adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7

Faiq QİSMƏTOĞLU: YOLLAR BİZİ AYDINLIĞA QOVUŞDURUR

FAİQ QİSMƏTOĞLU
54621 | 2020-10-28 12:51

Hər hansı bir yurd yerinə - şəhərə, kəndə, qəsəbəyə yolun düşəndə ilk tanışlıq elə bu yollardan başlayır. Elə ki, yollar rahat olur, bir problem yaranmır, mənzil başına çox rahatlıqla çatırsan və özünü normal hiss eləyirsən. Vay o günə ki, getdiyin yol bərbad ola, çala-çuxura düşəsən, bax onda  lazımi ünvana çatanda elə bil ki, daş daşımısan, yorulub əldən düşmüsən. Əlbəttə, yolların rahat, hamar və yaxşı olması elə insanların həyat tərzinin normal olması deməkdir.

Bu gün biz iftixarla deyə bilərik ki, Azərbaycanda yol infrastrukturu digər sahələrlə müqayisədə daha yüksək səviyyədə inkişaf edib, tikilib və əhalinin istifadəsinə verilib. Onu da deyə bilərik ki, indiki zamanda ölkəmizdə respublika əhəmiyyətli elə bir avtomobil yolu yoxdur ki, o yol dünya standartları səviyyəsində tikilməsin və istismara verilməsin. Hansı ki, 20-30 il bundan əvvəl ölkəmizdə yolların hansı vəziyyətdə olması çoxlarının yadından  çıxmayıb. Deməli, bu gün ölkəmizə, hətta xarici vətəndaşlar gələndə belə, üzümüz onların qarşısında ağdır. Çünki Azərbaycanın yolları bu gün heç bir Avropa ölkəsinin yollarından geri qalmır. Başqa sözlə demiş olsaq, respublika əhəmiyyətli hər hansı avtomobil yolu ilə mənzilbaşına nəqliyyat vasitəsilə heç bir çətinlik yaşamadan çatmaq mümkün olur.

Nəinki respublika əhəmiyyətli yollar, hətta ölkəmizin bütün bölgələrində, şəhərlərində, qəsəbələrində, kəndlərində yol infrastrukturu əsaslı surətdə yenidən tikilərək istismara verilib. Və bu vəzifəni də ölkəmizdə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi yerinə yetirir.

Əlbəttə, yol çəkmək, özü də müasir tələblərə uyğun avtomobil yolları inşa etmək o qədər də asan məsələ deyil. Ən azından bunun üçün müasir texnika və texnologiyadan istifadə edilməli, çəkilən yolların istismar müddətinin çox olması üçün bütün zəruri addımlar atılmalıdır. Bu mənada Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin üzərinə çox böyük məsuliyyət düşür. Çünki hər hansı yeni tikilmiş yol ilk növbədə dünya standartlarına və texniki tələblərə cavab verməlidir. Və onu da qeyd edək ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədri Saleh  Məmmədovdur. Hər hansı işin mütəxəssisi, bilicisi və təcrübəsi olanda o iş də öz müsbət nəticəsini verir. Yəni xalq dili ilə demiş olsaq, çörəyi ver çörəkçiyə, birini də üstəlik. Təbii ki, işi işbilənə tapşıranda, o da istər-istəməz öz işinin öhdəsindən bacarıqla gəlir və tapşırılan vəzifəni məsuliyyətlə yerinə yetirir.

Ölkə prezidenti cənab İlham Əliyev dəfələrlə çıxışlarında qeyd edib ki, biz işğaldan azad olunmuş rayonlarımızda, şəhərlərimizdə, qəsəbələrimizdə və kəndlərimizdə çox möhtəşəm tikinti, quruculuq, abadlıq işləri görəcəyik. Bütün infrastrukturlar dünya standartlarına uyğun inşa ediləcək. O yerlərə, o rayonlara yeni yollar çəkiləcək.

