adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
13 Oktyabr 2020 11:57
53476
MÜSAHİBƏ
A- A+

“Ard-arda 2 ədəd minaya düşdüm” - Qarabağ qazisi

“Kəşfiyyatçının əsir düşməyini qəbul edə bilmirəm. Mənə görə, kəşfiyyatçı əsir düşə bilməz. Ya özünü partlatmalıdır, ya da döyüş meydanından çıxmalıdır”. “Ədalət” qəzetinin qonağı Qaarabağ qazisi, ehtiyatda olan kapitan Anar Məmmədovdur

-Zəhmət olmasa, özünüzü təqdim edin...

-Ehtiyatda olan kapitan, Qarabağ qazisi Anar Məmmədov. 1981-ci ildə Bakı şəhərində anadan olmuşam. 2005-ci ildə Ali Hərbi Məktəbi bitirmişəm və o vaxtdan ta yaralandığım günə qədər qoşun kəşfiyyatı ixtisası üzrə çalışmışam.

-Pilot ola bilmədiyim üçün kəşfiyyatçı oldum. Bu barədə danışaq...

-Ali Hərbi Məktəbə daxil olanda ən böyük arzum idi ki, hərbi pilot olum. Lakin bir balaca səhhətimdə problem olduğuna görə, daha açıq desəm, burnumda çəpər əyriliyi olduğu üçün pilot ola bilmədim. Odur ki, ikinci ən sevdiyim ixtisası seçdim. Allahın izni ilə də kəşfiyyatçı oldum. Bu peşəni seçdiyim üçün peşiman deyiləm.

-Hərbi xidmət dövründəki xatirələrinizdən söhbət açaq...

-Kəşfiyyatçının xatirələri onun düşməni izləməsi ilə bağlı ola bilər. Hansısa bir kəşfiyyatçının, zənnimcə, ən gözəl xatirələri budur. Dəfələrlə düşmənin arxasınca fəaliyyətdə olmuşam. O günlər həyatımın ən gözəl günlərindən olub. Ağdamda, Goranboyda ən gözəl xatirələrim olub.

-Yaralandığınız günü necə xatırlayırsınız?

-Yaralandığım gün həyatımda dönüş nöqtəsi oldu. 2015-ci ildə yaralanmışdım. 2015-ci il sentyabr ayının 1-də düşmən ərazisində döyüş tapşırığını yerinə yetirərkən düşmənin yerləşdirdiyi 2 ədəd minaya ard-arda düşdüm. Bu minalar nəticəsinə sağ ayağım zədələndi və sol qolumu itirdim. Yaralandığım vaxt elə bildim ki, həyata yenidən gəlmişəm. Yaralandığımın fərqində ola bilməmişdim. Minaya düşdüm, sanki 2-3 saniyə həyatdan ayrıldım, sonra yenidən bu həyata qayıtdım. Gözümü açanda yenidən doğulmuş kimiydim. 2 minaya düşmək elə-belə bir şey deyil. Şiddətli ağrılar var idi. Lakin şəxsi heyətimi təhlükəyə atmamaq üçün özümü maksimum dərəcədə toparladım. Yəni nə səsim çıxdı, nə də bir şey. Ağrılar içərisində tam sakit bir vəziyyətdə idim. Döyüşçü yoldaşlarım məni biz tərəfə aparanda bir-iki dəfə şiddətli ağrılarım tutdu. Onlara dedim ki, siz gedin, mən gələ bilsəm, sonradan gələcəm, gələ bilməsəm də, özümü öldürəcəm. Əlimi atdım ki, tapançamı götürüm, gördüm, yoxdur. Sən demə, mina partlayan zaman zərbəsi tapançanı harasa atıbmış. Şəxsi heyətdən bir əl qumbarası istədim ki, mənə verin, dedilər yoxdur. Onlar “yoxdur” ifadəsini ona görə söylədilər ki, məni orada tək qoymaq istəmirdilər. Kəşfiyyatçının əsir düşməyini qəbul edə bilmirəm. Mənə görə, kəşfiyyatçı əsir düşə bilməz. Ya özünü partlatmalıdır, ya da döyüş meydanından çıxmalıdır. Nəsə mənə bir döyüşçü yoldaşım Ağayev Şahin dedi ki, mən də sizinlə qalıram, sizi bu döyüş meydanında tək qoya bilmərəm. Mən onu da təhlükəyə atmamaq üçün razılaşıb döyüşçü yoldaşlarımla oranı tərk etdim. 4-5 saat yaralı halda yol gəldik. Sonra xəstəxanaya apardılar. Allahın izni ilə sağ qaldım.

-Bax Ordumuz döyüş ruhundadır. Əsgərlərimizə, zabitlərimizə nəsə sözünüz var?

-Bir şeyi düşünürəm ki, şəhid olan qardaşlarımızdan heç bir şeyimiz artıq deyil. Odur ki, biz döyüşməliyik. Döyüşməliyik ki, torpaqlarımız işğaldan azad olunsun. Könüllü olaraq qeydiyyatdan keçmişəm, cavab gözləyirəm ki, icazə verilsin, döyüşlərdə iştirak edim. Ordumuza uğurlar arzulayıram. Allah ordumuzu, əsgərlərimizi, zabitlərimizi qorusun. Xalqımıza qələbə arzulayıram. Cənab Prezidentin də dediyi kimi, Qarabağ Azərbaycandır!

Rövşən Tahir