adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7

AYAĞA DUR... - FAİQ QİSMƏTOĞLU yazır

FAİQ QİSMƏTOĞLU
62994 | 2020-10-07 13:17

İkinci dəfə

 

... Sentyabrın 27-dən başlayan böyük savaş məni heç cürə sakit buraxmır. Sentyabrın 29-da Füzulinin Horadiz şəhərində, Araytılı, Babı, Kərimbəyli, Bəhmənli, Əhmədbəyli,  Əhmədalılar, Mahmudlu kəndlərində olub əsgərlərimizlə və sakinlərlə görüşəndən sonra elə “isti-isti” yazıları hazırlayıb “Ədalət”də dərc elədik. Və ordakı ruh yüksəkliyini, vətənpərvərlik dəyanətini insanların, ordu ilə həmrəy olduğunu bir daha oxucularımıza çatdırdıq. Elə ki, Bakıda bir neçə gün qaldım, ancaq özümdə heç bir rahatlıq tapmadım. Yenidən döyüşlərin şiddətləndiyi Füzuliyə getdim. Təbii ki, bu ağır döyüşlər zamanı ordunun və xalqın içində olmaq, onların sevinc hissini və mücadiləsini görmək elə özü də böyük xoşbəxtlikdir. Və bir də cəbhə xəttində olarkən insan özünü daha rahat, daha sakit və daha normal  hiss eləyir. Hiss eləyir ki, böyük savaşda Azərbaycan əsgərinin, Azərbaycan xalqının və Azərbaycan ordusunun yanındadır. Mən də bu hissi həmişə yaşamışam və ondan qürur duymuşam...

 

Torpaqlarımızı azad etməyə gedirik

 

... Rayon sakinləri yola çıxaraq yolboyu döyüşə gedən əsgərlərimizi salamlayır və xeyir-dua verir. Hərbi maşınların içərisində olan əsgərlərimizə kimi siqaret, kimi ərzaqlar, kimi də gətirdiyi müxtəlif bağlamaları ərməğan edir. Həmin an mənim xanımım və dostum Arif də bu səhnəni görüb sevincdən gözləri yaşarır. Çox möhtəşəm, çox yaddaqalan bir an baş verir. Xalq ordu üçün, mücadilə edən əsgərlərimiz üçün “gözünün yağını” yedirtmək istəyir. Yola çıxan və onlara xeyir-dua verən çoxlu sayda insanlar əllərində Azərbaycan bayrağı dalğalanaraq səslənirlər: “Azərbaycan əsgəri, Allah sizi qorusun!”. Və əsgərlərimiz də onlara öz sevgi və məhəbbətini bildirir, əl eləyirlər. Maşındakı bir neçə əsgərimizə yaxınlaşıram. Onlarla salamlaşıb hal-əhval tuturuq. Əsgərlərdən biri kövrəldiyimi görüb deyir ki, əmi, heç də kövrəlib eləmə. Biz döyüşə ölməyə yox, düşməni öldürüb torpaqlarımızı azad etməyə gedirik. Bu Vətən bizi döyüşə çağırır! Əsgərin yanındakı digər bir əsgərimiz isə dillənir ki, bəs Məmməd Araz deməyib ki, “Vətən mənə oğul desə nə dərdim, Mamır olub qayasında bitərdim”. Aman Allah, o əsgərlərdəki ruh yüksəkliyi, onların çöhrəsindəki sevinc hissi çox şeyi deyirdi. Və deyirdi ki, tezliklə torpaqlarımız işğaldan azad ediləcək. Heç iki gün keçmədi ki, o əsgərlərin savaşı və  mücadiləsi  nəticəsini verdi. Cəbrayıl şəhəri və neçə-neçə kəndi, o cümlədən Füzulinin Aşağı Əbdürəhmanlı 27 illik həsrətdən sonra erməni işğalından azad olundu.

 

Zobucuqda bir gecə

 

