adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7

Faiq QİSMƏTOĞLU: BURA VƏTƏNDİR...

FAİQ QİSMƏTOĞLU
65564 | 2020-10-26 14:14

... Bu yurd yerləri, bu  ocaqlar, bu torpaqlar üçün düz 27 ildir ki, burnumuzun ucu göynəyib. Bu yurd yerini,  bu ocaqları itirəndən sonra biz onları yuxularımızda görmüşük. Yuxudan oyanandan sonra özümüzə gəlib vətəndən uzaq olduğumuzu hiss eləmişik. Bax, onda başımızı ovcumuzun içinə alıb hönkür-hönkür ağlamışıq. Yuxularımızda gördüyümüz Füzuliyə, Cəbrayıla, Zəngilana, Qubadlıya nə vaxt dönəcəyimizi düşünmüşük. Demişik təki vətənə qayıdaq, təki yurd yerinə dönək, quru yerdə də olsa, o torpaqlarımızı yenidən laləzara döndərərik.

Erməni faşistləri işğaldan azad olunmuş, adını çəkdiyimiz rayonlarımızın şəhərlərini, qəsəbələrini, kəndlərini elə bir günə qoyub ki, orda quru yurddan savayı heç nə qalmayıb. Hətta 40 illik, 50 illik, 100 illik ağaclarımızı da kəsib aparıb canlarına dərd eləyiblər. Heç xeyrini görməsinlər! Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi və Azərbaycan Ordusunun şücaəti ilə  bu rayonlar erməni işğalından azad olunub. İnşallah, orda ölkə prezidentinin rəhbərliyi ilə bir müddətdən sonra çox möhtəşəm quruculuq və abadlıq işləri görüləcək. Horadiz şəhəri kimi Cəbrayıl da, Qubadlı da, Zəngilan da, Füzulinin işğaldan azad olunmuş mərkəzi və kəndləri də yenidən tikiləcək. O gün uzaqda deyil...

 

Aşağı Seyidəhmədli kəndinin camaatı sevinir

 

Füzulinin digər kəndləri kimi, Aşağı Seyidəhmədli də 27 ildir ermənilər tərəfindən  işğal olunmuşdu. O kənddə də erməni faşistləri daşı-daş üstündə qoymayıblar. Adam sökülmüş, dağıdılmış və yerlə yeksan olunmuş bu kəndin evlərinə, binalarına və sosial tikililərinə baxanda ürəyi ağrayır. Ən azından ona görə ki, mən 27 il bundan əvvəl o kənddə olanda bir-birindən gözəl, yeni tikilmiş ikimərtəbəli daş evlər, sosial obyektlər görmüşdüm, onlar adama gəl-gəl deyirdi. İndi isə bu kənd bir məzarlığa bənzəyir. Məzarlıq dedim kəndin qəbiristanlığı yadıma düşdü. Erməni vandalları kəndin qəbiristanlığını da dağıdıblar. Qiymətli qara daşdan olan başdaşlarını və sinə daşlarını söküb aparıblar. Görün, bu millət nə qədər alçaq və əclaf bir zinadan əmələ gəlib ki, ölüləri də rahat yatmağa qoymayıblar. Əllərinə nə keçib, ya söküb aparıblar, ya da yandırıblar.

Aşağı Seyidəhmədli kəndindən olan Əmir Məmmədov deyir ki, biz yaxşı bilirdik, xain ermənilər bizim kəndin altını-üstünə çeviriblər. Sovet dönəmində erməni sənətkarları bizim kəndin süfrəsinin qırıq-qurtuğu ilə dolanıblar. Onda quzuya dönmüşdülər. Bir iş görüb pul alanda yüz dəfə təşəkkür eləyirdilər. Amma bu binamuslar sonradan gəlib bizim kəndi görün nə günə qoyublar. Evimiz-eşiyimiz Azərbaycan prezidentinə, Azərbaycan Ordusuna qurban olsun! Qoy kəndə qayıdaq, vallah, 3-4 ayın içərisində elə özümüz o quru yurdda bir ev tikəcəyik, ağac əkəcəyik, yol çəkəcəyik. Üstəlik də ölkə rəhbəri işğaldan azad olunmuş şəhərlərin və kəndlərin yenidən tikilməsi və bərpası üçün külli miqdarda vəsait ayıracaq. Amma bizə evdən də öncə o quru yurdumuza qayıtmağımız və dönməyimizdi. Çox sağ olsun ki, ölkə Prezidenti və Azərbaycan Ordusu bu sevinci bizə yaşadıb. Hələ də o sevincin içindəyik. Kənd camaatı hamısı torpaqlarımızın və kəndimizin işğaldan azad edilməsini toy-bayram edir və bir-birinə gözaydınlığı verirlər.

