adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
19 Sentyabr 2020 16:32
48111
LAYİHƏ
A- A+

Vahid şəxsiyyəti və sənəti

Xalqımızın müxtəlif nəsilləri "Qəzəllər Əliağa Vahidindir" ifadəsini dəfələrlə eşitmiş, bu şairin şəxsiyyətinə və istedadına hər dəfə heyranlıq dolu rəğbət bəsləmişdir.

Asketik həyat tərzi keçirən Vahidin yaradıcılığı, mövzu, bədii hədəf, ifadə tərzi, dil-üslub xüsusiyyətləri də əsasən sadə, anlaşıqlı olub, məzmun tutumu, eləcə də fikir enerjisi baxımından onun coşqun təbindən qaynaqlanmışdır.

Mollaxana təhsili belə yarımçıq olan Vahid özünə qarşı amansız fərdi özünütəkmilləşdirməsi, mütaliəsi və müşahidəsi sayəsində qısa bir zaman içərisində tanınmış, ədəbi mühitdə qəbul edilmişdir.  O, bir zamanlar Bakıda fəaliyyət göstərən "Məclisi-şüəra" üzvlərinə qoşularaq Mirzə Əbdülxalıq Yusif, Ağadadaş Müniri, Məşədi Azər, Əbdülxalıq Cənnəti, Səməd Mənsur, Həsən Səyyar kimi dövrün tanınmış söz ustaları ilə bərabər yaradıcılıq fəaliyyəti göstərmiş, qəzəl və satirik şeirlərilə o zamankı ədəbi ictimaiyyətin diqqətini cəlb etmişdir. Həmin vaxtlardan başlayaraq illər boyu "Bəsirət", "İqbal", "Tərəqqi", "Babayi Əmir", "Molla Nəsrəddin", "Tuti", "Dirilik" və s. mətbuat orqanları ilə əməkdaşlıq edən Vahid, bir qədər sonralar isə "Tənqid və təbliğ" teatrının fəaliyyətində də fərqlənmişdir.

Ölkəmizin hüdudlarından kənarda, o cümlədən İranda, Əfqanıstanda, Pakistanda, Türkiyədə, Orta Asiyada və digər ölkələrdə daha çox qəzəl şairi kimi tanınan Vahidin yaradıcılığı çoxcəhətlidir. Belə ki, o, böyük ustalıqla nəzirələr, satirik şeirlər, kupletlər, meyxanalar, epitafiyalar yazmış, heyrətamiz sənətkarlıqla klassik ədəbiyyat nümunələri olan Xaqanidən, Nizamidən, Füzulidən, Nəvaidən, Nəbatidən, Əbül Ülədan, Əmir Xosrov Dəhləvidən və b. tərcümələr etmişdir.

Ömrünün və yaradıcılığının böyük bir hissəsini Sovet dövründə yaşayan Vahid, həmin illərdə həm mənəvi, həm də maddi sıxıntılar görmüşdür. Müxtəlif  yerlərdə, gah "Ədəbiyyat" qəzetində, gah "Azərnəşr" mətbəəsində, gah Dövlət Filarmoniyasında işləməli olan Vahid özünə qarşı qayğısız münasibəti Seyid Əzim təmkini, Sabir istehzası ilə əsərlərində ifadə etmişdir.

Onun satirasında siyasi, ictimai, mənəvi-əxlaqi motivlər el şənliklərində məşhur olan meyxana məclislərinin də bəzəyi olmuşdur. Belə ki, Vahidin həmin məclislərdəki məzəlilik, bədiyə, deyişmə və zarafat tipli şeirləri bu janra sosial-ədəbi status qazandırsa da, o, bu janrın əfsanəvi ustadlarından ola bilməmiş, yalnız qəzəl janrında XX əsrin ən böyük şairi olaraq  ucalmışdır.