... Zobucuq Füzulinin yeni salınmış qəsəbələrindəndi. Və burda neçə-neçə qəsəbə də var. Üstəlik də minlərlə insan yeni tikilmiş qəsəbədə məskunlaşıb. Digər yaşayış məntəqələrinə nisbətən Zobucuq cəbhə xəttinə daha yaxındır. Və ermənilər də bu yaxınlıqdan istifadə edərək fasiləsiz olaraq yaşayış məntəqəsini artillerya atəşinə tuturlar. Qəsəbənin küçə və yollarında bir sakitlik hökm sürür. Ermənilər isə artilleriyanın atdığı atəşlə bu sakitliyi pozurlar. Amma buna baxmayaraq, qəsəbənin sakinləri və insanlar yaşayış yerlərini tərk etmirlər. Həmin axşam Bəhmənliyə qayıtmaq istəsəm də, ürəyim məni getməyə qoymur. Tanış dostlarmdan birinin evində qalıram. O deyir ki, müəllim, Bəhmənli bura baxanda sakitlikdir. Əgər qorxmursansa, bir axşam da bizdə qal. Şükür Allaha, yeməyə çörəyimiz var, içməyə çayımız. Dostumun sözünü yerə salmıram. Axşam saat 12-yə qədər söhbətləşirik və ara-sıra mərmi səsi eşidilir. Hətta o mərmilərdən biri gəlib yaxınlıqdakı yerə düşür. Mən bir qədər həyəcan keçirsəm də, dostum gözünü də qırpmır. Və deyir ki, müəllim, biz döyüş şəraitində yaşamağa və işləməyə alışmışıq. Səhərə qədər ermənilərin atəşi dayanmır. Azərbaycan ordusu isə həmin hədəfi dəqiqləşdirərək məhv edir. Düzdür, həyəcan keçirsəm də, ancaq hər şeyə normal baxıram. Çünki bu cür döyüş şəraitində çox olmuşam və psixoloji cəhətdən heç nədən çəkinmirəm. Səhər açılanda yuxudan qalxıb Allah verəndən bir tikə çörək yeyib çay içirik, sonra da Bəhmənliyə yola düşürük. Axşamdan atılan bir neçə mərmi yeri aydın görünür. Amma  nə mərmilər, nə də ermənilərin digər artilleriya zərbələri Zobucuqda yaşayan mənim dostum kimi yüzlərlə insanı qətiyyən qorxutmur...

 

Bəhmənlidə sakitlikdi

 

Füzulinin Horadiz şəhəri, Alxanlı, Zobucuq, Şükürbəyli, Molla Məhərrəmli, Əhmədalılar, Babı, Araytılı kəndləri ilə müqayisədə Böyük Bəhmənlidə bir qədər sakitlikdir. Amma bu o demək deyil ki, insanlar bu sakitlikdə əlini- əlinin üstünə qoyub oturublar. Kəndin üstündə dövr edən hərbi vertalyot və digər döyüş qüvvələrimiz bir daha xalqı əmin edir ki, ordu onların təhlükəsizliyini təmin edir. Horadizə və digər yerlərə atılan mərmi səsi də burda bərkdən eşidilir. Hətta mərmilər yerə düşəndə evlər silkələnir. Artıq Bəhmənlidə də camaat müharibə şəraitinə uyğunlaşır. Yüzlərlə gənc əllərində bayraq könüllü olaraq döyüşmək istədiklərini bildirirlər. Bununla yanaşı, kəndin könüllüləri kəndin  girəcəyində və çıxacağında postlar quraraq nabələd adamları yoxlayırlar. Bu da onunla bağlıdır ki, könüllülər orduya və polisə arxa durur, kənardan gələn şəxslərin kim olduğunu aydınlaşdıra bilirlər. Yəni hər hansı bir təxribatçı qüvvənin kəndə daxil olması çox çətin məsələdir. Ən azından ona görə ki, kənddə hamı hamını tanıyır, kənardan gələnin yad adam olduğunu o dəqiqə hiss edirlər.

 

Erməni əsgərləri torpaqlarımızdan it kimi qovulur

 

Bu sözləri ölkə prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev bu yaxınlarda xalqa müraciət edərkən səsləndirib. Və demək olar ki, artıq Azərbaycan torpaqlarından erməni əsgərləri və muzdlu döyüşçülər it kimi qovulur və it kimi öldürülür. Füzulidən və Cəbrayıldan onların qovulması və torpaqlarımızın azad edilməsi bu dediklərimizə əyani sübutdur. Bu gün Füzulidə cənab prezident, Ali Baş Komandan İlham Əliyevə çox böyük dəstək var. Çünki cənab Prezident çıxışlarının birində dedi ki, “mən Qarabağın azad olunması uğrunda gedən döyüşlərdə şəhid olan əsgərlərimizin və onların valideynlərinin qarşısında baş əyirəm”. Bu sözlər şəhid ailələrinə və şəhid olan əsgərlərimizin ruhuna çox böyük ehtiram və məhəbbətdir. Böyük Bəhmənlidə şəhid Elçin Süleymanovun atası Tehran Süleymanov və şəhid anası Xalidə Süleymanova cənab prezidentin bu həssaslığına və məhəbbətinə görə, ona öz təşəkkürünü bildirir. Şəhid atası Tehran Süleymanov deyir ki, mən inanıram ki, Azərbaycan Əsgəri və Azərbaycan Ordusu mənim oğlum Elçin kimi şəhidlərin qanını yerdı qoymayacaq və onların qisasını alacaqlar. Artıq bu qisas alınır. Cəbrayıl şəhəri və Füzulinin bəzi kəndləri işğaldan azad olunub. Lazım gəlsə, böyük oğlum Telmanı da cəbhəyə göndərəcəm və özüm də silaha sarılıb şəhidlərimizin qisasını alaraq torpaqlarımızı işğaldan azad edəcəyik. Bax, bu gün Bəhmənlidə belə bir böyük ruh yüksəkliyi, vətənpərvərlik hissi var. Prezident İlham Əliyevə və orduya böyük dəstək göstərilir. Və bu dəstəyi heç bir erməni silahı və onun havadarları söndürə bilməz.

