adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
26 Oktyabr 2020 12:19
86294
ƏDƏBİYYAT
A- A+

Zaur Kərimov: Azad olur yağılardan Qarabağım qarış-qarış!

Azad olur yağılardan Qarabağım qarış-qarış! 
Ey Azərbaycan əsgəri, sənə əhsən, sənə alqış! 
Fəth etdiyin hər təpədə dalğalandır bayrağımı! 
Ayağını yerə bərk vur qürurlandır torpağımı! 

Necə sənə qürur verir qazandığın hər zəfərin 
O zəfərdən sənin qədər fərəhlənir Xudafərin 
O yerlərdə qələbələr qazanıbdır sənin baban 
Sən də qalib çıxacaqsan bu savaşdan, bu davadan! 

Hər gün yeni zəfərlərdən müjdə verir Baş Komandan, 
Azad olur torpağımız, bütöv olur Azərbaycan. 
Torpağına göz dikənə məzar elə bu torpağı 
Bir də dönüb baxammasın bu torpağa namərd yağı 

Qisasın al əsirlikdə təhqir olmuş qız, gəlinin 
Qisasın al Xocalıda süngülənmiş körpələrin 
Aman vermə düşmənə sən, şimşək kimi çax gözündə 
Yorulanda Turş sudan iç, yallı get Cıdır düzündə 

Tez zəfər çal, övladına tez qovuşsun qədim Şuşam 
Məzarında rahat yatsın Mübarizim, Polad paşam 
Qoy səslənsin qədim Şuşa məscidindən azan səsi 
Musiqinin beşiyindən Qarabağın şikəstəsi.