adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
09 Oktyabr 2020 13:40
53316
MÜSAHİBƏ
A- A+

“Muzdlulardan istifadə edilməsi cinayətdir” - MÜSAHİBƏ

“Ermənistan nəinki öz vətəndaşlarını, o cümlədən, Suriyada, İraqda, Livanda və başqa ölkələrdə olan erməniləri, hətta ermənilər adı altında terrorçuları ailələri ilə birlikdə Azərbaycanın işğal olunmuş ərazilərinə köçürüb. Burada artıq iki cinayət var. Muzdluları birbaşa Ermənistan gətirib və onların fəaliyyətindən istifadə edir. Lakin bu muzdlular bilməlidirlər ki, müharibə qanunlarına görə onlar Ermənistanın silahlı qüvvələrinin tərkibinə daxil olmadığı üçün hərbi status daşımırlar və əsir düşərkən belə hərbi statusa iddia edə bilməzlər”. “Ədalət” qəzetinin qonağı BDU-nun Beynəlxalq ümumi hüquq kafedrasının dosenti, hüquq üzrə fəlsəfə doktoru Rahim Məmmədovdur.

“Mülki əhalinin hədəfə alınması müharibə cinayətidir”

-Ermənistanın təcavüzü nəticəsində ortaya çıxan cinayət aktlarının sayı olduqca çoxdur...

-İlk olaraq onu nəzərə çatdırmaq istəyirəm ki, beynəlxalq hüququn mühüm sahəsi olan beynəlxalq humanitar hüququn normativ əsasını təşkil edən Haaqa və Cenevrə hüququ, yəni bu qanunlar, müharibələrdə, hərbi əməliyyatlarda iştirak etməyən şəxslərin hüquqları məsələsi dərin tarixi kökə malikdir. Beynəlxalq humanitar hüququn fundamental prinsipləri var-humanizm və zərurət. Zərurət prinsipinin mahiyyəti ondan ibarətdir ki, düşmənin canlı qüvvələrinin, texniki güclərinin, hərbi qüvvələrinin məhv edilməsi müharibədə qəbul edilən bir haldır. Humanizm prinsipi isə humanitar məqsəd güdür, yəni müharibənin nəticələrindən bizi qoruyan insanlıq bizim hamımıza məxsusdur. Deməli, beynəlxalq humanitar hüquq iki məqsədə xidmət edir. Birincisi, silahlı münaqişələr zamanı döyüş vasitələrinin və metodlarının seçilməsini qadağan etməklə yanaşı bu münaqişələrdə iştirak edən şəxslərin hüquqlarının da müdafiəsini nəzərdə tutur.

Məsələyə bugünkü reallıq nöqteyi-nəzərdən yanaşsaq, deyə bilərəm ki, Ermənistanın silahlı qüvvələri mülki əhalini, mülki obyetləri də hədəf alıb. Bu “çarəsizlik” sindromu kimi qiymətləndirilə bilər. Bugünkü beynəlxalq humanitar hüquq normaları, beynəlxalq hüququn tanınmış prinsipləri özündə onu ehtiva edir ki, mülki əhali heç bir halda hərbi hədəf obyekti ola bilməz. Bu, birmənalı olaraq belədir. Mülki əhalinin və mülki obyektlərin hədəf alınması müharibə cinayətidir. Bu məsələ nəinki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 114-cü maddəsindən tutmuş 119-cu maddəsinə qədər müddəalarda, hətta beynəlxalq konvensiyalarda da öz əksini tapıb. Məsələn, “Müharibə qurbanlarının müdafiəsinə dair” Cenevrə Konvensiyası var. Bu Konvensiyaya əlavə edilmiş 1 və 2 saylı protokollar var. Hətta 2005-ci ildə 3-cü protokol da əlavə olunub. Tokio beynəlxalq cinayət tirbunallarının nizamnamələrində də, Yuqoslaviya və Ruanda beynəlxalq cinayət tribunallarının nizamnamələrində də, o cümlədən, son zamanlar beynəlxalq cinayət hüququnun əsas mənbəyi kimi çıxış edən Beynəlxalq Cinayət Məhkəməsinin statusunda müharibə cinayətlərinin geniş spektri nəzərdə tutulub. Həmin o tərkiblərdə birmənalı olaraq vurğulanır ki, mülki əhalinin hədəfə alınması müharibə cinayətidir. Hərbi zərurət olmadan birbaşa mülki obyektlərə edilən hücum həmin dövlət üçün ikili məsuliyyət doğurur. Birincisi, Ermənistanın beynəlxalq məsuliyyətini, ikincisi isə bu əməlləri bilavasitə törədən təqsirli şəxslərin beynəlxalq cinayət məsuliyyətini. Yəni beynəlxalq hüquq, o cümlədən onun mühim sahəsi kimi çıxış edən beynəlxalq humanitar hüquq mülki əhalini fərqləndirir.