 

On Bəhmənli qadını

 

... Bu gün cəbhədə tək Azərbaycan Ordusu döyüşməklə qələbə əldə etmək mümkün deyil.  Həm də bu qələbədə arxa cəbhə və bütün insanlar müharibə üçün, savaş üçün mücadilə etməlidir. Və sevindirici haldır ki, bu gün Azərbaycanda 10 milyon əhalinin hamısı böyük savaşda iştirak eləyir, hərə öz bacardığı gücü, qüvvəni göstərir. Sirr deyil ki, ordumuzu fasiləsiz olaraq çörək və ərzaqla təmin etmək lazımdır. Füzulidə də ordunu çörəklə təmin edən istehsalat sahəsi var. Bu istehsalat sahəsi yerləşən ünvan  ermənilər tərəfindən atəşə tutulduğuna görə, orda çalışan qadınlar təhlükə hiss edərək işə getməyiblər. Amma həmin an Bəhmənlidən olan şəhid anaları və 10-a yaxın qadın həmin çörək sexinə gedib üç növbə işləyərək əsgərlərimizə çörək bişirirlər. Mən həmin qadınlarla da görüşdüm, iş başındaydılar. Dedilər ki, bizim onumuz da o döyüşən əsgərlərə qurban! Biz yatmırıq, üç növbə işləyərək, mərmilərin altında Azərbaycan əsgərinə çörək bişiririk. Onlar ac qalsa, çörək sarıdan korluq çəksə, ilan vuran yatar, biz yatmarıq. Biz onumuz da and içmişik, ya burda qalıb savaş qutarana qədər çörək bişirəcəyik, ya da şəhid olmaqla qürur duyacağıq. Amma biz ordumuza inanırıq. Biz şəhid olmayacağıq, Azərbaycan əsgərinə müharibə şəraitində isti çörək bişirib göndərəcəyik.

 

Uşaqdan böyüyə

 

... Hələ indiyə qədər Azərbaycan xalqında 1988-ci ildən Azadlıq meydanında gördüyüm coşqunu bu vaxta kimi görməmişdim. Bax, indi həmin zamandan da daha böyük bir coşqu, daha böyük bir möhtəşəmlik, daha böyük bir mütəşəkillik görürük. Və o coşqu “məmə deyəndən pəpə yeyənə” qədər 10 milyonluq Azərbaycan xalqında var. Bu gün 10 milyonluq xalq ayaq üstədi, müqəddəs savaşda Azərbaycan Ordusunun və Azərbaycan Prezidentinin yanındadı! Və bu möhtəşəmliyin və coşqunun qarşısını heç bir qüvvə almağı bacarmaz. Ən azından ona görə ki, haqq-ədalət və beynəlxalq hüquq bizimlədi... Ən azından ona görə ki, bu xalq, bu millət 30 il səbr edib dözüb... Ən azından ona görə ki, bu vulkan, bu güc yenidən püskürməyə başlayıb... Və Azərbaycan xalqı artıq ayağa durub Böyük Qarabağa doğru irəliləyir... Böyük Qarabağa doğru! Addımların uğurlu olsun, Azərbaycan! Böyük Məmməd Araz sanki bu günü görüb deyir:

 

Nə yatmısan, qoca vulkan, səninləyəm!

Ayağa dur, Azərbaycan, səninləyəm!

 

... Böyük qələbəyə səsləyir bizi Böyük Məmməd Araz! Böyük Qələbəyə, Böyük Azərbaycan çox yaxındı, lap çox!!!

 

Faiq QİSMƏTOĞLU

“Ədalət”in xüsusi müxbiri

Bakı-Horadiz-Bəhmənli-Zobucuq-Bakı

 

TƏQVİM / ARXİV