adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7

125-ci köşə yazım - Eminquey yazır

EMİNQUEY AKİF
66537 | 2020-10-19 15:37

Bu, mənim “Ədalət” qəzetində yazdığım 125-ci köşə yazımdır.

Bu vaxta kimi bir çox mövzularda köşə yazıları yazmışam. Hamısı da dərdimiz, acımız olub. İstər televiziya, istər cəmiyyət, istər dünya, istər ədəbiyyat.

125 köşə yazısı, cəmi 625 min işarə.

Çox oxunanı da olub, az oxunanı da.

Problem həll etmək qalsın bir yana, öz başıma problem açanı da olub, açmayanı da.

Həllini tapan da olub, tapmayanı da.

Amma bu vaxtacan yazdığım köşə yazılarının hamısı Qarabağsız olub.

Köşə yazısında hansısa problemin düyününü çözmək, diqqətə çatdırmaq əsas qayədir. O səbəbdən Qarabağ probleminə toxunmamışam. Onun həllini tapmaq mənim boyum üçün deyildi.

Bu köşəmdə heç bir problemdən danışmayacam.

Sentyabrın 27-sindən bu yana olan bəzi fikirlərimi bir yerə cəmləyib bu yazıda sizə çatdırmaq istəyirəm.

Çünki bu qısa fikirlərin hamısında Qarabağ var.

Çünki bu qısa fikirlərin hərəsi bir köşənin mövzusudur.

Çünki bu qısa fikirlərin hərəsi bu Böyük Vətən Müharibəsinin arxa cəbhəsindən mənzərələrdir.

                                               ***

Yeddi övladın ola, altısı şəhid ola, axırıncı balanı cəbhəyə təəssüflə yollayasan və səndən soruşanda ki, niyə bikefsən, belə cavab verəsən:

- Təəssüf ki, bu axırıncı oğlumdur. O da şəhid olsa, Vətənə qurban verməyə başqa övladım olmayacaq. 

Azərbaycanlı olmaq budur.

Azərbaycanlı olmaq dörd bir tərəfində sənin tarixi torpaqlarında oturub düşmənini yemləyən adamlarla qonşu olmaq deməkdir.

Azərbaycanlı olmaq qadınını, yaşlını, körpəni soyqırımdan keçirən düşmənin dinc əhalisinə belə humanist yanaşmaq deməkdir.

Azərbaycanlı olmaq onun ölkəsində bircə nəfərin olmasa belə, səndən işğal etdiyi öz torpaqlarında bircə nəfərin olmasa belə, 40 min erməniyə öz ölkəndə yer verməkdir. 

Azərbaycanlı olmaq öz yaşayışından, güzəranından, malından, canından keçib torpaq uğrunda ölməyi seçməkdir.

Azərbaycanlı olmaq Şərqin ilk müstəqil dövlətinin təməlini qoymaqdır. 

Azərbaycanlı olmaq illərlə qanlı-bıçaq olduğu adamı Vətən uğrunda döyüşə "haqqım halal olsun" deyib yollamaqdır.

Azərbaycanlı olmaq Xocalı deməkdir, Ağdam deməkdir, Şuşa, Kəlbəcər, Laçın deməkdir, Xocavənd, Qubadlı, Zəngilan deməkdir!

Azərbaycanlı olmaq Gəncədə gecənin üçündə yatdığın yerdə evinin düşmən raketilə başına uçması və yenə də "mən ermənidən qorxmuram" deyib başını uca tutmaa deməkdir. 

Azərbaycanlı olmaq, sənin haqq səsin gələndə dünyanın qulaqlarını tutub erməni mahnısı zümzümə eləməyidir. 

                                               ***

Nəşriyyatdan çıxıb piyada Kaktusa - avtobus dayanacağına gedirdim. Qəfil bir motosikl solumda saxladı:

- Qaqaş, hara gedirsən?

- Yuxarı, Kaktusa.

- Gəl otur, aparım. 

Heç vaxt motosikla minməmişəm deyə tərəddüd elədim, oğlan "qorxma" deyəndən sonra mindim, əllərimi qoydum çiyninə.

Yolboyu:

- Qaqaş, qorxma, sərbəst ol, sənə görə asta sürürəm. 

- Hiss olunur qorxmağım?

- Həəə. Əllərin əsir.

- Kuryer işləyirsən?

- Həə. 

Əlim-ayağım əsə-əsə Kaktusa çatmamış dedim ki, istəyirsən saxla, düşüm. 

- Darıxma, Kaktusa çataq saxlayacam. 