Beynəlxalq hüquqda “kombatant” deyilən bir anlayış var, yəni düşmənin silahlı qüvvələrinin tərkibinə daxil olan, döyüşən dövlətlərin nizamlı silahlı qüvvələrinin tərkibinə daxil olan, hərbi əməliyyatlarda silah gəzdirən, atışlarda iştirak edən şəxs kombatantdır. Mülki şəxslər isə onlardır ki, hərbi əməliyyatlarda iştirak etmir, əlində silah gəzdirmir. Lakin bunlara baxmayaraq ermənilər mülki əhalini hədəfə alırlar, şəhərləri, kəndləri, qəsəbələri, hətta strateji əhəmiyyətli obyektləri də vurmağa cəhd göstərirlər. Bunların hər biri beynəlxalq cinayətdir.

“Silahlı Qüvvələrimiz fəaliyyətində beynəlxalq hüquq normalarına ciddi riayət edir”

-Ermənistan tərəfindən ərazilərimiz raket atəşinə məruz qalır. Bu gün insanlarımız deyir ki, eyni cavabı biz də onlara verək. Ümumən beynəlxalq hüquq bu məsələyə necə yanaşır? Düşmən bizim mülki obyektlərimizi məhv edirsə, biz də onlara qarşı eyni münasibəti göstərməliyik?

-Çox gözəl sualdır. Burada bir məsələ var. Beynəlxalq humanitar hüquqda qarşılıq prinsipi, xüsusən də mülki əhaliyə qarşı edilənlərə qarşılıq prinsipi bir öhdəlik kimi nəzərdə tutulmayıb. Yəni “Müharibə qurbanlarının müdafiəsinə dair” Cenevrə Konvensiyasında və ona edilən əlavə protokollarda vurğulanır ki, hansısa bir dövlətin mülki əhaliyə qarşı etdiklərinə qarşılıq adekvat cavab tədbiri görülməsi ilə qiymətləndirilə bilməz. Bu gün Azərbaycan Dövləti, Silahlı Qüvvələrimiz öz fəaliyyətində beynəlxalq hüquq normalarına ciddi riayət edir. Bu da Azərbaycanın beynəlxalq humanitar hüquqa olan hörmətidir.

