adalet.az header logo
  • Bakı 7°C
26 Oktyabr 2020 10:40
113795
ŞOU-BİZNES
A- A+

“Müharibə vaxtıdır, yumruq olun” - Rəqsanəyə cavab verdi

“Nə oldu? Bəs klip, mahnı vaxtı deyildi? Vətənpərvərlik, Azərbaycan haqqında mahnı olsa belə. Xərclənən pulları cəbhəyə göndərsinlər, deyirdi. Belə də həyat olar? Aysunun klipi çəkilmişdi, sadəcə paylaşmağa vaxt tapılmamışdı, gecikmişdi. Vətənpərvər mahnılara həsr olunan klipləri ilk Bahar xanım, Ülviyyə xanım, Şəbnəm xanım paylaşdı. O dəqiqə problem çıxdı, aləm dəydi bir-birinə. İnsan ən azından arxasına dönər baxar. İndiyə kimi 17 il ərzində bir dəfə də olsun, şou aləmindən belə paylaşım etməmişəm. Amma Rəqsanə xanımın o günkü paylaşımından sonra aləm dəydi bir-birinə. Saytlar Vətənpərvər kliplərini paylaşan 3 xanımın hərbi formada şəkillərini yayımlayıb başladılar camaatı onlara qarşı qaldırmağa. Hansı müğənninin nə etdiyi, nə oxuduğu, nə paylaşdığı, hara nə qədər pul xərcləyib göndərdiyi heç kimə qalmayıb”.

Adalet.az saytı xəbər verir ki, bu sözləri Bahar Lətifqızının prodüsseri Vəfa Nuriyeva “facebook” hesabında yazıb:

“Hərə getsin, öz dərdini çəksin. Heç kimi heç kimin başına böyük qoymayıblar ki, kiməsə göstəriş versin. Biz yalnız qanunlar və qaydalar qarşısında cavab verə bilərik. İnsan danışmadıqca abır saxladıqca, bir az da üstünə gəlirlər. Kim necə bacarırsa, arxa cəbhədə qələbə qazanmaq üçün əlindən gələni edir. Hər kəs getsin, özündən, öz səhvlərindən, öz dərdindən danışsın. İnanın, birinin kürəyində daşıdığı günahlar çox vaxt günahlandırmağa çalışdığı insanın günahlarından daha ağır olur.

Müharibə vaxtıdır, çalışın, yumruq olun. Daha müğənni ilə xalq arasında ədavət salmayın. İndi bunu etmək ən azından xalq düşməni səviyyəsinə enməkdir”.

Qeyd edək ki, bir neçə gün öncə müğənni Rəqsanə İsmayılova “instagram” hesabında bu sözləri səsləndirmişdi:

“Bəzi sənətdə olan insanlara demək istəyirəm ki, tələsməyin klip çəkdirməyə, tələsməyin mahnı oxumağa. Ayıbdır, hər şeyin vaxtı var, hər şey edəcəksiniz. Baxıram, utanıram, əsəbləşirəm. Vallah, zəfər mahnısı da oxuyarsınız, bayram klipi də çəkdirərsiniz. Torpaqlar alınanda hər şey edərsiniz. Bu gün bunu etmək ayıbdır. Buradan gözümüz ağlayır, bu tərəfdən klip təqdim edirsiniz. Etməyin ayıbdır”.

Sonda onu da əlavə edək ki, Vəfa Nuriyeva Aysun İsmayılovanın dünən “Azərbaycanım mənim” adlı klipini təqdim etməsinə istinad edərək müğənni Rəqsanəyə qarşı fikirlər səsləndirib. O hətta, Rəqsanənin fotosu ilə Aysunun klipindən olan görüntünü yanaşı şəkildə paylaşaraq müzakirəni izləyicilərin ixtiyarına buraxıb.

Rövşən Tahir