 

İşıqlı işığa çıxıb

 

İşıqlı kəndi Füzuli şəhərinin bir addımlığında yerləşir. Yəni o kəndi keçib, Dədəliyə çatırsan, Aybasanlını keçirsən və Füzuli şəhərinə girirsən. Bu kənd haqqında həmişə gözəl lətifələr, yumorlar yaranıb. Onu da deyək ki, bu kəndin camaatı çox zəhmətkeş, mehriban və zarafatcıl insanlardılar. Yəni yolun hər hansı bir kənd sakini ilə bir yerə düşsə, görərsən ki, onlar nə qədər duzlu-məzəli adamlardılar. Həmin kəndlə bağlı bir-iki lətifəni xatırlamaq istəyirəm.

Sovet  dövründə bir erməni dovşan vurur, dovşan gəlib düşür kəndin bir sakininin həyətinə. Erməni hasarı keçib  dövşanı götürmək istəyir. Bu vaxt İşıqlıdakı ev sahibi güllə səsinə çölə çıxır, görür ki, həyətdə bir dovşan qanın içindədi. Erməni də gəlib o dovşanı götürmək istəyir. Erməni deyir:

- Ara, Məmməd, bu dovşanı vurmuşam, gəlib sənin həyətinə çıxıb. İndi onu götürmək istəyirəm...

Kənd sakini əsəbi halda erməniyə baxır və dillənir:

- A köpəkoğlu, hələ qapının dovşanını vurmağın bəs deyil, üstəlik də onu götürmək istəyirsən. İt oğlu it, nə vaxta qədər sənin qabırğanı sındırmamışam, bu qapıdan rədd ol!

Erməni suyu süzülə-süzülə çıxıb gedir. 

Bir gün də kişi  oğluna deyir ki, bala, mən tay qocalmışam, çörək qazana bilmirəm. Apar bu eşşəyi gör onu kim maşınla vuracaq? Elə ki, vurdu, yapış boğazından, beş-on qat artıq puı al, birtəhər dolan. Oğlan bir gün gedir, iki gün gedir, bir şey çıxmır. Axırda atası deyir ki, bilmirəm məndən sonra sən külfətini nə təhər dolandıracaqsan?! O kənddən də maşınlar keçəndə çox yavaş-yavaş gedirmiş ki, şərə duşər. Kişi eşşəyi gətirir döngənin yanına, boylanıb görür ki, maşın yaxınlaşır. Tez eşşəyi itələyir yola, maşın da onu vurur. Elə sürücü də erməniymiş. Kişi həmin ermənidən eşşəyin 5-6 qat artıq pulunu alır, axırda da dalına bir təpik vurur. Deyir ki, it oğlu it, bura sənin üçün Ermənistan deyil, maşını sürəndə adam kimi sür. Gələn dəfə bir də belə eləsən, o “Pobeda”nı sənin əlindən alacam...

İndi işıqlılar kəndlərin azad olunmasından çox şaddılar. Hərçənd ki, onların da kəndlərinin daşı-daş üstündə qalmayıb. Amma buna baxmayaraq, sevinc içindədilər. İşıqlıdan olan Zakir Məcidov deyir ki, kəndimizin azad olunması xəbərini eşidəndə səhərə qədər sevincimdən yatmadım. Bütün qohum-əqrəba bir yerə yığışıb süfrə açdıq, bayram aşı bişirdik. Özü də bilirsən də işıqlıların bayram aşı çox ləzzətli olur. Allaha and olsun, qoy İşıqlıya köçək, səni aparacam kəndimizə, quru yurd olsa da, orda anam bir plov dəmləsin ki, barmağının beşini də yalayasan. Qarabağ plovu deyirəm ha, bilirəm, işıqlıları yaxşı tanıyırsan, hətta dostların da var. Bəhmənlilər və işqılılar bir-birilə yaxşı yola gedirlər. Ancaq üzləri dönəndə onları görmə. Ona görə də nə bəhmənliləri, nə də işıqlıları hövsələdən çıxarmaq  lazım deyil.

