adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7

 Qarabağ əvvəlkindən də gözəl tikiləcək - Mehman Cavadoğlu yazır

MEHMAN CAVADOĞLU
135973 | 2020-10-22 18:00

Azərbaycan ordusunun qələbələri günbəgün artır, fədakar əsgərlərimiz daha böyük əzmkarlıq nümayiş etdirərək Dağlıq Qarabağın içərilərinə doğru inamla irəliləyirlər. Hər gün azad olunmuş şəhər, kənd və qəsəbələrimizdən yeni-yeni videolar yayılır. Bu görüntülər qəlbimizdə nə qədər böyük qürur və iftixar hissləri oyatsa da, bir o qədər də onu kədər və nisgilə bürüyür. Dünyanın ən dağıdıcı müharibələrində belə şəhər, qəsəbə və kəndlər ələ keçirildikdən sonra onlara toxunulmur, heç bir obyekt, tikili, infrastruktur dağıdılmır. Ən qədim dövrlərin vəhşi qəbilələri də məğlub edib axırına çıxdıqları qonşu qəbilələrin alaçıq və daldalanacaqlarına toxunmurdular.

 Boyunlarına “mədəni millət” xaltası keçirmiş bu ikiayaqlı vəhşilər isə ayaqları dəyən yerlərdə daş üstündə daş qoymayıblar, hər yeri sözün həqiqi mənasında xarabazarlığa çeviriblər. Alban abidələrinin qarşısından köhnə şakərlərinə uyğun olaraq erməni lövhələri asıb, məscidlərdə heyvan saxlayıb, digər maddi-mədəniyyət nümunələrini dağıdaraq yerlə-yeksan edib, bəşər sivilizasiyasının inciləri sayılan qədim kurqanları da çox güman ki, hərbi istehkam və anbarlara çevirərək dağıdıb töküblər. Hər halda işğal bitəndən sonra bu vəhşiliklərin hamısı Azərbaycan mütəxəssisləri tərəfindən bir-bir sənədləşdirilərək dünya ictimaiyyətinə çatdırılacaq və beynəlxalq güclər öz ərköyün övladlarının əsl simasını  növbəti dəfə görəcək, təbii ki, növbəti dəfə də onların başlarını sığallamaqda davam edəcəklər. Çünki bu millət onların dünya ağalığı planlarında birdəfəlik yox, çoxdəfəlik istifadə üçün nəzərdə tutulub.

Başqalarının işğalçılıq ambisiyalarında alətə çevrilmək təşnəsi, yüz fitnə-fəsadla  quraşdırdıqları saxtakarlıqlarla dolu bir tarixin labirintlərində bitmək bilməyən vurnuxmaları son nəticədə bu bədxah qonşuların xarakterində ciddi aşınmalar yaradıb, onları əlahiddə bir psixoloji tipə çevrib. Az qala bütöv bir qövm tibbin və psixologiyanın ayrı-ayrı fərdlərdə aşkar elədiyi “sadomazoxizm” mərəzinə yoluxub. Bu isə elə bir patologiyadır ki, ona mübtəla olanda qəddarlıq və yazıqlıq instinktləri arasındakı sərhədlər silinir, qələbə eyforiyasının yaratdığı vəhşiliklə məğlubuyyət acısının oyatdığı məzlumluq hissləri eyni dərəcədə başgicəlləndirici zövq mənbəyinə çevrilir.

“Genosid” kəlməsi varlıqlarına o qədər hakim kəsilib ki, hər fürsətdə onu dilə gətirməkdən yorulmur, uşaqlarına belə qətliam havası üstündə layla çalırlar. Guya onları vətənpərvər böyütmək istəyir, əvəzindəsə getdikcə bir-birindən daha xəstəhal nəsillər yetişdirirlər. Dağlıq Qarabağdan xeyli uzaqda yerləşən Gəncə şəhərinə gecə saatlarında atdıqları raketlə körpə uşaqları, qadınları, qocaları sadistcəsinə qətlə yetirir, özünün üç-dörd hərbçisi cavab zərbəsiylə öldürüləndə mazoxistcəsinə “genosid” deyə haray salırlar.

