. Ərazisi dağlıq və aran hissədən ibarətdir. Rayonun ərazisindən 7 çay axır: Qanıx çay (Alazan), Tala çay, Katex çay, Muxax çay, Bəkməz çay və s. Zaqatala 1840 -cı ildən şəhər adlandırılmışdır. 1803 -cü ildə Zaqatala qəzası Rusiyanın tərkibinə daxil olmuşdur. Zaqatala sözünün yaranmasına dair (etimologiyaya görə) bir neçə rəvayət vardır. Müasir Zaqatala adı Sakatala (Sak düzü) adının dəyişilmiş formasını təşkil edir. E.ə. VII (7-ci) əsrin əvvəlində Kimmer-Skit tayfaları ilə Ön Asiyaya düşmüş sak tayfaları Albaniyanın ərazisində də məskən salmışlar və bu ərazi Kür çayının sağ sahilində (Kür-Araz qovşağı daxil olmaqla) Qafqazın dağ ətəklərinə qədərki ərazini tuturdu. Zaqatala rayonu da Qafqaz Albaniyasının ayrılmaz hissəsi olmaqla onun qərbində yerləşir.

Rayonun ərazisində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001 -ci il tarixli 132 saylı qərarına əsasən Dövlət tərəfindən qorunan 100 -ə yaxın abidə qeydə alınmışdır. Bunlardan ən qədimi Pəri qala, Armatay qalası, Çingöz qala, Şeytan qalası, Zaqatala qalası və başqalarıdır. Rayonun kənd yerlərində VI-VIII əsrlərdən qalmış 10 -dan çox Alban abidələri mövcuddur.

Rayonun Mamrux (Mamrux kilsəsi), Mazıx, Muxax, Qəbizdərə, Yuxarı Tala (Yuxarı Tala məbədi) və Yuxarı Çardaxlar kəndlərində VI-VIII əsrlərdən qalmış çoxlu Alban abidələri, qalaları vardır ki, qorunması sahəsində müəyyən işlər görülür. Yerlərdə mövcud olan məscidlərin isə hamısında yenidənqurma, bərpa işlləri aparılmış, tarixi abidə kimi oların qorunması təmin edilir.

Rayonun tarixi abidələrinin çoxu ən qədim vaxtlardan indiyə qədər salamat qalmış kəndlərdə yerləşir. Gözbarax və Qalal kəndlərində XVIII ərə aid məscidlər, Kebeloba kəndində XV əsrə aid iki qüllə, Mazıx kəndində XII əsrə aid qüllə, Yuxarı Çardaxlar kəndində V əsrə aid Pəriqala, Car kədində XIV əsrə aid Çingiz qala və rayon Tarix-diyarşünaslıq muzüeyi, Paşan kəndində Alban qülləsi (XIII əsr) və Axaxdərə kəndindəki Alban qülləsi (XII əsr), rayonun müxtəlif kəndlərində o, cümlədən Əlibabad və Mosul kəndlərində XIX əsrdə tikilmiş məscidlər salamat qalmışdır.

Zaqatala rayonunda olan tarixi abidələrdən yazmaq və araşdırmaq məqsədi ilə birinci yolumuzu Qafqaz Albaniyasının Zaqatala şəhərinin mərkəzindəki ən qədimi Alban məbədindən saldıq.

 

YAŞI  BİLİNMƏYƏN  ALBAN  MƏBƏDİ

 

Rayon ərazisindəki hər daşın altında bir tarix, sirr yatır. Buradakı tarixi yerlərin, abidələrin, məbədlərin, tarixi tikililəri, məscid və minarələrin dərin köklərinin araşdırılmasına böyük ehtiyacları vardır. Düzdür, bir çox tarixçilər - arxeoloqlar araşdırmalar aparıblar. Ancaq yenə də müəmmalar qalmaqdadır. Haqında danışmaq istədiyimiz, Zaqatala şəhərinin mərkəzində yerləşən Alban məbədi kimi, tikintisi erazımızın IV-V əsrlərinə aid edilən Alban məbədinin üstündə vurulan lövhə hamını təəccübləndirdi, lövhdəə belə yazılıb: "Rus kilsəsi XIX əsrə aid. Təəccüblü deyilmi? Görünür ki, bu da tariximizi saxtalaşdırmaq istəyənlərin fəaliyyətidir. Halbu ki, tarixi mənbəələrə görə Car Vacaqan ildə günlərinin sayı qədər kilsələr tikdirmişdir. Zaqatala bölgəsində olan xristian məbədlərinin tikintisi də məhz bu dövrə, yəni eramızın IV-V əsrlərinə təsadüf edir.

Şəhərimizin qədim şəhər meydanında yerləşən Alban məbədi demək olar ki, hər yerdən görünür. Onun 12 pəncərəli, yerdən 30 metrə qədər hündürlüyü olan günbəzi zəmanəmizə qədər sağlam gəlib çatmışdır. Rayonun qədim "Əskibazar" adlanan ərazidə, meşəlik yerdə bu abidənin eynən oxşarı, lakin bir qədər kiçik formasında olanı var. Eramızın 705 -ci ilində Ərəblərin Azərbaycanın işğalının başa çatdırılmasından sonra, Alban məbədlərinin idarəçiliyi kilsə katolikosluğuna tabe edildi. Ərəb işğalından sonra Alban kilsələrinə aid sənədlərin bir hissəsi Vana, bir hissəsi isə Materdarona Ucmüəzrin kilsəsinə daşındı. Tarixi araşdırmalara görə, həmin vaxtlar Qafqazda Ermənistan adlı dövlət olmayıb. Ərəblərin işğalına qədər Alban kilsələri öz hesablarını və kilsə tonikaları Sunay yarımadasındakı müqəddəs Yekaterina monstarına verir. Tarix-diyarşünaslıq muzeyində saxlanılan tarixi sənədlərdən bəlli olur ki, vaxtilə 1000 -dən çox Alban kilsəsi mövcud olub.