Uzun müddət belə bir fikir səsləndirilirdi ki, beynəlxalq humanitar hüquq zəif inkişaf edib. Mən isə demək istəyirəm ki, beynəlxalq hüquqa hörmət dövlətin beynəlxalq hüquq düşüncəsi ilə bağlıdır. Yəni o dəyərlər ki, insana yönəlib, o dəyərləri qiymətləndirmənin özü elə beynəlxalq humanitar hüquqdur. Ona görə də “bu gün biz adekvat cavab verməliyik” fikrini bir o qədər də qəbul etmirəm. Niyə? Ona görə ki, bu gün dünya birliyi hər şeyi izləyir. Bir məqamı təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, beynəlxalq monitorinq mexanizmləri nədənsə bizə qarşı ögey münasibət bəsləməkdədir. Bu gün apardığımız siyasət düzgün siyasətdir ki, biz mülki əhalini vurmuruq. İstənilən formada yalnız hərbi obyektlərin vurulması beynəlxalq hüquqla yol verilən haldır. Ki, Azərbaycanın Silahlı Qüvvələri bu konteksdə əməliyyatları həyata keçirir. Məndə olan məlumatlara görə, ermənilər döyüş bölgələrində mülki əhalini sipər kimi qarşıya qoyub və bizim Silahlı Qüvvələrimiz onlara atəş açmır. Suala cavabı ümumiləşdirsəm, deyərdim ki, Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Ermənistanın mülki əhalisinə qarşı adekvat tədbir görməməsi ölkəmizin beynəlxalq imici məsələsindən irəli gəlir.

Bir də burada Ermənistanın başlıca məqsədi silahlı münaqişəyə üçüncü qüvvələri cəlb etməkdir. Yəni Ermənistan ərazisindən Azərbaycana raketlər atılır. Azərbaycan adekvat cavab tədbiri görmür. Ermənistan istəyir ki, biz də onlara cavab verək və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olduğu üçün bu təşkilata üzv olan digər dövlətlər də ona dəstək olsun. Cəhd edir ki, bu məsələyə üçüncü tərəf də qoşulsun.

“Vurulmuş maddi və mənəvi ziyan qiymətləndirilməlidir”

-Ermənistana müxtəlif ərazilərdən insanlar da köçürülür. Bildiyim qədərilə, bu hal Cenevrə Konvensiyasının 49-cu maddəsinə, hətta 1949-cu il Cenevrə Konvensiyasına əlavə olunan 1977-ci il Protokolunun 47-ci maddəsinə görə beynəlxalq hüquq pozuntusudur...

-Öz mülki vətəndaşlarının işğal olunmuş əraziyə köçürülməsi beynəlxalq hüquq normaları ilə, eyni zamanda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 116.0.14-cü maddəsi ilə müharibə cinəyəti hesab olunur. Ermənistan nəinki öz vətəndaşlarını, o cümlədən, Suriyada, İraqda, Livanda və başqa ölkələrdə olan erməniləri, hətta ermənilər adı altında terrorçuları ailələri ilə birlikdə Azərbaycanın işğal olunmuş ərazilərinə köçürüb. Burada artıq iki cinayət var. Muzdluları birbaşa Ermənistan gətirib və onların fəaliyyətindən istifadə edir. Lakin bu muzdlular bilməlidirlər ki, müharibə qanunlarına görə onlar Ermənistanın silahlı qüvvələrinin tərkibinə daxil olmadığı üçün hərbi status daşımırlar və əsir düşərkən belə hərbi statusa iddia edə bilməzlər. Yəni bu şəxslər hansısa bir marağa görə gəlib Azərbaycana qarşı vuruşurlar. Beynəlxalq hüquqda muzdluların hüquqi statusu, onların müdafiəsini nəzərdə tutan hansısa bir norma yoxdur. Muzdlulardan istifadə edilməsi də cinayətdir.

Baxın, müharibə qurtardıqdan, torpaqlarımız işğaldan tam azad edildikdən sonra məsələnin beynəlxalq hüquq müstəvisi gəlir. Yəni, ermənilərdən kimlər ki, beynəlxalq cinayət törədiblər, beynəlxalq öhdəlikləri pozublar, onların beynəlxalq məsuliyyəti məsələsi ortaya çıxacaq. Vurulmuş maddi və mənəvi ziyan qiymətləndirilməlidir. Bunun reallaşdırılması üçün məhkəmələrimiz fəaliyyət göstərməlidir. Bu mümkün olmadığı təqdirdə isə ad hoc qaydasında beynəlxalq cinayət tribunalının yaradılmasına səy göstərilməlidir.

Rövşən Tahir