Akademik Məmməd Cəfərin yazdığı kimi: "Füzuli ədəbi məktəbinin layiqli davamçısı, incə və zərif duyğular tərənnümçüsü olan Ə.Vahidin qəzəllərində "Eşq" məfhumu insanın fəlsəfi düşüncələrinin, hiss və meyillərinin tərcümanı kimi səslənir." Və bu, təsadüfi deyil, çünki məhz Füzulini özünə mənəvi ustad hesab etməklə onun düha bulağından su içmiş Vahid qəzəlin mürəkkəb sənətkarlıq qatlarına bələd olmuşdur.

Füzulinin məşhur "Degilsən çoxdan ey gərdun cahan seyrində yoldaşım" qəzəlinə yazdığı təxmis şagirdin ustada ehtiramı və minnətdarlıq nümunəsi sayıla bilər:

 

Diyari-eşqə sultanəm, bəlalar çox çəkib başım

Cəlali-şövkətim qəmdir, hücumi dərd fərraşım.

Ömürlərdir axar kuyində yarın qanlı göz yaşım

Degilsən çoxdan ey gərdun cahan seyrində yoldaşım,

Nola xəm olsa qəddim, səndən artıqdır mənim yaşım.

 

Vahidin ustad Füzulinin poetik dühasından, dil və ritm təbiətindən bəhrələndiyi, məhz onun  üslubiyyətini mənimsədiyi açıq-aşkardır. Bu şeiriyyətdə ecazkarlıq, poeziya və fəlsəfənin bir-birində əriməsi, ilahi təbin misralara düzülən sehri, bütün ömrü boyu Vahidi öz cazibəsində saxlamışdır. Bu cəhəti xüsusi dəyərləndirən professor Məsud Əlioğlu qeyd edir ki: "Füzuli dühasının və Füzuli sənətinin son əsrdəki istedadlı davamçısı, klassik fəlsəfi-lirik  şeirimizin sonuncu yadigarı, könlünün bütün telləri ilə eşq nəğmələri oxuyan Ə.Vahid məhəbbətin özü kimi köhnəlik, qocalıq görməyəcək." Ustadına layiq olmaq, "gül-bülbül" poeziyasına qarşı az qala səlib müharibəsi aparan qaragüruha qarşı sinə gərib, mövqeyində möhkəm duran Vahid yazırdı:

 

Deyir ki, əhli-qələm Vahid əvf edərsə məni,

Böyük Füzulimizin yadigarı mən özüməm.

 

Azərbaycan şerinin müxtəlif növlərində, o cümlədən istər əruz, istərsə də heca vəznində eyni ustalıqla yazan Vahid öz məharətini ayrı-ayrı mövzularda qələmə aldığı qəzəl və şeirlərinin nümunəsində  dəfələrlə sübut etmişdir. Məhz bu faktı qeyd edən professor Mir Cəlal Paşayev də təsdiq edir ki: "Ə.Vahid əruz və heca vəzni ilə yazan müqtədir şairlərdən olmuşdur."

Vahidin poeziyasının əsasən üç ünvanı var: vətən, gözəllik, bir də eşq. Və bir qədər fəlsəfi müstəvidə dəyərləndirsək,  hər üç məfhum bir-birindən ayrı deyil. Belə ki, şair əgər vətəndən yazırsa, o öz vətəninin gözəlliklərindən bəhs edir, bu zaman ruhunda bəslədiyi sonsuz eşqini bəyan etmiş olur:

                        

Könlüm yenə bülbül kimi şeydayi-vətəndir,

Məcnun edən aşiqləri Leylayi-vətəndir.

Yüzlərlə gözəl aşiqi olsam da mən, amma

Qəlbim yenə də aşiqi-sevdayi-vətəndir

 

- yazan Vahid başqa bir qəzəlində:

                                    

Hər aşiqə öz istədiyi yarı gözəldir.

Hər bülbülə öz sevdiyi gülzarı gözəldir.

Yaxud:

 

Sevgilim, eşq olmasa, varlıq bütün əfsanədir,

Eşqdən məhrum olan insanlığa biganədir

 

- kimi sadə şəkildə eşqin qutsallığını tərənnüm etdiyi qəzəldə  Vahidin eşq və aşiqlik düşüncələri:              

 

Eşqdir mehrabı uca göylərin,

Eşqsiz ey dünya, nədir dəyərin

 

- fikirlərinin davamı, bu ilahi duyğuya sədaqət şüarı kimi səslənir.