Artıq o gün gəlib. Bu gün deyə bilərik ki, Böyük Qarabağ Savaşında arxa cəbhə də bu vətən, bu dövlət üçün öz üzərinə düşən missiyanı məsuliyyətlə yerinə yetirməlidir. Yəni əsgər cəbhədə döyüşürsə, arxa cəbhədə çörəkçi öz işini görməli, yol çəkən öz üzərinə düşən vəzifəni icra etməli, müəllim savadlı şagird yetişdirməli və digər peşə sahibləri də tapşırılan işi namusla, vicdanla icra etməlidir. Bax, belə olarsa, biz Böyük Qarabağ Savaşında qələbəmizi tezliklə təmin edərək bayrağımızı işğaldan azad olunmuş bütün rayonlarımıza sancarıq.

Bu mənada Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Böyük Qarabağ Savaşında tapşırılan vəzifəni məsuliyyətlə yerinə yetirir. Belə ki, Tərtər rayonunun işğaldan azad olunmuş Talış və Suqovuşan yaşayış məntəqələrinə yeni yol çəkilməsinə başlanılıb. Bu o deməkdir ki, qüdrətli Azərbaycan dövləti ön cəbhədə müharibəni uğurla davam etdirməklə yanaşı, arxa cəbhədə də öz vəzifəsini şərəflə yerinə yetirir. İşğaldan azad olunmuş həmin kəndlərdə bu gün çox yüksək səviyyədə yol tikintisi həyata keçirilir. Eyni zamanda, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin hər bir əməkdaşı cənab prezidentin bu qurum qarşısında qoyduğu bütün vəzifələrin məsuliyyətini dərindən dərk edir. Əgər işğaldan azad olunmuş Talış və Suqovuşan kəndlərinə yeni yolun tikintisinə və çəkilişinə başlanılıbsa, deməli, bizim qüdrətli dövlətimiz bu layihələri digər işğaldan azad olunmuş rayonlarımızda, şəhərlərimizdə, qəsəbələrimzdə, kəndlərimizdə həyata keçirəcək.

Və bir gün gələcək Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi işğaldan azad olunmuş Füzulidə, Cəbrayılda, Hadrutda, Zəngilanda, Qubadlıda və eləcə də erməni yağılarından xilas ediləcək Ağdamda, Laçında, Kəlbəcərdə, Şuşada dünya standartlarına uyğun avtomobil yolları inşa edəcək. Bununla yanaşı, məlum qurum rayondaxili, şəhərdaxili, qəsəbədaxili və kənd yollarının da təbii ki, inşa edilməsini nəzərdə tutub. Təki torpaqlarımız, yaşayış yerlərimiz azad edilsin, orda nəinki yol infrastrukturu, bütün infrastrukturlar qurulsun, müasir yaşayış binaları, sosial obyektlər, kommunikasiya sistemləri tikilsin və əhali də öz yurd-yuvasına, ocağına dönsün.

Yazımızın əvvəlində, daha doğrusu, sərlövhəsində qeyd etdik ki, yollar bizi aydınlığa qovuşdurur. Çünki hər hansı yurda, ocağa getmək üçün öncə yol çəkilməlidir. Bu yol çəkiləndən sonra insanlar 27 il erməni işğalı altında olmuş Vətənlərinə çox rahatlıqla və çox sevinclə qayıdacaqlar. Bu sevinci torpaqlarımızı işğaldan azad edən Azərbaycan prezidenti, Ali Baş Komandan İlham Əliyev və Azərbaycan Ordusu bu xalqa bəxş edib. Və bir milyona yaxın yurdundan, yuvasından 27 ildir ayrı düşmüş və məcburi köçkünlük həyatı yaşayan insanlar öz el-obasına çox böyük həvəslə dönəcəklər.

Və dönəndə də bir Allaha şükür edəcəklər, bir də Ali Baş Komandan İlham Əliyevə və Azərbaycan Ordusuna! Yollar yeni  tikiləndən sonra isə işğaldan azad olunmuş yaşayış məntəqələrinə insanlar daha asanlıqla gedəcəklər. Yolunuz  işıqlı, mənziliniz rahat və həyatınız gözəl olsun, yurd yerinə dönənlər! Allah-Təala sizə bir daha o kədərli anları yenidən yaşatmasın. “Pir” deyib öz yurdunuzdan yapışasınız. Bu yurdda, bu eldə  əkəsiniz, biçəsiniz və xoşbəxt ömür yaşayasınız...

TƏQVİM / ARXİV