Oğlan düüz 165 N° avtobusun ön qapısının ağzında saxlayıb gülə-gülə sürücüyə dedi:

- Dayı, bax, sənə "kliyent" gətirmişəm. 

Çiynindən vurub "var ol, eşq olsun" deyib ayağımı motosikldan birbaşa avtobusa atdım. 

Həm motosiklda yol getmək, həm də tanımadığın bir adamdan belə bir jest görmək möhtəşəmdir.

                                              ***

Xəzər TV səbrsizliklə gözləyir ki, Xankəndidə təzə doğulan 4 qulaqlı, 8 ayaqlı buzovdan reportaj versin…

                                               ***

Paşinyan üçüncü dəfə səfərbərlik elan edib. Yəqin bu dəfəki itlər üçündür.

                                               ***

Çimməyə hazırlaşırdım, Cəbrayılın xəbəri gəldi. Heç nə, əynimi geyinib oturmuşam. Sevincdən bilmirəm nə edim. Qorxuram, hamamda olaram, insanlar axışar küçələrə sevincini qeyd etməyə, mən olmaram.

                                               *** 

Kəndimizdə qəribə bir adət varmış. Ölən adamı dəfn edərkən sol qolunun yanında bir ağac parçası, belə deyək, sopa qoyarlarmış. İnanırlarmış ki, sorğu-sual vaxtı məzarda dəfn olunan adam sorğu-sual vaxtı bu sopanın köməyilə dikəlib oturacaq. İlk eşidəndə qımışdım. Necə yəni dikəlib oturacaq? Bu sorğu-sual cismani deyil axı. Mənasını özləri də bilmirlər. Adət imiş. Sonra iki nəticə çıxartdım. Birincisi, yanına gələn mələklərə hörmət əlaməti, ikincisi, insanın sorğu-sual edən mələklərdən (ki, dini inanca görə, məzar günlərinin ən əzablı, dəhşətli günü məhz o gündür) qorxmaq və özünü qorumaq hissi.

Yeri gəlmişkən, erməniylə bir süfrədə yemək yeyərkən, bir yerdə yaşayarkən də qolumuzun altına sopa qoymağı adətə çevirsəydik, belə olmazdı. Bunlar sopa görmədikləri üçün bu qədər qudurdular.

                                               ***  

Xankəndini boşaldıblar, beş-üç jurnalist saxlayıblar ki, zurna havası ilə quzu kəsib bizi qarşılasınlar.

                                               *** 

Düz 12 yaşıma qədər elə bilmişəm ki, o, Afətin Minsk qrupudur.

                                               ***

Qabağıma məqsəd qoymuşdum ki, necə olursa olsun, maşın almalıyam. Sevdiyim qızla harasa rahat getmək üçün, anamı istədiyi yerə aparmaq üçün, işə rahat gedib-gəlməyim üçün. Müharibə başladı, əlim-qolum soyudu. İndi ikinci həvəs gəlib. Qarabağ (artıq hamımız əminik) işğaldan azad olunandan sonra kimdir avtovağzalda avtobus gözləyən, taksidə dördüncü adamı gözləyən, maşınına otur, sür, get. Təcili maşın almalıyam.

                                               ***

İndicə döyüşdə olan iş yoldaşım Emin Piriylə danışdım. 1 həftə öncə Füzulidə idilər. Şükür, yaralanmayıb. Deyir, sürünməkdən, dırmaşmaqdan dizlərim yaradı. O da ki təbiidir. Pivə içməkdən qarnım çıxmışdı, burda 10 kilo arıqlamışam. 34 yaşa çatdım, bir qızın qapısına elçi gedə bilmədim, amma burda gündə elçilikdi. Ala-ala gedirik. Döyüş ruhumuz əladır. Siz də əla olun, arxayın olun.

                                               ***

Avropa İttifaqı bəyanat yayıb ki, Gəncə faciəsindən dolayı təəssüf hissi keçirir. Mənə maraqlıdır ki, bunlar təəssüf hissini hara keçirir, nəyə keçirir? Bu təəssüf hissi nədir onlar üçün? Paltardımı? Asılqana keçirsinlər. Corabdımı? Ayaqlarına keçirsinlər. İt tifağınız dağılsın.

                                               ***

Həqiqətən Xudafərindəki səhnə dəhşətdir. Filmdən də ötə sənətsəldir. Əsgərlərimiz bu taydan qışqırır: Azərbaycan var olsun! Soydaşlarımız o taydan cavab verir: İstəməyən kor olsun! Əsgərlərimiz qışqırır: Yaşasın! Soydaşlarımız qışqırır: Azərbaycan! Əminəm ki, düşmənlərimizin tükləri biz-biz durur indi.

TƏQVİM / ARXİV