 Dünyada yəhudilərin çəkdiyi müsibətlərlə heç bir xalq üzləşməyib. Özü də söhbət təkcə Hitler Almaniyasının törətdiyi dəhşətli qırğınlardan getmir. Xristian dünyası min illər boyu İsa Məsihin intiqamını almaq üçün onların başına olmazın müsibətlər gətirib, qətliamlar törədib, qovmadıqları, didərgin salmadıqları yer qoymayıb. Buna baxmayaraq, yəhudilər hər fürsətdə özlərinə əzabkeş donuna bürüyüb göz yaşı tökmür, ağlağan uşaq kimi vay-şüvən qopardıb dünyanın gününü göy əsgiyə bükmürlər.

Qətliama uğradıqlarını iddia etdikləri ölkənin, eləcə də Azərbaycanın on minlərlə dinc əhalisini görünməmiş qəddarlıq və işgəncələrlə qətlə yetirən ermənilərsə əyinlərinə “əzabkeş millət” libası geyinərək “genosid arayışı” almaqdan ötrü məqribdən məşriqə kimi bütün dünya dövlətlərinin qapılarında sülənməkdən usanmırlar. “Genosid” özündə silahlı üsyançıları və quldurları yox, dinc əhalinin kütləvi qətlini ehtiva edən  anlayışdır. Tarixin yaddaşında və arxivlərində Avstriyada alman əsilli Vilhelm Qustloff adlı tələbənin faşistlərin antisemit isterikalarından təngə gəlmiş bir yəhudi tərəfindən öldürülməsindən başqa hansısa bir yəhudinin hansısa almanı qətlə yetirməsiylə bağlı ikinci fakt tapa bilməzsiniz. Faşistlər həqiqətən dinc əhaliyə qarşı qətliam törətmişdilər və bu yarlıq Alman dövləti yaşadıqca domokl qılıncı kimi onun başının üstündən asılıb qalacaq. Ancaq ermənilərə qarşı heç bir qətliam olmayıb. Söhbət ən pis halda dinc əhalinin köçürülməsindən gedə bilər ki, müharibə aparan istənilən ölkənin daxilində qiyam qaldıranlarla bu cür davranıblar.

 Bu gün erməni genosidini tanıyan Rusiya parlamentisə sovet-alman müharibəsi vaxtı azərbaycanlılar da daxil olmala onlarla xalqın sürgün edilməsi faktını görməzdən gəlir. Halbuki bu xalqlar nəinki Sovet dövlətinə qarşı qiyam qaldırmamışdı, əksinə, ruslarla bir yerdə almanlara qarşı vuruşurdular.  Nə ermənilər, nə də onların havadarları anlamır və yaxud anlamaq istəmirlər ki, türklər onlardan yaxa qurtarmaq istəsəydilər bunu Osmanlının  əlinin üstündə əl olmayan vaxtlarda edərdilər.

Guya genosid faciəsi yaşamış bu toplumun hər fürsətdə tökdüyü göz yaşlarına baxmayın, onun əsl siması və mahiyyəti baş nazirinin əsgər patarı geyinmiş əli silahlı arvadının göreşən kimi səngərlərdə sürünə-sürünə Azərbaycan əsgərinin üstünə tuşladığı avtomatın lüləsi altında gizlənib. Hələ keçmiş birinci ledi Köçəryanın bir neçə il əvvəl xəstəxanada qan verərkən hətta Hitlerin özünü heyrətə salası açıqlamsına fikir verin: “Qan bankında yalnız təmiz erməni qanı toplanmalıdır”. Bu şıltaq bir xanımın sərsəmləməsi-zad deyil, Ermənistan dövlətinin yürütdüyü xalis irqçilik siyasətinin təzahüri və etirafıdır. Özləri dünyanın bütün ölkələrinə səpələnmələrinə baxmayaraq, tam monoetnik bir dövlət qurmalarının kökündə də elə bu faşizm xisləti dayanır.

Ola bilsin ki, açıq-aşkar müharibəni təşviq edən, başqa xalqlarla bir yaşamağı istisna edən bu cür irqçi, qaraçı davranışlar əlahəzrət Minsk qrupunun əsl məğzi hələ heç kimə düz-əməlli bəlli olmayan mandatına daxil deyil deyə möhtərəm həmsədrlər belə “xırda şeyləri” qulaqardına vurur. Bəs, birinci ledi institunun çox populyar olduğu Qərbin dövlət başçılarından çox onların xanımlarının hərəkət və danışıqlarının “keşiyini çəkən” “demokratik mətbuatı” nədən bu cür iyrəncliklər qarşısında ağzına su alıb susur. Hərçənd, həmin hadisələr Azərbaycanda, ya da fərqi yoxdur, hər hansı başqa bir müsəlman ölkəsində törədilsəydi qopardıqları tozanaqdan gözlər tutular, saldıqları hay-küydən qulaqlar kar olardı.

