adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
12 Sentyabr 2020 16:26
49589
LAYİHƏ
A- A+

XANIN KƏNDİ

Tariximizi vərəqlədikcə onun hər səhifəsində müəyyən hadisələrin, müəyyən gerçəkliklərin və ən vacibi isə bizi özümüzə və dünyaya təqdim edən real faktların şahidi oluruq. Bax, bu mənada bu gün Azərbaycanın zorla cəlb olunduğu müharibənin tarixinə nəzər salsaq, onda həmin tarixin bizə verdiyi bilgilər gerçəkliyin özü kimi köməyimizə çatır.

Yəni söhbət Qarabağın dağlıq hissəsindən gedəndə onda birmənalı şəkildə məlum olur ki, bu, Azərbaycanın böyük ərazisinin bir paçrasıdır. Hətta coğrafiya xəritəsini gözümüz önünə gətirsək, Dağlıq Qarabağ böyük Azərbaycanın tam ortasında yerləşən bir hissədir. Və sadəcə bir təbii prosesin tərkib hissəsi olaraq həmin ərazi Qarabağın aran hisəsindən fərqli olaraq yüksəklikdə, dağlıq bir ərazidə özünü ifadə edibdi. Və bununla da Qarabağın dağlıq hissəsi aran hissəsindən fərqlənib. Həm də sadəcə,  ekoloji bir bölgə olmaqla.Və bir daha  vurğulayıram ki,  dağlıq və düzənlik hissələr özü-özlüyündə həmin o qeyd etdiyimiz böyük Azərbaycanın bir parçasıdır. Tarixə nəzər salanda, onu da öyrənirik ki, Sovet İttifaqı yaranandan sonra, yəni oktyabr inqilabının təntənəsi olaraq, 1923-cü ildə həmin bu ərazi Dağlıq Qarabağ Muxtar Vilayəti üçün rəsmiləşdirilib və Azərbaycan Sovet Sosialist Respublikasının tərkibində muxtariyyat statuslu əraziyə çevrilibdi. Həmin rəsmi sənədlə və xüsusilə də ermənilərin və Sovet İttifaqını idarə edən ermənipərəstlərin, bir də Rusiyanın Qafqazdakı maraqlarının müdafiəçilərinin təşəbbüsü ilə rəsmiləşən bu sənəd 1988-ci ildə Azərbaycana qarşı baş qaldıran torpaq iddiasının səbəblərindən birinə çevrildi. Necə deyərlər, zamanında göz yumduğumuz haqsızlıq sonda bizə böyük bəlalar  gətirdi... həm də bu gün də gətirməkdədir!

Azərbaycan prezidenti cənab İlham Əliyevin də dəfələrlə, özü də ən yüksək səviyyələrdə, bildirdiyi kimi "Böyük tarixi ədalətsizlik Azərbaycan torpaqlarının işğalına   müəyyən şərait yaradıb. Sovetlər  birliyi tərkibində  aparılan siyasət bir respublikanın ərazisi hesabına  başqa bir respublikanın yaradılımasına  hesablanıb. Bu gündə həmin sonradan yaradılmış Ermənistan  Respublikası özünün məkirli, işğalçı siyasətini davam etdirməklə, Azərbaycan torpaqlarını özününküləşdirməyə çalışır."

Amma əsl həqiqətləri, tarixi gerçəklikləri gizlətmək mümkün deyil. Tarixdən  də məlumdur ki, sovet dönəmində adı dəyişdirilən və bu gün isə qondarma respublikanın paytaxtı adlandırılan  həmin  Stepanakert  şəhərinin özülü Xankəndi kimi mövcud olubdu. Yəni tarixi sənədlərdən də məlumdur ki, Qarabağ xanlığının baş bilənləri tərəfindən xan ailəsinin istirahəti üçün salınmış bu məkan öncə kənd, sonra müəyyən zaman keçdikdən sonra qəsəbəyə çevrilmiş və nəhayət, sovet dönəmində bura daha da inkişaf etdirilərək artıq Azərbaycanın ən gənc şəhərlərindən biri olmuşdur. Amma xalqın və tarixin yaddaşında bu ərazi Stepanakert deyil, Xankəndi kimi qalmışdır.