Yuxarıda qeyd etdiyimiz kimi Vahidin poetik dili sadə, anlaşıqlı olsa da, bədiilik və düşüncə baxımdan zəngindir.

Mümkün qədər şirin xalq dilində yazmağa üstünlük verən şair yüksək poetik ifadələrlə bərabər bəzən məişət (hətta bəzən loru) ifadələrə də yer verir ki, bu, onun obrazlı fikir ustalığına az da olsa xələl gətirir. Məsələn, bəzi qəzəllərindəki:

Mənimlə qaş-göz atırsan, gəzirsən özgəylə

Bu rəngi gəlmə mənə şivə-zad yeyən deyiləm,

 

yaxud:

 

Bəsdir, öldürməyəcəksən, gözəlim, dünyanı

Hər üzü göyçək olan da bu qədər  çəm-xəm edər?

 

- kimi ifadələr onun alışdığımız  kamil poetik ifadələrindən bir qədər fərqlidir.

Heç qəribə deyil ki, pusquda durub Vahidin büdrəməsini gözləyənlər bu məqamlardan istifadə edir, onu poetik dilə "pinti" münasibətdə suçlayırdılar. Təəssüf ki, belə hallar tez-tez baş verirdi və şair sanki bunun fərqində deyildi. Onun "ütülü" sətirləri yox idi və o, "işıqlı gələcəyi" tərənnüm edə bilmirdi. O da məlum idi ki, sosializm realizmi ilə "gül-bülbül" eşqini təsvir etmək olmazdı. Həmin illərdə belə görünürdü ki, bu "yoldaş Vahid" deyəsən, kommunizmə getmək istəmir.

Ayrı-ayrı illərdə onun yaradıcılığı ilə bağlı Məmməd Nurinin, Məsud Əlioğlunun,Vasim Məmmədəliyevin, Məmməd Cəfərin, Mir Mehdi Seyidzadənin, Nazilə Abdullazadənin və başqalarının müxtəlif araşdırmaları olduqca dəyərli hesab etsək də, XX əsrdən yaşadığımız XXI əsrə xalqımızın mənəvi-estetik ehtiyacından qaynaqlanan tələbi ilə adlayan Ə.Vahidin yaradıcılığı fundamental elmi-nəzəri tədqiqata demək olar ki, cəlb edilmədiyini qeyd etməliyik.

Bir neçə il bundan əvvəl Türkiyədə Ə.Vahidin yaradıcılığı ilə bağlı görülən işlər xüsusi maraq kəsb edir.

Belə ki, 2015-ci ildə Mahmud Sarıkaya tərəfindən şairin qəzəlləri türkcəyə çevrilib, "Türk dünyasının son böyük şairi Əliağa Vahid və qəzəlləri" adı ilə kitab nəşr edilmiş, bundan başqa Nijde Universitetinin əməkdaşı Seda Səlim Vahidin yaradıcılığı ilə bağlı tədqiqat işini bitirmişdir. Məhz bu tədqiqatda müəllif Ə.Vahidin yaradıcılığının zənginliyindən, ustalıq məharətindən bəhs edib poetik örnəklər gətirməklə bərabər fikrimizcə, bəzi yanlışlıqlara da yer vermişdir.

Seda Səlim sözügedən tədqiqatda nədənsə Azərbaycanın iki böyük şairi Hüseyn Cavidi və Əliağa Vahidi müqayisə etməyə cəhd edir, bu zaman həm  elmi-nəzəri, həm də tarixi təhriflərə yol verir.