Zaqataladakı Alban məbədinin şəhər mərkəzində olması, bu abidənin daha çox diqqət çəkməsinə səbəb olmuşdur. Son vaxtlar abidəni ziyarət edən turistlərin, məktəblilərin, qrup halında gələnlərin sayı xeyli artıb. Qeyd edək ki, Alban məbədi Zaqatala qalasına daş yolunun sol hissəsində, 35 metrlik dərinlik yarğanının aşağısında tikilmişdir. Xüsusi arxetektura üsulubuna malik olan bu qədim abidə tikildiyi dövrün ən əzəmətli, xüsusi görünüşə malik və dövrümüzə qədər gəlib çatan, ən möhkəm və əzəmətli tikilisidir. Zaqatala bölgəsindəki ən möhtəşəm olan Alban məbədinin həyətində çarhovuzun, həyətə döşənmiş yastı çay daşının izləri hələ də salamat qalmışdır. Hərbiçi-jurnalist həmkarımız, həmyerlimiz Bəxtiyar Əliyev və digər xeyriyyəçilərlə abidəni gəzərkən, məbədin həm ərazisinə, həm də tikintisinin böyüklüyünə görə dağ silsiləsində mövcud olan digər məbədlərdən fərqləndiyi, Alban kilsəsinin qonşuluğunda yerləşən digər qədim tikililərlə bağlı olduğu da aydınlaşdı. Ancaq bu ehtimalların nə qədər doğruluğunu tam əminliklə deyə bilmərik. Alban kilsəsinin qarşısındakı dağ döşünün həyətindəki oyuq yerlərinin sirrini, həyət yaxınlığındakı qalaya yeraltı yolun olub-olmamasının, hətta bu ehtimalların doğru-həqiqət olmasını tam əminliklə deyən təhqiqatçı hələlik yxodur. Bir onu bilirik ki, bu məbəd möhtəşəmliyə görə onu göstərir ki, bu məbəd digər məbədlərə rəhbərlik edir və onların işini istiqamətləndirir.

Məlumat üçün bildirmək istəyirəm ki, tariximizin daş yaddaşlarından xəbər verən bu kilsə içəridən bişmiş, narıncı rəngli kərpicdən hörülmüş, dairəvi, 5 metr olan möhtəşəm sütunların üzərində duran tağlarla əhatələnmişdir.

Butaqlar simmetrik qaydada bir-birini tamamlayır və tağların üstündə məbədin günbəzi yerləşib. Məlum olur ki, məbəd inşa edilərkən tağ konstruksiyalarından istifadə edilmişdir. Bu abidənin inşasında şərq memarlığının elementləri daha çox hiss olunur. Məbəd künbəzə qədər üç mərtəbəlidir. Birinci mərtəbədə pəncərə, 4 qapı vardır. Ehtimal olunur ki, iki pəncərədən sonradan qapı kimi istifadə olunub. Qeyd edək ki, məbədin iki qapısı Şərqə, iki qapısı isə Şimali Qərbə və bir qapısı isə Cənubi Qərbə baxır.

Hal-hazırda kilsənin ətrafında başqa tikililər də vardır və buraya yol iki istiqamətdəndir. Məlum olur ki, bu məbədin tarixini saxtalaşdırmaqdan ötrü - digər abidələr kimi, bu abidənin də portal daşı da sökülüb - götürülüb. Həm də bizə məlum oldu ki, İslam dini qəbul edildikdən sonra bu abidə fəaliyyət göstərmir. Bəzi versiya və məlumatlara görə 1853 -cü ildə Alban kilsəsində ruslar bəzi dəyişikliklər etməklə orada ibadət ediblər. Məbəddəki bir sıra elementlər məhz həmin zaman əlavə edilib.

Bütün bunlar isə qədim tariximizi silməyə xidmət edir və abidələrimizə edilən təcavüzdür. Əlbəttə ki, Zaqatala şəhərinin qədim tarixindən xəbər verən bu Alban məbədinin ciddi təmir-bərpaya və tədqiq edilməyə, tarixi köklərini tam araşdırmağa böyük ehtiyac vardır. Qeyd edək ki, Sovet hakimiyyəti dövründə məbədin divarları boyanıb və 70-80-cı illərdə bu qədim tikilinin ərazisində uzun müddət 3 ailənin yaşadığı bildirilir.

Hətta həmin vaxtlar məbəddə 2 dəfə yanğın baş verib və bu tarixi abidə uzun müddət baxımsız qalıb. Hal-hazırda Alban məbədində heç bir dini qurum fəaliyyət göstərmir və dini ayin icra olunmur. Abidədə tam təmir-bərpa işləri aparılarsa insnaların bu qədim tikiliyə marağı daha da artar, məbədin dağılmağının qarşısı alınar. Mədəni irsimizin bu mədəb gələcək nəsillərimizə də gözəl töhfə ola. Unutmayaq ki, belə qədim tarixə malik abidələri araşdırsaq, elmi əsaslarla tarixi tam dəqiqləşdirsək, yaşatsaq düşmənlərimiz də yaxşı dərk edərlər ki, Odlar yurdumuzun bir güşəsi olan Zaqatalanın necə qədim tarixi var...

 

Elman Maliyev

Azərbaycan Jurnalistlər  Birliyinin üzvü

araşdırmaçı - jurnalist

Azərbaycan Respublikasının Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir.