adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7

Ömür boyu sizə borcluyuq! - Eminquey yazır

EMİNQUEY AKİF
69305 | 2020-10-28 12:54

Bu müqəddəs döyüşdə şəhid olanlar, yaralananlar, ayağını, əlini itirənlərlə yanaşı, eşitmə, danışma qabiliyyətini itirib kantuziya alan əsgərlərimiz də var. 

Müqayisə düzgün olmaz, amma insan əllərinin, ayaqlarının yoxluğuna da dözə bilər, bədənində illərlə qəlpə ilə də yaşaya bilər, amma ən vacib iki duyğudan məhrum olmaq ağırdır.

Bir də onları təsəvvür edin. 

"Şuşa" deyib qışqıra-qışqıra sevincini çıxara bilmirsən. 

Doğmalarının necə sevindiyini, nələr dediyini eşidə bilmirsən. 

Amma sən bu tutulan qulağınla, dilində illərdir "dənizdən dənizə böyük ermənistan" xülyasını darmadağın eləmisən.

İllərdir "böyük kölgə" kimi başının üstündə dayananları məyus eləmisən. 

Xocalıda qolları, əlləri kökündən qoparılan, amansız işgəncələr görən insanlarımızın qisasını almısan. Xocalı qətliamını törədənləri bir-bir gəbərtmisən. 

Sən Azərbaycan xalqına, onun prezidentinə beynəlxalq nüfuzu, başıdikliyi qaytarmısan. 

Sən tutulan dilinlə "Qarabağ əldən gedib, qayıtmayacaq" deyən dilləri lal eləmisən, Əsgər!

Sən tutulan qulaqlarınla böyük bir xalqa "Sona bülbüllər"i Qarabağda eşitməyi qismət eləmisən, Əsgər!

Sən Azərbaycanı Günəş kimi doğdurdun!

Sən bu ölkənin qibləsini xilas eləmisən! Məhəmməd Məkkəni xilas edən kimi.

Sən Qarabağı çarmıxa çəkib qarğa-quzğuna yem edənlərin özlərini çarmıxa çəkmisən, Əsgər!

Sən Allahın Surunu çalan İsrafilsən! İmtahana çəkdin düşməni. Ədaləti bərqərar elədin!

Sən illərdir Qarabağdan özünə "Ağlama divarı" düzəltmiş böyük bir xalqın gözlərinin yaşını silib gülüş bəxş eləmisən, Əsgər!

Sən dünyaya sübut elədin ki, sülh göyərçinləri gülləbaran olunanda əsgər özü çevrilib sülh göyərçini ola bilir. 

Sən təkcə Qarabağı yox, həm də Azərbaycanı bizə qaytarmısan, Əsgər! 

Ömür boyu sizə borcluyuq!

  • Aprel:
  • 5

TƏQVİM / ARXİV