Hələ çar Rusiyası dövründə, yəni Gülüstan müqaviləsinə qədər Rusiya bütün Azərbaycana, o cümlədən də Qarabağ xanlığının ərazisinə böyük maraq göstərmişdir. Və Qarabağ xanlığının işğalından sonra bu ərazini bir növü özünün dayaq nöqtəsinə çevirmək məqsədilə planlı şəkildə qonşu ölkələrdən, xüsusilə İrandan, Türkiyədən Dağlıq Qarabağ ərazisinə ermənilərin köçürülməsi əməliyyatı gerçəkləşdirilmişdir.

Sənədlər sübut edir ki, 1847-ci ildə Xankəndində cəmi 80 erməni, 52 rus ailəsi yaşayırdı ki, onlar da yerli əhalinin içərisində heç cür diqqəti çəkə bilmirdi. Faiz baxımından bu adamlar özlərində heç nəyi ifadə etmirdilər. Lakin çar Rusiyası işğaldan sonra burada öz ordusu üçün xüsusi kazarmaların tikintisinə başladı. Çox keçmədi ki, Qafqaz Suvari Diviziyasının hərbçiləri burada onlar üçün tikilmiş hərbi ərazidə yerləşməklə Dağlıq Qarabağın torpaqlarında ermənilərin yerləşdirilməsinə təkan verdi. Yəni bir az da dəqiq ifadə etsək, rus əsgərlərinin burada olması əraziyə ermənilərin axınını sürətləndirdi.

Yeri gəlmişkən, onu da qeyd edim ki, sovet hökuməti  Moskva  çarizmin hərbi siyasətini davam etdirərək məşhur qətliyamçı və Qaradağlı, Xocalı qırğınlarında böyük rol oynamış  hərbi hissəni də  Xankəndində yerləşdirməklə  milli  məsələlərdə öz istədiyi  niyyətləri reallaşdırmağı bacarmışdı.

Arxiv materiallarına üz tutanda məlum olur ki, 1900-cü ilin əhalinin siyahıya alınma sənədlərində göstərilir ki, Xankəndində 3000 insan yaşayır. Bu adamların da təhsil problemi də çar Rusiyası tərəfindən həll edilibdi. Çar Rusiyası bölgədə ruslar və ermənilər üçün məktəb də açmışdılar. Ermənilərin və rusların Xankəndində yerləşdirilməsinə baxmayaraq, buradakı xan nəslindən olanların, eləcə də digər azərbaycanlılar da yaşamaqda davam edirdilər. Yəni bütün təzyiqlərə baxmayaraq, torpağın əsl sahibləri Xankəndini tərk etməmişdilər.

Tarixin cümhuriyyət dövründə də bu ərazidə oktyabr inqilabının təsiri öz izlərini buraxdı. Belə ki, fürsətdən istifadə edən köçkün, konkret desək, xaricdən, xüsusilə İrandan gətirilərək Dağlıq Qarabağda yerləşdirilmiş ermənilər Rusiyada baş verən hadisələrdən ruhlanaraq, Xankəndi ərazisində qondarma Ermənistan dövləti yaratdıqlarını elan etdilər.

Və onlar Naxçıvan, Zəngəzur, Dağlıq Qarabağ ərazilərini özləri üçün Ermənistan dövləti kimi qələmə verməyə və Azərbaycana qarşı torpaq iddialarını səsləndirməyə başladılar. İş elə gətirdi ki, bu ermənilər daha sonra bir az da irəli gedib Bakı, Şamaxı, Quba, Göyçay, Göyçə, Zəngəzur və digər qırğınları törətməkdən də çəkinmədilər. Və onların törətdikləri bu qırğınlar Azərbaycan xalqının tarixində silinməz iz buraxdı. Və bu gün də həmin qırğınların bariz nəticələri qazıntılar zamanı üzə çıxan kütləvi məzarlıqlarda özünü əks etdirir. Həmin məzarlıqlar birmənalı şəkildə göstərir ki, bizə qarşı torpaq iddiasında olan düşmən öz məqsədinə çatmaq üçün körpələrin, qadınların, qocaların qətliamından da çəkinmir. Bu vəhşilik, bu insanlığa yaraşmayan hərəkətlər isə öz növbəsində 1988-ci ilin hadisələrinə gəlib söykəndi. Artıq Muxtar Vilayətdə Ermənistana birləşdirmə çağırışları sonda SSRİ hökumətinin, onun rəhbəri Qorbaçovun, həmçinin erməni lobbisinin dəstəyi ilə qədim Azərbaycan torpaqlarının işğalına səbəb oldu. Öncə İrəvandan, sonra isə Qarabağdan köçlər başladı.Əgər konkret  faktlara  diqqət yetirsək görərik ki,1988-1989-cu illərdə ermənilər 250 min nəfər soydaşımızı öz doğma ocaqlarından,yəni 22 rayondan  qovmağa müvəffəq olmuşlar.