 

Biz Prezidentə güvənirik

 

Bu sözləri bizimlə söhbətində Füzuli rayonunun Böyük Bəhmənli kəndindən olan iş adamı Süleyman Adil oğlu İsmayılov deyir. O deyir ki, biz iş adamlarının Ulu Öndər Heydər Əliyevə və prezident İlham Əliyevə çox böyük sevgisi və məhəbbəti var. Çünki 1994-cü ilin yanvarın əvvəllərində Heydər Əliyevin rəhbərliyi və Azərbaycan Ordusunun gücüylə Füzulinin Horadiz şəhəri və 22 kəndi erməni işğalından azad edildi. Həmin dövrdə Ulu Öndər Heydər Əliyev sahibkarlara çox əlverişli və münbit şərait yaratdı. Və bizim qarşımızda sahiblkarlığın inkişaf etdirilməsi vəzifəsini qoydu. Mən də bir iş adamı kimi Horadiz şəhərində  çörək zavodunun inşasını və tikintisini həyata keçirdim. Zavod ən müsir texnologiya və avadanlıqlarla yenidən quruldu. Və Cənab prezident İlham Əliyev də bir iş adamı kimi bizə çox gözəl bir şərait yaratdı. Sentyabrın 27-dən başlayan Böyük Vətən Savaşında müəssisəmiz Horadiz şəhərində ermənilərin atdıqları raketlərə, mərmilərə baxmayaraq, bir saat da fəaliyyətini dayandırmayıb. Burda 50-yə yaxın çörəkçi bütün günü hərbi hissələri və mülki əhalini çörəklə təmin etmək üçün fasiləsiz olaraq işləyir. Hətta döyüşün ən ağır günlərində belə bizim çörəkçilərimiz olan qadınlar iş başında çörək bişirdilər və ordumuzu çörək sarıdan çətinlik çəkməyə qoymadılar. Horadiz şəhəri atəşə tutulsa da, çörək zavodumuz öz fəaliyyətindədi. Bu gün arxa və ön cəbhədə öz vəzifəsini  məsuliyyətlə yerinə yetirməli və böyük savaşda orduya və xalqa arxa durmalıdır.

Horadiz həm də cəbhə bölgəsidir. Biz düşünürük ki, ordumuzu və mülki əhalini fasiləsiz olaraq çörəklə təmin etməklə, Azərbaycan Prezidentinə və Azərbaycan Ordusuna çox böyük dayaq oluruq. Azərbaycan prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva birmənalı olaraq dövlətimizin və xalqımızın bütövlüyü üçün var qüvvə ilə çalışır. Biz də bu ağır müharibə şəraitində bir sahibkar kimi cənab Prezidentin, Azərbaycan Ordusunun və Azərbaycan xalqının yanındayıq. Biz prezidentə güvənirik, cənab prezident də  bizə güvənə bilər. Çünki biz bir yerdə olanda daha güclü oluruq. Şəhərlərimizin, kəndlərimizin işğaldan azad olunması bizim hər birimizdə böyük sevinc hissi yaradır. Düşünürəm ki, biz də arxa cəbhədə cənab Prezidentə və Ordumuza dayaq durmalıyıq.

 

Dağ Tumaslılar bu günü çoxdan gözləyirdilər

 

Dağ Tumaslıdan olan dostum, istedadlı yazıçı-publisist Nazir Çərkəzoğlu Füzuli şəhəri işğaldan azad olunanda mənə zəng eləyib gözaydınlığı verən ilk yaxınlarımdan idi. Ötən yazılarımda qeyd etmişdim ki, Nazir Çərkəzoğlu, bu sevinci sən də yaşayasan. Allah ona da bu sevinci qismət elədi. Bu günlərdə Cəbrayılın digər kəndləri kimi, Dağ Tumaslı da erməni işğalından azad olunub. Zəng elədim dostuma və ona öz ürək sözlərimi çatdırdım. Təbii ki, Nazir müəllim də bu sevincdən çox kövrəlmişdi. O da mənə söz verdi ki, bu ağ, dördgöz “Mersedes”imlə səni Dağ Tumaslıya  aparacam, onda görəcəksən ki, Cəbrayılın necə gözəl kəndləri var. Düzdür, ermənilər orda salamat yer qoymayıb. Amma dağlarımız, bulaqlarımız və bir çox ağaclarımız durur. O dağlar, o bulaqlar durursa, deməli, kəndimiz bizi gözləyir. O kəndin  hər daşından, hər torpağından, hər cığırından öpəcəm. Çünki o yollarda, o cığırlarda mənim babalarımın, atalarımın, özümün ayaq izlərim var.

...Vətənin nəinki gülü-çiçəyi, hətta onun yanmış külü də, yanmış daşı da gözəldir. Çünki hara getsən, hara üz tutsan sonun bu Vətən, bu Torpaqdır. Akif İslamzadənin ifa etdiyi bir mahnıda olduğu kimi:

 

Bura Vətəndir,

Gülü bitəndir,

Əlim çatandır,

Ünüm yetəndir,

Bura Vətəndir!..                                               

 

 Faiq QİSMƏTOĞLU

“Ədalət”in xüsusi müxbiri

Bakı-Füzuli-Horadiz-Cəbrayıl-İşıqlı-Aşağı Seyidəhmədli-Bakı

 

TƏQVİM / ARXİV