adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7

Aqil ABBAS: ALLAH SƏNƏ RƏHMƏT ELƏSİN, ZEYNAL MƏMMƏDOV!

AQİL ABBAS
69625 | 2020-10-20 15:17

Dünən Birləşmiş Millətlər Çayxanasının baş çayçısının (adını  yazmıram, azərbaycanca adı pis  çıxır ey, özünüz başa düşdüz də) bir bəyanatını  oxudum, yadıma  bir əhvalat düşdü, xeyli güldüm.

Dağlıq  Qarabağda  hadisələr  başlayıb və hadisələrin  sonu yaxşı görünmür, elə sonu da  yaxşı  olmadı, Allaha  şükür indi yaxşılığa doğru gedir.

Elan etdilər ki, Mixail Qorbaçov televiziya vasitəsilə Azərbaycan və erməni  xalqına   müraciət edəcək.

Ağdamdakı hökumət  adamları ilə  yığışdıq  birinci  katibin  kabinetinə ki, görək bu vurğun vurmuş nə deyəcək?

Ağdamda Zeynal Məmmədov adlı Qarabağda ağsaqqal kimi   tanınan bir ziyalı vardı, rayon həmkarlar  təşkilatının  sədri idi. Hamımızın müəllimi, Bakı Dövlət Universitetinin professoru Cahangir Məmmədlinin  böyük qardaşı idi.  Ağır taxtalı kişi idi, hətta rayonun birinci katibi tanınmış dövlət xadimi və ictimai  xadim Sadıq Murtuzayev öz kreslosunda  onu  oturtmuşdu.

İntizarla Qorbaçovun  müraciətini  gözləyirdik. Nəhayət, Qorbaçov gül ağzını  açdı. O qədər mənasız və yuxaqulağı sulayan bir müraciət  etdi ki, hamımız çaşıb  qaldıq.

Zeynal müəllim  qalxdı  ayağa, Qorbaçova  çox ağır  bir söyüş  söydü və sonra  üzünü  otaqda oturanlara  tutub dedi:

- Ə, durun ə! Durun gedək görək hardan silahdan-zaddan tapıb kəndimizi-kəsəyimizi qoruya bilirik!

İndi Birləşmiş Millətlər Çayxanasının baş çayçısının  bəyanatını  oxuyanda           yadıma Qorbaçovun  müraciəti və Zeynal müəllimin söyüşü  düşdü.

TƏQVİM / ARXİV