Ermənilərin bütün bəlalarının başında yarandığı gündən fəaliyyəti “erməni müstəsnalığı” kimi xəstəhal bir ideologiyanın daşıyıcısına çevrilmiş Eçmiadzin kilsəsi durur. Bu kilsə heç vaxt ümumi xristian mədəniyyətinin daşıyıcısı olmayıb, onun İsa Məsihin ideallarına, xristian dəyərlərinə sədaqət deyə bir missiyası yoxdur. Son dövrlər özlərini miafizit adlandırsalar da, əslində bütün xristian konfessiyalarının küfr saydıqları monofizit təriqətinə mənsubdurlar. Əlahiddə məzhəb əlahiddə millət tipi , başqa təriqətlərlə yola getməyən kilsə başqa xalqlara düşmən kəsilən qövm formalaşdırıb. Güclülərə sığınaraq zəiflərin torpağını, mədəniyyətini və nəhayət, torpaqlarını qamarlamaq siyasəti yeridib, bu yolda yüz cildə girib. Vaxtilə qonşu albanların da maddi-mənəvi irsini bu cür mənimsədilər, ərəb xəlifələrinin, səlcuq sultanlarının, monqol xanlarının, Azərbaycan padşahlarının qılığına girməklə bacarmadıqlarını son nəticədə rus çarlarının əliylə gerçəkləşdirdilər, Alban kilsəsini birdəfəlik yer üzündən sildilər, onların nəinki maddi-mədəniyyət nümunələrini, hətta yazılı abidələrini mənimsəməyə çalışdılar, əsərlərini erməni dilinə çevirib orijinallarını məhv elədilər.   

Bu kilsənin əsl simasını İlya adlı bir katolikosunun vaxtilə ərəb xəlifəsinə yazdığı aşağıdakı məktubdan daha mükəmməl təsvir eləmək mümkün deyil:  

“Dünya fatehi əmirəlmömin Abdulla Əbdülmalikə erməni katolikosu İlyadan.

Hakimi-mütləq Allahın hökmü ilə bizim ölkə itaətlə sizin hakimiyyətinizə tabedir. Biz və Albanlar vahid İsa dininə etiqad edirik. Bərdə taxtında oturan indiki Albaniya katolikosu Bizans imperatoru ilə sazişə girib, öz ibadətlərində onun adınıı çəkir və ölkəni məcbur edir ki, hamı dini etiqadda ona qoşulsun.

İndi qoy sizə məlum olsun və bu məsələni diqqətinizdən kənar etməyin, çünki bu bədəfkarlıqda onun bir əyan qadın həmfikri vardır. Böyük hökmdar, siz öz hökmünüzlə əmr buyurun ki, onlar Allaha qarşı işlədikləri günahlara görə müstəhəqq olduqları cəzaya çatsınlar”.

Xəlifə xahişi cavabsız qoymur və Bərdəyə xüsusi cəza dəstəsi göndərərək Alban katolikoslunu “müstəhəqq olduğu cəzaya” çatdırır. Arxivlər müxtəlif erməni katolikoslarının öz dindaşlarını məhv etmək üçün dövrün güclü hökmdarlarına göndərdikləri bu cür yaltaq və hiyləgər “donos”larla doludur.

Şübhəsiz, çox qısa vaxt ərzində Azərbaycan ordusu bütöv Qarabağı işğalçılardan təmizləyəcək, məcburi köçkünlər öz yurd-yuvalarına qayıdacaq, vandalların xarabazarlığa çevirdiyi bu qədim diyar yenidən Azərbaycanın gözəl guşələrindən birinə çevriləcək. Dağılmış şəhər, qəsəbə və kəndlərimiz əvvəlkindən də yüz qat abad olacaq. Bölgənin bütün maddi-mənəvi irsi öz həqiqi varislərinə, bütün alban abidələri öz sahiblərinə qayıdacaq.

Albaniya indiki Ermənistan kimi monoetnik dövlət olmayıb. Strabonun yazdığı kimi bu ölkədə 26 xalq yaşayıb ki, onların arasında çoxsaylı türk qövmləri də olub. Bu qədim dövlətin əsl varisləri bizik, azərbaycanlılardır, ordakı bütün xalqlar bizim əcdadlarımızdır. Türklü, talışlı, ləzgili, udinli, haputlu, qrızlı, xınalıqlı... hamımızın.

 

 

TƏQVİM / ARXİV