Hər şeydən əvvəl, milli ədəbiyyatımızdakı mövqelərinə, yaradıcılıq üslublarına, janr, dil, üslub və s. baxımdan ciddi şəkildə fərqlənən bu ədibləri müqayisə etməyin nə anlamı var? Azərbaycan ədəbiyyatına az-çox bələd olan hər kəs bilir ki, Cavidin və Vahidin müxtəlif "çəki dərəcələri" vardır. Digər tərəfdən Vahidi, olsa-olsa, Seyid Əzimlə müqayisə etmək tədqiqat işi üçün daha səmərəli sayılardı.

Təəssüf ki, Seda Səlim bütün tədqiqatçı istedadını H.Cavidlə Ə.Vahidin siyasi baxışlarına, ictimai mövqeyinə fokuslaşdıraraq öz fikirlərini əsaslandırmağa uğursuz cəhdlər edir. Belə ki, o, Cavidin Sovet rejiminə baş əyməyib, bu rejimi birmənalı qəbul etmədiyini, Ə.Vahidin isə nəinki qəbul etdiyini, hətta onu qəlbən bəyəndiyini yazır. O, bunu  H.Cavidin (guya Sovet rejimində yaşadığı üçün) yaradıcılıq ovqatında "karamsar və umutsuz bir hava", Ə.Vahidin şeirlərində isə "nəşə və umut" olduğunu və bunu "şairlərin yaşadıkları dönemden memnun olmaları ve olmamaları" kimi yozur.  Xəfif təbəssüm oyadan bu sadəlövh fikirlər tədqiqatçının hər iki şairin yaradıcılığını mükəmməl bilməməsi, qəzəl janrının xüsusiyyətlərindən, həmçinin Azərbaycan romantizmindən az məlumatlı olması ilə izah edilə bilər.

Ədəbi-tarixi fakt olaraq təsdiqini tapmışdır ki, obrazlı fikrin, şairanə sözün məharətli ustası olan Ə.Vahid ötən əsrin ən böyük qəzəl şairidir. M.Əlioğlunun qeyd etdiyi kimi: "Onun şeiri poeziyamızın inkişaf tarixində xüsusi bir cığırdır, ayrıca məktəbdir. Bu məktəbin yaradıcısı da, davamçısı da şairin özüdür. Bədii sözün və obrazlı təfəkkürün əlvanlıq və dəqiqliyindən, üsul və imkanlarından məharətlə faydalanan şair təravəti solmayan bir miras yadigar qoymuşdur."

Yuxarıda qeyd etdiyimiz kimi, yaşayıb-yaratdığı dövrdən "məmnun" olmayıb, rəsmi dairələr tərəfindən nəinki "sığal" görən, hətta ciddi qəbul edilməyən şair bir sıra hallarda böhtan və iftiralara, mənəvi və maddi sıxıntılara məruz qalmışdır. Əlamətdardır ki, çağdaş dövrümüzdə o öz layiqli dəyərini qazanmaqdadır. Amma o da var ki, Ə.Vahidin professor M.Əlioğlunun təbirincə desək, "təravəti solmayan mirası" yeni dövrün baxış müstəvisində özünün dərin və əhatəli elmi-nəzəri tədqiqatını gözləyir.

Bu mühüm iş onun yaradıcılığının mükəmməl öyrənilməsi şərtilə həyata keçirilə bilər və nəticə etibarilə ədəbiyyatşünaslığımız  zənginləşmiş olar.

Bu məqamda akademik V.Məmmədəliyevin aşağıdakı sözləri yada düşür: "Sağlığında sənəti layiqincə qiymətləndirilməyən Vahidin bu gün, ölümündən sonra əslində hər hansı rəsmi təqdirə, rəsmi qiymətə ehtiyacı yoxdur. Əksinə, Azərbaycan ədəbiyyatşünaslığının xalqın ürəkdən sevdiyi, qəzəllərini muğama, mahnıya çevirdiyi, şeirlərini dillər əzbəri etdiyi bu sehrkar poeziya ustadının yaradıcılığını tədqiq edib xalqa çatdırmağa ehtiyacı vardır və bu, həm də onun xalq qarşısında şərəfli borcudur. Bu, bizim hamımızın borcudur."

                          

Afət  Qədirova

Azərbaycan Respublikasının Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir.