adalet.az header logo
  • Bakı 13°C
10 Sentyabr 2020 16:23
51933
LAYİHƏ
A- A+

XANLIĞIN  QAPISI

(əvvəli ötən sayımızda)

 

Əgər  biz onlara üz tutsaq, onda birmənalı şəkildə görərik ki, qalanın tikintisi ilə bağlı iki fikir var. Onlardan birinin iddiasına görə, qalanı Mehrəli xan, digər bir qisminin isə Pənah xan tərəfindən tikildiyini iddia edirlər. Məsələn, Rzaqulu bəy Mirzə Camal oğlunun "Pənah xan və İbrahim xanın Qarabağda hakimiyyətləri və o zamanın hadisələri" əsərində göstərir ki, "mərhum İbrahim xanın yadigarlarından üçüncüsü hər iki Əsgəran qalasıdır. Bu qalaları hicri 1203, miladi 1786-cı ildə tikdirmişdir".

Digər tarixi Mirzə Vəli bəy Baharlı isə özünün "Əhvalati-Qarabağ" əsərində göstərir ki, "Pənah xan qalanı tamam edib və Pənahabad adı qoyub. Sonra yenə fikrə düşüb ki, qaladan bir neçə ağac aşağıda bir qalaça qoşundan ötrü təmir etsin. Belə ki, həmin Əsgəran adlanan qalaçaları ki, biri Qarqar çayının o tərəfində və birisi digər tərəfində təmir olub, həmin qalaçaları təmir elədi və bir cəm qoşun həmişə qalalarda durarmışlar".

Ümumiyyətlə, bizim tariximizin bir danışan dili olan Əsgəran qalası ilə bağlı tarixçilərin fikirlərinə diqqət yetirərkən onda Əhməd bəy Cavanşirin də fikirlərini diqqətə təqdim etmək zərurəti yaranır.

Əhməd bəy Cavanşir vurğulayır ki, "Mehrəli xan Qarabağ xanlığının idarəsini ələ aldıqdan sonra atasının vəsiyyətinə əsasən xanlığın daxili işlərilə məşğul olur; Şuşanın  möhkəmləndirilməsini başa çatdırır, o zamanlar köçəri tayfaların qışladığı  Şuşa ətrafındakı yerlərə basqın edən quldur dəstələrinin yolunu kəsmək üçün Əsgəran və Ağoğlan qalalarını tikdirir".

Bəli, bu faktı rus araşdırmaçı-tarixçisi Y.A.Paxomov da təsdiqləyir.

O da öz araşdırmalarının içərisində vurğulayır ki, "qala İbrahim xanın qardaşı və Pənah xanın oğlu Mehrəli xan tərəfindən hicri təqvimi ilə təqribən 1172-1174-cü illərdə, yəni miladi tarixi ilə 1750-1760-cı illər arasında tikilmişdi". Ümumiyyətlə, qalanın hansı xanın tərəfindən tikilməsinin mübahisəli olması və onun araşdırılması tarixçi alimlərin, arxeoloqların işidi.

Və yəqin ki, bu məsələyə də zamanında bir nöqtə qoyulacaqdı, yəni yekun rəyə gəlinəcəkdi.

Bizim üçün ən vacibi, ən önəmlisi isə təbii ki, Azərbaycan tikinti-arxetektura nümunəsi olan Azərbaycan tarixinin bir zaman kəsiyini özündə əks etdirən və bununla da həm sənət nümunəsi, həm tarixi abidə kimi xalqımız üçün son dərəcə önəmli olan Əsgəran qalasının indiki  durumudu.

Yəni onun düşmən caynağında olmasıdı. Bunu ona görə xüsusi vurğulayıram ki, ermənilər bu gün nəzarət altına müvəqqəti də olsa götürdükləri yerlərdə Azərbaycan  tarixinin az qala kökünü qazımaqla tariximizi məhv edirlər.

Əsgəran qalasının tarix baxımından önəmli olması danılmaz fakt olduğu kimi, bu sözün özünün etimologiyası da çox maraqlıdı. Yəni ermənilərin bütün iddialarına, yalançı və uydurma mənbələrinə baxmayaraq, sözün özü birmənalı şəkildə hansı millətə mənsub olduğunu ifadə edir.

Və  hətta rus alimləri də öz əsərlərində bu qalanın adını "Əsgəran" kimi qeyd edirlər. Belə olduğu halda, mədəniyyət və tarixi arxeologi abidələrə qarşı soyqırım həyata keçirən  ermənilərin həyasızlığını sadəcə olaraq elə erməni xisləti kimi dəyərləndirmək lazımdır.

Ən azından ona görə ki, bu millət bir toplum olaraq həmişə başqasının dəyərlərinə əl uzatmış, həmişə başqasının dəyərlərini özününküləşdirməyə, öz adına çıxarmağa çalışmışdı.

Ona görə də Dağlıq Qarabağ ərazisində, əslində isə Yuxarı Qarabağda yerləşən Əsgəran qalası tarixçi-araşdırmaçı alimimiz Qiyasəddin Qeybullayevin toponimlərlə bağlı fikirlərində öz əksini tapıb. Onun  yazdığına görə, "qalanın adı qoşunların dayanacaq yeri olan ərazinin mənasını özündə ifadə edir.

Bu sözün birinci yozumudu. O ki, qaldı ikinci yozuma,  Əsgəranı rus variantında, yəni rus dilində "Askeran" kimi qeyd olunması normal bir haldır və əsgər sözünün mənşəyi də Azərbaycan toponimləri ilə bağlıdır.

Bir az da ətraflı şərh etsək, onda məlum olar ki, barəsində müzakirə apardığımız, fikir bölüşdüyümüz Əsgəran sözü XVIII əsrdə Qarabağ xanı Pənahəli xanın tikdirdiyi Əsgəran qalasının adı ilə bağlıdır və sözün bir toponimi olaraq əski mənası, "qədim", "köhnə" sözlərilə bağlıdır.

Bax, elə buradaca mənbədən götürdüyümüz bir fikirlə vurğulamaq istəyirik ki, "Əsgəran rayonu ərazisində Panah xan tərəfindən tikilmiş "Əsgəran qalasının xarabalıqları vardı, qala yerin adı ilə Əsgəran adlanmışdı".

Bu gün tarixi abidələrimizə diqqət yetirəndə onların paralellərini göz önünə gətirəndə və yaxud bununla bağlı  elmi mənbələrə, kitablara üz tutanda  onda görürük ki, bizim məhz həmin dövrə aid, yəni XVIII əsrə aid arxitektura nümunələrimiz, abidələrimiz inşa baxımından tikilmək üslubundan bir-birini müəyyən mənada tamamlayır.

Onların tikintisində istifadə olunmuş təkcə materiallar yox, həm də üslub baxımından arxitektura elementləri və texnikası baxımından müəyyən oxşarlıqlar var.

Yeri gəlmişkən xatırladım ki, Əsgəran qalasının özü, yəni Xocalının, Şuşanının işğalına qədərki mövcud durumu bu gün də gözlərimin önündədi.  Mən o qala divarlarının dibiylə addımlayarkən keçirdiyim qürur hissləri və həmin  o qala divarlarının yanında dayanmış əlisilahlı rus əsgərlərinin heç bir məna ifadə etməyən siması  bizim nələrə həsrət qaldığımızı sanki bir pıçıltıyla söyləyir.

Böyük Məmməd Arazın qazıntı aparan arxeoloqa, tarixi öyrənən, tarixə baş vuran alimə üz tutub söylədiyi kimi, "hər daşın altında bir tarix yatır". Elə Əsgəran qalası da hətta əsirlikdə də o tarixi özündə yaşadır - bizim olan, Azərbaycanın olan tarixin anlarını.

 

ƏBÜLFƏT  MƏDƏTOĞLU

Azərbaycan Respublikasının Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir.