adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
30 Oktyabr 2020 15:37
40905
HÜQUQ
A- A+

Separatçı rejimin “rəhbərləri” axtarışda verildi

Baş Prokurorluğun İstintaq İdarəsi tərəfindən Azərbaycanın mülki şəxslərinə qarşı törədilmiş cinayət əməllərinə görə Araik Arutyunyan, David Babayan, Cəlal Arutyunyan və Armen Babacanyanla bağlı cinayət işi açılıb.

Adalet.az xəbər verir ki, bunu Ermənistan tərəfindən ölkəmizin cəbhə xəttindən uzaqda yerləşən müxtəlif bölgələrində, o cümlədən Gəncə və digər şəhərlərdə dinc əhaliyə qarşı törədilmiş cinayət işlərinin istintaqının ilkin nəticələrinə dair brifinqdə Azərbaycanın Baş prokuroru Kamran Əliyev deyib.

Onun sözlərinə görə, adıçəkilən şəxslər barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 100, 214-2, 281.1 və 318.1-ci maddələri ilə cinayət işi başlanıb və hər 4 şəxs təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barələrində beynəlxalq axtarış elan edilib.

"Azərbaycan Silahlı Qüvvələri tərəfindən Cəlal Arutunyan barədə preventiv tədbirlər görülüb. Bizim məlumata görə, Cəlal Arutunyan məhv edilib. Ermənistan tərəfi isə hələ onun yaralı olduğunu bildirir. Cəlal Arutunyanın ölümü təsdiqlənsə, onun haqqında cinayət işi xətm olunacaq".

Baş prokuror qeyd edib ki, Ermənistanın hərbi-siyasi rəhbərliyi barəsində başlanan cinayət işləri üzrə çoxsaylı istintaq hərəkətləri həyata keçirilib və istintaq hərəkətləri çərçivəsində 1700 nəfər zərərçəkmiş şəxs qismində tanınıb və dindirilib.