Nəticədə , yəni bu silahlı  köçürülmə  zamanı  410 nəfər azərbaycanlı, o cümlədən, 57 qadın, 23 uşaq vəhşicəsinə qətlə yetirilmiş, müxtəlif  bədən xəsarətləri almışdır. Bu  mənəvi terror özü ilə maddi  terroru da  həyata keçirilməsinə  açıq şərait yaratmışdı! Özü də  sovet hökumətinin - Moskvanın gözləri qarşısında!!!

Sovet dönəmində yaradılan muxtar vilayət özünün inkişaf imkanlarına və bir şəhər kimi əldə etdiyi imtiyazlara güvənərək Azərbaycanın ən gənc şəhəri olmasına baxmayaraq, ali təhsil müəssisələrinin də ünvanına çevrildi.

Böyük və müasir zavod və fabriklərin, elmi müəssisələrin Xankəndində işə salınması Azərbaycanın öz torpağında münbit bir fəaliyyət bölgəsinin önə çıxmasına səbəb oldu. Çox təəssüf ki, ermənilər göstərilən bu qayğı və diqqəti, yaradılan şəraiti öz düşüncələriylə qiymətləndirdilər. Nəticədə Qarabağın işğalı başladı ki, bu işğalın da arxasında həmin o gizli planlar dayanırdı.

Bəli, bu gün Xankəndi işğal altında olmasına baxmayaraq, bu ərazi Azərbaycanın tərkib hissələrindən biridir. Orada yerləşdirilən terrorçu dəstələr bu ərazidən həm də narkotik vasitələrin istehsalı və yayımı üçün də istifadə edirlər. Lakin dünyanın ikili standartı hələlik Qarabağdakı özbaşınalıqlara və qanunsuzluqlara son qoymağa mane olur. Doğrudur, BMT Azərbaycanın ərazi bütövlüyünü tanıyır və torpaqlarımızın işğalı ilə bağlı rəsmi sənədlər qəbul edibdi. Lakin nə Minsk qrupu, nə də BMT və digər qurumlar qəti mövqe ortaya qoymur, düşmənin cəzalandırılmasına imkan vermir. Bütün bunlara baxmayaraq, Azərbaycan hökuməti və xalqı gec-tez Xanın kəndində, eləcə də bütün ərazilərimizdə bayrağımızı dalğalandıracaq və tarixi ədalət bərpa olunacaqdır.

Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici  Siyasət  məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin də   dediyi kimi," Amma onu da qeyd etməliyik ki, Azərbaycan  BMT  Nizamnaməsini 51-ci maddəsində də nəzərdə tutulduğu kimi, bütün  vasitələrdən istifadə edərək beynəlxalq səviyyədə  tanınmış  sərhədləri  daxilində  ərazi bütövlüyünü və suverenliyini  təmin etmək hüququnu  hər zaman  özündə saxlayır. Bundan irəli gələn nəticələrə görə  isə məsuliyyət Ermənistanın üzərinə düşəcək".

Yəqin ki, bu gerçək və haqqımız, hüququmuz olan məsələ barəsində öncə erməni hakimiyyəti, eləcə də Minsk qrupunun həmsədirləri artıq fikrləşməli olduqlarını dərk edəcəklər!  Ali Baş Komandanımızın bəyan etdiyi kimi, Azərbaycanın səbri hüdudsuz deyil!!! 

Əbülfət MƏDƏTOĞLU

Azərbaycan Respublikasının Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir.